Yalçın İmanov
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabrın 7-də Yalçın İmanovun Azərbaycan Vəkillər Kollegiyasından xaric olunması ilə bağlı verdiyi şikayət üzrə qərarını elan edib.
Bu barədə vəkil Fariz Namazov məlumat verib.
AİHM vurğulayıb ki, vəkillərin statusu ədalət mühakiməsinin həyata keçirilməsində — ictimaiyyətlə məhkəmələr arasında vasitəçi kimi onlara xüsusi mövqe verir.
Məhkəmə belə nəticəyə gəlib ki, ərizəçinin vəkillikdən xaric olunması barədə daxili məhkəmələrin göstərdiyi əsaslar kifayət qədər deyildi və ona tətbiq edilən sanksiya güdülən legitim məqsədlə müqayisədə qeyri-proporsional idi: Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsi pozulub.
Məhkəmə habelə Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinin də pozuntusunu müəyyən edib.
Məhkəmə qərarına görə, maddi və mənəvi zərərə görə 10 min avro, məhkəmə xərclərinə görə isə 2 min avro kompensasiya ödənilməlidir.
AİHM-ə şikayətin səbəbləri…
Vəkillər Kollegiyası Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Yalçın İmanovun bu qurumdan çıxarılmasından ötrü məhkəməyə müraciət haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Daha sonra da məhkəmə Rəyasət Heyətinin müraciətini təmin edib. Y.İmanovun Azərbaycanın məhkəmə orqanlarına şikayəti isə təmin olunmayıb.
Həmin qərar 2017-ci ilin avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasında işgəncəyə məruz qalması iddiası əsasında verdiyi açıqlamasına etiraz edib.
Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilərək Qobustan Qapalı Həbsxanasında saxlanılan Abbas Hüseynov (qətl və başqa ağır cinayətlərdə ittiham edilib, ittihamları qəbul etmir) vəkilinə yazılı izahatında göstərib ki, o, təcridxanadan gətiriləndən dərhal sonra işgəncələrə məruz qalıb. A.Hüseynovun sözlərinə görə, həbsxananın rəisi, rəis müavini və müxtəlif əməkdaşları əllərini qandallayıb onu döyüblər.
İşgəncə ilə bağlı deyilənləri təkzib edən ədliyyə polkovniki Oqtay Məmmədov isə iddia edib ki, Yalçın İmanov hüquqlarını qoruduğu şəxsə istinadən həmin məlumatı yaymaqla sabitliyi pozmağa çalışıb.”Ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir”, –onun məktubunda vurğulanıb.
Xatırlatma
Bundan əvvəl də AİHM-in Vəkillər Kollegiyasından xaric edilmələrlə bağlı oxşar qərarları olub. Amma hüquqlarının pozulduğu tanınan hüquqşünaslardan hələ də Vəkillər Kollegiyasına üzvlüyü bərpa edilməyənlər var. Üstəlik, bu ildən Azərbaycanda AİHM qərarları daha çox dartışmalar mövzusu olub. Məsələn, prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı forumdakı çıxışında Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasında (AŞPA) mandatının təsdiqlənməməsi haqda suala cavab verərkən deyib: “Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu bizim mövqeyimizdir”.
AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Əsaslar kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi və başqa səbəblər göstərilib. Azərbaycan hökuməti bu prosesdə iştirak edən AŞPA deputatlarının ölkəyə gəlişinə “stop” qoyulduğunu açıqlayıb. Bu il isə Azərbaycandan AŞPA-ya nümayəndə heyəti göndərilməyib.
AzadlıqRadiosu