AXCP-nin həbsdə olan üzvü Elbəyi Kərimlinin intihar etdiyi bildirilir

by Gozetci

Elbəyi Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elbəyi Kərimlinin intihar nəticəsində vəfat etdiyi bildirilir.

Bu barədə AXCP-dən “Toplum TV”yə məlumat verilib.

Məlumata görə, hadisə dekabrın 12-də baş verib.

Bildirilib ki, Elbəyi Kərimlinin saxlanıldığı cəzaçəkmə müəssisəsi onun vəfatı ilə bağlı ailəsini məlumatlandırıb. Hazırda meyitin ailəsinə təhvil verilməsi gözlənilir.

Elbəyi Kərimli 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra həbs olunub.

O, müxtəlif vaxtlarda həbsxanada cərimə kamerasına (“kars”) salınıb və aclıq aksiyaları keçirib.

2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsilə 6 il həbs cəzası verib.

Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.

You may also like