Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıLənkəran–AstaraSliderXƏBƏRLƏR

Heyvan haqları müdafiəçisinə 2 ay həbs cəzası verilib

by Gozetci 13:10, 07 Oktyabr 2025
written by Gozetci

Elxan Mirzəyev

 

Heyvan haqları müdafiəçisi Elxan Mirzəyev iki ay müddətinə inzibati həbs cəzasına məhkum olunub. O, oktyabrın 1-də saxlanılıb, iki gün sonra isə Lerik Rayon Məhkəməsi onun barəsində qərar çıxarıb. Bu barədə “Azadlıq Radiosu”na fəalın ailəsi məlumat verib.

Məhkəmənin qərarına əsasən, Mirzəyev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (narkotik vasitələrin qanunsuz istifadəsi və ya az miqdarda saxlanması) ilə ittiham olunub. Lakin ailəsi onun ittihamı qəbul etmədiyini, özünü təqsirli saymadığını bildirib və apellyasiya şikayəti veriləcəyini açıqlayıb.

Elxan Mirzəyev oktyabrın 6-da vəkili və ailəsi ilə əlaqə saxlayaraq Lerik Rayon Polis Şöbəsində saxlandığı müddətdə zorakılığa məruz qalmadığını deyib. Ailəsi isə fəalın saxlanılmasından əvvəlki günlərdə onun taleyi barədə məlumat ala bilmədiklərini vurğulayıb.

Mirzəyev 10 ildən artıqdır ki, heyvan hüquqlarının müdafiəsi ilə məşğuldur. O və digər fəallar sahibsiz itlərin güllələnməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırmış, həmçinin itlərin saxlanıldığı yerlərdə işgəncələr barədə ictimaiyyətə açıqlamalar vermişdilər.

Bu fəaliyyətlərinə görə 2017-ci ildə Mirzəyev və həmkarları – Nicat İsmayılov, Aynur Babazadə və İlhamə Nəsirova barəsində “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşlarının şikayəti əsasında məhkəmə hökmü çıxarılmışdı. Onlar böhtan və təhqirdə ittiham edilərək minlərlə manat məbləğində cərimələnmişdilər. Fəallar həmin məhkəmənin sifarişli olduğunu bildirmişdilər.

AbzasMedia

13:10, 07 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nicad İbrahimin apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 12:19, 07 Oktyabr 2025
written by Gozetci

Nicat İbrahim

 

Həbsdə olan ictimai fəal Nicad İbrahim haqqında çıxarılmış 6 il 6 aylıq həbs hökmündən verilən apellyasiya şikayəti təmin edilməyib. Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən iclasda belə qərar qəbul olunub.

“Azadlıq Radiosu”nun yazdığına görə, İbrahimin vəkili məhkəmədən hadisə yerinin kamera görüntülərinin və sənədlərin araşdırılmasını, zərərçəkənin əməliyyat olunub-olunmadığının müəyyən edilməsini tələb etsə də, vəsatətlər təmin edilməyib.

Məhkəmədə çıxış edən Nicad İbrahim bildirib ki, heç bir cinayət törətmədiyi halda 1 il 1 aydır şərlənərək həbsdə saxlanılır. Onun sözlərinə görə, bu müddətdə etiraz əlaməti olaraq 21 gündür aclıq edir:

“Mən cinayət törətməmişəm, əksinə, mənə qarşı cinayət baş verib. Əsl zərərçəkən mənəm, amma cinayətkarlar sərbəst gəzir”.

Onun həyat yoldaşı Pərvin İbrahimova Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib. O, həmçinin İbrahimin sağlamlığından ciddi narahat olduğunu vurğulayıb:

“21 gün aclıq insanı məhv edir. Göz görə-görə adamı öldürürlər. Heç bir sübut olmadan hökm çıxaran hakimlər buna necə haqq qazandırır?”

Nicad İbrahim 2024-cü ilin sentyabrında həbs olunub. Buna qədər o, polis orqanlarını sərt tənqid edən paylaşımlar edib, ölkədən çıxışına qadağa qoyulub. O, əvvəllər də müxtəlif ittihamlarla həbs edilib, 2021-ci ildə isə karantin qaydalarını pozmaqda suçlanaraq 1 il 3 ay həbsdə saxlanılıb.

İbrahim bir neçə il öncə ağzını tikərək aclıq aksiyası keçirməsi ilə də diqqət çəkmişdi. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyırlar.

AbzasMedia

12:19, 07 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ayxan İsrafilovun həbsxanada məhkəməsi keçirilib, azadlığa buraxılmayıb

by Gozetci 10:03, 05 Oktyabr 2025
written by Gozetci

Ayxan İsrafilov

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilovun saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsində müəssisədaxili məhkəmə iclasının keçirildiyi bildirilib. 

Məlumatı “İşçi Masası” yayıb.

Təşkilatın bildirdiyinə görə, belə iclaslar adətən həbsdə özünü nümunəvi aparan, müəssisə daxilində problem yaratmayan və cəzasının bitməsinə az qalmış məhbusların islah olunmuş sayılaraq azadlığa buraxılması məsələsini dəyərləndirir. Lakin məhkəmə İsrafilov barəsində bu qərarı verməyib.

İclasda İsrafilova 2023-cü ildə Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasından ailəsinə məktub göndərməsilə bağlı irad bildirilib. Fəal isə Şüvəlan təcridxanasında baş verənlərin 10 saylı Cəzaçəkmə Müəssisəsinə aidiyyətinin olmadığını, bunun qanuna zidd olduğunu bildirib. Məhkəmə heyəti bu etirazı nəzərə alsa da, 2024-cü ildə onun 10 gün cərimə kamerasında (“kars”) saxlanılmasını əsas gətirərək həbsdə qalmasına qərar verib. İsrafilov həmin dövrdə “kars” cəzası ilə bağlı heç bir hadisə baş vermədiyini deyərək araşdırma tələb etsə də, hakim bunu nəzərə almayıb.

Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 234-cü maddəsinin ağır bəndləri ilə ittiham verilsə də, iş sonradan 234.1.1-ci (satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni/psixotrop maddəni əldə etmə, saxlama, daşıma və s.) maddə üzrə tövsif edilib. O, ittihamı rədd edir və həbsi ictimai fəaliyyətilə əlaqələndirir. 2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi İsrafilovu həmin maddə üzrə 3 il azadlıqdan məhrum edib.

İsrafilov “İşçi Masası”nın idarə heyətinin üzvüdür. Təşkilat müstəqil fəaliyyət göstərir və xüsusilə kuryerlərin hüquqlarının müdafiəsi ilə bağlı aksiyalar və kampaniyalar təşkil edib. Eyni dövrdə təşkilatın sədri Afiəddin Məmmədov, üzvlər Elvin Mustafayev və Möhyəddin Orucov da müxtəlif ittihamlarla həbs olunublar. Hüquq müdafiə qurumları İsrafilovu və digər fəalları siyasi məhbus sayır, onlara qarşı irəli sürülən ittihamları əsassız adlandırırlar.

AbzasMedia

10:03, 05 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Heyvan haqları müdafiəçisi Elxan Mirzəyevin saxlanıldığı bildirilir

by Gozetci 17:11, 04 Oktyabr 2025
written by Gozetci

Elxan Mirzəyev

 

Heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyevin oktyabrın 1-də axşam saatlarında Lerik rayonunun Günəşli kəndində yerləşən evindən bir qrup mülkigeyimli şəxs tərəfindən aparıldığı bildirilib. 

“Azadlıq Radiosu” yazır ki, bu barədə onun ailə üzvləri oktyabrın 3-də məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, əməliyyat zamanı Mirzəyevin xanımının telefonu götürülüb və evdə videoçəkiliş aparılıb. Onun harada saxlanıldığı barədə məlumat verilmir. Daxili İşlər Nazirliyindən isə məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.

Elxan Mirzəyev 10 ildən artıqdır ki, heyvan hüquqlarının müdafiəsi ilə məşğul olur. O və digər fəallar əvvəllər sahibsiz itlərin güllələnməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırmışdılar. Həmçinin onlar itlərin saxlanma yerlərində işgəncəyə məruz qalması barədə ictimaiyyətə açıqlamalar vermişdilər.

Bu fəaliyyətlərinə görə 2017-ci ildə Mirzəyev və həmkarları – Nicat İsmayılov, Aynur Babazadə və İlhamə Nəsirova barədə “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin işçilərinin şikayəti əsasında məhkəmə hökmü çıxarılmışdı. Onlar böhtan və təhqirdə ittiham edilərək min manatdan iki min manata qədər cərimələnmişdilər.

Fəallar isə məhkəmə prosesinin sifarişli olduğunu bildirmiş, özlərini təqsirli saymadıqlarını bəyan etmişdilər.

AbzasMedia

17:11, 04 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AİHM Azərbaycan hökumətinin bir qrup fəalla bağlı iş üzrə günahını etiraf etdiyini açıqlayıb

by Gozetci 13:19, 04 Oktyabr 2025
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı “İlhamiz Quliyev və digərləri” işi üzrə qərarını elan edib. Məhkəmə bəyan edib ki, Azərbaycan hökuməti vətəndaşların ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu etiraf edib və bunun müqabilində təzminat ödəməyə razılaşıb.

Məhkəməyə müraciət edən şəxslər “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov, hüquq müdafiəçisi İlhamiz Quliyev, ictimai fəal Emin Axundov, AXCP üzvləri Orxan Baxışlı, Ramid Nağıyev və Kənan Zeynalovdur.

Onlar müxtəlif vaxtlarda inzibati xətalarla bağlı ədalətsiz məhkəmə proseslərindən şikayət ediblər. Fəalların iddiaları Avropa Konvensiyasının 6-cı maddəsi – “ədalətli məhkəmə araşdırması hüququ” ilə bağlı olub.

Şikayətlər birləşdirilərək vahid qərar formasında araşdırılıb. Azərbaycan hökuməti əvvəlcə dostcasına həll variantlarını müzakirə etsə də, daha sonra AİHM-ə birtərəfli bəyanatlar təqdim edib. Bu bəyanatlarda hökumət pozuntuları qəbul etdiyini, zərərçəkənlərə kompensasiya ödəməyə hazır olduğunu bildirib.

Qərara görə, hər bir ərizəçiyə ödəniləcək məbləğlər hökumətin təqdim etdiyi cədvəldə göstərilib. Cədvələ əsasən, hər bir fəala mənəvi zərərə görə 900 avro, əlavə xərclər üçün 225 avro ödəniləcək. Ödəniş üç ay müddətində həyata keçirilməlidir. Əgər bu müddətdə ödəniş olunmasa, əlavə faizlər Avropa Mərkəzi Bankının uçot dərəcəsinə üç faiz əlavə edilməklə hesablanacaq.

Məhkəmə qeyd edib ki, bu məbləğlər əvvəlki oxşar işlərdə müəyyən edilən təzminatlarla uyğunluq təşkil edir və müraciətçilərdən etiraz daxil olmayıb.

AİHM vurğulayıb ki, hökumətin birtərəfli bəyanatı və təklif edilən təzminat pozuntulara görə “məqbul və yetərli” kompensasiya hesab olunur. Bu səbəbdən, məhkəmə işləri siyahıdan çıxarmaq barədə yekdil qərar qəbul edib.

Bununla belə, qərarda qeyd olunub ki, hökumət öhdəliklərinə əməl etməsə, həmin işlər yenidən məhkəmənin gündəliyinə qaytarıla bilər.

AİHM xatırladıb ki, Azərbaycanla bağlı inzibati xətalar üzrə ədalətli məhkəmə araşdırmasının pozulmasına dair geniş presedent hüququ mövcuddur. Bunlara “Qafqaz Məmmədov Azərbaycana qarşı” (2015), “Hüseynli və digərləri Azərbaycana qarşı” (2016), “Həsənov və Məcidli Azərbaycana qarşı” (2021) və digər işlər daxildir.

***

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib və 200 manat cərimələnib. Azadlığa çıxdıqdan qısa müddət sonra – dekabrın 13-də yenidən saxlanılıb. Bu dəfə ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə – külli miqdarda narkotik vasitələrin dövriyyəsi ittihamı irəli sürülüb. Orucov ittihamları rədd edərək həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.

Məhkəmədə verdiyi ifadəsində fəal bildirib ki, anbardar işlədiyi “ATEF” Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması ilə bağlı şikayətlərə görə əvvəlcə inzibati qaydada həbs edilib. Daha sonra Suraxanı rayon Polis İdarəsinin 32-ci bölməsində baş verən işgəncələrlə bağlı danışdıqdan sonra şirkət rəhbərliyi ilə polis arasında iş birliyi nəticəsində təkrar həbs edildiyini söyləyib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il fevralın 25-də ittihamları qismən yüngülləşdirərək Orucovu 3 il müddətinə azadlıqdan məhrum edib. Mayın 1-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Hüquq müdafiəçisi İlhamiz Quliyev də oxşar ittihamlarla həbs olunub. O, əvvəl polis orqanlarında müstəntiqin köməkçisi işlədiyindən sistemlə yaxından tanış olduğunu və polisin narkotik vasitələrdən ictimai fəalları şərləmək üçün istifadə etdiyini “Abzas Media”ya açıqlayıb. Quliyev 2023-cü ilin oktyabrın 5-də inzibati qaydada 30 sutka həbs edilib, azadlığa çıxdıqdan sonra isə dekabrda Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən saxlanılıb. 2024-cü il dekabrın 12-də məhkəmə onu 3 il azadlıqdan məhrum edib.

İctimai fəal Emin Axundov 2023-cü il oktyabrın 16-da polisə tabe olmamaq və xırda xuliqanlıq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. O, sosial şəbəkələrdəki fəaliyyəti səbəbindən həbs olunduğunu bildirib.

AXCP üzvlərinə qarşı da oxşar qərarlar çıxarılıb. Partiyanın üzvü Orxan Baxışlı 2023-cü il oktyabrın 17-də xırda xuliqanlıq ittihamı ilə 20 sutka həbs edilib. Digər üzv Ramid Nağıyev 20 oktyabrda 30 sutka inzibati həbs alıb. Ona qarşı həm polisin qanuni tələbinə tabe olmamaq, həm də xırda xuliqanlıq ittihamı irəli sürülüb. AXCP fəalı Kənan Zeynalov isə oktyabrın 5-də eyni ittihamlarla 25 gün müddətinə inzibati qaydada həbs olunub.

AbzasMedia

13:19, 04 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“QHT işi” üzrə istintaq yekunlaşır, cinayət işləri məhkəməyə göndərilir

by Gozetci 20:59, 03 Oktyabr 2025
written by Gozetci

Baş Prokurorluğun İstintaq İdarəsində aparılan yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə bir neçə vətəndaş cəmiyyəti fəalının işi məhkəməyə göndərilib. Yaxın günlərdə onların məhkəmə qarşısına çıxacağı gözlənilir.

“Azadlıq Radiosu”nun məlumatına görə, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və Nərgiz Muxtarovanın işləri üzrə istintaq yekunlaşıb. Onların cinayət işləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub.

Hazırda Bəşir Süleymanlı həbsdə saxlanılır, digər iki nəfər haqqında isə istintaq dövründə alternativ qətimkan tədbiri seçilib. Oktyabrın 8-də Qalib Bayramovun, oktyabrın 9-da Bəşir Süleymanlının, oktyabrın 13-də isə Nərgiz Muxtarovanın işi üzrə hazırlıq iclasları təyin olunub.

Təqsirləndirilənlərə Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlar 12 ilədək həbs cəzası nəzərdə tutur. Onlar ittihamları qəbul etmirlər.

AbzasMedia

20:59, 03 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi Fərid İsmayılova ölüm təhdidlərindən narahatdır

by Gozetci 13:16, 01 Oktyabr 2025
written by Gozetci

Fərid İsmayılov

 

Beynəlxalq mətbuat azadlığı təşkilatı Jurnalistləri Müdafiə Komitəsi “Toplum TV”-nin həbsdə olan əməkdaşı Fərid İsmayılova qarşı ölüm təhdidlərindən narahatlığını bildirib.

Təşkilatın Avropa və Asiya üzrə şöbəsinin “X” səhifəsində bu barədə açıqlama verilib.

Açıqlamada Azərbaycan hakimiyyətindən Fərid İsmayılovun təhlükəsizliyini təmin etmək və o da daxil olmaqla “nahaq yerə həbs olunmuş” 25-dən çox jurnalisti azad etmək tələb olunur.

Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən prosesdə çıxış edən F.İsmayılov saxlanıldığı Bakı İstintaq Təcridxanasında yan kameradakı məhkumun onu öldürməklə hədələdiyini bildirib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV

13:16, 01 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Rüfət Səfərov: “Bu ölkədə insan hüquqlarını müdafiə edənlər ya “dələduz” çıxır, ya “narkoman””

by Gozetci 12:18, 01 Oktyabr 2025
written by Gozetci

Rüfət Səfərov

 

Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müdafiə Xətti” insan hüquqları təşkilatının həbsdə olan direktoru Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Azadlıq Radiosu”nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrliyilə keçən prosesdə hüquq müdafiəçisi dövlət ittihamçısının suallarına cavab verib.

O, bir daha ittihamları rədd edib və tənqidi fəaliyyətinə görə həbs olunduğunu bildirib.

“İlham Əliyev istədiyinə görə mən buradayam. Baş prokuror Kamran Əliyevin, daxili işlər naziri Vilayət Eyvazovun, Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Əli Nağıyevin repressiv siyasətini haqlı tənqid etdiyimə görə cəzalandırılmışam”, – o deyib.

Bu zaman prokuror R.Səfərovun sözünü kəsib və onlar arasında mübahisə yaşanıb. R.Səfərov xatırladıb ki, vaxtilə özü də prokurorluq orqanlarında çalışıb, lakin “gözünün önündə insanların hüquqlarının pozulmasına, qanunların tapdalanmasına dözməyərək” könüllü şəkildə sistemi tərk edib:

“Siz mənim keçmiş həmkarım kimi deyirsiniz ki, mən dələduzam? Onsuz da bu ölkədə demokratiyanı, insan hüquqlarını müdafiə edən adamlar ya “dələduz” olur, ya “xuliqan” olur, ya da “narkoman” olur. 2015-ci ilin dekabrında, sizdən fərli olaraq, prokurorluğun verdiyi vəsiqəni iki yerə böldüm, dedim ki, birini Zakir Qaralova çatdırın, birini də Rüstəm Usubova. Mən o zaman bilirdim ki, başıma nələr gətirəcəklər, amma yenə də bu sistemdə işləmək istəmədim”.

Vəkili Elçin Sadıqovun suallarını cavablandıran R.Səfərov zərərçəkmiş qismində tanınan Natiq İmamquliyevin ona 60 min manat verməsi barədə iddianı “yalan” adlandırıb. O qeyd edib ki, şahid olmadan, alqı-satqı müqaviləsi bağlanmadan heç kim başqasına 60 min manat pul verməz.

R.Səfərov əlavə edib ki, N.İmamquliyevi ilk dəfə saxlanıldığı gün evinin qarajında, ona hücum edəndə görüb: “Maşından düşdüm, qəfildən üstümə hücum çəkdi. Özümü müdafiə etmək üçün kəmərindən yapışdım. Qarajda Eldar adlı mühafizəçi var, onu çağırdım. Bu vaxt polis maşını gəlib məni qandalladı”.

Hüquq müdafiəçisi deyir ki, polislərin dərhal gəlməsiylə bunun öncədən hazırlanmış əməliyyat olduğunu anlayıb.

R.Səfərovun məhkəməsi noyabrın 3-də davam edəcək.

Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurma maddələrilə cinayət işi açılıb.

Cinayət işində iddia olunur ki, Səfərov torpaq alqı-satqısı adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb, sonra isə onların arasında mübahisə düşüb və Səfərov İmamquliyevi vurub.

Səfərov isə ittihamları rədd edir və peşə fəaliyyəti ilə bağlı həbs olunduğunu deyir.

Hüquq müdafiəçisi həbsi ərəfəsində ABŞ-yə səfər etməyə və Dövlət Departamentindən insan hüquqları üzrə mükafat qəbul etməyə hazırlaşırdı.

12:18, 01 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədli müdafiə çıxışını davam etdirib: “Qondarma ittihamlar hüquqların kriminallaşdırılmasıdır”

by Gozetci 10:58, 30 Sentyabr 2025
written by Gozetci

Anar Məmmədli

 

Hüquq müdafiəçisi məhkəmə çıxışında 2020–2024-cü illərdəki fəaliyyətinin qanuni, ittihamların isə əsassız və saxta olduğunu deyib

29 sentyabr 2025-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında Anar Məmmədli müdafiə çıxışını davam etdirib. Məmmədli ittiham aktında yer alan ittihamları rədd edərək, məhkəmədən və prokurordan bununla bağlı sübutlar və qanuna istinad edilən izahat tələb edib.

Məmmədli 2020–2024-cü illərdəki ictimai fəaliyyətinin milli və beynəlxalq hüquqi əsasları və mahiyyəti haqqında ətraflı məlumat verib və ona qarşı irəli sürülən “qaçaqmalçılıq”, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması”, “qanunsuz sahibkarlıq”, “vergidən yayınma” kimi ittihamların cinayət qanununa zidd olmasını və eləcə də istintaqın sübut toplama prosesində yol verdiyi çox saylı pozuntuları məhkəmənin diqqətinə çatdırıb.

Çıxışında Məmmədli bəyan edib ki, SMDT və şəxsən onun fəaliyyəti seçkilərin monitorinqi, yerli icma qruplarının maarifləndirilməsi, mülki və siyasi hüquqlar üzrə şikayətlərin toplanması və sənədləşdirilməsi, eləcə də milli və beynəlxalq hüquqi müdafiə mexanizmlərindən istifadəni təşviq etməyə yönəlib. O, həmçinin pandemiya dövründə fəaliyyətin dayanmasına baxmayaraq, istintaqın saxta “layihə siyahıları” hazırladığını qeyd edib. Məmmədli 2020 parlament və 2024 prezident seçkilərinə dair rəy və hesabatlar hazırladığını, karantin məhdudiyyətlərinin hüquqi qiymətləndirilməsi ilə bağlı ictimai çıxışlar etdiyini vurğulayıb. Eyni zamanda müharibə dövründə və ondan sonrakı mərhələdə mülki itkilərə dair materialların toplanmasına və AİHM müraciətlərinin hazırlanmasına töhfə verdiyini qeyd edib.

Məmmədli ona qarşı irəli sürülən “qaçaqmalçılıq” ittihamını sadəcə 2019–2024-cü illərdə etdiyi 19 xarici səfər etməsi faktı ilə əsaslandırılmasının cinayət qanunlarına zidd olduğunu, o cümlədən bütün bu səfərlərinin hamısında gömrük yoxlamasından keçdiyini və yazılı bəyannamələr təqdim etməyə məcbur edildiyini məhkəmənin diqqətinə çatdırıb. O, Dövlət Gömrük Komitəsindən bu yazılı məlumatların məhkəməyə təqdim olunmasını tələb edib.

Çıxışında Məmmədli beynəlxalq insan hüquqları təşkilatları ilə əməkdaşlığının da qərəzli şəkildə kriminallaşdırıldığından bəhs edib. O, həm 2013, həm də 2024-cü ildəki həbslərinin prezident seçkilərinə dair tənqidi çıxışlarından dərhal sonra baş verdiyinə diqqət çəkərək, hər iki halda istintaqın faktlara və qanuna deyil, hüquqları kriminallaşdıran siyasi sifarişə söykəndiyini bildirib.

Daha sonra Məmmədli bildirib ki, saxlanılma və istintaq zamanı kompüter və telefonlarına onun və ya vəkillərinin iştirakı olmadan baxılıb, şəxsi və peşəkar materialları təhrif edilib, maliyyə sənədləri isə ekspertiza aparılmadan qiymətləndirilib. Mənşəyi və mötəbərliyi araşdırılmayan məlumlatlara dair Məmmədli qeyd edib ki, “istintaq audit və vergi yoxlaması səlahiyyətlərini mənimsəyərək prosesi qanunsuz şəkildə aparmış, nəticədə qarışıq və əsassız “maliyyə əməliyyatları” görüntüsü yaratmağa çalışmışdır.”

Daha sonra Məmmədli “cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması” ittihamı haqqında bildirib ki, ona məxsus olan avtomobil və bank hesabındakı vəsaitin əsas hissəsi Azərbaycan dövləti tərəfindən ona ödənilmiş AİHM kompensasiyasıdır. İttiham aktında isə bu əmlakın hansı cinayət nəticəsində əldə olunduğu göstərilmir. Məmmədli qeyd edib ki, leqallaşdırma ittihamını əsaslandırmaq üçün tələb olunan iki əsas şərt i) cinayət yolu ilə əldə edilmiş əmlak və ii) onun leqallaşdırılması ittiham aktında göstərilmir. İstintaqın “qeydiyyata alınmalı qrant” yanaşması isə bu ittihamı öz-özlüyündə təkzib edir.

Məmmədli “qeydiyyatsız qrant müqavilələri” barədə iddiaların da əsassız olduğunu bəyan edərək izah edib ki, istintaq tərəfindən təqdim edilən bir çox faylların gerçəkliyi yoxlanılmamış və 2009–2015 dövrünə aid şablon təlim və maliyyə faylları “maliyyə sənədi” kimi təqdim edilib. Lakin onların mötəbərliyi və kriminal xarakteri heç bir şəkildə sübuta yetirilmir.

Məmmədli yekunda qeyd edib ki, istintaq Cinayət Məcəlləsini məqsədli şəkildə təhrif edərək, Konstitusiya və beynəlxalq konvensiyalarla təminat altına alınmış hüquqları kriminallaşdırmağa çalışıb. O, əsassız və qondarma ittihamlar əsasında qurulan cinayət işinə xitam verilməsini məhkəmədən tələb edib.

Növbəti məhkəmə iclası 27 oktyabr saat 15:45-ə təyin edilib.

Full link to the text in English

 

 

10:58, 30 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Fazil Qasımov barəsində qərar verib

by Gozetci 10:34, 30 Sentyabr 2025
written by Gozetci

Fazil Qasımov

 

İstanbul Universitetinin doktorantı, iki ildir həbsdə olan Fazil Qasımovun apellyasiya şikayəti təmin edilməyib.

Sentyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanıb.

Bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Qasımov 9 il azadlıqdan məhrum edilmişdi. Ona Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə ittiham verilib. O, ittihamı qəbul etmir.

Xatırlatma

Fazil Qasımov 2023-cü il avqustun 8-də – Qubad İbadoğlunun həbsindən təxminən 10 gün sonra İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona da eyni – Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə ittiham verilib.

Qubad İbadoğlu saxlandığı gün təşkilatın ofisində axtarış aparılıb və 40 min dollar tapıldığı, bunun bir bölümünün saxta olduğu iddia edilib. Təqsirləndirilən professorsa bu pulları ofisə elə hüquq-mühafizə orqanları əməkdaşlarının atdığını söyləyib.

Qubad İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.

Fazil Qasımovun haqqındakı cinayət işi isə məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il həbs cəzası kəsilib.

AzadlıqRadiosu 

10:34, 30 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia