Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Cəmil Həsənli DTX-də dindirilib: “Ziyalı Forumu və Milli Şuranın haradan maliyyələşməsi ilə maraqlanırdılar”

by Gozetci 12:26, 01 Dekabr 2025
written by Gozetci

Cəmil Həsənli

 

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli noyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib

Bu barədə o, sosial şəbəkədə paylaşdığı statusda məlumat yayıb.

Cəmil Həsənli deyib ki, DTX-də Ramiz Mehdiyevin işi ilə bağlı dindirilib.

“İzah etdim ki, bu ölkədə Ramiz Mehdiyev vəzifədə olanda onun əleyhinə məndən çox yazan olmayıb. Daha sonra Ziyalılar Forumu, Milli Şura, Rusiyada milyarderlər ittifaqı, 2013-cü ilin prezident seçkiləri, prezident seçkilərinə namizəd göstərilməyim və sair məsələlərlə bağlı maraqlandılar. Mən də müvafiq qaydada cavablar verdim, dəqiqləşmələr apardım. Tez-tez Ziyalı Forumu və Milli Şuranın haradan maliyyələşməsi ilə maraqlanırdılar. Mən də bildirdim ki, maliyyə olub ki, maliyyələşmə də olsun?”

Dindirilmənin 3 saat davam etdiyini bildirən Həsənli hökumətyönlü mediada yayılan “ölkədən qaçmaq”, “tutularaq saxlanılmaq” kimi iddiaları təkzib edib:

“Bəzi avara-avara saytlar yazıblar ki, guya mən ölkədən qaçırmışam, məni tutub saxlayıblar. Biz 23 gün əvvəl – noyabrın 7-də Dubaya bilet almışıq. Bu gün getməli idik. Biz dağ yolları, meşə əraziləri ilə ölkədən qaçmaq istəməmişik ki”.

Cəmil Həsənli vurğulayıb ki, özünü və ailəsini ölkədən qaçmağa məcbur hesab etmir:

“Bu vətən bizimdir. Bu ölkə Raufların, Mirşahinlərin, Ərudların və onlar kimilərin ölkəsi deyil. Biz öz ölkəmizdən hara qaçırıq? Bizim göbəyimiz bu ölkəyə kəsilib və arxayın olsunlar, heç hara gedəsi deyilik”.

O, həmçinin xatırladıb ki, illər əvvəl də onun haqqında “seçkidən sonra xaricdən sığınacaq alacağı” barədə şayiələr yayılıb, lakin bunların heç biri doğru çıxmayıb:

“2013-cü ilin prezident seçkiləri zamanı deyirdilər ki, mən sərt danışıram ki, sonra xarici ölkədən sığınacaq alım. Üzərindən 12 il keçib, heç hara da getməmişəm”.

Milli Şuranın sədri sərhəd-keçid məntəqəsində ölkədən çıxışına məhdudiyyət qoyulduğunu öyrəndiyini bildirib:

“Getmişik aeroporta. Sərhəd xidməti çox nəzakətlə deyib ki, Cəmil müəllim sizin ölkədən çıxınızı məhdudlaşdırıblar. Mən də təşəkkür edib Fatma xanımı yola salmışam və pasportumu alıb geri dönmüşəm. Bu stopu qoyanlara da təşəkkür eləmişəm ki, indiki anda mənim ölkədən getməyim doğru olmazdı. Nəvələr çox istəyirdi mən gəlim, indi bu stop getməmək üçün əsaslı bir dəlil oldu. Ölkənin təhlükəsizliyi, sərhəd, gömrük, polis xidməti olan bir yerdən necə qaçmaq olar”.

AbzasMedia

12:26, 01 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə polis tərəfindən saxlanılıb

by Gozetci 11:38, 30 Noyabr 2025
written by Gozetci

Gültəkin Hacıbəyli

 

O, bu barədə “Toplum TV”-yə xəbər verib.

Siyasətçinin sözlərinə görə, onun İstanbulda kirayə qaldığı evə polislər gəlib və hazırda onu polis idarəsinə aparırlar. Hacıbəyli Azərbaycana deportasiya olunacağını güman etdiyini bildirib.

“Bundan absurd ittiham ola bilməz. Ramiz Mehdiyev mənim bütün həyatımı məhv eləmiş adamdır. Vətənpərvər insanam, bir türk milliyətçisiyəm. Məni gəlib Rusiyaya bağlamaq, bundan absurd, bundan iyrənc yalan və böhtan ola bilməz. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti buna qədər getdi. Yəqin ki, Azərbaycanın “Feto”su məsələsidi. Yəqin ki, Azərbaycanda müxalifəti sıradan çıxarmaq üçün həyata keçirilən təqibdir. Mənim sabah səhər üçün təhsil planlarım var idi. Mən “IELTS” imtahanına girməli idim. Nə qədər dedim ki, sabah saat 9-da imtahana girim, ondan sonra “karakol”a gələrəm. Mənə o şansı vermədilər. Aydındır ki, deportasiya üçün tələsirlər”, – Gültəkin Hacıbəyli vurğulayıb.

Noyabrın 29-da, həmçinin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.

AXCP sədrinin müavini Seymur Həzi “Meydan TV”-yə deyib ki, Əli Kərimli Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) maddəsi ilə ittiham olunur.

Bildirilir ki, istintaq hərəkətləri sabah davam etdiriləcək.

11:38, 30 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP Əli Kərimlinin və partiyanın bir sıra üzvlərinin saxlanılması ilə bağlı bəyanat yayıb

by Gozetci 20:36, 29 Noyabr 2025
written by Gozetci

 

 

 

Bəyanatda bildirilib ki, partiya sədri Əli Kərimlini bu gün DTX əməkdaşları saxlayıb və onun evində axtarış aparılıb.

“Bu gün məlum olub ki, Azərbaycan demokratik müxalifətinin lideri, AXCP sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Onun saxlanılması üçün heç bir rəsmi əsas açıqlanmayıb. Həmçinin, onun evində axtarış aparılıb”.

Partiya həmçinin bildirib ki, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində də axtarış aparılıb, o da saxlanılıb. Partiyanın başqa bir neçə nəfər fəalının da saxlanıldığı vurğulanıb.

Bəyanatda saxlanılmalar “Azərbaycanda son müstəqil siyasi qüvvəni aradan qaldırmaq cəhdi” kimi qiymətləndirilib:

“Bugünkü saxlanılma hakimiyyətin Azərbaycanda son müstəqil siyasi qüvvəni aradan qaldırmaq və xalqın demokratiya və azadlıq uğrunda mübarizəsini tamamilə boğmaq cəhdi olaraq qiymətləndirilməlidir.

Bəyan edirik ki, Əli Kərimlinin saxlanılması sırf siyasi motivlidir. Son illərdə hakimiyyət ona faktiki blokada tətbiq edib. Buna baxmayaraq, Əli Kərimli Azərbaycanda əsas demokratik fiqurlardan biri olaraq qalır: onun aparıcı beynəlxalq mediaya verdiyi müsahibələr və qlobal siyasi forumlara dəvət alması İlham Əliyev rejimini narahat edib”.

AXCP bu əməliyyatı ölkədə siyasi mühitə daha bir zərbə kimi qiymətləndirib:

“Siyasi fəaliyyətin, demək olar ki, tamamilə qadağan olunduğu, vətəndaş azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı bir şəraitdə bu əməliyyat siyasi repressiyaların daha da gücləndirilməsi istiqamətində növbəti addımdır”.

AXCP Əli Kərimli və saxlanılan digər şəxslərin azad edilməsini tələb edib:

“Əli Kərimli, Məmməd İbrahim və digər saxlanılan üzvlər dərhal azad olunmalı, onlara qarşı təqiblər dayandırılmalı, hüquqi müdafiəyə çıxış və təhlükəsizlik təmin edilməlidir”.

Partiya beynəlxalq ictimaiyyəti də hadisəyə reaksiya verməyə çağırıb:

“Beynəlxalq ictimaiyyət, insan haqları təşkilatları və demokratik hökumətlər baş verənlərə təcili reaksiya göstərməli və Azərbaycan hakimiyyətindən beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyi tələb etməlidirlər”.

Bu gün, noyabrın 29-da AXCP sədri Əli Kərimli və partiyanın bir neçə üzvünün evində axtarış aparılıb. Axtarışı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi bildirilib.

Əli Kərimlidən başqa AXCP rəyasət heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparıldığı, saxlanıldığı deyilib. Onun oğlu Turan İbrahim “Facebook” hesabında əvvəlcə atası ilə əlaqə saxlaya bilmədiyini, daha sonra isə onun saxlandığı barədə məlumat yayıb:

“13 nəfər evdə axtarış aparıb, Məmməd İbrahimi götürüb aparıblar. Telefonunu və kompüterini götürüblər”.

Həmçinin, AXCP fəallarından Faiq Əmirlinin də saxlandığı deyilib.

AXCP Sabunçu rayon şöbəsinin sədri Fariz Əlizadə isə dünən, noyabrın 28-də səhər saatlarında evindən çıxıb, ondan xəbər yoxdur. Partiyadan onun tutulduğunu düşünürlər.

Hökumətyönlü media axtarış və saxlanılmaların Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədar olduğunu yazıb.

Bir müddət əvvəl barəsində cinayət işi açılan Ramiz Mehdiyevlə bağlı hökumətyönümlü medianın məlumatlarında onun Əli Kərimli ilə əlaqələrindən bəhs edilirdi.

Prezident Administrasiyası Aparatının və Milli Elimlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir.

Oktyabrın 14-də Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

20:36, 29 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP: Əli Kərimlinin evində axtarış aparılıb, saxlanıb

by Gozetci 18:30, 29 Noyabr 2025
written by Gozetci

Əli Kərimli

 

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin Bakıdakı evində axtarış aparıldığı və sonra da onun saxlandığı bildirilir. Axtarış və saxlanmanı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi iddia edilir.

Bu barədə noyabrın 29-da günorta satlarında AXCP-nin ayrı-ayrı təmsilçiləri məlumat yayıb.

Onların vurğulamasına görə, AXCP Sabunçu rayon şöbəsinin sədri Fariz Əlizadə isə dünən, noyabrın 28-də səhər saatlarında evindən çıxıb, ondan xəbər yoxdur. Partiyadan onun tutulduğunu düşünürlər.

Əli Kərimlidən başqa AXCP rəyasət heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparıldığı bildirilir. Onun oğlu Turan İbrahim “Facebook” hesabında əvvəlcə atası ilə əlaqə saxlaya bilmədiyini, daha sonra isə onun saxlandığı barədə məlumat yayıb:

“13 nəfər evdə axtarış aparıb, Məmməd İbrahimi götürüb aparıblar. Telefonunu və kompüterini götürüblər”.

Həmçinin, AXCP fəallarından Faiq Əmirlinin də saxlandığı deyilir.

Partiyanın digər üzvləri də sosial mediada təqib olunduqlarına aid iddialar bölüşüblər.

AzadlıqRadiosu Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Daxili İşlər Nazirliyindən (DİN) bütün bunlarla bağlı məlumat almağa cəhd etsə də, mümkün olmayıb.

Əli Kərimli ilə bağlı xəbəri hökümətyönlü medialar da yayıb və iddia olunur ki, AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Prezident Administrasiyası Aparatının və Milli Elimlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir.

18:30, 29 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Samir Aşurova tənbeh verildiyi, Afiəddin Məmmədovun “kars”a salındığı bildirilir

by Gozetci 13:27, 29 Noyabr 2025
written by Gozetci

Afiəddin Məmmədov və Samir Aşurov

 

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi fəal Samir Aşurova tənbeh verildiyi, işçi hüquqları fəalı Afiəddin Məmmədovun isə cərimə kamerasına (“kars”) salındığı bildirilir.

Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurovanın “Toplum TV”-yə verdiyi məlumata görə, müəssisə rəhbərliyinin cəzası həyat yoldaşının bu yaxınlarda Siyasi Məhbusların Müdafiə Komitəsini yaradan 6 fəaldan biri olmasına görədir.

Afiəddin Məmmədovun yaxınları isə bildirib ki, fəal “kars”a salınması barədə müəssisədən məlumat göndərib və “ona qarşı təxribat hazırlandığını” iddia edib.

Afiəddin Məmmədov daha əvvəl müəssisə rəhbərliyinin komitə təşkilatçılarından Samir Aşurov və Mehman Əliyevi çağıraraq onlara hədə-qorxu gəldiyini xəbər verib.

O bildirib ki, “siyasi məhbus”lara qarşı hər hansı provokasiya baş verərsə, buna görə ədliyyə naziri Fərid Əhmədov və Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov məsuliyyət daşıyır.

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.

O, Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham olunur.

Xatırlatma

Afiəddin Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz aksiyası zamanı saxlanılmış və 30 sutka inzibati həbs edilmişdi.

Bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Afiəddin Məmmədov ittihamı qəbul etmir və hüquq müdafiəsi fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan Samir Aşurov 20 gün sonra polis tərəfindən saxlanılıb. O, bir şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələri ilə təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.

Fəal ittihamları rədd edir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Toplum TV 

13:27, 29 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli azadlığa çıxıb

by Gozetci 12:25, 29 Noyabr 2025
written by Gozetci

Fikrət Cəfərli

 

Bu barədə təşkilatın “Facebook” səhifəsində xəbər verilib.

Barəsində 4 ay azadlıqdan məhrumetmə cəzası olan hüquq müdafiəçisi noyabrın 29-da cəza müddətini başa vurub.

İyulun 29-da Binəqədi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında hakim Zamiq Bağırov hüquq müdafiəçisinin 4 aylıq azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.

Fikrət Cəfərli Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) ittiham olunub.

Ona qarşı iddianı Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev qaldırıb.

İyulun 8-də keçirilən iclasda Fikrət Cəfərli Elvin Əliyevin iddiası əsasında təqsirləndirilən şəxs kimi tanınmışdı.

Vəkilin iddiasına görə, Fikrət Cəfərlinin rəhbərlik etdiyi İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin “Facebook” səhifəsində onun keçmiş müvəkkilinə istinadən yalan məlumat yayılıb.

Məlumatda vəkilin hazırda həbsdə olan müvəkkilindən 10,500 manat ödəniş aldığı, buna baxmayaraq söz verdiyi hüquqi müdafiəni etmədiyi və müvəkkilini hədələdiyi yazılıb.

Fikrət Cəfərli isə deyir ki, sözügedən məlumat onun şəxsi mövqeyi deyil. O, işin icraata götürülməsinin Vəkillər Kollegiyasını tənqid etməsinə cavab olaraq, siyasi sifariş əsasında edildiyini düşünür.

Toplum TV 

12:25, 29 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa çıxıb

by Gozetci 11:45, 27 Noyabr 2025
written by Gozetci

Əziz Orucov

 

Onun cəza müddəti bu gün başa çatıb və Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.

Xatırkadaq ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də “icazəsiz ev tikintisi” ittihamı ilə həbs edilmişdi. Sonradan ona “valyuta qaçaqmalçılığı” ittihamı da verilsə də, istintaq yekununda bu maddə işdən çıxarılıb.

2024-cü il fevralın 26-da Səbail Rayon Məhkəməsi hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə jurnalist 2 il azadlıqdan məhrum edilmişdi.

Orucov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyətinə görə siyasi sifariş hesab edir. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 nəfər siyasi məhbus kimi tanınır.

11:45, 27 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnlist Şəmşad Ağanın həbs müddəti uzadılıb

by Gozetci 21:00, 26 Noyabr 2025
written by Gozetci

Şəmşad Ağa

 

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist və “Arqument az” saytının baş redaktoru Şəmşad Ağanın həbs müddəti uzadılıb

Noyabrın 26-da Xətai Rayon Məhkəməsində jurnalist barəsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə Şəmşad Ağanın həbs müddəti əlavə 20 gün uzadılıb.

Xatırladaq ki, Şəmşad Ağa fevralın 5-də “Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb. Avqust ayında “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və bu iş üzrə həbs olunan şəxslərə qarşı daha 7 maddə əlavə olunub.

Bu iş üzrə həbs edilən jurnalistlər özlərini təqsirli bilmir və bildirirlər ki, tənqidçi fəaliyyətlərinə görə hədəf alınıblar.

AbzasMedia

21:00, 26 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Ülviyyə Əli barəsindəki həbs-qətimkan tədbirinin müddəti uzadılıb

by Gozetci 18:36, 26 Noyabr 2025
written by Gozetci

Ülviyyə Əli

 

Bu barədə jurnalistin yaxınları sosial mediada məlumat yayıblar.

Noyabrın 26-da Xətai Rayon Məhkəməsində keçirilmiş prosesdə ittiham tərəfinin verdiyi təqdimat əsasında həbs qətimkan müddəti dekabrın 27-ə qədər uzadılıb.

Yaxınları bildirib ki, Ülviyyə Əli məhkəmədə müdafiə çıxışı etməyi “mənasız hesab etdiyini” deyib.

“Bu, sadəcə yuxuma haram qatmaqdan başqa bir şey deyil” deyə qeyd edən jurnalist əvəzində “Xoruz” şeirini səsləndirib.

“Bu şeirin məhkəməyə nə qədər aidiyyəti varsa, ittihamların da mənə o qədər aidiyyəti var”, – jurnalist bildirib.

Buna qədər Ülviyyə Əlinin həbs müddəti bir neçə dəfə uzadılıb.

Xatıradaq ki, mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib.

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da o, öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib.

Toplum TV 

18:36, 26 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin ‘kars’a salındığı deyilir

by Gozetci 17:17, 25 Noyabr 2025
written by Gozetci

Bəxtiyar Hacıyev

 

İctimai fəal Bəxtiyar Hacıyevin üç gündür ki, saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (kars) salındığı və aclıq aksiyası keçirdiyi bildirilir.

Bununla bağlı bu gün, noyabrın 25-də onun qardaşı Vüqar Hacıyev məlumat yayıb. Onun vurğuladığına görə, noyabrın 23-24-də Ədliyyə Nazirliyinin qaynar xəttinə, Mətbuat xidmətinin rəhbərinə, Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbərinə, Ombudsman Aparatına müraciət edib: “Lakin müsbət bir addım atılmayıb”.

Bundan əvvəl də ictimai fəalın yaxınları rəsmi qurumlara müraciət edərək Bəxtiyar Hacıyevin həbsdə hüquqlarının pozulduğunu bildirmişdilər.

Bütün bu deyilənlərə Ədliyyə Nazirliyi və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, onlar heç bir məhbusa ayrıseçkilik etmir və onlarla qanun çərçivəsində davranırlar.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs edilərkən, ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə sayqısızlıq) maddələriylə ittiham verilib. İstintaqın gedişində Bəxtiyar Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi Bəxtiyar Hacıyevə 10 il həbs cəzası kəsib, onun mənzilinin və bank hesabındakı vəsaitin müsadirəsinə qərar verib. Bəxtiyra Hacıyev özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.

Daxili İşlər Nazirliyi bu iddianı təkzib edib.

AzadlıqRadiosu

17:17, 25 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

  • Azər Qasımlı Umbakı Penitensiar Kompleksinə köçürülüb

  • “Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib

  • Tofiq Yaqublu 9 gündür aclıq aksiyası keçirir

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026
Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib
16:19, 16 Mart 2026
Azər Qasımlı Umbakı Penitensiar Kompleksinə köçürülüb
12:40, 16 Mart 2026
“Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib
10:25, 14 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia