
Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Nazim Bəydəmirli
Aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat, hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sahibkar Nazim Bəydəmirlinin işi üzrə hazırlıq iclası keçirilib.
İclas zamanı Bəydəmirlinin vəkili Aqil Layıc müttəhimin “siyasi motivlərlə” həbs olunduğunu deyib.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin hər iki maddəsi: 182.2.4 (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) və 182.2.2-ci maddə (hədə-qorxu ilə tələb etmək, dəfələrlə törətmək) üzrə nə cinayət obyekt var, nə də cinayət hadisəsi.
Bundan əlavə, ikinci maddə üzrə Bəydəmirli 1996-cı ildə, üstəlik Rusiya Federasiyasında törədilmiş hansısa hərəkətə görə günahlandırılır. Bu maddənin zaman aşımı artıq keçib. Digər tərəfdən, Rusiyada Bəydəmirliyə qarşı cinayət işi açılmayıb.
Vəkil məhkəmədən cinayət işinə xitam verilməsini və ya qətimkan tədbirinin dəyişdirilməsini, ya da Bəydəmirlinin həbsdən azad edilməsini istəyib.
Bəydəmirli özünü günahkar hesab etməsə də, siyasi məhbus olmadığını bildirib. Buna baxmayaraq, qeyd edib ki, “ola bilsin” onu keçən yayın Gədəbəy hadisələrlə əlaqədar həbs ediblər (Söyüdlü kəndində qızıl- mədən müəssisəsi tərəfindən ətraf mühitin çirklənməsinə qarşı iğtişaşlar nəzərdə tutulur).
Məhkəmə məşvərətdən sonra vəsatətlərin heç birini təmin etməyib və mahiyyəti üzrə dinləmələri mayın 13-nə təyin edib.
*Nazim Bəydəmirli 4 iyul 2023-cü ildə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittiham irəli sürülüb.
Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edərək onu uydurma adlandırıb. Onun sözlərinə görə, həbsinin əsl səbəbi Gədəbəy rayonu Söyüdlü kənd sakinlərinin ətraf mühitin çirkləndirilməsinə qarşı etirazlarını dəstəkləməsidir.
Sentyabrın 1-də Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsilə (hədə-qorxu ilə təkrar tələb etmə) daha bir ittiham irəli sürülüb. Vəkilin sözlərinə görə, bu ittiham 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində guya Bəydəmirlinin təhdid yoluyla kimdənsə pul tələb etməsinə əsaslanıb. Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.
Turan

Vəkil Akif Əliyev bildirib ki, dindirilmə jurnalistin telefonundakı məlumatlar əsasında aparılıb.
“Üç saatdan artıq dindirilmə oldu. Heç bir təsir və təzyiq olmadı, Mahmudovanın telefonu götürülüb. Telefonundakılarla bağlı suallar verirdilər və cavab alırdılar. Telefon parolları onlarda var idi. Votsap yazışmalarına baxdılar. Telefonun alınması ilə bağlı protokol var”¸vəkil qeyd edib.
Gülyetər Mahmudova isə bildirib ki, dindirmə saat10.45-də başlayıb və saat 15-də başa çatıb.
“Telefonumla bağlı çağırmışdılar. Ümumi suallar verdilər. İstintaq sirri olduğu üçün detalalrı demirəm. Suallar yarandığ üçün telefonumu özümə qaytarmadılar”, o qeyd edib.
Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunur. Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Turan

Cavid Ramazanov
“Toplum” İnternet Televiziyasının (TV) əməkdaşı Cavid Ramazanovun aprelin 27-də Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı bildirilir. “Toplum TV”-dən deyilib ki, o, bu gün, aprelin 27-də səhər saatlarında yoldan aparılıb.

İmran Əliyev
“Meclis.info” platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürüldüyü deyilir.
Əliyevin yaxınları Turana deyib ki, aprelin 26-da İmraan Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.1 ( Qaçaqmalçılıq- təkrar törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Bundan əvvəl ona qarşı CM-nin 206.3.2 (Qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunmuşdu. Beləliklə indi Əliyev Cinayət Məcəlləsinin. hər iki maddəsi ilə ittiham olunur.
Hər iki maddə üzrə sanksiyalar eynidir – 5 ildən 8 ilə qədər həbs.
Lakin hər iki maddə üzrə ittihamın olması bu müddətlərin yuxarı həddinə yaxın cəza təyin edilməsi ehtimalını artırır.
* İmran Əliyev aprelin 18-də hökumətyönlü Qafqaz.info saytında Abzas Media və Toplum TV-nin əməkdaşları ilə birlikdə onun da pul qaçaqmalçılığı ilə əlaqəsi olduğu haqqında məqalə dərc edildikdən sonra saxlanılıb.
Aprelin 19-da məhkəmə Əliyevi iki ay müddətinə həbs edib. Məhkəmədə o, etiraf ifadəsi vermək məqsədilə döyüldüyünü və elektrik cərəyanından istifadə ilə işgəncələrə məruz qaldığını bildirib.
Turan

9 fevral 2020-ci il tarixində keçirilmiş parlament seçkilərində namizəd olmuş Qorxmaz İbrahimli və Rəfail Zeynalzadə Avropa Məhkəməsinə yerli seçki komissiyalarında və məhkəmələrdə iddia etdikləri müxtəlif seçki pozuntularına effektiv baxılmamasından şikayət ediblər.
Hər iki ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Məhkəmənin qərardadına görə, hökumət Qorxmaz İbrahimliyə 4500 avro, Rəfail Zeynalzadəyə isə 4750 avro məbləğində təzminat ödəyəcək.
2020-ci ilin növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası 70 seçki dairəsində qalib elan edilib. Seçkini izləyən beynəlxalq müşahidəçilər məhdudlaşdırıcı qanunvericilik və siyasi mühitin Azərbaycanda seçkilərdə həqiqi rəqabətin qarşısını aldığını vurğulayıb.
Avropa Məhkəməsinin son hesabatına əsasən, 70 ildən çox tarixi ərzində məhkəmə seçki hüququnun pozuntusuna dair 102 qərar çıxarıb. Azərbaycan 25 işlə bu siyahının ön sırasında yer alır.
2021-ci ilin oktyabrında AİHM-nin Azərbaycanda seçki hüququnun pozuntusu ilə bağlı 41 nəfərin şikayəti üzrə çıxardığı dörd qərardadına əsasən Azərbaycan hökuməti pozuntuları etiraf etmiş, 2015-ci il parlament seçkilərində namizəd olmuş şəxslərə ümumilikdə 239 min avro kompensasiya ödəməli olmuşdu.
Azərbaycan həmçinin AİHM qərarlarını ən pis icra edən ölkələr sırasına başçılıq edir. Avropa Şurasının ötən həftə, aprelin 16-da yaydığı hesabatda Azərbaycanın barəsində çıxarılan qərarların 75 faizini icra etmədiyi vurğulanır.
Amerikanın Səsi

Qədir Qədirli və Ayşən Muradova
Aprelin 24-də və 25-də “Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılan “Sosial Hüquqlar Mərkəzi”nin əməkdaşları Ayşən Muradova və Qədir Qədirli dindirildikdən sonra sərbəst buraxılıblar.
Hər ikisi də BŞBPİ-də fiziki və psixoloji təzyiqə məruz qalmadıqlarını bildiriblər. Ayşən Muradova deyir ki, o, “Abzas Media” iş üzrə polisə ifadə verib, lakin istintaq sirri olduğu üçün suallar barədə ətraflı məlumat verə bilməz.
Aprelin 17-də “Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində jurnalist Mina Əlyarlı, aprelin 16-da İnarə Hünbətova, aprelin 17-də isə Şəms Hacıyeva da dindiriliblər.
Aprelin 10-da isə jurnalist İsmayıl Tağıyev də “Abzas Media işi” üzrə dindirilməyə çağırılıb, daha sonra sərbəst buraxılıb.
“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.
Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Amerikanın Səsi
Avropa Parlamenti aprelin 25-də Avropa İttifaqını Azərbaycanla enerji sahəsində əməkdaşlığı dayandırmağa və gələcəkdə istənilən əməkdaşlıq barədə razılaşmanın şərti kimi bütün siyasi dustaqların azad olunması və insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasını tələb etməyə çağıran qətnamə qəbul edib.
“Vətəndaş cəmiyyətinə qarşı repressiyalar və Qubad İbadoğlu və İlhamiz Quliyev işi” adlı qətnamə 474 leyhinə, 4 əleyhinə səs nisbəti ilə qəbul edilib.
Qətnamədə vurğulanır ki, Azərbaycan hakimiyyəti son vaxtlarda vətəndaş cəmiyyətinə, fəallara və ölkədə hələ də qalan müstəqil mediaya qarşı repressiyaları gücləndirib.
Qətnamədə tanınmış iqtisadçı Qubad İbadoğlunun həbs edilməsindən ayrıca bəhs olunur, onun həbsi siyasi-ictimai fəaliyyəti və Azərbaycan hakimiyyətinə tənqidi münasibəti ilə izah edilir.
Bu da vurğulanır ki, Qubad İbadoğlu Avropa Parlamentinin Azərbaycanda insan haqlarını müzakirə etməli olan sessiyasının ərəfəsində ev məhbusluğuna keçirilsə də, onun səhhəti əhəmiyyətli dərəcədə pisləşib.
Qətnamədə adı çəkilən daha bir fəal – İlhamiz Qyliyevin ötən ilin dekabrında “narkotiklərlə bağlı şübhə doğuran ittihamla” həbs olunduğu vurğulanır.
Avropa Parlamenti Bakını İlhamiz Quliyevuin dərhal azad olunmasına, Qubad İbadoğluya qarşı ittihamların ləğvinə və ona xaricdə müalicə olunmaq üçün icazə verilməsinə çağırır.
Qətnamədə ümumiyyətlə Azərbaycandakı “bütün siyasi məhbusların” azad olunmasına çağırış edilir.
Avropa deputatları hesab etdiklərini bildiriblər ki, Azərbaycanda insan haqlarının kobudcasına pozulması onun 2024-cü ilin noyabrında keçiriləcək BMT iqlim konfransı – COP-29-a ev sahibliyi ilə “bir araya sığmır”:
“Avropa Parlamenti tələb edir ki, insan haqları, əsas azadlıqlar və vətəndaş cəmiyyətinin səmərəli iştirakı tərəfdaş ölkə (Azərbaycan-red) ilə Sazişlə təsbit və təmin edilsin”.
Qətnamədə bundan başqa Avropa Komissiyasına Azərbaycanla enerji sahəsində strateji əməkdaşlığın dayandırılması mümkünlüyü məsələsinə baxılmasına və ciddi insan haqları pozuntularına görə Azərbaycanın vəzifəli şəxslərinə qarşı Avropa İttifaqı sanksiyalarının tətbiq olunmasına çağırış edilir.
Öz növbəsində Azərbaycan Milli Məclisi aprelin 25-də Avropa Parlamentinə cavab verib.
Açıqlamada qeyd edilir ki, Bakı Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair “obyektivlikdən uzaq” qətnamə qəbul etməsini “qərəzli siyasi aksiya” kimi qiymətləndirir.
Bu da vurğulanır ki, Azərbaycan “yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları” qəbul etmir:
“…Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir”.
Vurğulandığına görə, demokratik institutların qurulması, sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə “irəliyə getmək əzmini” və “iradəsini” nümayiş etdirir:
“… Birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir”.
Milli Məclis hesab edir ki, “konkret cinayət əməlləri törətdiklərinə görə” məhkum edilənlərin siyasi məhbus adlandırılmasının və ya bu cür əməlləri törətdiklərinə əsaslı şübhələr olduğundan barələrində ittiham irəli sürülən şəxslərin qeyd-şərtsiz azadlığa buraxılma tələbinin “hansı məntiqdən irəli gəldiyi aydın deyil”:
“… Bu cür məsələlər məhkəmənin səlahiyyətinə daxildir və kiminsə azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmə baxışının nəticəsindən asılıdır.”
AzadlıqRadiosu

Elşən Kərimov
Aprelin 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə fəal Elşən Kərimov barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə Kərimovu həbsdə saxlayıb.
Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib.
Vəkilin sözlərinə görə, Elşən Kərimov məhkəmədə ittihamı qəbul etmədiyini bildirib.
“O dedi ki, ittiham tamamilə əsassızdır. Rusiya vətəndaşıdır, 57 yaşı var. İlk dəfədir ki, hansısa cinayət əməlində ittiham olunur. Azərbaycana atasının yas mərasimində iştirak etnmək üçün gəlib. Yas mərasimi zamanı saxlanılıb”, Sadıqova qeyd edib.
Elşən Kərimov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə də razı deyil.
“Çünki alternativ imkan tədbirləri də var”, vəkil bildirib.
Xatırlatma
Elşən Kərimova aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi Kərimov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib.
Elşən Kərimov sosial şəbəkələrdə son zamanlar Azərbaycanda həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını, digər siyasi partiya üzvlərini, ictimai fəalları və jurnalistləri müdafiə edən paylaşımlar edib.
Amerikanın Səsi

Beynəlxalq insan haqları təşkilatı olan “Amnesty International” “Dünyada insan haqlarının vəziyyəti 2024” adlı illik hesabat yayıb.
Hesabatda bildirilir ki, dünyada insan haqlarının vəziyyəti 1948-ci il istiqamətinə geriləyə-geriləyə gedir. İndiki durum isə 1980-ci illərlə müqayisə edilir.
“Amnesty International”ın hesabatının Azərbaycanla bağlı hissəsində bildirilir ki, il ərzində Azərbaycanın Dağlıq Qarabağın separatçı ərazisinə gedən əsas yolu blokadaya alması minlərlə insanın həyatını təhlükəyə atıb və bunun ardınca hərbi hücum etnik ermənilərin əksəriyyətini ərazini tərk etməyə məcbur edib.
Həmçinin qeyd edilir ki, hökumətin ifadə azadlığına qarşı təzyiqləri güclənib. Jurnalistlər, hüquq müdafiəçiləri və fəallar gördükləri işlərə görə həbs edilib:
“Dinc etiraz aksiyaları sıxışdırılıb, media orqanlarının və müstəqil təşkilatların işi əsassız olaraq məhdudlaşdırılıb. Qadınlar və qızlar gender zəminində qısnama və zorakılıqla üzləşməkdə davam ediblər”.
Sentyabrdakı hərbi olay
Təşkilat sentyabrın 19-da baş verən hərbi toqquşmanı xatırladır. Bildirir ki, həmin gün Azərbaycan Dağlıq Qarabağın separatçı ərazisində de-fakto hakimiyyəti tərksilah etmək və dağıtmaq üçün böyük hərbi hücuma başlayıb. Bir neçə saat ərzində onun qüvvələri bütün ərazi üzərində nəzarəti bərpa edib və sentyabr və oktyabrda bir neçə gün ərzində Dağlıq Qarabağın demək olar ki, bütün etnik erməni əhalisi – 100.000-dən çox insan – Ermənistana qaçıb:

Müharibə. Foto: Meydan TV
“İlin sonuna qədər onların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnu təmin etmək üçün Azərbaycan tərəfindən heç bir mühüm irəliləyiş olmadığına görə, köçkün edilənlər iqtisadi çətinliklər və qeyri-müəyyənliklə üzləşib”.
“Amnesty International” bildirir ki, Azərbaycan hakimiyyəti hərbi cinayətlər törətdikləri iddia edilən şəxslərdən başqa, Dağlıq Qarabağda de-fakto hakimiyyət üçün döyüşmüş şəxslərə amnistiya vəd edib:
“Dağlıq Qarabağın bir neçə etnik erməni lideri bölgəni tərk edərək Ermənistana keçməyə cəhd edərkən həbs edilib və hərbi cinayətlərdə ittiham olunub. Dekabrda Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə razılıq verdikdən sonra 32 erməni hərbi əsiri azad edib. Razılıq həmçinin Azərbaycanın 2024-cü ilin noyabrında keçiriləcək “COP 29” qlobal iqlim sammitinə ev sahibliyi etmək üçün zəmin yaradıb”.
Hərbi qələbədən istifadə
Hesabatda bildirilir ki, Azərbaycan hakimiyyəti hərbi qələbədən istifadə edərək öz idarəçiliyini daha da möhkəmləndirib və tənqidçilərə qarşı təzyiqləri artırıb.
Həmçinin məhdudlaşdırıcı QHT qanunvericiliyi qeydiyyatdan keçirməkdən əsassız imtina və insan hüquqları qruplarının maliyyələşdirilməsinə məhdudiyyətlər kimi maneələr yaratmaqda davam edib.
“Media ciddi şəkildə məhdudlaşmış vəziyyətdə qalmaqdadır. Hökumət tənqidçiləri, jurnalistlər, media nümayəndələri və hüquq müdafiəçiləri daha tez-tez baş verən zorakılıq, təqib və əsassız həbslərlə üzləşiblər. Azərbaycan insan hüquqları təşkilatları siyasi motivlərlə həbs edilən şəxslərin sayının əvvəlki illə müqayisədə iki dəfə artaraq 230-dan çox nəfərə çatdığını bildiriblər. 2022-ci ildə qəbul edilmiş yeni məhdudlaşdırıcı media qanunu media orqanlarının hakimiyyət tərəfindən qeydiyyatdan keçməsini tələb edir”.

Medianın İnkişafı Agentliyi
Sənəddə qeyd edilir ki, noyabrdan etibarən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsassız səbəblərlə qeydiyyatı rədd edilmiş müstəqil media qurumlarının bağlanmasına yönəlmiş hüquqi fəaliyyətə başladığı barədə məlumat yayılıb. Müxalifət fəalı Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında siyasi motivli ittihamlarla saxlanandan bəri həbsdə qalmaqdadır. O, mart ayında onun sosial media hesablarından qadınlarla söhbətləri, intim foto və videoları sızandan qısa müddət sonra aclıq aksiyasını dayandırıb:
“Tanınmış alim və anti-korrupsiya fəalı Qubad İbadoğlu iyulun 23-də, Bakıda mülki geyimli polis əməkdaşları tərəfindən qanunsuz olaraq, “dini ekstremizm” və “saxta pulların əldə edilməsi və ya satışı” ilə bağlı uydurma ittihamlarla saxlanılıb. O, anti-korrupsiya qanunvericiliyinə uyğun müsadirə olunmuş aktivlərlə azərbaycanlı tələbələrin nəfinə maliyyələşdirilməsi nəzərdə tutulan fondun yaradılmasına göstərdiyi təşəbbüsə görə həyat yoldaşı (həyat yoldaşı qısa bir müddət sonra buraxılıb) ilə birlikdə saxlanılıb. Qubad İbadoğlunun səhhəti həbsdəki şərait və adekvat olmayan tibbi xidmətə görə pisləşib”.
Jurnalistlərin və fəalların həbsi
Hesabat müəllifləri bildirir ki, sentyabr və oktyabrda on nəfərdən çox şəxs hökuməti və onun Dağlıq Qarabağdakı hərbi əməliyyatını tənqid etdiklərinə görə inzibati ittihamlarla saxlanılıb.
“Noyabr və dekabrda, fevralda gözlənilən növbədənkənar Prezidenti seçkilərindən əvvəl, polis 13 nəfəri hakimiyyəti tənqidlərinə görə qondarma görünən ittihamlarla saxlayıb. Tanınmış müxalifət siyasətçisi Tofiq Yaqublu güya sənəd saxtakarlığına görə həbs edilib. “AbzasMedia” hökumətə qarşı korrupsiya ittihamları barədə xəbər dərc etdikdən sonra təşkilatın direktoru Ülvi Həsənli və onun iş yoldaşları, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Məhəmməd Kekalovla birgə araşdırmaçı jurnalist Hafiz Babalı qaçaqmalçılıq ittihamları ilə həbs edilib. Müstəqil jurnalistlər Teymur Kərimov, İbrahim Hümbətov, Ərşad İbrahimov, Əziz Orucov və Rüfət Muradlı ilə yanaşı fəallar Möhyəddin Orucov və İlhamiz Quliyev qanunsuz tikinti aparmaqdan tutmuş, narkotik maddələrin qanunsuz saxlanması və reketçiliyədək müxtəlif ittihamlarla həbs edilib”.

Media. Foto: Ülviyyə Əli.
Həmçinin il ərzində beş nəfər sosial mediada anti-müharibə postlarına görə həbs olunub.
Nurlan Qəhrəmanlı, Emin İbrahimov və Nemət Abbasov iddia olunduğuna görə “ziyanlı informasiya yaymaqda” ittiham olunaraq 30 sutkalıq həbsə məruz qoyulub.
Hesabatda habelə iddia olunduğuna görə qondarma ittihamla həbs edilmiş həmkarlar lideri Afiəddin Məmmədovun həbsxanada olduğu bildirlir.
Sərbəst toplaşmaq azadlığı
Təşkilat qeyd edir ki, hakimiyyət dinc toplaşma azadlığı hüququnu ədalətsizliklə məhdudlaşdırır. Məsələn, iyunun 20-də polis Gədəbəy rayonunun Söyüdlü kəndində yerli fəalların qızıl mədəninin planlaşdırılmış genişləndirilməsinə qarşı keçirdikləri dinc ekoloji etiraz aksiyasını zorakılıqla dağıdıb. Video görüntülərdə polisin bir neçə qadının gözlərinə kimyəvi qıcıqlandırıcı maddə püskürtdükləri və etirazçıları dəyənəklərlə döydükləri görünür:

15 dekabr aksiyası, Foto: Meydan TV
“Təxminən on nəfər yaralanıb və 12 nəfər isə müvəqqəti olaraq etiraz vaxtı və ondan sonra saxlanılıb. Onların sırasında etirazı izləyərkən polis tərəfindən qısa bir müddət saxlanılıb və döyülən ən azı üç nəfər jurnalist və aksiyadan sonra sosial şəbəkələrdə tənqidi paylaşmalar etdiklərinə görə həbs edilən fəallar da olub. Xəbərlərə görə, iyunun 22-dən sonra polis ən azı üç həftə müddətinə Söyüdlüyə girişi məhdudlaşdırıb və yalnız yerli sakinlərin və hökumətyönlü media qurumlarının girişinə icazə verib”.
Gender əsaslı zorakılıq
Hesabatda bildirilir ki, qadınlar siyasi qisas obyekti kimi hədəfə alınmaqla yanaşı, gender zəminində zorakılığın müxtəlif formaları ilə üzləşməkdə davam edir:
“Yerli qadın fəallar həbs edilmiş müxalifət fəalı Bəxtiyar Hacıyevin şəxsi hesablarından intim fotoları, videoları və mesajları sızan bir neçə qadının salamatlığı və təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildiriblər (yuxarıda, İfadə və birləşmə azadıqları bölməsinə baxın). Fəallar, bu qadınların adlarını, şəkillərini və bir halda ev ünvanını yaymaqla, öz ailələri də daxil olmaqla, zorakılığın hədəfinə çevrilmələrində və sızmaların arxasında hökumətin olduğunu iddia ediblər. İddia edilən kibercinayətlə bağlı istintaq ilin sonunda hələ davam edirdi”.
Adətən Azərbaycan hökuməti belə hesabatları qərəzli adlandırır.
Rəsmi şəxslər daim açıqlamalarında ölkədə heç kəsin siyasi və peşə fəaliyyətinə, habelə azadlıq və hüquqlarından istifadəyə görə təqib olunmadığını bildirir.
Həmçinin ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edirlər.
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az