Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

“Meydan TV işi” üzrə ilk baxış iclası keçirilib

by Gozetci 19:37, 23 Dekabr 2025
written by Gozetci

 

Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərin ilk baxış iclası keçirilib

Prosesə hakim Aytən Əliyeva sədrlik edib.

İclasda Dövlət Vergi Xidmətinin (DVX) Lokal Baş İdarəsinin iş üzrə mülki iddia qaldırdığı elan olunub. Məhkəmədə DVX-nin nümayəndəsi Fatimə Əhmədova iştirak edib.

Təqsirləndirilən şəxslərin vəkili Zibeydə Sadıqova prosesin ictimai maraq kəsb etdiyini və bütün təqsirləndirilənlərin jurnalist olduğunu əsas gətirərək, məhkəmədə audio yazı və çəkiliş aparılmasına icazə verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, proses açıq keçirilir və media nümayəndələri iştirak edib qeydlər apara bilərlər.

Daha sonra “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşin (Qənbərova) əvvəlki iclasda qaldırdığı vəsatətə baxılıb. Elgünəş ibtidai istintaqın əlillik və məcburi köçkünlük kartını qaytarmadığını bildirərək sənədin geri verilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

Ardınca Aynur Elgünəş iti Maksla görüşə icazə verilməsi barədə də vəsatət qaldırıb. Hakim İstintaq Təcridxanasına ev heyvanlarının daxil olmasının nəzərdə tutulmadığını deyib. Elgünəş isə qanunvericilikdə buna dair qadağa göstərilmədiyini bildirib. Hakim məsələ ilə bağlı müvafiq icra orqanına sorğu göndəriləcəyini qeyd edib.

İclasda “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa da istintaq hərəkətlərinin nömrələnmiş blanklarla aparılmasını və cinayət işinin materiallarının saxtalaşdırılması mümkün olmayan formada tərtib edilməsini tələb edib. O, həmin nömrələnmiş sənədlərin müdafiə tərəfinə təqdim olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məsələyə sənədlərin tədqiqi mərhələsində baxılacaq.

Qərardan sonra Şəmşad Ağa etiraz edərək deyib ki, istintaq sənədlərinin heç biri qanunun tələblərinə uyğun olaraq nömrələnmiş blanklarda aparılmayıb: “Çünki sonradan ora istənilən tarix yazıla bilər”. O, “heç bir hüquqi qüvvəsi olmayan sənədlərlə” proses keçirildiyini iddia edib və əlavə edib: “Belə olan halda bu, məhkəmə deyil, məzhəkədir”.

“Biz burada qanunsuz saxlanılırıq. Bir dəstə adam yığışıb qanunsuz sənədlərlə bizim üçün məhkəmə qurub burada. Bu, ayıbdır”, – Şəmşad Ağa bildirib.

Vəkil Rövşanə Rəhimli sübutların qiymətləndirilməsi ilə bağlı qərarın onlara təqdim olunması barədə vəsatət qaldırıb. Hakim cavab olaraq bildirib ki, sənədlərlə vəkil otağında tanış ola bilərlər.

Vəkil Nazim Musayev isə cinayət işinin materiallarının qanunvericiliyə uyğun tərtib edilmədiyini və xüsusi nömrələnmiş blanklarda olmadığını əsas gətirərək, həmin materialların yolverilməz sübut sayılmasını və işdən çıxarılmasını istəyib. Məhkəmə bu vəsatəti də təmin etməyib.

İclasda çıxış edən jurnalist Ülviyyə Əli (Quliyeva) iki telefonunun və kompüterinin müsadirə olunduğunu bildirib. O deyib: “Telefonumda ailəm, səyahətlərim və başqa hadisələrlə bağlı çoxlu şəkillərim və videolarım var idi. Onların mənim üçün mənəvi dəyərləri var. Xahiş edirəm cihazlar qaytarılmasa belə şəkillər və videolar harasa köçürülüb mənə qaytarılsın”.

Jurnalist Fatimə Mövlamlı isə telefonunun yanında anasına aid telefonun da müsadirə edildiyini deyərək, özünə aid olmayan cihazların qaytarılmasını tələb edib.

Sonda ittiham aktının oxunmasına başlanılıb. Növbəti proses 2026-cı il yanvarın 16-na təyin edilib.

“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre (Qəhrəmanlı) həbs olunub. May ayında jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.

AbzasMedia

19:37, 23 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Human Rights Watch”: “Azərbaycanda AXCP üzvlərinə qarşı həbslər və təqiblər kəskin artıb”

by Gozetci 17:24, 23 Dekabr 2025
written by Gozetci

 

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qarşı repressiyaları pisləyən bəyanat yayıb. Təşkilatın Avropa və Orta Asiya bölümü üzrə direktor müavini Giorgi Qogiya bildirib ki, Azərbaycan hakimiyyəti müxalifətdə olan AXCP-yə qarşı illərdir davam edən təzyiq kampaniyasını son dövrlərdə daha da sərtləşdirib və xüsusilə partiya rəhbərliyini hədəfə alıb

HRW-nin açıqlamasında deyilib ki, bu kampaniya “siyasi motivli cinayət təqibləri və qorxutma” fonunda illərdir davam edir, son aylarda isə partiyanın rəhbər şəxsləri və yaxın çevrəsi daha çox hədəfə çevrilib.

Bəyanatda bildirilib ki, dekabrın 19-da məhkəmə AXCP-nin yüksək vəzifəli üzvü Murad Sultanı 30 sutka inzibati qaydada həbs edib. HRW qeyd edib ki, bu qərar noyabrın 29-da partiya sədri Əli Kərimlinin “hakimiyyəti zorla ələ keçirməyə cəhd” ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarından sonra verilib.

Təşkilat bildirib ki, Kərimlinin mühafizəçilərindən bir neçəsi və sürücüsü də saxlanılıb. HRW həmçinin, Əli Kərimliyə 2005-ci ildən səyahət qadağası tətbiq edildiyini xatırladıb.

HRW vurğulayıb ki, 2025-ci ildə hakimiyyət AXCP-yə qarşı kampaniyanı “kəskin şəkildə genişləndirərək” ölkə boyu onlarla partiya üzvünü “əsassız” inzibati və cinayət ittihamları ilə saxlayıb. Bəyanatda polisin və məhkəmələrin tez-tez “xırda xuliqanlıq” və “polisin qanuni tələbinə tabe olmama” kimi “qeyri-müəyyən və geniş sui-istifadə olunan” maddələrə istinad etdiyi, eləcə də partiya üzvlərinin “uydurma” saydıqları cinayət ittihamları ilə üzləşdiyi qeyd olunub. Partiya rəsmiləri azı 20 üzvün hazırda həbsdə olduğunu bildiriblər.

Təşkilat bildirib ki, AXCP üzvü, 22 yaşlı Elbəyi Kərimlinin dekabrın 12-də ölümü ilə bağlı rəsmi açıqlamalarda intihar ehtimalının səsləndirilməsi narahatlığı daha da artırıb. HRW xatırladıb ki, Kərimli 2023-cü ilin avqustunda saxlanılmış, sonradan onun barəsində külli miqdarda narkotik saxlama ittihamı irəli sürülmüşdü. Hakimiyyət Kərimlinin ölümü ilə bağlı araşdırma aparıldığını desə də, HRW bildirir ki, nəticələr ictimaiyyətə açıqlanmayıb.

Bəyanata əsasən, dekabrın 13-də Bakı məhkəməsi AXCP üzvü Vüqar Qədirov barəsində silah saxlama ittihamı ilə 3 aylıq həbs qətimkan tədbiri seçib. HRW əlavə edib ki, aprel ayında partiya üzvü Mehman Əliyev “əsassız narkotik ittihamları” ilə 5 il azadlıqdan məhrum edilib. Təşkilatın yazdığına görə, Mehman Əliyev bu işin polis zorakılığına dair görüntülər çəkib yayımlamasına görə qisas məqsədi daşıdığını deyib.

HRW-nin açıqlamasında həmçinin, 2025-ci il ərzində Binəqədi, Yevlax, Ordubad, Lənkəran və digər bölgələrdə fəalların polisə çağırıldıqdan sonra saxlanıldığı, məhkəmələrdən “tələsik” keçirildiyi və bəzi hallarda bir neçə gün yaxınları ilə əlaqəsiz saxlanıldığı iddia olunub.

“Azərbaycan hakimiyyəti dinc siyasi fəaliyyətdə iştirak etdiklərinə görə saxlanılan bütün şəxsləri dərhal azad etməli, müxalifətə qarşı tətbiq olunan məhdudiyyətləri, o cümlədən Əli Kərimli barədə 20 ildir qüvvədə olan səyahət qadağasını ləğv etməli, həmçinin həbsdə zorakılıq və ölüm halları ilə bağlı iddiaların müstəqil və qərəzsiz şəkildə araşdırılmasını təmin etməlidir”, – HRW-nin Avropa və Orta Asiya bölümü üzrə direktor müavini Giorgi Qogiya bildirib.

Rəsmi qurumlar hələ ki, HRW-nin bəyanatında səslənən iddialara münasibət bildirməyib.

AbzasMedia

17:24, 23 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Həyat yoldaşı: “Ruslan İzzətlinin ödündə ağrılar kəskinləşib, həyati təhlükəsi var”

by Gozetci 19:00, 21 Dekabr 2025
written by Gozetci

Ruslan İzzətli

 

“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin səhhəti pisləşməyə davam edir.

Bu barədə dekabrın 20-də onunla təcridxanada görüşən həyat yoldaşı Günel Manaflı məlumat yayıb.

Günel Manaflı daha əvvəl də məsələni ictimailəşdirsə də, onun sözlərinə görə, Ruslan İzzətlinin səhhətindəki problemlər artıq onun xarici görünüşünə də təsir edir.

“Mən narahat olmayım deyə “yaxşıyam” desə də, xarici görünüşü bunu demirdi. Üzü şiş, rəngi isə solğun idi. Ruslan İzzətli səhhəti ilə bağlı gündəmə gəlmək istəmir. Hətta bununla bağlı nəsə yazmamağımı da məndən istədi. Amma onun sağlamlığı mənim və övladımın öncəliyidir”, – o qeyd edib.

Günel Manaflınının əldə etdiyi məlumata əsasən Ruslan İzzətlinin ödündəki ağrılar kəskinləşib.

“Gün ərzində içdiyi ağrıkəsicilər artıq mədəsində ağrılara səbəb olduğu üçün ağrıkəsicidən də bir neçə gündür ki, imtina edib və ödündə baş verən şiddətli ağrılara öz gücünə dözməli olur. Üzündə və əllərindəki şişkinlik, solğun rəngi, qızartılı gözlər də bundan xəbər verirdi. Bəlkə də bu yazdığımdan xəbər tutsa mənə iradını bildirəcək. Amma dediyim kimi onun ödü həyati təhlükə yaradır. Qanına zəhərlənmə keçə bilər, bəlkə də artıq həftələrdir davam edən “pristup”lar bunun xəbərçisidir, həyəcan təbilidir”, – o yazıb.

Günel Manaflı bir daha vurğulayıb ki, həyat yoldaşı təcili əməliyyat edilməli və öd çıxarılmalıdır.

“Bu əməliyyatı biz etibar etdiyimiz klinikada və etibar etdiyimiz həkimə etdirmək istəyirik. Bunun üçün də onun azadlığa buraxılmasını tələb edirəm! Burada söhbət gənc bir insanın, sağlamlığını döyüş meydanında qoyan bir müharibə veteranının həyatından gedir! Etinasız qalmayın”, – o əlavə edib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

Bu iş üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

19:00, 21 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Nərgiz” mükafatı bu il Afiəddin Məmmədova təqdim olunub

by Gozetci 17:44, 20 Dekabr 2025
written by Gozetci

Afiəddin Məmmədov

 

Dekabrın 20-də “Nərgiz” Mükafatının təqdimetmə mərasimi keçirilib. Bu il mükafat hazırda həbsdə olan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova verilib.

Mükafatı onun adından “İşçi masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Sara Rəhimova qəbul edib.

Afiəddin Məmmədov 2023-cü ilin sentyabrında tanımadığı şəxsi bıçaqlamaq ittihamı ilə saxlanılıb. 2025-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Məmmədovu Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilib.

Məmmədov sonuncu dəfə saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki vəziyyətlə bağlı ictimaiyyətə müraciət edərək, müəssisədə qanunsuzluqlar və məhbuslara qarşı davam edən təzyiqlər barədə məlumat verib.

“İşçi Masası” Konfederasiyasına qarşı həbslər kuryerlərin 2023-cü ilin avqust etirazlarından sonra başlayıb. Təşkilatın bir neçə üzvü daha sonra narkotik ittihamı ilə həbs edilib. Yerli hüquq müdafiəçiləri onların siyasi məhbus olduğunu bildirirlər. Rəsmi qurumlar isə bu iddiaları rədd edir.

“Nərgiz” Mükafatı mərhum fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib. Nərgiz Yaqublu 2015-ci il aprelin 23-də ağır xəstəlikdən vəfat edib. Mükafat hər il Azərbaycanın demokratikləşməsi uğrunda mübarizə aparan şəxslərə verilir.

AbzasMedia

17:44, 20 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb

by Gozetci 15:55, 20 Dekabr 2025
written by Gozetci

Bununla bağlı Baş nazir Əli Əsədov dekabrın 19-da qərar imzalayıb.

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb”, – qərarda yazılıb.

Bundan əvvəl xüsusi karantin rejimi 2026-cı il yanvarın 1-i saat 6:00-a qədər uzadılmışdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Bir sıra müxalifət təmsilçiləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir. Hakimiyyət rəsmiləri isə son vaxtlar çıxışlarında sərhədlərdə məhdudiyyətin saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozurdular.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilib. Amma son illər bu virusa yoluxamanın kəskin şəkildə azaldığı vurğulanır. ÜST 2023-cü il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.

 

15:55, 20 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tofiq Yaqublunun kassasiya şikayəti üzrə iclasda hakim qərarın qəbulu üçün vaxt istəyib

by Gozetci 17:59, 19 Dekabr 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun kassasiya şikayəti üzrə Ali Məhkəmədə məhkəmə iclası keçirilib.

Hakim İlqar Qılıcovun icraatında olan proses dekabrın 19-da baş tutub. Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib ki, iclasda çıxış edən dövlət ittihamçısı şikayətin təmin edilməməsini istəyib.

Onun sözlərinə görə, hakim İlqar Qılıcov isə müşavirə üçün əlavə vaxta ehtiyac olduğunu əsas gətirərək qərarın dərhal elan olunmadığını, məhkəmə tarixinin növbəti günlərə təyin ediləcəyini deyib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, dələduzluq və saxta sənəd hazırlama ittihamları üzrə 9 il müddətinə azadlıqdan məhrum olunub. Siyasətçi hökmə etiraz olaraq 40 gün aclıq aksiyası keçirib.

Tofiq Yaqublu uzun illərdir ölkədəki hakimiyyətin əsas tənqidçilərindən biri kimi tanınır. O, bu müddətdə dəfələrlə həbs olunub. Beynəlxalq təşkilatlar Yaqublunu vicdan məhbusu kimi tanıdıqlarını bəyan ediblər.

AbzasMedia

17:59, 19 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Əli Kərimlini ev dustaqlığına buraxmayıb

by Gozetci 17:35, 19 Dekabr 2025
written by Gozetci

Əli Kərimli



Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün verdiyi şikayətə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib.

AXCP sədrinin müavini Seymur Həzi bildirib ki, bu qərar onlar üçün gözlənilməz olmayıb. Onun sözlərinə görə, məhkəmə binası polis nəzarəti altında olub və məhkəmə qarşısına yalnız az sayda şəxsin buraxılmasına imkan verilib.

“Yalnız bir neçə nəfərimizi məhkəmənin qarşısına buraxdılar. Bu münasibət özü göstərir ki, işin əvvəlindən qərəz var, siyasi sifarişdir. Əli Kərimli ifadə verməməkdə və ittihamları rədd etməkdə davam edir”, – Seymur Həzi deyib.

Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Partiya sədrinin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə açılan cinayət işi çərçivəsində həbs edildiyi bildirilir.

AbzasMedia

17:35, 19 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“QHT işi” üzrə təqsirləndirilən Qalib Bayramovun növbəti məhkəmə iclası davam edib

by Gozetci 18:58, 18 Dekabr 2025
written by Gozetci

Qalib Bayramov

 

Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, “QHT işi” üzrə təqsirləndirilən iqtisadçı Qalib Bayramovun növbəti məhkəmə iclası keçirilib

“Azadlıq Radiosu”nun məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Qalib Bayramov sərbəst ifadə verib və özünü təqsirli bilmədiyini söyləyib.

Bayramov bildirib ki, qrant almayıb, yalnız bir neçə təşkilatın tenderlərinə qatılıb və bağlanmış xidmət müqavilələri əsasında layihələrdə ekspert kimi çalışıb:

“Bu, cinayət deyil. Mənim gördüyüm işi həmin dövrdə başqaları da görürdü. Lakin onların heç biri istintaqa cəlb olunmayıb. Əgər bu iş cinayətdirsə, niyə yalnız mən məsuliyyətə cəlb edilmişəm? Bunu ona görə demirəm ki, başqaları da cinayət məsuliyyətinə cəlb olunsun. Demək istədiyim budur ki, gördüyümüz iş cinayət deyil”, – o deyib.

İqtisadçı əlavə edib ki, heç bir partiyanın üzvü deyil və siyasi proseslərdə iştirak etməyib. Onun sözlərinə görə, layihələr çərçivəsində gördüyü işlərdən biri də dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında tədbirlərin təşkili olub. Bayramov bildirib ki, həmin tədbirlərdə dövlət strukturlarının təmsilçiləri, o cümlədən Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da iştirak edib və bunu təsdiqləyən videolar internet resurslarında mövcuddur.

Azərbaycanın “açıq hökumət” təşəbbüsünə qoşulan ölkələrdən biri olduğunu xatırladan Bayramov bildirib ki, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin proqramlarına birbaşa qatılmayıb, lakin könüllü fəaliyyəti olub. O vurğulayıb ki, bütün layihə və fəaliyyətləri ilə bağlı kifayət qədər sənəd və müqavilə mövcuddur.

“Qrant haqqında yeni qanundan sonra mən nə Azərbaycandan, nə də digər ölkələrin buradakı nümayəndələrindən qrant almışam. Yalnız tenderlərdə iştirak etmişəm”, – Bayramov əlavə edib.

Məhkəmə prosesi yanvarın 21-də davam etdiriləcək. Qalib Bayramov barəsində istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“QHT işi” çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün axtarışda elan olunub. Digər şəxslər barəsində isə alternativ qətimkan tədbirləri seçildiyi bildirilir.

Təqsirləndirilənlərin hamısı ittihamları əsassız və siyasi motivli sayır.

AbzasMedia

18:58, 18 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Parlamenti qətnamə qəbul etdi: Azərbaycan hakimiyyəti tənqidçilərə qarşı təqiblərə son qoymalı, siyasi məhbusları azad etməlidir

by Gozetci 18:33, 18 Dekabr 2025
written by Gozetci

Avropa Parlamenti Azərbaycanda siyasi məhbuslar probleminin kəskinləşməsinə və akademiklərin həbsinə dair qətnamə qəbul edib. 

Dekabrın 18-də qəbul edilən sənəddə 2025-ci ilin əvvəlindən etibarən siyasi motivli ittihamlarla saxlanılanların sayının sürətlə artaraq təxminən 400 nəfərə çatdığı bildirilir.

Qətnamədə qeyd olunur ki, Azərbaycanda əsassız saxlanılanlar sırasında ictimai fəallar, müxalifət liderləri, jurnalistlər, eləcə də son dövrlərdə akademiklər və ölkədən kənarda yaşayan tənqidçilər də var. Avropa Parlamenti bu artımı siyasi motivli həbslərin genişlənməsi kimi qiymətləndirir və hakimiyyəti ümumi repressiya mühitinə son qoymağa çağırır.

Sənəddə iki akademikin işi ayrıca vurğulanır. Praqada Karl Universitetində doktorantura təhsili alan Bəhruz Səmədovun və “Talış Milli Akademiyası Xəbərləri” nəşrinin baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilovun saxta ittihamlarla saxlanıldığı, müvafiq olaraq 15 və 18 il həbs cəzası aldığı bildirilir. Qətnamədə qeyd edilir ki, Əbilovun işi üzrə əsas sübut kimi onun Ermənistandan olan bir akademiklə yazışmaları göstərilib, həmkarları isə bunu etnoqrafik araşdırmalarla bağlı legitim elmi əməkdaşlıq sayır. Bəhruz Səmədovun işində isə ictimaiyyətə inandırıcı sübut təqdim edilmədiyi vurğulanır.

Avropa Parlamenti hər iki məhkəmə prosesinin qapalı keçirildiyini, müstəqil müşahidəçilərin buraxılmadığını və bunun ədalətli məhkəmə araşdırması hüququna, lazımi hüquqi prosedura və təqsirsizlik prezumpsiyasına ciddi zərbə vurduğunu qeyd edir. Qurum çıxarılan hökmlərin ağırlığını da xüsusi olaraq qabardır.

Qətnamədə xatırladılır ki, BMT-nin insan hüquqları üzrə ekspertləri hər iki tədqiqatçının dərhal azad olunmasına çağırıb və məhkəmə araşdırmalarının beynəlxalq ədalətli məhkəmə standartlarına uyğunluğu ilə bağlı ciddi narahatlıq ifadə ediblər.

Avropa Parlamenti, həmçinin dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin “çevriliş” ittihamı ilə həbs edildiyini bildirir, bu həbsi kəskin şəkildə pisləyir və onun dərhal azad olunmasına çağırır. Qurum bunu Azərbaycanda avtoritar idarəçilik praktikalarının möhkəmlənməsi fonunda baş verən hadisə kimi dəyərləndirir.

Qətnamədə Azərbaycan hökumətindən Bəhruz Səmədov və İqbal Əbilovun dərhal və qeyd-şərtsiz azad edilməsi, onlara qarşı bütün cinayət ittihamlarının ləğv olunması tələb edilir. Avropa Parlamenti daha geniş çərçivədə tənqidçilərə, jurnalistlərə, ictimai fəallara, müxalifət liderlərinə və akademiklərə qarşı təqib və təzyiqlərin dayandırılmasını, eləcə də bütün siyasi məhbusların azad edilməsini istəyir.

Sənəddə Avropa İttifaqının Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində məsul hesab edilən rəsmilərlə bağlı müvafiq addımların nəzərdən keçirilə biləcəyi də vurğulanır. Avropa Parlamenti əlavə edir ki, Azərbaycanla gələcək istənilən tərəfdaşlıq razılaşması hüququn aliliyi və insan hüquqları sahəsində real irəliləyişlərlə, o cümlədən siyasi məhbusların azad edilməsi ilə uzlaşdırılmalıdır.

Qətnamədə Avropa Parlamentinin sədrinə sənədi Avropa İttifaqı Şurasına, Avropa Komissiyasına, Aİ-nin xarici siyasət rəhbərliyinə, üzv dövlətlərə, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Hökuməti və Milli Məclisinə göndərmək tapşırığı verildiyi qeyd olunur.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, Azərbaycanda hazırda 400-ə qədər siyasi məhbus var. Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə heç kimin siyasi fəaliyyətinə görə həbs edilmədiyini, yalnız cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını bildirir.

AbzasMedia

18:33, 18 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi davam edib

by Gozetci 15:52, 18 Dekabr 2025
written by Gozetci

Azər Qasımlı

 

Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda sənədlərin tədqiqi mərhələsi aparılıb.

Hakim sənədləri oxuduqca müdafiə tərəfi zərərçəkən qismində çıxış edən, Azər Qasımlının ona borca görə hədə-qorxu gəldiyini iddia edən Qurbanəli Yusifova suallar ünvanlayıb.

Məlum olub ki, Qurbanəli Yusifov daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı ərizədə Azər Qasımlının onu ofisdə təhdid etdiyini yazıb. Azər Qasımlı “zərərçəkən”dən bu iddia ilə bağlı fiziki sübutun və ya hal şahidinin olub-olmadığını soruşub, o isə “yox” cavabı verib.

Həmçinin aydın olub ki, Qurbanəli Yusifov siyasətçinin onu Türkiyədəki mafiya vasitəsilə zəng etdirərək təhdid etdiyini də iddia edib. Azər Qasımlı yenidən sübut tələb etdikdə, “zərərçəkən” istintaq materiallarında bununla bağlı ekran görüntüsünün (“skrinşot”) olduğunu deyib. Lakin proses zamanı sənədlər arasında belə bir “skrinşot” aşkar edilməyib.

Bundan başqa, müdafiə tərəfi məhkəmənin diqqətinə çatdırıb ki, Qurbanəli Yusifov daxili işlər nazirinə ünvanladığı ərizədə və ibtidai istintaqda mafiya vasitəsilə zəngin Antalyada olduğu vaxt baş verdiyini yazsa da, məhkəmədə verdiyi ifadədə zəngin Bakıda olarkən edildiyini bildirib.

Sənədlərin tədqiqi zamanı o da məlum olub ki, Qurbanəli Yusifov ərizəsində Azər Qasımlının onu ofisdə təhdid edərkən yanında başqa şəxslərin olduğunu qeyd edib, lakin ibtidai istintaqa verdiyi ifadədə həmin vaxt ofisdə başqa heç kimin olmadığını deyib.

Məhkəmə prosesi dekabrın 24-də davam etdiriləcək.

Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.

Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Qurbanəli Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, – o bildirib.

Samirə Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Qurbanəli Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Qurbanəli Yusifov bununla bağlı qəbz də imzalayıb.

Lakin sonradan Qurbanəli Yusifov ölkəni tərk edib və Azər Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Azər Qasımlının xeyrinə qərar çıxarıb.

“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya Azər Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, – Samirə Qasımlı deyib.

Onun sözlərinə görə, 2024-cü ilin dekabrında Azər Qasımlının həbs edilməsi ilə bağlı tapşırıq alan hüquq-mühafizə orqanları işi yenidən açıblar.

Toplum TV 

15:52, 18 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib

  • Azər Qasımlıya 12 il həbs cəzası verilib

  • Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb

  • Bəşir Süleymanlıya ağır itki

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
19:49, 12 Mart 2026
Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib
22:00, 11 Mart 2026
Azər Qasımlıya 12 il həbs cəzası verilib
17:32, 11 Mart 2026
Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb
19:46, 09 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia