Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi jurnalist Xədicə İsmayılovanın işi üzrə qərarını elan edib

by Gozetci 15:58, 14 Oktyabr 2025
written by Gozetci

Xədicə İsmayılova

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 14-də araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Azərbaycana qarşı şikayəti üzrə qərarını açıqlayıb. AİHM onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib.

İsmayılova 2017-ci ildə AİHM-ə müraciət edərək 2015-ci ildə “böhtan” maddəsi ilə məhkum edilməsini ədalətsiz adlandırmışdı. O, 2011-ci ildə “Facebook” hesabında paylaşdığı sənəd və şərhə görə E.H. adlı şəxsi ağır cinayətdə ittiham etməkdə günahlandırılmış, Binəqədi Rayon Məhkəməsi jurnalisti 2500 manat cərimələmişdi. Daha sonra bu hökm Apellyasiya və Ali Məhkəmələr tərəfindən qüvvədə saxlanılmışdı.

AİHM qərarında qeyd edib ki, İsmayılovanın məhkumluğu əsasən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin məktubuna əsaslanıb. Həmin məktubda jurnalistin guya 2011-ci ildə iki sənəd paylaşdığı bildirilirdi. Lakin İsmayılova bununla razılaşmayaraq, yalnız bir sənəd paylaşdığını və həmin sənəddə şəxsin kimliyinin gizli saxlandığını bildirib.

Məhkəmə müəyyən edib ki, yerli məhkəmələr bu əsas sənədi imzalamış MTN əməkdaşını şahid kimi dindirməyib və İsmayılovanın bu barədə vəsatətini əsassız olaraq rədd edib. AİHM-in fikrincə, bu hal müdafiə hüququnu ciddi şəkildə məhdudlaşdırıb və prosesin ədalətliliyini pozub.

Məhkəmə yekdilliklə müəyyən edib ki, jurnalistin Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan “ədalətli məhkəmə araşdırması hüququ” pozulub.

Qərara əsasən, Azərbaycan dövləti Xədicə İsmayılovaya 3 600 avro mənəvi zərər, həmçinin 1 500 avro məhkəmə xərcləri ödəməlidir.

AİHM Xədicə İsmayılovanın ifadə azadlığı (10-cu maddə) ilə bağlı şikayətinə ayrıca baxmağa ehtiyac görməyib.

AbzasMedia

15:58, 14 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“QHT işi” üzrə təqsirləndirilən Nərgiz Muxtarovanın məhkəməsi başlayıb

by Gozetci 11:05, 14 Oktyabr 2025
written by Gozetci

Nərgiz Muxtarova

 

Oktyabrın 13-də “QHT işi” üzrə təqsirləndirilən şəxslərdən biri – qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarovanın məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda əvvəlcə anket məlumatları dəqiqləşdirilib.

Nərgiz Muxtarovanın vəkili Xaliq Hüseynov məhkəmə tərkibinə etiraz edib. O bildirib ki, tərkibdə yer alan hakimlərdən Rasim Sadıxov və Novruz Kərimov təqaüd yaşındadır və onların səlahiyyət müddəti başa çatıb. Hüseynov həmçinin bütün tərkibə etiraz edərək xatırladıb ki, Muxtarovanın həyat yoldaşı Fərid Mehralızadənin işi də eyni məhkəmə heyətinin icraatında olub.

Dövlət ittihamçısı bu etirazları əsassız sayıb və hakimlərin fəaliyyətinə xitam verilmədiyinə görə onların işə baxmaq səlahiyyətinin qüvvədə olduğunu bildirib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Müdafiəçi daha sonra Baş Prokurorluğa sorğu göndərilməsi barədə vəsatət qaldırıb. O, şahid qismində adı keçən Şəhla İsmayılın barəsində olan cinayət işinin məhkəməyə təqdim olunmasını istəyib. Hüseynovun sözlərinə görə, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri olan Şəhla İsmayıl eyni maddələrlə ittiham olunub, lakin onun işi ayrıca icraata götürülüb.

“Biz onun statusunun müəyyən edilməsini istəyirik”, – deyə vəkil qeyd edib.

O, həmçinin Muxtarovanın təqsirsiz olduğunu, əsassız şəkildə cinayət məsuliyyətinə cəlb edildiyini vurğulayaraq, işə bəraətverici əsaslarla xitam verilməsini tələb edib. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.

Prokuror işin baxışa verilməsini və Nərgiz Muxtarova barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib. Məhkəmə bu təklifi qəbul edərək işin mahiyyəti üzrə baxışının 27 oktyabr tarixinə təyin olunduğunu elan edib.

Nərgiz Muxtarova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

“QHT işi” çərçivəsində indiyədək 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan bəziləri — “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının direktoru Məmməd Alpay, ictimai fəallar Asəf Əhmədov, Zamin Zəki və Əhməd Məmmədzadə həbsdədir.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün barələrində axtarış elan edilib, digər şəxslər barəsində alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən QHT təmsilçiləri irəli sürülən ittihamları qəbul etmir, özlərini təqsirsiz sayırlar.

AbzasMedia

11:05, 14 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan Avropa Məhkəməsində işlərin sayına görə 47 ölkə arasında 8-cidir

by Gozetci 22:02, 13 Oktyabr 2025
written by Gozetci

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılması gözlənilən işlərin sayına görə 47 ölkə arasında 8-ci yerdədir.

Bu, AİHM-in dərc etdiyi son statistikada öz əksini tapıb. Statistikaya görə, ötən ilin bu dövrü ilə müqayisədə Azərbaycandan göndərilən şikayətlərin sayı 250 ədəd artaraq 2,200-ə çatıb. Azərbaycandan olan işlər ümumi sayın 3,5 %-ini təşkil edir.

Siyahıya 21,800 işlə Türkiyə başçılıq edir. Bu, ümumi işlərin 35 %-i deməkdir. Rusiya 8,050 iş və ya 12,9%-lə ikinci yerdə, Ukrayna isə 7,200 iş və ya 11,6 %-lə üçüncü yerdə qərarlaşıb.

Statistikanı “Toplum TV” üçün şərh edən vəkil Fariz Namazlı düşünür ki, Azərbaycandan olan ərizələrdə artımın olması ölkədə son iki ildə siyasi motivlərlə həbs olunan şəxslərin sayının artmasıdır.

“Qərar çıxarılan işlərə də baxsaq görərik ki, əksəriyyəti siyasi məhbuslarla bağlıdır. Azərbaycanda siyasi işlərə çıxan vəkillərin sayı azdır, elə AİHM-ə şikayət göndərənlər də, əsasən, onlardır. Əlavə olaraq da, mülkiyyət hüququnun pozuntusu, işgəncə və başqa pozuntularla bağlı şikayətlər göndərilir və beləcə say artır”, – o deyir.

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində çıxış edərkən bildirib ki, Azərbaycan daha AİHM-in çıxardığı qərarları tanımayacaq. O, bunu Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasından (AŞPA) kənarlaşdırılması ilə izah edib. Əliyev deyib ki, əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və AİHM hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq.

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.

Fariz Namazlı isə deyir ki, Azərbaycan hökuməti hələ 2024-cü ilin martından AİHM-in qərarlarını icra etmir:

“Bu, həm məhkəmənin təyin etdiyi kompensasiyaların ödənişi, həm işlərə yenidən baxılması ilə bağlı qərarlara aiddir. Son bir ildə isə hökumət əksər işlərdə məhkəmənin sorğularına, ümumiyyətlə, cavab vermir.”

Vəkil bildirir ki, hökumətin AİHM qərarlarını icra etməməsi vəkillər və müraciətçilər arasında müəyyən qədər pessimizm yaradıb.

“Son illərdə cəmiyyətin geniş hissəsində AİHM haqda təsəvvürlər oyanıb və hətta siyasi proseslərdən kənarda olan insanlar da hüquqları pozulanda AİHM-ə şikayət vermək istəyirdilər. Buna baxmayaraq, yenə də ümid var ki, nə vaxtsa Azərbaycanla Avropa Şurası arasında münasibətlər düzələcək və hökumət qərarları icra etməyə davam edəcək”, – o qeyd edib.

Fariz Namazlı xatırladır ki, Azərbaycanın Avropa Şurasına üzv ölkə kimi AİHM-in qərarlarını icra etmək öhdəliyi var.

“Azərbaycanın Cinayət Prosessual və Mülki Prosessual Məcəllələrində əks olunub ki, əgər AİHM-də hər hansı işlə bağlı qərar verilərsə və ya hüquq pozuntusu tanınarsa, Ali Məhkəmənin plenumu həmin işlərə baxmalıdır və aşağı instansiya məhkəməsinin qərarını ləğv etməlidir ki, bu işlərə yenidən baxılsın. Əgər üzv ölkə məhkəmənin qərarlarını icra etmirsə, Avropa Şurasının həmin ölkə ilə bağlı müəyyən addımlar atmaq səlahiyyəti var və bunların ən pisi həmin ölkəni üzvlükdən çıxarmaq olar. Amma inanmıram ki, Azərbaycan buna gedəcək. Çünki Avropa Şurasından çıxsa, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələri kəsiləcək və düşünürəm ki, Azərbaycan hökuməti bunu istəməz.”

Bu yaxınlarda Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfərini də xatırladan vəkil qeyd edib ki, hökumət son üç ildə Komitənin ölkəyə gəlişinə icazə vermirdi:

“2024-cü ildə Komitə Azərbaycanın əməkdaşlıqdan imtinası səbəbindən ictimai bəyanat yayaraq, 2022-ci ildə ölkəyə səfər üzrə yekun hesabatı hökumətin razılığı olmadan açıqlamışdı. Halbuki Komitənin öz qaydalarına görə, hökumətlərin razılığı olmadan səfərlərlə bağlı hesabatlar ictimaiyyətə açıqlana bilməz.

Bu, Komitənin tarixində bir ilk idi. İndi isə görürük ki, müəyyən yumşalma var və hökumət Komitənin gəlişinə icazə verir.”

Toplum TV 

22:02, 13 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Afiəddin Məmmədovun həbsxanada tibbi yardım ala bilmədiyi bildirilir

by Gozetci 10:45, 13 Oktyabr 2025
written by Gozetci

Afiəddin Məmmədov

 

Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov müəssisə rəhbərliyindən şikayət edib.

Bu barədə məlumatı “İşçi Masası” yayıb.

Bildirilib ki, Məmmədov təxminən üç ay əvvəl müəssisənin daxilində yerləşən tibb məntəqəsinə köçürülməsi üçün qanunvericiliyə uyğun müraciət edib, lakin indiyədək həmin müraciətə baxılmayıb.

Məlumata görə, o, bu müddət ərzində dəfələrlə eyni məsələ ilə bağlı müraciət etsə də, nəticə əldə edə bilməyib.

“İşçi Masası” həmçinin qeyd edib ki, Afiəddin Məmmədovun səhhətində problemlər yaranıb. Onun özünün bildirdiyinə görə, əsəb pozuntusu müşahidə olunur, psixoloji vəziyyəti ağırdır. O, saxlanılarkən burnundan zərbə aldığını, lakin bu günədək tibbi müayinədən keçmədiyini və bədənində ağrılar olduğunu bildirib.

Afiəddin Məmmədov yanvarın 14-də 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 2023-cü ilin sentyabrında tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma), 221.3-cü (silah qismində istifadə olunan əşyalarla xuliqanlıq törətmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasına qarşı həbslər 2023-cü ilin avqustunda kuryerlərin etiraz aksiyasından sonra başlayıb.

Əvvəlcə təşkilatın sədri Afiəddin Məmmədov 30 sutka inzibati qaydada həbs edilib. Daha sonra Konfederasiyaya daxil olan Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü Elvin Mustafayev avqustun 4-də və İdarə Heyətinin üzvü Ayxan İsrafilov avqustun 10-da narkotik ittihamı ilə saxlanılıblar.

Hərəkatın digər üzvü Möhyəddin Orucov da həmin ilin oktyabrında inzibati qaydada 30 sutka həbs edilib, azadlığa çıxdıqdan sonra isə narkotiklərin dövriyyəsində ittiham olunaraq yenidən həbs edilib.

Yerli hüquq müdafiəçiləri “İşçi Masası”nın üzvlərinin siyasi məhbus kimi tanındığını bildiriblər.

AbzasMedia

10:45, 13 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘AbzasMedia’nın həbsdə olan xanım jurnalistləri şəraitdən şikayətlənirlər

by Gozetci 18:28, 10 Oktyabr 2025
written by Gozetci

iNərgiz Absalamova, Sevinc Vaqifqızı və Elnarə Qasımova

 

“AbzasMedia”nın Lənkəranda yerləşən Penitensiar Kompleksdə saxlanılan xanım jurnalistləri onlara verilən vədlərin yerinə yetirilmədiyini bildirirlər.

Yaxınlarının sözlərinə görə, jurnalist Elnarə Qasımova deyib ki, müəssisəyə köçürüləndən bəri onlara siqaret çəkilməyən kamerada qalacaqları vəd olunsa da, hazırda fərqli kameralarda siqaret çəkən məhbuslarla birlikdə saxlanılırlar.

“14 gündür ki, vədlərinə əməl etmirlər. Halbuki karantin müddəti bitəndə bunu edəcəklərini demişdilər. Nərgizlə mən siqaret çəkənlərin olduğu otaqda saxlanılırıq. Məndə bronxial astma var. Siqaret tüstüsü nəfəs almağımı çətinləşdirir. Nərgiz də siqaret tüstüsünü götürmədiyindən gözləri göynəyir, nəfəs darlığı yaşayır”, – jurnalist bildirib.

O əlavə edib ki, kompleksin rəhbər şəxslərindən nə vaxt siqaret çəkilməyən kameraya köçürüləcəkləri barədə soruşduqda “İnşallah olacaq, səbirli olun” cavabı alırlar.

Elnarə Qasımovanın sözlərinə görə, Penitensiar Kompleksdə qadınlar üçün cəmi iki kamera ayrılıb. Jurnalist bildirib ki, bu iki kamerada hazırda ümumilikdə 12 qadın saxlanılır.

“Kameranın biri siqaret çəkənlər, digəri çəkməyənlər üçün ayrılıb. Biz üçümüz də siqaret çəkmədiyimiz halda, ikimizi siqaret çəkilən otağa salıblar. Bu, sağlamlığımıza ziyan vurur”, –o əlavə edib.

Qasımova həmçinin qeyd edib ki, müəssisə rəhbərliyi ailələrinin gətirdiyi müstəqil mətbuat materiallarını onlara vermir: “Ailələrimiz müstəqil mediada çıxan xəbərləri çap edib bizə gətirsə də, bu xəbərləri müsadirə edirlər”.

Onun sözlərinə görə, hazırda informasiya blokadasında saxlanılırlar.

Qeyd edək ki, “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Elnarə Qasımova ilə Nərgiz Absalamova sentyabrın 25-də Lənkərandakı Penitensiar Kompleksə köçürülüblər. Jurnalistlər Bakı ilə Lənkəran arasındakı məsafənin (270 kilometrdən çox) ailələri ilə görüş imkanlarını məhdudlaşdırdığını deyirlər. Onların sözlərinə görə, paytaxt Bakıdan uzaq rayona köçürülmələri məhz jurnalist fəaliyyətləri ilə bağlıdır.

Bu şikayətlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma qurumdan, bir qayda olaraq, bildirilir ki, ölkənin cəzaçəkmə müəssisələrində şərait beynəlxalq normalara uyğundur.

Bu il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “AbzasMedia işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “AbzasMedia”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.

“AbzasMedia işi” üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 390-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

AzadlıqRadiosu

18:28, 10 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏmək hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb

by Gozetci 12:28, 10 Oktyabr 2025
written by Gozetci

Zabil Qəhrəmanov

 

Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 8-də Gəncə şəhərindəki 1 saylı vəkil bürosunun vəkili Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib.

Bu barədə Zabil Qəhrəmanov “Toplum TV”-yə xəbər verib. Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcək.

Vəkillər Kollegiyası oktyabrın 8-də Rəyasət Heyətinin iclasının keçirilməsi haqda məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, “intizam pozuntusuna yol verdiyinə görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə isə töhmət verilib”. Lakin həmin vəkillərin adları açıqlanmamışdı.

“Azadlıq Radiosu”nun xəbərinə görə, fəaliyyəti dayandırılan digər vəkil Ramil Rüstəmovdur.

Zabil Qəhrəmanov qərarın səbəbini açıqlamayıb. Ramil Rüstəmov haqqında intizam icraatının isə vətəndaş şikayəti əsasında başladıldığı bildirilir.

Zabil Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində suçlanan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 1-də keçirilən iclasında isə 2 vəkilin – Elxan Osmanovla Cavidan Osmanlının fəaliyyətinə xitam verilməsi haqda qərar qəbul edib.

12:28, 10 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəşir Süleymanlı: ‘Mən heç bir cinayət törətməmişəm’

by Gozetci 18:49, 09 Oktyabr 2025
written by Gozetci

Bəşir Süleymanlı

 

Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı cinayət işi üzrə həbsdə olan ictimai fəallardan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlının məhkəməsi başlanıb. Oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmədə Bəşir Süleymanlının vəkili Elçin Sadıqov hüquqlarını qoruduğu şəxsin yanında əyləşməsi barədə vəsatət qaldırıb. Vəsatətini əsaslandıran vəkil bildirib ki, müvəkkiliylə vaxtaşırı məsləhətləşdiyindən onun yanında əyləşməsi məqsədəuyğun olardı. Məhkəmə vəsatəti təmin edib.

Bəşir Süleymanlının özü isə haqqındakı cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb və cinayət işinin tam əsassız olduğunu vurğulayıb:

“Mən heç bir cinayət törətməmişəm. Amerika və Britaniyadan vəsaitlər alınıb. Bütün bunlar da tam qanuni formada olub. Hamısı da kart hesabına köçürülüb. Qeyri-qanuni heç nə olmayıb”.

Vəkil Elçin Sadıqov da müvəkkili haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Müdafiəçi vəsatət verib ki, əgər işə xitam verilməsə, heç olmasa, Bəşir Süleymanlı hökm çıxarılanadək ev dustaqlığına buraxılsın.

Elçin Sadıqov yada salıb ki, Bəşir Süleymanlı 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunanda da onun haqqında həbs-qətimkan tədbiri seçilməyib və o, bütün məhkəmə iclaslarına vaxtında qatılıb: 

“Prosesdən yayınmırdı. Yaşayış yeri məlumdur. Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur”.

Prokuror ictimai fəal haqqında cinayət işinə xitam verilməsinə də, onun ev dustaqlığına buraxılmasına da etirazını bildirib. O deyib ki, Bəşir Süleymanlı ağır cinayətdə suçlanır, onun haqqında həbs-qətimkan tədbirini dəyişmək olmaz. Məhkəmə hələ indi başlandığından işə xitam verilib-verilməməsinə araşdırmalardan sonra qərar verilə bilər.

Vüqar Seyidovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Cinayət işi məhkəmə baxışına verilib və proses oktyabrın 23-nə təyin olunub.

“QHT işi” üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarından oktyabrın 8-də “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Qalib Bayramovun (Toğrul) da məhkəməsi başlanıb. Oktyabrın 13-də isə qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarova hakim önünə çıxarılacaq.

Təqsirləndirilən ictimai fəallara qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər.

Baş Prokurorluğun İstintaq İdarəsində “QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlanıb. Həmin vaxt Bəşir Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da həbs olunub. Apreldə daha üç nəfər – ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.

Vətəndaş cəmiyyətinin xeyli sayda fəalı təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq dövrü üçün onlar haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.

Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

Məhkəməsi başlananlardan Qalib Bayramov hazırda ev dustaqlığında olan iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır.

Nərgiz Muxtarova isə AzadlıqRadiosunun hazırda 9 il həbs cəzası çəkən jurnalisti, iqtisadçı Fərid Mehralızadənin həyat yoldaşıdır.

Xatırlatma

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi 2014-cü ilin yayında başlanıb, ardından da ölkədə bir sıra təşkilat başçıları həbs edilib. Onların arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov da olub. Adları çəkilən şəxslərin hamısına münasibətdə Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadankənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.

Təşkilat rəhbərlərinin həbsinin ardından ölkədə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə xeyli əlavə və dəyişiklik edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası həmin dəyişiklikləri tənqid edərək təşkilatların fəaliyyətini məhdudlaşdırmağa hesablandığını vurğulayıb.

AzadlıqRadiosu

18:49, 09 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Vətəndaş Cəmiyyəti

Continued Political Trial and Judicial Harassment in Azerbaijan September 2025

by Gozetci 20:34, 08 Oktyabr 2025
written by Gozetci

Bashir Suleymanli

 

September 2025 continued with the deepening collapse of judicial independence and rule of law in Azerbaijan, as the courts continued to function as instruments of political repression rather than arbiters of justice.

The month was marked by the escalation of charges in the so-called “NGO case,” the upholding of harsh treason and political sentences, and a series of procedural violations that revealed the judiciary’s alignment with executive power.

Politically sensitive trials—from the Abzas Media and Toplum TV cases to the prosecution of leading activists like Bashir Suleymanli and Anar Mammadli where lawyers reported the systemic irregularities, including denial of fair trial guarantees, punitive prison transfers, the silencing of defense lawyers, and physical violence against journalists.

The authorities intensified their pressure through collective punishments, such as travel bans on family members, while political prisoners resorted to hunger strikes to secure minimal rights like medical care.

Detailed Overview

Thus, the month began with news from September 3rd with charges against activists in the ‘NGO case’, including Bashir Suleymanli, being further escalated with new, serious counts of money laundering and official forgery, while at least 14 individuals in the case remain as accused.

That same day, the Baku Court of Appeal upheld the 15-year treason sentence for peace activist Bahruz Samadov and upheld the punitive transfer of trade union activist Elvin Mustafayev to a high-security prison, a move widely viewed as retaliation for his torture allegations. Also on the 3rd, the Sabunchu District Court dismissed a complaint by Abzas Media Editor in Chief Sevinj Vagifgizi on seriously abusive detention conditions in Baku Pre-trial Detention Center, repeating the dangerous precedent of impunity.

The pattern of domestic courts playing the role of rubber-stamp in confirming requests by executive authorities and holding formal trials in politically sensitive cases continued when, on September 8th, Baku Court on Grave Crimes dismissed serious procedural irregularities in the case of human rights defender Rufat Safarov. The following day, September 9th, the Baku Court of Appeal upheld the lengthy prison sentences for all seven journalists in the Abzas Media case whereas the final appeal hearing was marred by violence when female journalists were subjected to physical force by Penitentiary Service staff for displaying protest slogans. On September 9th, it was also reported that activist Ahmad Mammadli’s health had sharply deteriorated due to severe eye damage allegedly caused by police torture during his May 2025 arrest, with his committee demanding house arrest.

Follow the link to read the statement in more detail.

20:34, 08 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda siyasi məhbusların sayı 392 nəfərə çatıb

by Gozetci 19:42, 07 Oktyabr 2025
written by Gozetci

 

Oktyabrın 7-də “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi ölkədə siyasi məhbuslarla bağlı yeni hesabat açıqlayıb. Sənədə əsasən, hazırda Azərbaycanda 392 nəfər siyasi məhbus var.

Hesabatda məhbuslar 12 kateqoriya üzrə təsnif olunub. Onların sırasında 31 jurnalist və bloger, 7 hüquq müdafiəçisi, 39 ictimai-siyasi fəal, 5 milli azlıqların nümayəndəsi, 2 müharibə əleyhdarı, 5 deportasiya olunmuş siyasi mühacir, 249 dindar və 12 ömürlük məhkum yer alır.

Bundan başqa, “Söyüdlü işi” üzrə 2 nəfər, “İmişli işi” üzrə 19 nəfər, “Tərtər işi” üzrə 8 nəfər və “Gəncə işi” üzrə 13 nəfər də siyasi məhbus siyahısına daxil edilib.

Siyahını hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov hazırlayıb. Onlar “siyasi məhbus” anlayışını Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müəyyən etdiyi meyarlara əsaslanaraq tətbiq ediblər.

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini siyasi məhbusların azad edilməsinə çağırır. Rəsmi Bakı isə ölkədə siyasi məhbusların mövcudluğunu inkar edir və yerli, həmçinin beynəlxalq qurumların iddialarını əsassız sayır.

Full link to the text in English

AbzasMedia

19:42, 07 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Yalçın İmanovun hüquqlarının pozulmasını tanıyıb

by Gozetci 18:00, 07 Oktyabr 2025
written by Gozetci

Yalçın İmanov

 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabrın 7-də Yalçın İmanovun Azərbaycan Vəkillər Kollegiyasından xaric olunması ilə bağlı verdiyi şikayət üzrə qərarını elan edib.

Bu barədə vəkil Fariz Namazov məlumat verib.

AİHM vurğulayıb ki, vəkillərin statusu ədalət mühakiməsinin həyata keçirilməsində — ictimaiyyətlə məhkəmələr arasında vasitəçi kimi onlara xüsusi mövqe verir.

Məhkəmə belə nəticəyə gəlib ki, ərizəçinin vəkillikdən xaric olunması barədə daxili məhkəmələrin göstərdiyi əsaslar kifayət qədər deyildi və ona tətbiq edilən sanksiya güdülən legitim məqsədlə müqayisədə qeyri-proporsional idi: Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsi pozulub.

Məhkəmə habelə Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinin də pozuntusunu müəyyən edib.

Məhkəmə qərarına görə, maddi və mənəvi zərərə görə 10 min avro, məhkəmə xərclərinə görə isə 2 min avro kompensasiya ödənilməlidir.

AİHM-ə şikayətin səbəbləri…

Vəkillər Kollegiyası Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Yalçın İmanovun bu qurumdan çıxarılmasından ötrü məhkəməyə müraciət haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Daha sonra da məhkəmə Rəyasət Heyətinin müraciətini təmin edib. Y.İmanovun Azərbaycanın məhkəmə orqanlarına şikayəti isə təmin olunmayıb.

Həmin qərar 2017-ci ilin avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasında işgəncəyə məruz qalması iddiası əsasında verdiyi açıqlamasına etiraz edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilərək Qobustan Qapalı Həbsxanasında saxlanılan Abbas Hüseynov (qətl və başqa ağır cinayətlərdə ittiham edilib, ittihamları qəbul etmir) vəkilinə yazılı izahatında göstərib ki, o, təcridxanadan gətiriləndən dərhal sonra işgəncələrə məruz qalıb. A.Hüseynovun sözlərinə görə, həbsxananın rəisi, rəis müavini və müxtəlif əməkdaşları əllərini qandallayıb onu döyüblər.

İşgəncə ilə bağlı deyilənləri təkzib edən ədliyyə polkovniki Oqtay Məmmədov isə iddia edib ki, Yalçın İmanov hüquqlarını qoruduğu şəxsə istinadən həmin məlumatı yaymaqla sabitliyi pozmağa çalışıb.”Ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir”, –onun məktubunda vurğulanıb.

Xatırlatma

Bundan əvvəl də AİHM-in Vəkillər Kollegiyasından xaric edilmələrlə bağlı oxşar qərarları olub. Amma hüquqlarının pozulduğu tanınan hüquqşünaslardan hələ də Vəkillər Kollegiyasına üzvlüyü bərpa edilməyənlər var. Üstəlik, bu ildən Azərbaycanda AİHM qərarları daha çox dartışmalar mövzusu olub. Məsələn, prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı forumdakı çıxışında Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasında (AŞPA) mandatının təsdiqlənməməsi haqda suala cavab verərkən deyib: “Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu bizim mövqeyimizdir”.

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Əsaslar kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi və başqa səbəblər göstərilib. Azərbaycan hökuməti bu prosesdə iştirak edən AŞPA deputatlarının ölkəyə gəlişinə “stop” qoyulduğunu açıqlayıb. Bu il isə Azərbaycandan AŞPA-ya nümayəndə heyəti göndərilməyib.

AzadlıqRadiosu

18:00, 07 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia