Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib

by Gozetci

Azər Qasımlı

 

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində siyasətçi Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Telman İsmayılov sədrlik edib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı Meydan TV-yə bildirib ki, bu dəfə şahid kimi zərərçəkmiş qismində göstərilən Qurbanəli Yusifovun atası dindirilib.

Daha sonra zərərçəkən kimi tanınan şəxsin xalasıoğlu Ramazan Yusifzadə şahid qismində ifadə verib. O deyib ki, 2023-cü ilin martında işlə əlaqədar Antalyada olub və Qurbanəli Yusifovla eyni mənzildə qalıb. Onun sözlərinə görə, Qurbanəli Yusifov bir dəfə telefon zəngi qəbul edib və bu zəngdən sonra “əhvalı dəyişib”. Lakin Ramazan Yusifzadə bildirib ki, “aralarında pərdə olduğuna görə” zəngin nədən getdiyini soruşmayıb.

Samirə Qasımlının sözlərinə görə, bu zaman prokuror Ramazan Yusifzadəyə içində hazır cavablar olan yönləndirici suallar verməyə başlayıb. Vəkil Rövşanə Rəhimli buna etiraz edib və sualların açıq-aşkar yönləndirici olduğunu qeyd edib. Hakim də etirazı əsaslı sayaraq qəbul edib.

Samirə Qasımlı bildirib ki, prokurorun bütün cəhdlərinə baxmayaraq, Ramazan Yusifzadə dəfələrlə vurğulayıb: hər hansı hədə-qorxudan xəbəri olmayıb, yalnız xalasıoğlunun “kefinin pozulduğunu” görüb.

Onun sözlərinə görə, bundan sonra prokuror şahidi açıq şəkildə hədələyib ki, əgər ibtidai istintaqda verdiyi ifadəni təkrar etməsə, barəsində cinayət məsuliyyəti məsələsini qaldıracaq. Bu zaman Yusifzadə çaşıb qalıb, vəkil etiraz edib, zalda da etiraz səsləri eşidilib. Kimlərsə “Avropada təhsil almış adamdan üzəduran düzəltməyin” deyə səslənib, digəri isə şahidə onun ifadədən imtina etmək hüququnu xatırladıb. Buna baxmayaraq, Ramazan Yusifzadə yalnız prokurorun təhdidindən sonra bildirib ki, xalasıoğlu ona Azər Qasımlının hədə-qorxu gəldiyini deyib.

Daha sonra Qasımlı şahid Yusifzadəyə sual verərək, niyə ibtidai istintaqda ifadəsində telefon zənginin İstanbulda, məhkəmədə isə Antalyada baş verdiyini dediyini soruşub. O, həmçinin xatırladıb ki, Qurbanəli Yusifov öz ifadəsində həmin zəngi Bakıda qəbul etdiyini bildirib.

Yusifzadə cavabında məhkəmədə verdiyi ifadənin üstündə durduğunu, heç vaxt İstanbulda olmadığını və istintaqdakı ifadədəki uyğunsuzluğun “texniki səhv” ola biləcəyini deyib.

You may also like