Sentyabrın 10-dan etibarən Bakı Beynəlxalq Hava Limanından mobil tətbiqlər vasitəsilə taksi sifariş etmək məhdudlaşdırılıb.
“Bolt” və “Yango” tətbiqlərinə daxil olan sərnişinlər taksi çağıra bilmədiklərini bildirirlər.
Hava limanı ərazisində olan sərnişinlər ya “Bolt” tətbiqindən “Bolt Aeroport” seçimini edə, ya da taksi dayanacağındakı “London taksiləri”nə minə bilirlər.
Bu taksilərin isə hava limanından şəhər mərkəzinə xidmət haqqı 22-25 manat aralığından başlayır.
Bakı Beynəlxalq Hava Limanı taksi xidmətlərinin məhdudlaşdırılacağını öncədən anons edib.
Açıqlamada bildirilib ki, əsas məqsədlərdən biri sərnişinlərə “yüksəksəviyyəli xidmət” göstərməkdir:
“Bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir. Təəssüf ki hələ də oxşar hallarla rastlaşırıq. Hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir.”
Hava limanı əlavə edib ki, bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir.
Qərara sosial şəbəkələrdə münasibət bildirən taksi sürücüləri və influenserlər bunun əsaslandırılmadığını bildiriblər.
“London taksiləri”ndən məsul olan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən ”Bakı Taksi Xidməti” MMC Azərbaycandakı yeganə dövlət təyinatlı taksi xidmətidir.
Toplum TV