Hafiz Babalının qanunsuz həbsindən iki il ötür

by Gozetci

Hafiz Babalı

 

Bu gün araşdırmaçı jurnalist və iqtisadçı Hafiz Babalının həbsindən iki il ötür.  Onun həbsi tənqidi jurnalistikaya, xüsusilə korrupsiya, dövlət resurslarının idarə olunması, büdcə şəffaflığı və dövlət şirkətlərinin fəaliyyəti kimi ictimai əhəmiyyətli sahələrdə aparılan araşdırmalara qarşı yönəlmiş sistemli təzyiqin ən bariz nümunələrindən biridir. Artıq iki ildir ki, Hafiz Babalı azadlıqdan məhrumdur və bu müddət ərzində onun işi həm maddi, həm də prosessual hüquq pozuntuları, eləcə də birbaşa siyasi motivlərlə müşayiət olunub.

Hafiz Babalı 730 gündür ki, heç bir hüquqi əsas olmadan azadlıqdan məhrum edilib. O, 2023-cü il 13 dekabr tarixində “Abzas Media işi” çərçivəsində saxlanılıb. İlkin olaraq Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb və barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müdafiə tərəfinin ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi ilə bağlı vəsatətləri məhkəmə tərəfindən təmin edilməyib və bu qərarlar heç bir fərdiləşdirilmiş hüquqi əsaslandırma ilə müşayiət olunmayıb. Halbuki Cinayət Prosessual Məcəlləsinin 155-ci maddəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ həbsin yalnız real, sübut edilmiş və konkret risklər olduqda tətbiqini tələb edir.

İstintaqın gedişində ittihamlar ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) kimi yeni ittihamlar irəli sürülüb.

İstintaq dövrü ərzində Hafiz Babalı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti dəfələrlə uzadılıb. Bu uzadılmaların hər biri eyni məzmunlu, şablon qərarlarla rəsmiləşdirilib və müdafiə tərəfinin Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətlər heç bir halda təmin olunmayıb. İki il ərzində müdafiə tərəfi tərəfindən iş üzrə onlarla vəsatət, o cümlədən maliyyə və iqtisadi ekspertizaların təyin edilməsi, istintaqın əsas sübutlarının yoxlanılması, elektron materialların analizi, şahidlərin müstəqil və təzyiqsiz dindirilməsi ilə bağlı vəsatətlər ya dərhal rədd edilib, ya da ümumiyyətlə baxılmamış saxlanılıb. Bu isə işin obyektiv araşdırılması imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Məhkəmə iclaslarında Hafiz Babalı açıq şəkildə bildirib ki, bu iş siyasi motivlidir. O, uzun illərdir Azərbaycanın iqtisadi idarəetməsi, enerji sektoru, dövlət borcu, büdcə xərcləri və dövlət şirkətlərinin fəaliyyəti barədə araşdırmalar aparan jurnalist kimi tanınır. Onun hazırladığı materiallar geniş ictimai rezonans doğurmuş, bir sıra hallarda dövlət strukturlarının ciddi narahatlığına səbəb olmuşdu. Babalının sözlərinə görə, məhz bu araşdırmalar, xüsusilə də korrupsiya mexanizmlərini ifşa edən jurnalistika fəaliyyəti onun hədəfə çevrilməsinin əsas səbəbidir.

Bu müddət ərzində Hafiz Babalının həbsdə saxlanılma şəraiti və sağlamlıq vəziyyəti də ciddi narahatlıq doğurub. O, dəfələrlə tibbi yardıma ehtiyacı olduğunu bildirsə də, müvafiq xidmətlərin lazımi səviyyədə təmin edilmədiyini qeyd edib. Həmçinin hüquqi yardıma çıxışın məhdudlaşdırılması, Ombudsmana və digər dövlət qurumlarına ünvanlanan müraciətlərin cavabsız qalması insan hüquqlarının fundamental təminatlarının pozulması kimi səciyyələnib.

2025-ci ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsi Hafiz Babalı və digər Abzas Media əməkdaşları barəsində hökm çıxararaq onu 9 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya instansiyası isə hökmü formal qaydada qüvvədə saxlayıb, nə faktlar yenidən araşdırılıb, nə də müdafiə tərəfinin irəli sürdüyü ciddi prosessual pozuntulara hüquqi qiymət verilib. Bununla da, apellyasiya instansiyası AİHM-in  tələb etdiyi “tam yurisdiksiya” standartına uyğun davranmayıb.

Hafiz Babalı bu iki il ərzində müxtəlif instansiyalarda, birinci instansiya məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsində 30 dəfədən artıq məhkəmə qarşısına çıxarılıb. Lakin məhkəmələrin heç biri nə həbsin zəruriliyini faktiki risklərlə əsaslandırıb, nə də müdafiə tərəfinin qaldırdığı hüquqi pozuntulara mahiyyəti üzrə qiymət verib. Məhkəmə nəzarətinin bu cür formal xarakter alması cinayət prosesinin ədalətli aparılması prinsipini faktiki olaraq aradan qaldırıb.

Hafiz Babalının işi təkcə bir jurnalistin uzunmüddətli həbsi deyil. Bu iş Azərbaycanda araşdırmaçı jurnalistikanın, ictimai nəzarətin və medianın müstəqilliyinin real vəziyyətini açıq şəkildə ortaya qoyur. İki ilin yekunu göstərir ki, Hafiz Babalının həbsi hüquqi zərurətdən deyil, siyasi repressiyadan qaynaqlanır və onun fəaliyyəti ilə dövlət strukturlarının tənqidə dözümsüzlüyü arasında birbaşa əlaqə mövcuddur.

Hafiz Babalının həbsi beynəlxalq insan hüquqları və media azadlığı qurumları tərəfindən də ardıcıl şəkildə tənqid olunub. Amnesty International, International Federation of Journalists, Committee to Protect Journalists, Reporters Without BordersFront Line Defenders bu işin siyasi motivli olduğunu qeyd edərək Hafiz Babalının və digər “Abzas Media” əməkdaşlarının dərhal azad olunmasını tələb ediblər. Həmin təşkilatlar yaydıqları bəyanatlarda ittihamların jurnalist fəaliyyətinə görə irəli sürüldüyünü, istintaqın qərəzsiz aparılmadığını, məhkəmələrin isə müstəqil və obyektiv nəzarət funksiyasını yerinə yetirmədiyini vurğulayıblar. Onların da qiymətləndirməsinə görə, Hafiz Babalının işi Azərbaycanda müstəqil araşdırmaçı jurnalistikaya qarşı sistemli repressiyanın və ifadə azadlığının boğulmasının tərkib hissəsidir.

Full link to the text in English

You may also like