
Əli Kərimli
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin Bakıdakı evində axtarış aparıldığı və sonra da onun saxlandığı bildirilir. Axtarış və saxlanmanı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi iddia edilir.
Bu barədə noyabrın 29-da günorta satlarında AXCP-nin ayrı-ayrı təmsilçiləri məlumat yayıb.
Onların vurğulamasına görə, AXCP Sabunçu rayon şöbəsinin sədri Fariz Əlizadə isə dünən, noyabrın 28-də səhər saatlarında evindən çıxıb, ondan xəbər yoxdur. Partiyadan onun tutulduğunu düşünürlər.
Əli Kərimlidən başqa AXCP rəyasət heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparıldığı bildirilir. Onun oğlu Turan İbrahim “Facebook” hesabında əvvəlcə atası ilə əlaqə saxlaya bilmədiyini, daha sonra isə onun saxlandığı barədə məlumat yayıb:
“13 nəfər evdə axtarış aparıb, Məmməd İbrahimi götürüb aparıblar. Telefonunu və kompüterini götürüblər”.
Həmçinin, AXCP fəallarından Faiq Əmirlinin də saxlandığı deyilir.
Partiyanın digər üzvləri də sosial mediada təqib olunduqlarına aid iddialar bölüşüblər.
AzadlıqRadiosu Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Daxili İşlər Nazirliyindən (DİN) bütün bunlarla bağlı məlumat almağa cəhd etsə də, mümkün olmayıb.
Əli Kərimli ilə bağlı xəbəri hökümətyönlü medialar da yayıb və iddia olunur ki, AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.
Prezident Administrasiyası Aparatının və Milli Elimlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir.