Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Bəhruz Səmədov saxlanma şəraitindən şikayətçidir

by Gozetci 11:04, 21 Oktyabr 2025
written by Gozetci

Bəhruz Səmədov

 

Çexiyanın Karlova Universitetinin dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilmiş doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədovun 11 saylı Cəzaçəkmə Müəssisəsində qapalı vəziyyətdə saxlandığı bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıblar.

Yaxınlarının sözlərinə görə, həmin məsələ ilə bağlı Bəhruz Səmədov özü nənəsinə məlumat verib. Bəhruz Səmədov deyib ki, onun oradan da Umbakıya (Umbakı Penitensiar Kompleksi – red.) göndəriləcəyi gözlənilir.

Müdafiə tərəfinin məsələ ilə bağlı Ombudsman Aparatına müraciət edəcəyi bildirilir.

Bütün bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, vurğulayırlar ki, cəzaçəkmə müəssisələrində məhbuslarla qanun çərçivəsində davranırlar.

Xatırlatma

Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov ötən il avqustun 21-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilindiyindən ona 15 il həbs cəzası kəsilib. Gənc fəal Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli sayılıb. O özünü təqsirli bilmir, sülhpərvər çıxışlarına görə cəzalandırıldığını deyir.

Bəhruz Səmədov müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycanla Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və iki il öncə Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

Gənc fəalın ötən ilin avqustunda saxlanıldığı zaman Bakıya məzuniyyətə gəldiyi deyilir.

AzadlıqRadiosu

11:04, 21 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 18:57, 20 Oktyabr 2025
written by Gozetci

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadələr veriblər.

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) həbsdə olan əməkdaşı İlkin Əmrahov əvvəlki prosesdəki sərbəst ifadəsinə davam edib. O, IDI ilə əməkdaşlıqdan öncəki dövrdə fəaliyyətlərindən, o cümlədən Avrasiya Əməkdaşlıq Fondunun təşkil etdiyi təlimçilər üçün təlim layihəsində iştirakından danışıb.

“Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiq qrupu kompüterimdə bu layihədə iştirakımı təsdiq edən məlumatları, mesajları “mötəbər sübut” kimi cinayət materiallarına əlavə edib. Qeyd edim ki, 2022-ci ildə başqa təşkilatlarda da fəaliyyətim olub. Mənim məqsədim özümü inkişaf etdirmək və vətəndaş cəmiyyətinə töhfə vermək olub. İstintaq orqanı da mənim fəaliyyətlərimi cinayət işinə daxil edərək, özləri də istəmədən mənim məqsədimi təsdiq ediblər”, – o deyib.

İ.Əmrahov əlavə edib ki, ittiham aktında yazıldığı kimi A.Qurbanovla 2014-cü ildə deyil, yalnız 2023-cü ildə, IDI-nin gənc layihə menecerləri üçün təliminə müsahibə zamanı tanış olub:

“Təxminən 30 dəqiqəlik qısa söhbətimiz oldu. Müsahibədən sonra öz-özümə düşündüm ki, əgər Azərbaycanda 4-5 sotun içərisində demokratik mühit varsa, mən də orada olmalıyam, belə də oldu. Müsahibədən uğurla keçdim və fevral ayının sonlarından etibarən 3 ay müddətində şənbə-bazar günləri 3 saatlıq təlimlərə qatıldım”.

2024-cü ilin martın 6-da polisin “Toplum TV” və IDI ofislərində reydini xatırladan İ.Əmrahov deyib ki, həmin vaxt artıq təşkilatda layihə koordinatoru kimi çalışırdı.

İ.Əmrahov bildirib ki, 2024-cü il martın 6-da polis tərəfindən “Toplum TV” və IDI ofislərində keçirilən reyd zamanı o, artıq təşkilatda layihə koordinatoru vəzifəsində çalışırdı.

“Polislər ofisə basqın etdilər. Dərhal interneti kəsdilər. Telefonları məcburi şəkildə hər kəsdən aldılar. Məhkəmə qərarı təqdim etmədən, heç bir izahat vermədən “təcili əməliyyat – axtarışa” başladılar.

Halbuki ofisdə insan meyiti yox idi, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayət hazırlanmırdı və ya insanın həyat və səhhəti üçün real təhlükə yox idi”, – o bildirib.

İ.Əmrahov ardınca deyib ki, polis tərəfindən saxlanıldıqdan sonra başına qara torba keçirilərək Lökbatan qəsəbəsində yaşadığı evə gətirilib və evdə tapıldığı iddia olunan pul vəsaitini sayması israr olunub:

“Pulların mənim olmadığını, elə polisin özünün qoyduğunu bildirib, pulları saymaqdan imtina etdim. Bir neçə dəqiqə mübahisə elədik, babam da qarğış eləyirdi. Əməliyyatçılardan biri mənim qoluma vurulan rezin “zajem”dən (red: [sıxac]) birini də gətirdi ki, pulları sayıb bizə təqdim etməsən, babanı da qandallayıb səninlə birlikdə idarəyə aparacağıq. Atam və anam da gəlmişdilər, onları da evə buraxmırdılar. İkisi də hasardan atlanıb həyətə girmişdilər. Əməliyyatçılar valideynlərimi də idarəyə aparacaqlarını deyib, təhdid edirdilər. Mən də babam və valideynlərim daha çox stres yaşamasınlar deyə məcbur qalıb pulları sayıb verdim”.

Daha sonra İ.Əmrahov dindirilmə üçün polis bölməsinə aparıldığını xatırladıb. Xəstə olduğu üçün ona dərmanlar verilib və o, bu dərmanları qəbul edib.

“Sonradan Kürdəxanıda narkotik istifadə edən şəxslərlə söhbət edəndə BŞBPİ-dəki atdığım dərmanların görünüşünü izah etdim. Mənə dedilər ki, həmin dərmanlar lirika adlı narkotik tərkibli dərman olub. Hansı səbəblə saxlanıldığım, nədə ittiham olunduğum barədə heç nə deyilmirdi. Daha sonra vəkil getdi. Gecə saat 1-2 olardı, müstəntiq ifadədə texniki səhvlər olduğunu, yenidən tərtib etdiyini dedi. Halsız vəziyyətdə olduğum üçün oxumadan qol çəkdim. Təzyiq altında olduğum üçün şübhəli şəxs kimi verdiyim ifadədən imtina edirəm”, – o bildirib.

İ.Əmrahov istintaqın onun digər təqsirləndirilən şəxslərlə birgə xaricdən valyuta qaçaqmalçılığında iştirak etməsi iddiasını da təkzib edib.

“BŞBPİ-nin məhkəməyə təqdim etdiyi vəsatət və təqdimatlarda yazılırdı ki, istintaq guya müəyyən edib ki, biz qabaqcadan əlbir olub 2023-2024-cü illər ərzində müxtəlif adlar altında xarici ölkələrə səfərlər etmişik və xaricdən ölkəyə qaçaq mal gətirmişik. Xətai Rayon Məhkəməsi bu təqdimatı əsas tutaraq ümumilikdə 13 ay sanksiya verib. Halbuki dövlətin ali institutu olan məhkəmə müstəqil olsaydı, sadə bir araşdırma ilə müəyyən edərdi ki, mən ümumiyyətlə xarici ölkəyə getməmişəm, xarici pasportum da yoxdur. Sanksiya məhkəmələrində proses necə qanunsuz aparılırdısa, indi də o formada davam edir”, – o deyib.

Daha sonra çıxış edən “Toplum TV” əməkdaşı Fərid İsmayılov media qurumu ilə 2022-ci ildən əməkdaşlıq etdiyini bildirib və ittihamları rədd edib.

“Artıq 10-cu aydır həbsdəyəm. Ümumilikdə bu proses il yarımdır davam edir. Mən hələ də qanunda nəyi pozduğumu bilmirəm. Dövlət Gömrük Komitəsinin sənədləri ilə qaçaqmalçı olmadığımı, Mərkəzi Bank çirkli pulları istifadə etmədiyimi, şahidlər “Toplum TV”-də sadəcə müxbir olduğumu təsdiqləyib. Bəs cinayət olan nədir? Minlərlə səhifəlik cinayət işində mənə aid olan bir sübut göstərin, bütün ittihamları qəbul edim. Bu səbəbdən bildirirəm ki, təqsirsizəm”, – o qeyd edib.

Daha sonra çıxış edən “Toplum TV” videoredaktoru Müşfiq Cabbar da ittihamları rədd edib, cinayət işini siyasi adlandırıb.

“Biz “Toplum TV” olaraq sadə insanların səsi olmuşuq, hər kəsin problemini işıqlandırmışıq. Bizi həbsə gətirən əsas səbəblər bunlardır. Bu gün yerli TV-lər ara-sıra sosial problemləri efirə verir. Biz həbs olunana qədər ölkə “Gülüstan” idi. Nə oldu, birdən problemlər çıxdı ortaya? Hökumət azad jurnalistlərin demək olar hamısını həbs edib. Amma bizim açdığımız o cığırı qapada bilmir. İnsanlar şikayətlərini mediaya danışmağı öyrəniblər. Bizim yoxluğumuzu hiss etdirməmək üçün “AzTV” də məcburdur partlamış kanalizasiya borusunu işıqlandırsın”, – o deyib.

Digər təqsirləndirilən şəxs, jurnalist Elmir Abbasov isə sərbəst ifadə verməkdən imtina edib. O, həmçinin, istintaqa verdiyi ifadədən imtina etdiyini bildirib.

“Toplum TV” həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli isə səhhəti ilə bağlı ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verib. O, boğazından əlavə onurğasında da bir şiş aşkarlandığını bildirib. Onun sözlərinə görə, təcridxanada UZİ müayinəsi olsa da, həkim bu şişin yalnız MRT ilə müayinə olunmalı olduğunu bildirib.

Ə.Məmmədli 350 səhifəlik materialla aparılan “saxta” istintaq prosesinin heç bir əsası olmadığını, günahsız olduğunu deyib və məhkəmənin insan haqlarını əldə əsas tutaraq iş bitənə qədər ən azı ev həbsi verilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

18:57, 20 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarLənkəran–AstaraSliderXƏBƏRLƏR

Sevinc Vaqifqızının ailəsi Lənkəran həbsxanasında zorakı və təhqiramiz davranışa məruz qaldığı bildirilir

by Gozetci 16:16, 19 Oktyabr 2025
written by Gozetci

Sevinc Vaqifqızı

 

AbzasMedia-nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının ailəsi onunla son görüş zamanı müəssisə əməkdaşlarının təhqiramiz və zorakı davranışına məruz qaldığını bildirir.

Ailənin sözlərinə görə, oktyabrın 18-də Lənkərandakı Penitensiar Kompleksdə keçirilən görüş zamanı jurnalistin anası Ofeliya Məhərrəmova və bacısına qarşı alçaldıcı rəftar olub.

“Abzas Media işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun tarixli hökmü ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sentyabrın 25-də Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Bakı İstintaq Təcridxanasından Lənkərandakı Penitensiar Kompleksə köçürülüblər. Yaxınları bu köçürülmənin görüş imkanlarını məhdudlaşdırdığını və jurnalistlərə təzyiq kimi qiymətləndirildiyini bildirirlər.

Məlumata əsasən, görüşdən əvvəl müəssisə əməkdaşları onları xüsusi otağa salaraq zorla yoxlamağa çalışıblar.

Ofeliya Məhərrəmova ürəyində aparat olduğunu və ehtiyatla davranılmasını tələb etsə də, əməkdaşlar ondan və qızından ayaqqabılarını çıxarmağı istəyiblər.

Yaşlı qadın ayaqqabılarını çıxarmaqda çətinlik çəkdiyini, qızının isə əməliyyatlı ayağına görə bunu edə bilməyəcəyini bildirib. Onlar xüsusi aparatla yoxlanılmalarını tələb ediblər.

Jurnalistin bacısı deyir ki, aparatla yoxlanıldıqdan sonra heç nə tapılmayıb, lakin görüşdən çıxarkən yenidən zorla yoxlanılıblar:
“Bu dəfə ayaqqabılarımı zorla çıxarıb içliyini sökdülər. Nəzarətçi qadın çox kobud davranırdı”, – deyə o bildirib.

Ailə həmçinin Sevinc Vaqifqızı ilə görüş zamanı konfidensiallıq hüququnun pozulduğunu vurğulayıb. Onların sözlərinə görə, görüş cəmi bir saat davam edib və otaqda bir nəzarətçi daim onların yanında olub.

Jurnalist bu haldan narazılıq edərək ailəsi ilə rahat danışa bilmədiyini deyib, lakin əməkdaş ona “belə əmr var” cavabını verib.

Deyilənlərə Penitensiar xidmət və aidiyyatı qurumlar münasibət bildirməyib.

Meydan TV 

16:16, 19 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İmran Əliyevin səhhətində problemlər yaranıb, ailəsi vəziyyətindən narahatdır

by Gozetci 17:01, 17 Oktyabr 2025
written by Gozetci

İmran Əliyev

 

“Meclis.info” platformasının həbsdə olan rəhbəri İmran Əliyevin səhhətində ciddi problemlər yaranıb. Onun bel və oynaq ağrılarından əziyyət çəkdiyi, həmçinin bədəninin bəzi hissələrində mənşəyi bilinməyən şişlərin əmələ gəldiyi bildirilir.

Bu barədə məlumatı “Abzas Media”ya onun atası Bağır Əliyev verib.

Bağır Əliyevin sözlərinə görə, uzunmüddətli məhkəmə prosesi və Bakı İstintaq Təcridxanasındakı ağır şərait oğlunun həm fiziki, həm də psixoloji vəziyyətinə ciddi təsir göstərib:

“İmranın psixoloji durumu çox gərgindir. Bel və oynaq ağrıları onu ciddi narahat edir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb. Məhkəmə işinin 1 il 6 ay uzanması onu çox sarsıdıb. Oktyabrın 14-də keçiriləcək iclası ümidlə gözləyirdi, lakin cəmi bir gün qalmış prosesin təxirə salındığını öyrənəndə əsəb pozuntusu keçirdi. Buna baxmayaraq, onu zorla məhkəməyə aparıblar”.

Bağır Əliyev hesab edir ki, məhkəmə prosesi süni şəkildə uzadılır və şahidlərin prosesə cəlb edilməməsi işin məqsədli şəkildə ləngidilməsinə gətirib çıxarır.

Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Məclis.info işi” üzrə növbəti iclas keçirilib.

Prosesdə təqsirləndirilənlər İmran Əliyev, polis nəzarətində olan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.

İclasda İmran Əliyev bildirib ki, məhkəməyə aparılacağını yalnız yarım saat əvvəl öyrənib və rəis Asiman Nəsirovla Ceyhun adlı rəis müavini onu prosesə zorla gətirib.

O, həmçinin məhkəmələr arasında uzun fasilələrə etiraz edib. Hakim Roman Ələkbərli isə növbəti iclasların daha müntəzəm keçiriləcəyini bildirib.

İclasda ifadə verən vəkil Rövşanə Rəhimli bildirib ki, qadın hüquqları və məişət zorakılığı sahəsində ABŞ və Avropa proqramlarının məzunudur, bu çərçivədə müxtəlif təlimlər keçib:

“İmran Əliyev məni belə bir təlimə təlimçi kimi dəvət etmişdi. Təlimdən ödəniş alıb-almadığımı xatırlamıram. İstintaqa təqdim olunan qəbzdəki imza mənə aid deyil”.

O, həmçinin Tamella Musayevanı tanımadığını, Elgiz Qəhrəmanla yalnız dost kimi münasibətinin olduğunu deyib.

Digər şahid Əhməd İsmayılov isə bildirib ki, İmran Əliyevə dövlət qurumlarına informasiya sorğularının hazırlanmasında kömək edib və “Meclis.info” üçün komikslərin hazırlanmasında iştirak edib.

O, bu işləri könüllü əsaslarla gördüyünü vurğulayıb. Əhməd İsmayılov istintaq zamanı təqdim edilən ödəniş qəbzlərinin mötəbər sənəd olduğuna inanmadığını və oradakı imzanın ona aid olmadığını bildirib.

Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.

İmran Əliyev ötən il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, sonradan bu siyahı 8 maddəyə qədər genişləndirilib.

İctimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə təqsirləndirilən şəxs qismində fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hazırda hər üç şəxs 12 ilədək həbs cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham olunur.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri bu işi siyasi motivli adlandırır.

AbzasMedia

17:01, 17 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Əli Zeynala ailəsilə yalnız şüşə arxasından görüşə icazə verildiyi bildirilir

by Gozetci 17:15, 16 Oktyabr 2025
written by Gozetci

Əli Zeynal

 

“Toplum TV işi” üzrə həbasdə olan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynala saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailəsi ilə yalnız şüşə arxasından görüşməyə icazə verilmədiyi bildirilib.

Bu barədə məlumatı “Toplum TV” yayıb. Qeyd edilib ki, oktyabrın 12-də ailəsi ilə görüşən Əli Zeynala konfidensial görüş imkanı verilməyib. Onun ailəsi nəşrə bildirib ki, bu qərarın verilməsinə səbəbin Əli Zeynalın təcridxanadan ictimailəşdirdiyi yazılar olduğunu düşünürlər.

Əli Zeynal daha əvvəl təcridxanadan göndərdiyi yazılarda məhbusların saxlanma şəraitinin ağır olduğunu və dərman gətirilməsi üçün rüşvət tələb olunduğunu açıqlamışdı. Bu yazılardan sonra o, bir neçə dəfə cərimə kamerasına (“kars”) salınıb.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev də var. Jurnalist Elmir Abbasov isə polis nəzarətinə buraxılıb.

İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan daha ağır ittihamlarla əvəzlənib. Təqsirləndirilən şəxslər bütün iddiaları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

AbzasMedia

17:15, 16 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“QHT işi” üzrə daha üç nəfərin işi məhkəməyə göndərilib

by Gozetci 14:25, 16 Oktyabr 2025
written by Gozetci

“QHT işi” ilə bağlı təqsirləndirilən daha üç nəfərin – “Azərbaycan Gənclər Parlamenti” İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və Əhməd Məmmədzadənin barəsindəki ibtidai istintaq tamamlanıb.

Asəf Əhmədovun cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Elşən Vəliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası oktyabrın 23-nə təyin edilib.

Asiman Qocayev və Əhməd Məmmədzadənin cinayət işi isə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə proseslərinə hakimlər Hafiz Kamranov və Azər Tağıyev sədrlik edəcəklər.

Bu iş çərçivəsində indiyədək 15-ə yaxın vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə hazırda həbsdədirlər.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün barələrində axtarış elan edilib. Digər şəxslər barəsində isə alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 193-1.2.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı təkrar leqallaşdırma), 193-1.2.3 (qulluq mövqeyindən istifadə etməklə leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları əsassız sayır və özlərini təqsirsiz hesab edirlər.

AbzasMedia

14:25, 16 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

BMT-nin xüsusi məruzəçiləri Azərbaycan hökumətini Bəhruz Səmədov və İqbal Əbilovu azad etməyə çağırıb

by Gozetci 13:25, 16 Oktyabr 2025
written by Gozetci

Bəhruz Səmədov və İqbal Əbilov

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) bir qrup xüsusi məruzəçisi Azərbaycan hakimiyyətini bir ildən artıqdır həbsdə saxlanılan tədqiqatçılar – İqbal Əbilov və Bəhruz Səmədovu azadlığa buraxmağa çağırıb.

Ekspertlər bəyan ediblər ki, onların həbsi akademik fəaliyyət, hökumət siyasətinə dinc tənqid və azlıqların hüquqlarının müdafiəsi ilə bağlıdır.

“Biz dərin narahatlıq hissi ilə bildiririk ki, Əbilov və Səmədovun həbsi və məhkəmə prosesi sülh təşviqatı, akademik araşdırmalar və mədəni kimliyin qorunmasını “xəyanət” kimi təqdim edir,” – deyə ekspertlər vurğulayıb.

Bəyanatda qeyd olunur ki, İqbal Əbilovun Cənubi Qafqazın etnik azlıqları üzrə ixtisaslaşmış elmi tədqiqatları ona qarşı “xarici təsir altında dövlətə xəyanət” və “etnik, dini, sosial nifrət salmaq” ittihamlarının irəli sürülməsinə əsas kimi istifadə olunub.

“Bu ittihamları sübut edən heç bir ciddi dəlil təqdim edilməyib, bu da hüquqi prosesin ədalətliliyinə və akademik azadlığa dair ciddi narahatlıqlar doğurur,” – deyə xüsusi məruzəçilər bildiriblər.

Siyasi analitik və doktorant Bəhruz Səmədov isə Azərbaycandakı siyasi proseslər və hərbi əməliyyatlarla bağlı tənqidi fikirlərinə, eləcə də Ermənistanla sülhün tərəfdarı olmasına görə “dövlətə xəyanət” ittihamı ilə 15 il həbs cəzası alıb.

Ekspertlər hesab edirlər ki, “geniş milli təhlükəsizlik müddəalarının akademik azadlığı, azlıq kimliklərini və sülh çağırışlarını boğmaq üçün istifadəsi Azərbaycanda məhkəmə təzyiqləri və hədə-qorxularının sistemli xarakter aldığını göstərir”.

Onlar Azərbaycan hökumətini bu iki işə dərhal və qərəzsiz şəkildə yenidən baxmağa, ittihamlar sübuta yetirilmədiyi halda Əbilov və Səmədovu azadlığa buraxmağa çağırıblar:

“Azərbaycan hakimiyyəti alimlərin, yazıçıların və vətəndaş fəallarının fəaliyyətini təhlükəsiz şəraitdə, təzyiq və qisas qorxusu olmadan həyata keçirməsini təmin etməlidir. Ölkə qanunvericiliyi və praktikası beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunlaşdırılmalı, mədəni hüquqlar, akademik azadlıq və ifadə azadlığı qorunmalıdır”.

BMT-nin xüsusi məruzəçiləri həmçinin qeyd ediblər ki, milli təhlükəsizlik qanunvericiliyinin mədəni hüquqların, fikir və ifadə azadlığının, eləcə də akademik fəaliyyətin sərbəst həyata keçirilməsini məhdudlaşdırmaq məqsədilə sui-istifadə olunması “beynəlxalq insan hüquqları prinsiplərinə ziddir”.

Ekspertlər bu məsələdə narahatlıqlarını Azərbaycan hökumətinə rəsmi şəkildə çatdırdıqlarını və vəziyyəti yaxından izləməyə davam edəcəklərini bildiriblər.

Dövlətə xəyanət ittihamı ilə həbs edilən İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

2025-ci il mayın 20-də məhkəmə Əbilovu 18 il azadlıqdan məhrum edib. O, ittihamları rədd edir və fəaliyyətinin sırf elmi məqsədlər daşıdığını bildirir.

Bəhruz Səmədovu ötən il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Ona qarşı dövlətə xəyanət maddəsilə cinayət işi açılıb.

O da dövlətə xəyanət maddəsi ilə təqsirləndirilib və 2025-ci il iyunun 23-də 15 il həbs cəzası alıb.

Səmədov özünü təqsirli saymır və həbsinin siyasi motivli olduğunu bəyan edir.

Hüquq müdafiəçiləri hər iki tədqiqatçını siyasi məhbus kimi tanıyıblar.

AbzasMedia

13:25, 16 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi jurnalist Ramin Dekonun xeyrinə qərar verib

by Gozetci 18:12, 15 Oktyabr 2025
written by Gozetci

Ramin Deko

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 14-də hazırda həbsdə olan jurnalist Ramin Dekonun (Cəbrayılzadə) işi üzrə qərar qəbul edib. Məhkəmə yekdilliklə müəyyən edib ki, jurnalistin informasiya əldə etmək hüququ və səmərəli hüquqi müdafiə vasitəsinə çıxış hüququ pozulub.

Ramin Deko 2012-ci ildə Prezident Administrasiyasına informasiya sorğusu göndərərək dövlət vəsaitləri hesabına mənzil almış şəxslərin siyahısını, həmin mənzillərin hansı fondlardan ayrıldığını və bu fondlara kimlərin nəzarət etdiyini öyrənmək istəmişdi.

Lakin sorğuya cavab verilməmişdi. Bunun ardınca jurnalist Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə onun iddiasını qəbul etməmişdi. Səbəb kimi göstərilmişdi ki, Prezident Administrasiyası inzibati orqan sayılmadığı üçün cavabdeh kimi çıxış edə bilməz. Jurnalistin apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdi.

AİHM qeyd edib ki, Ramin Deko “Azadlıq” qəzetinin əməkdaşı kimi dövlət vəsaitlərinin xərclənməsində şəffaflıqla bağlı araşdırma aparırdı və bu məlumat onun ictimai nəzarət funksiyasını yerinə yetirməsi üçün mühüm idi. Sorğu ictimai maraq kəsb edən məsələ — dövlət hesabına mənzillərin paylanması ilə bağlı idi. Qərara əsasən, Prezident Administrasiyası bu məlumatların hazırlanmasında iştirak edən, müvafiq fərman və sərəncamların icrasına nəzarət edən orqan kimi, tələb edilən məlumatın mövcudluğuna dair əsaslı məsuliyyət daşıyırdı. Lakin Administrasiya sorğuya heç bir cavab verməyib, sorğunu aidiyyəti quruma yönləndirməyib və bu barədə jurnalisti məlumatlandırmayıb.

AİHM bu davranışı qanunla əsaslandırılmamış müdaxilə kimi qiymətləndirərək, Avropa Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı və informasiya almaq hüququ) pozulduğunu bildirib.

Məhkəmə həmçinin qərara gəlib ki, Ramin Dekonun Prezident Administrasiyasının fəaliyyətsizliyinə qarşı effektiv hüquqi müdafiə vasitəsi olmayıb. Bu səbəbdən AİHM Konvensiyanın 13-cü maddəsinin (səmərəli hüquqi müdafiə hüququ) da pozulduğunu tanıyıb.

AİHM iş üzrə 10 və 13-cü maddələrin pozulduğunu tanıyıb, 6-cı maddə (ədalətli məhkəmə araşdırması) üzrə ayrıca baxmağa ehtiyac görməyib. Buna baxmayaraq, jurnalistə mənəvi zərər və ya xərclərlə bağlı kompensasiya təyin edilməyib, pozuntu faktının tanınmasını kifayət qədər ədalətli kompensasiya sayılıb.

Beləliklə, AİHM hesab edib ki, Azərbaycan hökuməti jurnalistin dövlət orqanlarından informasiya almaq hüququnu pozub, həmçinin onun bu hüququn müdafiəsi üçün ölkə daxilində effektiv hüquqi vasitəyə çıxışı olmayıb.

Jurnalist Ramin Deko ötən ilin dekabrında “Meydan TV işi” çərçivəsində saxlanılıb. Ümumilikdə bu iş üzrə 12 nəfər barəsində cinayət işi açılıb.

Əvvəlcə onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham olunublar. Avqustun 28-də isə ittihamlar ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması maddələri əlavə edilib.

Həbsdə olan jurnalistlər bütün ittihamları rədd edir və saxlanılmalarını siyasi sifariş, peşə fəaliyyətlərinə görə təzyiq kimi qiymətləndirirlər.

AbzasMedia

18:12, 15 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkəmə Şəmşad Ağanı qardaşı qızının yas mərasiminə buraxmayıb

by Gozetci 13:39, 15 Oktyabr 2025
written by Gozetci

Şəmşad Ağa

 

Oktyabrın 14-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbsdə olan “Arqument .az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) vəsatətinə baxılıb. Jurnalistin qardaşı qızının yas mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılması barədə müraciəti təmin edilməyib.

Yaxınlarının verdiyi məlumata görə, vəsatətdə Şəmşad Ağanın konvoy müşayiəti ilə bir neçə saatlıq ailəsi ilə görüşünə icazə verilməsi xahiş olunub.

“Meydan TV işi” çərçivəsində bu ilin fevralında saxlanılan Şəmşad Ağa hazırda istintaq təcridxanasında saxlanılır. Ümumilikdə bu iş üzrə 12 nəfər barəsində cinayət işi açılıb.

Əvvəlcə onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham olunublar. Avqustun 28-də isə ittihamlar ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması maddələri əlavə edilib.

Həbsdə olan jurnalistlər bütün ittihamları rədd edir və saxlanılmalarını siyasi sifariş, peşə fəaliyyətlərinə görə təzyiq kimi qiymətləndirirlər.

AbzasMedia

13:39, 15 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi”: “İstintaqın “maddi sübut” kimi təqdim etdiyi bank kartlarından biri 27 il əvvəl etibarsız olub”

by Gozetci 11:49, 15 Oktyabr 2025
written by Gozetci

Oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Azər Tağıyev sədrlik edib.

“Toplum TV”nin məlumatına görə, təqsirləndirilən şəxslərdən biri, media qurumunun həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli çıxışına əvvəlki iclaslarda başladığı sərbəst ifadə ilə davam edib. O, 2024-cü il martın 8-də saxlanıldığı günü xatırladaraq, həmin vaxt qanuni vəkilinin iştirakı olmadan evində reyd keçirildiyini və pulun evə atıldığını bildirib.

“Polis sinə cibində saxladığı bir bağlama pulu (sonradan 7 300 avro olduğunu öyrəndim) ayaqqabı qutusuna ataraq guya ‘evimdən tapılıb’ görüntüsü yaratdı. Bu, saxta sübut düzəltmək cəhdidir və həm Konstitusiyanın, həm də Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsinin açıq pozuntusudur”, – deyə Məmmədli vurğulayıb.

O, istintaqın xaricə səfərlərini “qaçaqmalçılıq” sübutu kimi təqdim etməsini də əsassız adlandırıb:
“Mən 12 il xaricdə yaşamışam, təhsil almışam, beynəlxalq tədbirlərdə iştirak etmişəm. 2016-cı ildən sonrakı 39 səfərimi ‘qaçaqmalçılıq’ sübutu kimi təqdim etmək absurddur. Əgər bu məntiqlə getsək, 2016-cı ildən öncəki yüzlərlə səfərim necə izah olunacaq? Bu iddia uydurma və böhtandır”.

Ələsgər Məmmədli əlavə edib ki, istintaqın “maddi sübut” kimi təqdim etdiyi bank kartlarından biri 27 il əvvəl etibarsız olub:

“1991–1996-cı illərdə İstanbul Universitetində təhsil alanda dövlət hesabına “Vakıf Bank” kartı ilə təqaüd alırdım. O kartın istifadə müddəti çoxdan bitib. Bu kartı sübut kimi təqdim etmək sadəcə “ilin zarafatıdır””.

O həmçinin qeyd edib ki, istintaqın “bank kartı” kimi təqdim etdiyi digər sənəd Tbilisi metrosunun ödəmə kartıdır:

“Bu kart sadəcə metro bileti idi. Arxa tərəfində metro xəritəsi var. İstintaq bunu “bank kartı” adlandıraraq savadsızlıq edib”.

Ekspert çıxışını belə yekunlaşdırıb:

“Bu iş sadəcə azad medianı, vətəndaş cəmiyyətini və ictimai maarifləndirməni siyasi məqsədlərlə susdurmaq cəhdidir”.

Prosesdə daha sonra Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev ifadə verib. O, IDI-də işlədiyinə görə “bir saniyə belə peşman olmadığını” deyib.

Babayev 2024-cü il martın 6-da “Toplum TV”nin ofisində saxlanıldığını, daha sonra evinə aparıldığını və oraya pul atıldığını bildirib:

“Evimdə axtarış zamanı çəkilişin aparılmasını istədim. Əməliyyatçılar razılaşdı, amma uzunboylu biri videonu çəkəndən sonra mənim yanımda sildi. Həmin videoda mən pulun mənə aid olmadığını və məqsədli şəkildə evə qoyulduğunu demişdim”.

O, polisin qanunsuz hərəkətlərinə etiraz olaraq özünə xəsarət yetirdiyini də bildirib:

“Mətbəxə qaçıb bıçaqla qarnımı deşdim. Bıçaq küt idi, amma yara izi hələ də qalıb. Bədənimdəki xəsarəti Xətai rayon Müvəqqəti Saxlanma Yeri aktlaşdırıb”.

Ramil Babayev polisin ona göstərdiyi rəftarı “müharibə əsirləri ilə müqayisə edilməz dərəcədə ağır” adlandırıb:

“Gözlərin bağlanması, işgəncə hədələri və psixoloji təzyiqlər o qədər ağır idi ki, insanı intihar həddinə çatdırırdılar”.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev var.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib.

İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan ağırlaşdırılıb.

Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.

AbzasMedia

11:49, 15 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia