Ərəstun Orucluya 8 il qiyabi həbs cəzası verilib

by Gozetci

Ərəstun Oruclu

 

Siyasi şərhçi Ərəstun Oruclu barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qiyabi hökm fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda elan olunub.

Məhkəmə qərarına əsasən, Ərəstun Oruclu Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar – təkrar və ya qrup halında törədildikdə) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal tabe olmamağa, kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırışlar etmə) maddələri ilə təqsirli bilinib.

İttihama görə, siyasi şərhçi 4 yanvar 2023-cü ildə “YouTube” platformasında yayımlanan “Ərəstun Oruclunun kanalı” adlı kanalda, həmçinin 24 oktyabr 2024-cü ildə “Azərfreedom TV”də digər şəxslərlə qabaqcadan əlbir olan qrup halında Azərbaycanda mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edib və yayıb.

Ərəstun Oruclu ötən il noyabrın 14-də Baş Prokurorluğa çağırılmışdı.

Bundan əvvəl də bir sıra bloqer və jurnalistlər barəsində oxşar ittihamlarla cinayət işləri başlanıb və onlar haqqında qiyabi hökmlər çıxarılıb.

AbzasMedia

You may also like