
Vüqar Məmmədov
Noyabrın 20-də Səbail Rayon Məhkəməsində “Hürriyyət TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun ev dustaqlığına buraxılması üçün verdiyi vəsatət üzrə proses keçirilib.
Bu barədə onun vəkili Aqil Layıc “Hürriyət TV”-yə bildirib.
“Yaşı və səhhətinin, eləcə də törətdiyi cinayətin ağır olmamasını nəzərə alınaraq, məhkəmədə onu ev dustaqlığına buraxılması barədə məsələ qaldırdıq. Çünki Vüqar Məmmədovun ürəyində problemlər var və o, həbs olunmamışdan bir neçə gün əvvəl həkim müayinəsində olub. Həkim ona əməliyyat olunmağı tövsiyə edib”, – vəkil qeyd edib.
Məhkəmə vəkilin Vüqar Məmmədovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.
Aqil Layıcın sözlərinə görə, proses zamanı müvəkkilinin halı pisləşib, təzyiqi düşüb və o, qusub.
Xatırlatma
Oktyabrın 31-də Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Baş redaktor Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.
Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.
Toplum TV