Apellyasiya Məhkəməsi Əli Kərimli və Məmməd İbrahimin həbsindən verilən şikayəti təmin etməyib

by Gozetci

Əli Kərimli və Məmməd İbrahim

 

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair verilən şikayətə baxılıb.

AXCP-nin yaydığı məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Əli Kərimli və Məmməd İbrahim ötən il noyabrın 29-da saxlanılıblar. Onların evlərində və ofislərində axtarış aparılıb.

Hökumətyönlü media saxlanılmaların və axtarışların Dövlət Təhlükəsizlik Xidmətində istintaqı davam edən “Ramiz Mehdiyev işi” ilə əlaqəli olduğunu iddia edib. Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ötən il oktyabrın 14-də saxlanılıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

AXCP sədri Əli Kərimli daha əvvəl Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları “tamamilə əsassız” adlandıraraq ittihamları qəti şəkildə təkzib edib. Partiya rəhbərliyi baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirir.

AbzasMedia 

You may also like