Həyat yoldaşı: “Ruslan İzzətlinin ödündə ağrılar kəskinləşib, həyati təhlükəsi var”

by Gozetci

Ruslan İzzətli

 

“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin səhhəti pisləşməyə davam edir.

Bu barədə dekabrın 20-də onunla təcridxanada görüşən həyat yoldaşı Günel Manaflı məlumat yayıb.

Günel Manaflı daha əvvəl də məsələni ictimailəşdirsə də, onun sözlərinə görə, Ruslan İzzətlinin səhhətindəki problemlər artıq onun xarici görünüşünə də təsir edir.

“Mən narahat olmayım deyə “yaxşıyam” desə də, xarici görünüşü bunu demirdi. Üzü şiş, rəngi isə solğun idi. Ruslan İzzətli səhhəti ilə bağlı gündəmə gəlmək istəmir. Hətta bununla bağlı nəsə yazmamağımı da məndən istədi. Amma onun sağlamlığı mənim və övladımın öncəliyidir”,  o qeyd edib.

Günel Manaflınının əldə etdiyi məlumata əsasən Ruslan İzzətlinin ödündəki ağrılar kəskinləşib.

“Gün ərzində içdiyi ağrıkəsicilər artıq mədəsində ağrılara səbəb olduğu üçün ağrıkəsicidən də bir neçə gündür ki, imtina edib və ödündə baş verən şiddətli ağrılara öz gücünə dözməli olur. Üzündə və əllərindəki şişkinlik, solğun rəngi, qızartılı gözlər də bundan xəbər verirdi. Bəlkə də bu yazdığımdan xəbər tutsa mənə iradını bildirəcək. Amma dediyim kimi onun ödü həyati təhlükə yaradır. Qanına zəhərlənmə keçə bilər, bəlkə də artıq həftələrdir davam edən “pristup”lar bunun xəbərçisidir, həyəcan təbilidir”, – o yazıb.

Günel Manaflı bir daha vurğulayıb ki, həyat yoldaşı təcili əməliyyat edilməli və öd çıxarılmalıdır.

“Bu əməliyyatı biz etibar etdiyimiz klinikada və etibar etdiyimiz həkimə etdirmək istəyirik. Bunun üçün də onun azadlığa buraxılmasını tələb edirəm! Burada söhbət gənc bir insanın, sağlamlığını döyüş meydanında qoyan bir müharibə veteranının həyatından gedir! Etinasız qalmayın”, – o əlavə edib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

Bu iş üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

You may also like