Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

by Gozetci 10:30, 07 Noyabr 2025
written by Gozetci

Bəxtiyar Hacıyev

 

Noyabrın 5-də Ali Məhkəmədə üç ilə yaxındır həbsdə olan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, hakim Ələsgər Novruzovun sədrlik etdiyi iclasda çıxış edən Bəxtiyar Hacıyev bildirib ki, o, sifarişlə həbs olunub. Fəal qeyd edib ki, əvvəlcə ona qarşı “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları irəli sürülsə də, daha ağır cəza vermək məqsədilə istintaq zamanı əlavə maddələr – o cümlədən Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddəsi əlavə olunub.

“Mən Apellyasiya Məhkəməsində çıxış etmədim, çünki oradan ədalət gözləmirdim. Amma Ali Məhkəmədən, tam olmasa da, müəyyən gözləntim var”, – deyə Bəxtiyar Hacıyev vurğulayıb.

Onun vəkili Elçin Sadıqov isə çıxışında aşağı instansiya məhkəmələrinin qərəzli qərarlar qəbul etdiyini bildirib. Vəkil qeyd edib ki, müvəkkilinin işinə obyektiv baxılması üçün Bakı Ağır Cinayətlər və Bakı Apellyasiya məhkəmələrinə 70-dən çox vəsatət təqdim edilib, lakin heç biri təmin olunmayıb:

“Əgər o vəsatətlər araşdırılsaydı, Bəxtiyar Hacıyevin təqsirsizliyi sübut olunardı”.

Həm Bəxtiyar Hacıyev, həm də onun vəkili çıxışlarının sonunda Ali Məhkəmədən bəraət qərarı çıxarılmasını xahiş ediblər.

Məhkəmədə iştirak edən Dövlət Vergi Xidmətinin nümayəndəsi bildirib ki, qurumun 52 min manatlıq mülki iddiası əvvəlki məhkəmə qərarlarında təmin edilib və bu hissədə kassasiya şikayətinin təmin edilməməsini istəyib.

Prokuror da çıxışında Hacıyevin şikayətinin əsassız olduğunu bildirərək, Bakı Ağır Cinayətlər və Bakı Apellyasiya məhkəmələrinin qərarlarının qüvvədə saxlanılmasını tələb edib.

Hakimlər kollegiyası əlavə dəlillərin araşdırılmasına qərar verib. Ali Məhkəmənin yekun qərarı noyabrın 18-də açıqlanacaq.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları ilə saxlanılıb, 2024-cü ilin yanvarında isə 10 il azadlıqdan məhrum edilib. O, həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 213.1 (vergidən yayınma) və 320 (saxta sənədlərdən istifadə) maddələri ilə də ittiham olunur.

Bəxtiyar Hacıyev ittihamları qəbul etmir, həbsi və irəli sürülən ittihamları siyasi fəaliyyəti ilə əlaqələndirir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onun həbsi ilə bağlı qərarları siyasi motivli hesab edirlər.

AbzasMedia

10:30, 07 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Aytac Tapdığın nikaha girməsinə qoyulan qadağa qüvvədə saxlanılıb

by Gozetci 15:58, 06 Noyabr 2025
written by Gozetci

Aytac Tapdıq

 

Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aytac Tapdığın (Əhmədova) nikaha girməsinə qoyulan qadağa ilə bağlı şikayətə baxılıb

Jurnalistin nikaha girmək istədiyi şəxs, heyvan hüquqları fəalı Kamran Məmmədli bildirib ki, məhkəmə onların şikayətini təmin etməyib və Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“İki vətəndaşın nikahına qadağa qoyulması hüquqi cəhətdən mümkün deyil. Sadəcə qərarda “təmin edilməsin” yazırlar, amma əsaslandırma vermirlər,” – deyə Kamran Məmmədli qeyd edib.

Onun sözlərinə görə, cütlük məhkəmədə müdafiə çıxışı etsə də, hakimlər qərarlarını əsaslandırmayıblar.

Məmmədli həmçinin bildirib ki, Penitensiar Xidmətin konvoy əməkdaşı Cəmil Hüseynov məhkəmə zalında onun Aytac Tapdıqla ünsiyyətinə mane olub, proses bitdikdən sonra isə zor tətbiq edərək onu zaldan çıxarmağa cəhd edib. Etirazdan sonra konvoy əməkdaşı geri çəkilib.

Kamran Məmmədlinin sözlərinə görə, gələn həftə onlar yenidən Xətai Rayon Məhkəməsinə müraciət edərək nikaha qoyulan qadağa ilə bağlı yeni iş qaldıracaqlar.

Oktyabrın 23-də Xətai Rayon Məhkəməsi Aytac Tapdığın saxlanıldığı Bakı İstintaq Təcridxanasında nikaha girməsinə icazə verilməsi barədə şikayətini təmin etməmişdi.

Jurnalist Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə ümumilikdə 12 nəfərə qarşı cinayət işi açılıb. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb, bu il avqustun 28-də isə ittihamlar ağırlaşdırılıb.

Hazırda onlar qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunurlar.

Jurnalistlər bütün ittihamları rədd edir və həbslərinin siyasi sifarişlə, peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

AbzasMedia

15:58, 06 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Meclis.info işi” üzrə növbəti məhkəmə prosesində Anar Məmmədli şahid kimi ifadə verib

by Gozetci 19:23, 05 Noyabr 2025
written by Gozetci

Anar Məmmədli və İmran Əliyev

 

Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Meclis.info işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilənlər İmran Əliyev, polis nəzarətində saxlanılan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər

İclas başlanmazdan öncə İmran Əliyev məhkəmənin 15:00-a təyin edilməsinə baxmayaraq, təxminən bir saat yarım gec başlamasına etiraz edib. O bildirib ki, səhərdən məhkəməyə gətirilib və uzun müddət “boks” adlanan otaqda saxlanılıb. Hakim Roman Ələkbərli isə gecikməni “məhkəmələrin çoxluğu” ilə əsaslandırıb.

Məhkəmədə ilk olaraq şahid Elsevər Muradzadə ifadə verib. O bildirib ki, “Meclis.info” platformasında bir neçə ay sosial media meneceri kimi çalışıb və bu fəaliyyətinə görə xidməti müqavilə əsasında rəsmi şəkildə əməkhaqqı alıb. Elsevər Muradzadənin sözlərinə görə, İmran Əliyev ona heç vaxt böyük məbləğdə nağd pul təklif etməyib, xaricdən pul gətirməsini istəməyib.

Daha sonra digər şahid Vüsal Muradlı dindirilib. O da platformada sosial media meneceri kimi fəaliyyət göstərdiyini, müqavilə əsasında rəsmi məvacib aldığını bildirib. Vüsal Muradlı əlavə edib ki, heç bir qrant layihəsində iştirak etməyib.

Prosesdə hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri, insan haqları müdafiəçisi Anar Məmmədli də şahid qismində ifadə verib. O da iclasın gec başlamasına etiraz edib. Məmmədli vurğulayıb ki, bu iş üzrə təqsirləndirilən şəxslər günahsızdır və cinayət işi tamamilə saxta ittihamlar əsasında aparılır. O, bu işin siyasi sifariş olduğunu deyib.

Hakim Roman Ələkbərli onun çıxışını yarımçıq kəsərək, “mahiyyəti üzrə ifadə verməsini” tələb edib. Anar Məmmədli isə ifadə verməkdən imtina edib və ilkin istintaq zamanı verdiyi ifadə ilə kifayətləndiyini bildirib. Bundan sonra məhkəmədə onun istintaq ifadəsi səsləndirilib.

İmran Əliyev ötən ilin aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb. Daha sonra ittiham siyahısı genişləndirilib və hazırda o, 8 maddə üzrə təqsirləndirilir. İctimai fəallar Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hazırda hər üç şəxs 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham olunur.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri “Meclis.info işi”ni siyasi motivli hesab edir və təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

AbzasMedia

19:23, 05 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“QHT işi” üzrə təqsirləndirilən Hafiz Həsənova ittiham aktı elan olunub

by Gozetci 16:31, 05 Noyabr 2025
written by Gozetci

Hafiz Həsənov

 

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri, “QHT işi” üzrə ittiham olunan Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə baxışı başlanıb.

Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Həsənova qarşı ittiham aktını elan edib.

İttihama əsasən, Hafiz Həsənov rəhbərlik etdiyi təşkilatda layihələr həyata keçirmək adı altında ABŞ-nin German Marşal Fondundan ümumilikdə 415 min dollar qrant alıb və bu vəsaiti leqallaşdırıb.

Həsənov ittihamla razılaşmayıb və məhkəmədə özünü təqsirli bilmədiyini bildirib.

Məhkəmə baxışı dekabrın 3-də davam etdiriləcək.

O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Hafiz Həsənov barəsində ilkin olaraq ev dustaqlığı qətimkan tədbiri seçilmişdi, lakin sonradan bu qərar dəyişdirilərək onun polis nəzarəti altına verilməsi ilə əvəz olunub.

“QHT işi” üzrə indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə isə ölkədən kənarda olduqları üçün axtarışdadır. Digər təqsirləndirilənlər barəsində isə alternativ qətimkan tədbirləri tətbiq edilib.

Bütün təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli adlandırırlar.

AbzasMedia

16:31, 05 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi”: Şahidlər istintaqdakı ifadələrini təzyiq altında verdiklərini bildiriblər

by Gozetci 12:35, 04 Noyabr 2025
written by Gozetci

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlərin dindirilməsi davam edib, lakin iclas gərgin atmosferdə keçib

“Toplum TV”nin məlumatına görə, prosesin əvvəlində III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli məhkəmə tərkibinə etiraz edib. O, məhkəmə sədri Azər Tağıyevə müraciətlə satirik tonda çıxış edərək bildirib:

“Bakı İstintaq Təcridxanasında sizin haqqınızda dırnaqarası müsbət danışan çox məhbus var. Sizi bu çirkaba bulaşmaqdan xilas etmək üçün istəyirəm ki, sədrlikdən uzaqlaşasınız. Siz ötən məhkəmədə şahidlərə təsir edirdiniz, özünüzü hakim yox, dövlət ittihamçısı kimi aparırdınız”.

Etiraza Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov da qoşulub. O, hakimi şahidlərə təzyiq iddialarını araşdırmamaqda ittiham edib:

“Şahidlər ifadələrini təzyiq altında verdiklərini deyirdilər, siz isə bunun necə baş verdiyini soruşmadınız. Şahidlərin rahat ifadə verməsinə şərait yaratmırsınız, sonra da “səmimi deyilsən” deyirsiniz. Bunu hansı meyarla ölçürsünüz?”

İDİ əməkdaşı Əli Zeynal isə əlavə edib ki, “təcridxanada hakim haqqında yalnız mənfi sözlər eşidib”. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də hakimin “cinayətkar olmadığınızı sübut etməlisiniz” ifadəsini xatırladaraq buna sərt reaksiya verib:

“Bu, təqsirsizlik prezumpsiyasının açıq pozulmasıdır. Hakim belə söz deyirsə, bəs biz niyə buradayıq? Deməli, qərar artıq əvvəlcədən verilib”.

Hakimlər müşavirəyə gedərək etirazı təmin etməyiblər.

Prosesdə şahid qismində ifadə verən Şahin Məhərrəmli Akif Qurbanovun dostu olduğunu və istintaqdakı ifadəsini təzyiq altında imzaladığını bildirib:

“İfadəni mən yazmamışam, mənə oxumağa da imkan verilmədi”.

Hakim istintaq ifadəsini oxuyarkən məlum olub ki, orada Qurbanovun “qrantlara görə qorxaraq avtomobili həyat yoldaşının adına rəsmiləşdirdiyi” iddia olunur. Şahid isə bunu təkzib edib, səbəbin sənəd problemi olduğunu deyib.

O, həmçinin Qurbanovun “30 min manat borc istədiyi” barədə istintaq ifadəsini təsdiqləyib, amma “dostlar arasında borc almağın normal hal olduğunu” bildirib:

“Hamımız bir-birimizdən borc istəyirik. Mən də ondan istəmişəm”.

Müdafiə tərəfi şahidin vaxtilə 30 sutka inzibati həbs aldığını xatırladaraq bunun səbəbini soruşub. Şahin Məhərrəmli cavabında deyib:

“Məni Akif Qurbanovla dost olduğuma görə həbs etdilər. Polislər özləri belə dedilər”.

Dövlət ittihamçısı isə belə bir maddənin qanunda olmadığını deyib, lakin hakim şahidin məhkəmədə verdiyi ifadəni protokola əlavə edib.

Keçmiş “Toplum TV” əməkdaşı, yazıçı Cavid Ramazanov da istintaqda təzyiqlə ifadə verdiyini bildirib:

“Məni saxlayanda vəkillə təmin etmədilər, əks halda həbs qətimkan tədbiri seçiləcəyi ilə hədələdilər”.

Növbəti şahid – “Toplum TV” aparıcısı Alya Yaqublu ilə hakim arasında gərginlik yaşanıb. Bu zaman Akif Qurbanov və Ələsgər Məmmədli hakimin davranışına etiraz ediblər. “Toplum TV” əməkdaşı Fərid İsmayılov da çıxış edərək bildirib:

“Siz iki suala dözümsüzlük göstərirsiniz, üstümüzə qışqırırsınız. Təsəvvür edin, qapalı istintaq otaqlarında necə təzyiq olub”.

Alya Yaqublu ifadəsində Akif Qurbanovu “Toplum TV”də işləməyə başladıqdan sonra tanıdığını” deyib:

“Akif Qurbanov müstəqil medianın öldüyü vaxtda “Toplum TV” kimi peşəkar media qurdu. Onu həm tənqid edirdik, həm də verilişlərə dəvət edirdik. Amma o, suallarımızı cavabsız qoymurdu”.

Prosesin sonunda hakim növbəti məhkəmə iclasını noyabrın 24-nə təyin edib. İclas şahidlərin dindirilməsi ilə davam edəcək.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər təqsirləndirilir. Onlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV” həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev var. Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

İlkin mərhələdə onlara qaçaqmalçılıq ittihamı irəli sürülmüş, sonradan ittihamların məzmunu ağırlaşdırılıb. Təqsirləndirilənlər ittihamları siyasi motivli adlandırır və həbslərinin sifarişlə həyata keçirildiyini bildirirlər.

AbzasMedia

12:35, 04 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hafiz Babalı: “Əlillik pensiyam mənim yeganə yaşayış mənbəyimdir, amma artıq bir ildən artıqdır ki, bloklanıb”

by Gozetci 21:33, 03 Noyabr 2025
written by Gozetci

Hafiz Babalı

 

“Abzas Media işi” çərçivəsində 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalı Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi əlillik pensiyasına qoyulan blokun götürülməsini tələb edir

Həbsdə olan jurnalistin “Facebook” hesabında bu barədə məlumat paylaşılıb. Hafiz Babalı paylaşımında bildirib ki, qanunsuz olaraq onun bütün bank hesablarına, o cümlədən pensiya hesabına da həbs qoyulub:

“Həbs olunduğum zaman bütün bank hesablarıma, o cümlədən pensiya hesabıma da həbs qoyuldu. Halbuki qanunvericiliyə görə pensiya hesablarına həbs qoymaq yolverilməzdir, çünki bu vəsaitlər yalnız Dövlət Sosial Müdafiə Fondu vasitəsilə idarə olunur və şəxsin minimum yaşayışını təmin edən mənbə hesab olunur”.

Babalının sözlərinə görə, məhkəmə qərarında bu istisna nəzərə alınmadığı üçün pensiya hesabı bir ildən artıqdır ki, bloklanmış vəziyyətdə qalır.

“Oktyabrın 14-də vəkilim vasitəsilə həm Bakı Ağır Cinayətlər Məhkəməsinə, həm də Bakı Apellyasiya Məhkəməsinə hesabın açılması ilə bağlı rəsmi ərizə təqdim olunub. Lakin bu günə qədər heç bir cavab və ya addım atılmayıb”.

O bildirir ki, əlillik pensiyası yalnız sosial müdafiə məqsədilə təyin olunur və hazırda onun yeganə yaşayış mənbəyidir.

“Qanunvericiliyə əsasən, əlillik pensiyası yalnız sosial müdafiə məqsədilə təyin olunur və həmin vəsait mənim bu gün üçün yeganə yaşayış mənbəyim sayılır. Bu səbəbdən pensiya hesabım üzərindəki həbsi aradan qaldırmaq üçün məhkəmələrdən və aidiyyəti qurumlardan qanuna uyğun qərar verilməsini gözləyirəm”.

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində həbs olunub. Onunla birlikdə bu iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanılıblar.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxararaq Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəyə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovaya 8 il, Məhəmməd Kekalova isə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndiriblər.

AbzasMedia

21:33, 03 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 20:48, 03 Noyabr 2025
written by Gozetci

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsi davam edib.

Şahidlərin dindirilməsindən öncə isə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli məhkəmə tərkibinə etiraz edib. O, satirik şəkildə deyib ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasında hakim A.Tağıyevin haqqında “müsbət şeylər deyən” məhbuslar çoxdur:

“Sizi bu çirkaba bulaşmaqdan xilas etmək üçün istəyirəm ki, sədrlikdən uzaqlaşasınız. Siz ötən məhkəmədə şahidlərə təsir edirdiniz, özünüzü hakim yox, dövlət ittihamçısı kimi aparırdınız”.

Digər təqsirləndirilən şəxs, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov da etiraza qoşulub.

“Sizə şahidlər deyirdi ki, istintaqda ifadələrini təzyiq altında veriblər, siz isə soruşmurdunuz ki, necə olub təzyiq. Şahidlərin burada özlərini rahat hiss etməsi üçün şərait yaratmırsınız, şahidə deyirsiniz ki, səmimi deyil. Bunu hansı meyarla ölçürsünüz?”, – Qurbanov hakimə sual edib.

Təqsirləndirilən şəxslərdən İDİ əməkdaşı Əli Zeynal da etiraza qoşulub və deyib ki, R.İzzətlidən “fərqli olaraq, A.Tağıyev haqqında təcridxanada yalnız mənfi şeylər eşidib”.

Çıxış edən digər təqsirləndirilən şəxs, “Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli də A.Tağıyevə iradını bildirib.

“Mən bir həftədir sizin keçən məhkəmədə şahidlərə və zala xitabən işlətdiyiniz bir ifadə haqqında düşünürəm. Siz dediniz ki, biz cinayətkar olmadığımızı sübuta yetirməliyik. Bu məndə sual doğurdu ki, siz necə belə bir ifadə işlədə bilərsiniz? Bir məhkəmə tərəfsiz olub sonda doğru qərarı verməlidir. Bilirsiniz ki, sizin etdiyiniz təqsirsizlik prezumpsiyası haqqında Konstitusiyanın 63-cü maddəsinin və Cinayət Məcəlləsinin pozulmasıdır. Qanuna əsasən, heç kim hökm çıxmamış başqasını cinayətkar adlandıra bilməz. Hələ bu, bir hakimin dilindən çıxırsa, daha biz niyə buradayıq? Belə çıxır ki, siz artıq dinləmədən, məhkəmə prosesi bitmədən qərarınızı vermisiniz”, – o söyləyib.

Müşavirəyə gedən hakimlər etirazı təmin etməyiblər.

Proses şahidlərin dindirilməsi ilə davam edib.

Şahid qismində çıxış edən, A.Qurbanovun dostu Şahin Məhərrəmli ibtidai istintaqda imzaladığı ifadədən imtina edib. O, ifadənin özünün deyil, onun adından yazıldığını və təzyiq altında imzaladığını, oxumağa da imkan verilmədiyini bildirib.

Hakim şahidin istintaqdakı ifadəsini oxuyarkən məlum olub ki, orada A.Qurbanovun Ş.Məhərrəmlidən xaricdən avtomobil gətirməsi, “aldığı qrantlara görə qorxaraq özünün deyil, həyat yoldaşının adına rəsmiləşdirməsini” istəməsi iddia olunur. Ş.Məhərrəmli isə məhkəmədə qeyd edib ki, qardaşı bu işlə məşğul olduğundan A.Qurbanovun ondan belə bir xahiş etməsi doğrudur, lakin avtomobili öz adına rəsmiləşdirməməsinin səbəbi məcburi köçkünlük haqqında sənədində problem olması olub.

Ş.Məhərrəmlinin ifadəsində həm də yazılıb ki, A.Qurbanov “qrant gecikdiyinə görə işçilərinin maaşlarını vermək üçün ondan 30 min manat məbləğində borc” istəyib. Ş.Məhərrəmli dostunun ondan borc istədiyini təsdiqləyib, lakin səbəbini soruşmadığını bildirib. “Hamımızda olur da. Dostdan borc istəyirik. Mən də ondan borc istəmişəm”, – o deyib.

Daha sonra müdafiə tərəfi şahidin 30 sutka inzibati həbsə məhkum edildiyini xatırladaraq ondan bunun səbəbini soruşublar. Hakim bu sualın işlə əlaqəsi olmadığını iddia edərək etiraz etsə də, A.Qurbanov və vəkili israr edib.

Ş.Məhərrəmli onu həbs edən polislərin ona A.Qurbanovla dostluq etdiyinə görə həbs olunduğunu dediklərini bildirib. Bu zaman dövlət ittihamçısı müdaxilə edərək məcəllələrdə belə bir maddənin olmadığını deyib. Şahid isə kağız üzərində maddənin “polisə müqavimət” olduğunu qeyd edib. Sonda hakim şahidin ibtidai istintaqda deyil, məhkəmədə verdiyi ifadəni qeydə alıb.

Daha sonra dindirilən keçmiş “Toplum TV” əməkdaşı və yazıçı Cavid Ramazanov da ibtidai istintaqdakı ifadəsini təzyiqlə verdiyini bildirib. O, saxlanılarkən vəkillə təmin edilmədiyini, haqqında həbs qətimkan tədbiri seçiləcəyi barədə təhdid edildiyini deyib.

Növbəti şahid qismində çıxış edən siyasi şərhçi və “Toplum TV”-də veriliş aparıcısı olmuş Alya Yaqublu ilə hakim arasında gərginlik yaşanıb. Bu zaman A.Qurbanov və digər təqsirləndirilən şəxs Ələsgər Məmmədli müdaxilə edərək hakimin danışıq tərzinə irad tutublar. Təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov da çıxış edərək hakimə etiraz edib: “Siz burada iki suala dözümsüzlük göstərirsiniz, üstümüzə qışqırırsınız, siz təsəvvür edin indi qapalı müstəntiq otaqlarında necə gərginlik olub.” 

Daha sonra hakim A.Yaqubludan A.Qurbanovu haradan tanıdığını soruşub. O isə A.Qurbanovu “Toplum TV” ilə əməkdaşlığa başlayandan tanıdığını deyib.

“Akif Qurbanov yaxşı insandır, faydalı biridir. Azərbaycanda müstəqil medianın öldüyü vaxtda “Toplum TV” kimi professional media yaratdığı üçün ona təşəkkür edirəm. “Toplum”da ölkənin ən istedadlı jurnalistləri çalışırdı. Biz Akif bəyi də verilişimizə dəvət edirdik, tənqid edirdik, amma suallarımızı cavabsız qoymurdu”, – o bildirib.

Bundan sonra proses başa çatıb. Növbəti məhkəmə prosesi noyabrın 24-ə təyin olunub. Proses şahidlərin dindirilməsilə davam edəcək.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

20:48, 03 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Vəfa Nağı atasına hücumla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

by Gozetci 18:34, 03 Noyabr 2025
written by Gozetci

Vəfa Nağı

 

İctimai fəal Vəfa Nağı atasına qarşı fiziki zokalılıq olduğunu bildirib. Fəal noyabrın 2-də “Facebook” səhifəsində yazıb ki, hadisə Neftçalanın Xolqaraqaşlı kəndində baş verib.

“Yemək yediyi yerdə bir nəfər onun üzərinə şığıyıb, başına vurub, üzünü cırıb, mənim adıma nalayiq söyüşlər söyüb. Atamı döyməsinin səbəbi də mən imişəm. İndi özünü çox pis hiss edir, başında şiddətli ağrılar var, nəfəs ala bilmir. Buradan aidiyyəti qurumlara səslənirəm: atama hücum edən hər kimdirsə, cəzalandırılsın!”, — fəal qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Vəfa Nağının paylaşımına şərh yazaraq hadisənin araşdırıldığını bildirib.

Vəfa Nağının sözlərinə görə, atasına hücum edən şəxs kənd sakini Əyyar Əzizovdur və o, bunu “qisas məqsədilə” edib:

“Əyyar Əzizov 2020-ci ildə kəndimizdə bir qızı odlu silahla hədələyib, saçından tutaraq aparmış, paltarını soyundurub fotolarını çəkmiş və kəndin gənclərinə göndərmişdi. Mən bu hadisəni ictimailəşdirdiyim üçün bu gün ailəmdən qisas alır. O, “pullu adam” olduğu üçün həmin ağır cinayətə görə cəmi üç il cəza almış və azadlığa çıxmışdı. Bu gün onun atama hücumu və mənə yönəlik söyüşləri zorakılığın və cəzasızlığın davam etdiyini göstərir”.

Fəal əlavə edib ki, hadisədən sonra polis əməkdaşları evlərinə gələrək atasından izahat alıblar.

Hazırda Almaniyada doktorantura təhsili alan Vəfa Nağı 2019-cu ildə Xolqaraqaşlı bələdiyyəsinə üzv seçilib. O, 2024-cü ildə keçirilən parlament seçkilərində də Neftçala rayonundan namizədliyini irəli sürüb, lakin Mərkəzi Seçki Komissiyası onun əsas rəqibi Tənzilə Rüstəmxanlını qalib elan edib.

AbzasMedia

18:34, 03 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 16:59, 31 Oktyabr 2025
written by Gozetci

Azər Qasımlı

 

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində siyasətçi Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Telman İsmayılov sədrlik edib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı Meydan TV-yə bildirib ki, bu dəfə şahid kimi zərərçəkmiş qismində göstərilən Qurbanəli Yusifovun atası dindirilib.

Daha sonra zərərçəkən kimi tanınan şəxsin xalasıoğlu Ramazan Yusifzadə şahid qismində ifadə verib. O deyib ki, 2023-cü ilin martında işlə əlaqədar Antalyada olub və Qurbanəli Yusifovla eyni mənzildə qalıb. Onun sözlərinə görə, Qurbanəli Yusifov bir dəfə telefon zəngi qəbul edib və bu zəngdən sonra “əhvalı dəyişib”. Lakin Ramazan Yusifzadə bildirib ki, “aralarında pərdə olduğuna görə” zəngin nədən getdiyini soruşmayıb.

Samirə Qasımlının sözlərinə görə, bu zaman prokuror Ramazan Yusifzadəyə içində hazır cavablar olan yönləndirici suallar verməyə başlayıb. Vəkil Rövşanə Rəhimli buna etiraz edib və sualların açıq-aşkar yönləndirici olduğunu qeyd edib. Hakim də etirazı əsaslı sayaraq qəbul edib.

Samirə Qasımlı bildirib ki, prokurorun bütün cəhdlərinə baxmayaraq, Ramazan Yusifzadə dəfələrlə vurğulayıb: hər hansı hədə-qorxudan xəbəri olmayıb, yalnız xalasıoğlunun “kefinin pozulduğunu” görüb.

Onun sözlərinə görə, bundan sonra prokuror şahidi açıq şəkildə hədələyib ki, əgər ibtidai istintaqda verdiyi ifadəni təkrar etməsə, barəsində cinayət məsuliyyəti məsələsini qaldıracaq. Bu zaman Yusifzadə çaşıb qalıb, vəkil etiraz edib, zalda da etiraz səsləri eşidilib. Kimlərsə “Avropada təhsil almış adamdan üzəduran düzəltməyin” deyə səslənib, digəri isə şahidə onun ifadədən imtina etmək hüququnu xatırladıb. Buna baxmayaraq, Ramazan Yusifzadə yalnız prokurorun təhdidindən sonra bildirib ki, xalasıoğlu ona Azər Qasımlının hədə-qorxu gəldiyini deyib.

Daha sonra Qasımlı şahid Yusifzadəyə sual verərək, niyə ibtidai istintaqda ifadəsində telefon zənginin İstanbulda, məhkəmədə isə Antalyada baş verdiyini dediyini soruşub. O, həmçinin xatırladıb ki, Qurbanəli Yusifov öz ifadəsində həmin zəngi Bakıda qəbul etdiyini bildirib.

Yusifzadə cavabında məhkəmədə verdiyi ifadənin üstündə durduğunu, heç vaxt İstanbulda olmadığını və istintaqdakı ifadədəki uyğunsuzluğun “texniki səhv” ola biləcəyini deyib.

16:59, 31 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“QHT işi” üzrə təqsirləndirilən Zamin Zəkinin məhkəməsi başlayıb

by Gozetci 20:37, 29 Oktyabr 2025
written by Gozetci

Zamin Zəki

 

“QHT işi” çərçivəsində təqsirləndirilənlərdən biri, sosial işçi Zamin Zəkiyə açılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan iclasda anket məlumatları dəqiqləşdirilib.

Vəkil Günay İsmayılova iclasda bir neçə vəsatət qaldırıb. O, müvəkkilinin 57 min manat leqallaşdırmaqda ittiham olunduğunu, lakin bu ittihamın sübutlarla təsdiqlənmədiyini bildirib və cinayət işinə xitam verilməsini xahiş edib. Bundan əlavə, o, Zamin Zəkinin ev dustaqlığına buraxılması barədə vəsatət təqdim edib.

Vəkil həmçinin müvəkkilinin yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət verib. Məhkəmə bu vəsatəti təmin edib, lakin digər iki vəsatət rədd olunub.

Nəticədə iş məhkəmə baxışına verilib və baxış iclası noyabrın 12-nə təyin edilib.

Zamin Zəkiyə qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

“QHT işi” çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə isə ölkədən kənarda olduqları üçün axtarışdadır. Digər şəxslər barəsində isə alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilənlərin hamısı ittihamları əsassız və siyasi motivli hesab edir.

AbzasMedia

20:37, 29 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia