Əli Kərimli KTMT ilə bağlı vəd verməkdə ittiham olunur

by Gozetci

Əli Kərimli

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hakimiyyət əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirildiyini bildirib.

Qurumun fevralın 12-də yaydığı açıqlamada deyilir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, keçmiş baş nazir müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli və digərlərinin hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu dəyişdirməyə cəhd göstərdiklərinə dair şübhələr var.

DTX-nin açıqlamasında Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adıyla qeydiyyatdan keçən və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatdan bəhs edilir. İttihama əsasən, təşkilat 2012-ci ildə xarici ölkənin xüsusi xidmət qurumları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılıb.

Həmçinin iddia edilir ki, həmin qurumun həmtəsisçiləri və rəhbərləri olmuş A.Abbasov, Rüstəm İbrahimbəyli, eləcə də Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli, partiyanın üzvləri Fuad Qəhrəmanlı, Qənimət Zahid dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər:

O da vurğulanır ki, respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü Məmməd İbrahim və digərləri vasitəsilə qəbul etdikləri 933 min 828 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyevlə Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

DTX iddia edir ki, Milli Şuranın 2013-cü ildə bir xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda Şuranın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif olunub.

İddialarda vurğulandığına görə, tərəflər Ə.Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv olacağı barədə razılaşıblar.

Həmçinin iddia olunur ki, Ramiz  Mehdiyev 2025-ci ilin avqust–sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli fəaliyyət istiqamətlərini əks etdirən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı sənədi xarici dildə hazırlayaraq köməkçisi vasitəsilə Əli Kərimliyə çatdırıb.

DTX bildirir ki, Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.

“Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zahidov Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov (Ramiz Mehdiyevin köməkçisi) 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib”,– deyə DTX vurğulayıb.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zahidov Azərbaycan ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində qiyabi həbs-qətimkan tədbiri seçilib.

Yerli mətbuatın yazdığına görə, oktyabrda Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

AXCP sədri Ə.Kərimli və həmin partiyanın rəhbər şəxslərindən M.İbrahim ötən ilin noyabrın 29-da həbs ediliblər.

Toplum TV 

You may also like