Bəhruz Səmədov saxlanma şəraitindən şikayətçidir

by Gozetci

Bəhruz Səmədov

 

Çexiyanın Karlova Universitetinin dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilmiş doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədovun 11 saylı Cəzaçəkmə Müəssisəsində qapalı vəziyyətdə saxlandığı bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıblar.

Yaxınlarının sözlərinə görə, həmin məsələ ilə bağlı Bəhruz Səmədov özü nənəsinə məlumat verib. Bəhruz Səmədov deyib ki, onun oradan da Umbakıya (Umbakı Penitensiar Kompleksi – red.) göndəriləcəyi gözlənilir.

Müdafiə tərəfinin məsələ ilə bağlı Ombudsman Aparatına müraciət edəcəyi bildirilir.

Bütün bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, vurğulayırlar ki, cəzaçəkmə müəssisələrində məhbuslarla qanun çərçivəsində davranırlar.

Xatırlatma

Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov ötən il avqustun 21-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilindiyindən ona 15 il həbs cəzası kəsilib. Gənc fəal Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli sayılıb. O özünü təqsirli bilmir, sülhpərvər çıxışlarına görə cəzalandırıldığını deyir.

Bəhruz Səmədov müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycanla Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və iki il öncə Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

Gənc fəalın ötən ilin avqustunda saxlanıldığı zaman Bakıya məzuniyyətə gəldiyi deyilir.

AzadlıqRadiosu

You may also like