Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Avropa Parlamenti Azərbaycanla əməkdaşlığı dayandırmağa və sanksiyalara çağırır

by Gozetci 20:04, 25 Aprel 2024
written by Gozetci

Avropa Parlamenti aprelin 25-də Avropa İttifaqını Azərbaycanla enerji sahəsində əməkdaşlığı dayandırmağa və gələcəkdə istənilən əməkdaşlıq barədə razılaşmanın şərti kimi bütün siyasi dustaqların azad olunması və insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasını tələb etməyə çağıran qətnamə qəbul edib.

“Vətəndaş cəmiyyətinə qarşı repressiyalar və Qubad İbadoğlu və İlhamiz Quliyev işi” adlı qətnamə 474 leyhinə, 4 əleyhinə səs nisbəti ilə qəbul edilib.

Qətnamədə vurğulanır ki, Azərbaycan hakimiyyəti son vaxtlarda vətəndaş cəmiyyətinə, fəallara və ölkədə hələ də qalan müstəqil mediaya qarşı repressiyaları gücləndirib.

Qətnamədə tanınmış iqtisadçı Qubad İbadoğlunun həbs edilməsindən ayrıca bəhs olunur, onun həbsi siyasi-ictimai fəaliyyəti və Azərbaycan hakimiyyətinə tənqidi münasibəti ilə izah edilir.

Bu da vurğulanır ki, Qubad İbadoğlu Avropa Parlamentinin Azərbaycanda insan haqlarını müzakirə etməli olan sessiyasının ərəfəsində ev məhbusluğuna keçirilsə də, onun səhhəti əhəmiyyətli dərəcədə pisləşib.

Qətnamədə adı çəkilən daha bir fəal – İlhamiz Qyliyevin ötən ilin dekabrında “narkotiklərlə bağlı şübhə doğuran ittihamla” həbs olunduğu vurğulanır.

Vəzifəli rəsmilərə sanksiyalar

Avropa Parlamenti Bakını İlhamiz Quliyevuin dərhal azad olunmasına, Qubad İbadoğluya qarşı ittihamların ləğvinə və ona xaricdə müalicə olunmaq üçün icazə verilməsinə çağırır.

Qətnamədə ümumiyyətlə Azərbaycandakı “bütün siyasi məhbusların” azad olunmasına çağırış edilir.

Avropa deputatları hesab etdiklərini bildiriblər ki, Azərbaycanda insan haqlarının kobudcasına pozulması onun 2024-cü ilin noyabrında keçiriləcək BMT iqlim konfransı – COP-29-a ev sahibliyi ilə “bir araya sığmır”:

“Avropa Parlamenti tələb edir ki, insan haqları, əsas azadlıqlar və vətəndaş cəmiyyətinin səmərəli iştirakı tərəfdaş ölkə (Azərbaycan-red) ilə Sazişlə təsbit və təmin edilsin”.

Qətnamədə bundan başqa Avropa Komissiyasına Azərbaycanla enerji sahəsində strateji əməkdaşlığın dayandırılması mümkünlüyü məsələsinə baxılmasına və ciddi insan haqları pozuntularına görə Azərbaycanın vəzifəli şəxslərinə qarşı Avropa İttifaqı sanksiyalarının tətbiq olunmasına çağırış edilir.

Milli Məclis Avropa Parlamentinə cavab verib

Öz növbəsində Azərbaycan Milli Məclisi aprelin 25-də Avropa Parlamentinə cavab verib.

Açıqlamada qeyd edilir ki, Bakı Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair “obyektivlikdən uzaq” qətnamə qəbul etməsini “qərəzli siyasi aksiya” kimi qiymətləndirir.

Bu da vurğulanır ki, Azərbaycan “yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları” qəbul etmir:

“…Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir”.

Vurğulandığına görə, demokratik institutların qurulması, sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə “irəliyə getmək əzmini” və “iradəsini” nümayiş etdirir:

“… Birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir”.

Milli Məclis hesab edir ki, “konkret cinayət əməlləri törətdiklərinə görə” məhkum edilənlərin siyasi məhbus adlandırılmasının və ya bu cür əməlləri törətdiklərinə əsaslı şübhələr olduğundan barələrində ittiham irəli sürülən şəxslərin qeyd-şərtsiz azadlığa buraxılma tələbinin “hansı məntiqdən irəli gəldiyi aydın deyil”:

“… Bu cür məsələlər məhkəmənin səlahiyyətinə daxildir və kiminsə azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmə baxışının nəticəsindən asılıdır.”

AzadlıqRadiosu

20:04, 25 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıMərkəzi AranSliderXƏBƏRLƏR

Bakı Apellyasiya Məhkəməsi fəalı həbsdə saxlayıb

by Gozetci 19:24, 24 Aprel 2024
written by Gozetci

Elşən Kərimov

Aprelin 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə fəal Elşən Kərimov barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə Kərimovu həbsdə saxlayıb.

Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib.

Vəkilin sözlərinə görə, Elşən Kərimov məhkəmədə ittihamı qəbul etmədiyini bildirib.

“O dedi ki, ittiham tamamilə əsassızdır. Rusiya vətəndaşıdır, 57 yaşı var. İlk dəfədir ki, hansısa cinayət əməlində ittiham olunur. Azərbaycana atasının yas mərasimində iştirak etnmək üçün gəlib. Yas mərasimi zamanı saxlanılıb”, Sadıqova qeyd edib.

Elşən Kərimov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə də razı deyil.

“Çünki alternativ imkan tədbirləri də var”, vəkil bildirib.

Xatırlatma

Elşən Kərimova aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi Kərimov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib.

Elşən Kərimov sosial şəbəkələrdə son zamanlar Azərbaycanda həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını, digər siyasi partiya üzvlərini, ictimai fəalları və jurnalistləri müdafiə edən paylaşımlar edib.

Amerikanın Səsi 

19:24, 24 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Amnesty International”: Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri tez-tez təqib və əsassız həbslərlə üzləşirlər

by Gozetci 16:07, 24 Aprel 2024
written by Gozetci

Təşkilat insan haqlarının durumunu 1980-ci illə müqayisə edir

Beynəlxalq insan haqları təşkilatı olan “Amnesty International” “Dünyada insan haqlarının vəziyyəti 2024” adlı illik hesabat yayıb.

Hesabatda bildirilir ki, dünyada insan haqlarının vəziyyəti 1948-ci il istiqamətinə geriləyə-geriləyə gedir. İndiki durum isə 1980-ci illərlə müqayisə edilir.

“Amnesty International”ın hesabatının Azərbaycanla bağlı hissəsində bildirilir ki, il ərzində Azərbaycanın Dağlıq Qarabağın separatçı ərazisinə gedən əsas yolu blokadaya alması minlərlə insanın həyatını təhlükəyə atıb və bunun ardınca hərbi hücum etnik ermənilərin əksəriyyətini ərazini tərk etməyə məcbur edib.

Həmçinin qeyd edilir ki, hökumətin ifadə azadlığına qarşı təzyiqləri güclənib. Jurnalistlər, hüquq müdafiəçiləri və fəallar gördükləri işlərə görə həbs edilib:

“Dinc etiraz aksiyaları sıxışdırılıb, media orqanlarının və müstəqil təşkilatların işi əsassız olaraq məhdudlaşdırılıb. Qadınlar və qızlar gender zəminində qısnama və zorakılıqla üzləşməkdə davam ediblər”.

Sentyabrdakı hərbi olay

Təşkilat sentyabrın 19-da baş verən hərbi toqquşmanı xatırladır. Bildirir ki, həmin gün Azərbaycan Dağlıq Qarabağın separatçı ərazisində de-fakto hakimiyyəti tərksilah etmək və dağıtmaq üçün böyük hərbi hücuma başlayıb. Bir neçə saat ərzində onun qüvvələri bütün ərazi üzərində nəzarəti bərpa edib və sentyabr və oktyabrda bir neçə gün ərzində Dağlıq Qarabağın demək olar ki, bütün etnik erməni əhalisi – 100.000-dən çox insan – Ermənistana qaçıb:

Müharibə. Foto: Meydan TV

“İlin sonuna qədər onların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnu təmin etmək üçün Azərbaycan tərəfindən heç bir mühüm irəliləyiş olmadığına görə, köçkün edilənlər iqtisadi çətinliklər və qeyri-müəyyənliklə üzləşib”.

“Amnesty International” bildirir ki, Azərbaycan hakimiyyəti hərbi cinayətlər törətdikləri iddia edilən şəxslərdən başqa, Dağlıq Qarabağda de-fakto hakimiyyət üçün döyüşmüş şəxslərə amnistiya vəd edib:

“Dağlıq Qarabağın bir neçə etnik erməni lideri bölgəni tərk edərək Ermənistana keçməyə cəhd edərkən həbs edilib və hərbi cinayətlərdə ittiham olunub. Dekabrda Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə razılıq verdikdən sonra 32 erməni hərbi əsiri azad edib. Razılıq həmçinin Azərbaycanın 2024-cü ilin noyabrında keçiriləcək “COP 29” qlobal iqlim sammitinə ev sahibliyi etmək üçün zəmin yaradıb”.

Hərbi qələbədən istifadə

Hesabatda bildirilir ki, Azərbaycan hakimiyyəti hərbi qələbədən istifadə edərək öz idarəçiliyini daha da möhkəmləndirib və tənqidçilərə qarşı təzyiqləri artırıb.
Həmçinin məhdudlaşdırıcı QHT qanunvericiliyi qeydiyyatdan keçirməkdən əsassız imtina və insan hüquqları qruplarının maliyyələşdirilməsinə məhdudiyyətlər kimi maneələr yaratmaqda davam edib.

“Media ciddi şəkildə məhdudlaşmış vəziyyətdə qalmaqdadır. Hökumət tənqidçiləri, jurnalistlər, media nümayəndələri və hüquq müdafiəçiləri daha tez-tez baş verən zorakılıq, təqib və əsassız həbslərlə üzləşiblər. Azərbaycan insan hüquqları təşkilatları siyasi motivlərlə həbs edilən şəxslərin sayının əvvəlki illə müqayisədə iki dəfə artaraq 230-dan çox nəfərə çatdığını bildiriblər. 2022-ci ildə qəbul edilmiş yeni məhdudlaşdırıcı media qanunu media orqanlarının hakimiyyət tərəfindən qeydiyyatdan keçməsini tələb edir”.

Medianın İnkişafı Agentliyi

Sənəddə qeyd edilir ki, noyabrdan etibarən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsassız səbəblərlə qeydiyyatı rədd edilmiş müstəqil media qurumlarının bağlanmasına yönəlmiş hüquqi fəaliyyətə başladığı barədə məlumat yayılıb. Müxalifət fəalı Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında siyasi motivli ittihamlarla saxlanandan bəri həbsdə qalmaqdadır. O, mart ayında onun sosial media hesablarından qadınlarla söhbətləri, intim foto və videoları sızandan qısa müddət sonra aclıq aksiyasını dayandırıb:

“Tanınmış alim və anti-korrupsiya fəalı Qubad İbadoğlu iyulun 23-də, Bakıda mülki geyimli polis əməkdaşları tərəfindən qanunsuz olaraq, “dini ekstremizm” və “saxta pulların əldə edilməsi və ya satışı” ilə bağlı uydurma ittihamlarla saxlanılıb. O, anti-korrupsiya qanunvericiliyinə uyğun müsadirə olunmuş aktivlərlə azərbaycanlı tələbələrin nəfinə maliyyələşdirilməsi nəzərdə tutulan fondun yaradılmasına göstərdiyi təşəbbüsə görə həyat yoldaşı (həyat yoldaşı qısa bir müddət sonra buraxılıb) ilə birlikdə saxlanılıb. Qubad İbadoğlunun səhhəti həbsdəki şərait və adekvat olmayan tibbi xidmətə görə pisləşib”.

Jurnalistlərin və fəalların həbsi

Hesabat müəllifləri bildirir ki, sentyabr və oktyabrda on nəfərdən çox şəxs hökuməti və onun Dağlıq Qarabağdakı hərbi əməliyyatını tənqid etdiklərinə görə inzibati ittihamlarla saxlanılıb.

“Noyabr və dekabrda, fevralda gözlənilən növbədənkənar Prezidenti seçkilərindən əvvəl, polis 13 nəfəri hakimiyyəti tənqidlərinə görə qondarma görünən ittihamlarla saxlayıb. Tanınmış müxalifət siyasətçisi Tofiq Yaqublu güya sənəd saxtakarlığına görə həbs edilib. “AbzasMedia” hökumətə qarşı korrupsiya ittihamları barədə xəbər dərc etdikdən sonra təşkilatın direktoru Ülvi Həsənli və onun iş yoldaşları, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Məhəmməd Kekalovla birgə araşdırmaçı jurnalist Hafiz Babalı qaçaqmalçılıq ittihamları ilə həbs edilib. Müstəqil jurnalistlər Teymur Kərimov, İbrahim Hümbətov, Ərşad İbrahimov, Əziz Orucov və Rüfət Muradlı ilə yanaşı fəallar Möhyəddin Orucov və İlhamiz Quliyev qanunsuz tikinti aparmaqdan tutmuş, narkotik maddələrin qanunsuz saxlanması və reketçiliyədək müxtəlif ittihamlarla həbs edilib”.

Media. Foto: Ülviyyə Əli.

Həmçinin il ərzində beş nəfər sosial mediada anti-müharibə postlarına görə həbs olunub.
Nurlan Qəhrəmanlı, Emin İbrahimov və Nemət Abbasov iddia olunduğuna görə “ziyanlı informasiya yaymaqda” ittiham olunaraq 30 sutkalıq həbsə məruz qoyulub.

Hesabatda habelə iddia olunduğuna görə qondarma ittihamla həbs edilmiş həmkarlar lideri Afiəddin Məmmədovun həbsxanada olduğu bildirlir.

Sərbəst toplaşmaq azadlığı

Təşkilat qeyd edir ki, hakimiyyət dinc toplaşma azadlığı hüququnu ədalətsizliklə məhdudlaşdırır. Məsələn, iyunun 20-də polis Gədəbəy rayonunun Söyüdlü kəndində yerli fəalların qızıl mədəninin planlaşdırılmış genişləndirilməsinə qarşı keçirdikləri dinc ekoloji etiraz aksiyasını zorakılıqla dağıdıb. Video görüntülərdə polisin bir neçə qadının gözlərinə kimyəvi qıcıqlandırıcı maddə püskürtdükləri və etirazçıları dəyənəklərlə döydükləri görünür:

15 dekabr aksiyası, Foto: Meydan TV

“Təxminən on nəfər yaralanıb və 12 nəfər isə müvəqqəti olaraq etiraz vaxtı və ondan sonra saxlanılıb. Onların sırasında etirazı izləyərkən polis tərəfindən qısa bir müddət saxlanılıb və döyülən ən azı üç nəfər jurnalist və aksiyadan sonra sosial şəbəkələrdə tənqidi paylaşmalar etdiklərinə görə həbs edilən fəallar da olub. Xəbərlərə görə, iyunun 22-dən sonra polis ən azı üç həftə müddətinə Söyüdlüyə girişi məhdudlaşdırıb və yalnız yerli sakinlərin və hökumətyönlü media qurumlarının girişinə icazə verib”.

Gender əsaslı zorakılıq

Hesabatda bildirilir ki, qadınlar siyasi qisas obyekti kimi hədəfə alınmaqla yanaşı, gender zəminində zorakılığın müxtəlif formaları ilə üzləşməkdə davam edir:

“Yerli qadın fəallar həbs edilmiş müxalifət fəalı Bəxtiyar Hacıyevin şəxsi hesablarından intim fotoları, videoları və mesajları sızan bir neçə qadının salamatlığı və təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildiriblər (yuxarıda, İfadə və birləşmə azadıqları bölməsinə baxın). Fəallar, bu qadınların adlarını, şəkillərini və bir halda ev ünvanını yaymaqla, öz ailələri də daxil olmaqla, zorakılığın hədəfinə çevrilmələrində və sızmaların arxasında hökumətin olduğunu iddia ediblər. İddia edilən kibercinayətlə bağlı istintaq ilin sonunda hələ davam edirdi”.

Adətən Azərbaycan hökuməti belə hesabatları qərəzli adlandırır.

Rəsmi şəxslər daim açıqlamalarında ölkədə heç kəsin siyasi və peşə fəaliyyətinə, habelə azadlıq və hüquqlarından istifadəyə görə təqib olunmadığını bildirir.

Həmçinin ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edirlər.

16:07, 24 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi İmran Əliyevi həbsdə saxlayıb

by Gozetci 15:19, 24 Aprel 2024
written by Gozetci

İmran Əliyev. Foto: Aysel Umudova

Parlamenti monitorinq edən “Məclis.info” platformasnın rəhbəri İmran Əliyev toka verildiyini açıqladığına görə yenidən işgəncələrə məruz qalıb.

Bu barədə “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat yayıb.
“Jurnalist İmran Əliyevin işgəncəyə məruz qalması, bədəninə elektrik cərəyanı verilməsi barədə məlumat vermişdik. Bu məlumatlar ictimailəşəndən sonra Xətai Rayon Polis İdarəsində İmran Əliyevi yenidən işgəncələrə məruz qoyublar, “Niyə mediaya, yaxınlarına xəbərçilik edirsən?” sualını veriblər” – Rüfət Səfərov Feysbuk hesabında yazıb.
Aprelin 24-də Apellyasiya Məhkəməsi parlamenti monitorinq edən “Məclis.info” platformasının rəhbəri İmran Əliyevin şikayətini təmin etməyib və o, həbsdə qalıb.
“Xətai Rayon Məhkəməsində çıxarılan 2 ay 1 günlük həbs qətimkan tədbirinin dəyişdirilməsilə bağlı şikayət verilmişdi. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etmədi, birinci instansiya məhkəməsinin qərarını olduğu kimi saxladı” – İmran Əliyevin yaxınları bildirib.
AbzasMedia
15:19, 24 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi İmran Əliyevin həbsini pisləyib və bütün jurnalistlərin azadlığa buraxılmasını tələb edib

by Gozetci 16:03, 23 Aprel 2024
written by Gozetci

 

Nyu-Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda meclis.info saytının rəhbəri İmran Əliyevin  həbsini pisləyib.

Komitə Azərbaycan hakimiyyətini Əliyevi və həbsdə olan digər jurnalistləri azad etməyə və beynəlxalq donorlardan qanunsuz maliyyələşmə ittihamı ilə həbsləri dayandırmağa çağırıb.

Əliyev Qərblə münasibətlərin pisləşməsi fonunda 2023-cü ilin noyabrından beynəlxalq donorlardan maliyyə alınması ilə bağlı valyuta qaçaqmalçılığı ittihamı üzrə cinayət məsuliyyətinə cəlb olunan on üçüncü jurnalistdir.

İmran Əliyevin yaxınları bildiriblər ki, polis jurnalisti döyüb və ona elektrik cərəyanı verərək işgəncə edib. Onun gözlərinin altında qançırlar və bədənində xəsarət izləri olub və onu etirafı imzalamağa məcbur ediblər, Komitənin bəyanatında deyilir.

“Beynəlxalq donorlardan qanunsuz pul almaq ittihamı ilə jurnalistlər arasında kütləvi həbslərin aparılması Azərbaycan hakimiyyətinin sinizmidir. Hökumət müstəqil, tənqidçi KİV-in həm ölkə daxilində, həm də xaricdə maliyyə almasını demək olar ki, mümkünsüz etmək üçün iyirmi il sərf edib”, -Komitənin Avropa və Orta Asiya üzrə proqramlarının koordinatoru Gülnoza Səid bildirib.

“Beynəlxalq tərəfdaşlar noyabrda keçiriləcək Cop29 iqlim konfransına qədər Azərbaycandan mətbuat azadlığının vəziyyətinin yaxşılaşdırılmasını qətiyyətlə tələb etməlidirlər”.

Hazırda daha on jurnalist oxşar ittihamlarla həbsdədir: “Abzas Media” araşdırma şirkətindən altı nəfər, iki nəfər “Kanal 13” onlayn kanalından və iki nəfər “Toplum” TV-dən. Bundan əlavə, ittiham olunan “Toplum” TV-nin iki əməkdaşı polisin nəzarətinə götürülərək məhkəmədən əvvəl sərbəst buraxılıb, Komitə xatırladıb.

Komitənin Əliyevin həbsinə münasibət bildirilməsilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinə müraciəti cavabsız qalıb.

İmran Əliyev hökumətyönlü Qafqaz.info saytında  Əliyevin “Abzas Media” və “Toplum” TV əməkdaşları ilə birlikdə pul qaçaqmalçılığına bağlılığı barədə yazı edildikdən sonra aprelin 18-də saxlanılıb.

Aprelin 19-da məhkəmə İmran Əliyevi iki ay müddətinə həbs edib.

Turan 

16:03, 23 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycandakı hüquq pozuntularından danışılır

by Gozetci 12:16, 23 Aprel 2024
written by Gozetci

ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair bağlı illik hesabatında təhlükəsizlik əməkdaşlarının qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və Azərbaycanda digər sui-istifadə halları, habelə ölkə həbsxanalarındakı ağır şərait barədə faktlar yer alıb.

Azərbaycana həsr olunmuş bölmədə ifadə azadlığına və KİV azadlığına ciddi məhdudiyyətlərdən, o cümlədən jurnalistlərə qarşı zorakılıqdan da danışılır.

Digər problemlər arasında hökumətdəki sistemli korrupsiya, gender zorakılığına görə məsuliyyətin olmaması qeyd olunur.

“Hesabatda göstərildiyi kimi, işgəncə və digər fiziki zorakılıq növləri, siyasi məhbuslar və müstəqil məhkəmə hakimiyyətinin olmaması da daxil olmaqla, ciddi insan haqları pozuntuları barədə səhih məlumatlar var”, Dövlət Departamentinin İnsan Hüquqları Bürosunun nümayəndəsi Robert Gilkrist brifinqdə bildirib.

“Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları misli görünməmiş sayda adamı İranla əlaqədə şübhəli bilərək həbs ediblər”, – o əlavə edib.

QHT Koalisiyasının hesablamalarına görə, ötən ilin dekabrına olan vəziyyətə görə, Azərbaycanda 254-ə yaxın siyasi məhbus və saxlanılan şəxs olub, məruzədə deyilir.

Turan-ın “Vaşinqton Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail olmaq üçün nə edir?” sualının cavabında Gilkrist deyib ki, Azərbaycan rəsmilərilə “bütün səviyyələrdə” görüşlərdə bu mövzu gündəmə gəlir.

“Məsələn, biz müstəqil jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və hökumət tənqidçiləri də daxil olmaqla, haqsız olaraq tutulan bütün siyasi məhbusların və saxlanılan şəxslərin tezliklə azadlığa buraxılmasına çağırırıq”, – o deyib.

Öz növbəsində, dövlət katibi Entoni Blinken həmin brifinqdə bildirib ki, ABŞ digər ölkələrdə insan hüquqlarına dair vəziyyəti qiymətləndirməyə və onları pozan ölkələr üçün sanksiyalar qəbul etməyə davam edəcək.

“Dünyada insan hüquqlarını qiymətləndirərkən biz həmin ölkənin rəqib və ya müttəfiq olmasından asılı olmayaraq, hər kəsə eyni standartları tətbiq edirik”, – o deyib.

Builki insan hüquqları hesabatlarında Rusiyanın Ukraynaya hücumu, Sudanda vətəndaş müharibəsi və İsrail ilə HƏMAS arasında müharibə insan hüquqlarına əməl edilmısi prizmasından yada salınır.

“Kremlin insan hüquqlarına məhəl qoymaması onun Ukraynaya qarşı müharibəsində özünü tam olaraq göstərir”, – hesabatda deyilir. Sənəddə insan hüquqlarının pozulmasına (onların bəzisi insanlığa qarşı cinayətdir) dair sənədli sübutlar toplanıb.

Cənubi Qafqaza gəlincə, hesabatda Gürcüstan hökumətinin “Xarici agentlər haqqında” qanunu qəbul etdirmək cəhdləri də qeyd olunur.

Turan-ın “Niyə Vaşinqton Gürcüstan hökumətinin bu hərəkətini səhv hesab edir?” sualına Gilkrist belə cavab verib: “ABŞ əvvəlkitək narahatdır ki, əgər bu qanun layihəsi qəbul edilərsə, Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına ziyan vuracaq. Qanun layihəsi Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli informasiyaya çıxışını təmin etmək üçün çalışan müstəqil KİV-lərə mane olacaq. Gürcüstan Avropa yolundan dönəcək”.

Turan 

12:16, 23 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP fəalının quru aclığı davam etdirdiyini bildirir

by Gozetci 18:22, 22 Aprel 2024
written by Gozetci

Elnur Həsənov

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov 5 gündür quru aclığı davam etdirir.

Bu barədə aprelin 22-də Elnur Həsənovla telefon danışığından sonra AXCP-dən Amerikanın Səsinə bildiriblər.

“Telefon danışığı zamanı ümumi halsızlığı hiss edilirdi. Səsi zəif idi. Təcridxanada onun aclıq etdiyini qeydə alıblar. Aprelin 21-də təcridxananın tibb məntəqsinin həkimləri Elnur Həsənovun təzyiqini, ürək döyüntüsünü ölçüb. Bu gün isə deyiblər ki, onu təcridxananın tibb məntəqəsinə aparıb, orada ətraflı müayinə edəcəklər. Amma hələ ümumi kamerada saxlanılır”, AXCP-dən deyiblər.

Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin Elnur Həsənovun aclıq etməsi ilə bağlı sorğusuna hələ cavab verməyib.

Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Həsənovun cinayət işi üzrə ittiham aktı elan edilib. O məhkəmə iclasında proses başlamazdan bir gün əvvəl Penitensiar Xidmətin əməkdaşlarının məhkəmədə çıxış üçün hazırladığı mətni müsadirə etdiklərini bildirib.

Həsənov çıxışının alınmasına və ümumiyyətlə həbsinə etiraz olaraq aprelin 18-dən quru aclığa başladığını bildirib.

Növbəti məhkəmə iclası mayın 3-nə təyin edilib.

Elnur Həsənov 2023-cü il noyabrın 28-də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə bir qayda olaraq bildirir ki, saxlanılan insanlar özünü müdafiə xatirinə günahsız olduqlarını, əqidələrinə görə həbs edildiklərini deyirlər.

Amerikanın Səsi 

18:22, 22 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

by Gozetci 17:56, 22 Aprel 2024
written by Gozetci

Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.
Bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.
Məlumatı onun vəkili Bəhruz Bayramov verib.
Bundan əvvəl Qubad İbadoğlunun qızı Jalə Bayramova həbsdə saxlanılan atasının səhhətinin daha da ağırlaşdığını bildirib.
Bayramova deyib ki, atası bir sutkada 30 vahid insulin və əlavə bir neçə həb qəbul edir.
“Ayaq dırnaqlarında qaralmalar var və sol ayağının bir barmağında dırnaq bütövlüklə ətdən ayrılmaq təhlükəsindədi. Həbsxana şəraitində o, yaraya qulluq edə bilməz və əgər yara iltihablanarsa, onun barmağını və ayağını amputasiya edə bilərlər. Atamın əllərində, xüsusilə ayaqlarında periferik sinirlərin zədələnməsi baş verib və hamısı yüksək şəkərin fəsadlarıdır”, – Qubad İbadoğlunun qızı Facebook hesabında yaydığı müraciətdə qeyd edib.
Jalə Bayramova əlavə edib ki, Qubad İbadoğlunun vəziyyətilə bağlı məlumat verilsə də, nə onun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb bölməsi, nə də Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi heç bir tədbir görmür.
Xatlrladaq ki, Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham irəli sürülüb.
Ötən il iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə professor barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilmiş, noyabrın 16-da isə həbs müddəti daha 3 ay uzadılmışdı. Bu il fevralın 24-də bu müddət daha 3 ay uzadılıb.
AbzasMedia
17:56, 22 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Araz Əliyev ictimai-siyasi fəaliyyətinə görə valideynlərinin hədələndiyini deyir

by Gozetci 17:30, 22 Aprel 2024
written by Gozetci

Araz Əliyev

“Atamı gəlib evdən aparıb, narkotiklə şərləməklə hədələyiblər”

Bakı Dövlət Universitetinin müəllimi, III Respublika Platformasının Qurucu Heyətinin üzvü Araz Əliyev özünün ictimai-siyasi fəaliyyətinə görə ahıl yaşda olan valideynlərinə qarşı hücumlar başladığını deyir. Onun sözlərinə görə, Balakən rayonunda yaşayan atasını gəlib evdən aparıb, narkotiklə şərləməklə hədələyiblər.

Araz Əliyev bildirir ki, ailəsinə qarşı təzyiqlər xeyli vaxtdır başlayıb, amma uzun müddət baş verənləri ictimailəşdirməyib. Lakin davamlı təzyiqlər nəticəsində vəziyyət idarəolunmaz hal aldığına görə buna məcbur olub. O vurğulayıb ki, atasını şərləyib həbs etməklə hədələməkdən əlavə, indi də sərəncamlarında olan torpaq sahələrini əllərindən almağa çalışırlar.

“Atamı gəlib evdən aparırlar və narkotiklə şərləyəcəklərini deyərək təhdid edirlər. Bələdiyyə və icra nümayəndələri gəlib torpaq sahələrimizin yenidən ölçülməsini təşkil edirlər. Əlaqəsiz adamları qeydiyyata salıb, adlarına torpaq sahəsi çıxarırlar. Etiraz edəndə, hüquqdan, qanundan danışanda da yaşlı-başlı insanları həbslə, narkotiklə təhdid edirlər. Ayrı-ayrı şəxslər vasitəsilə aparılan təhqir və böhtan kampaniyasını isə hələ demirəm. Dövlət Reyestr Xidmətində çalışan siravi məmuru belə təhdid edirlər ki, “biz deyəni etməlisən, yoxsa özündən küs”. 30 ildir qanuni mülkiyyətimizdə olan əraziləri təkrar ölçmək, yaşlı insanları hədəfə almaq, qorxutmaq nəyə və kimə lazımdır? Səbəb çox sadədir. Mənim ictimai-siyasi fəaliyyətim…”, – Araz Əliyev bildirib.

O, ailəsinə məxsus torpaq sahəsilə bağlı baş verənlərə görə Balakən rayon Hənifə Kənd Bələdiyyəsinin üzvü Rövşən Əliyevi, rayonun Kənd Təsərrüfatı İdarəsinin rəisi Telman Bayramovu ittiham edir. Lakin düşünür ki, onlar sadəcə, icraçıdır:

“Sifarişçilər isə yəqin ki, hamınıza məlumdur. Yaxşı olar ki, mənim ictimai-siyasi fəaliyyətimdən narahat olan şəxslər, Balakənə gedib bir baxsınlar, görək ki, kim torpaqların qanunsuz satışı ilə məşğul olur, kim süpürgəçilik sistemi qurub korrupsiya ilə məşğul olur…”.

Meydan TV Araz Əliyevin dediklərinə münasibət öyrənmək üçün Balakən rayon Hənifə Kənd Bələdiyyəsilə əlaqə saxlamağa cəhd göstərib. Lakin bələdiyyənin telefonuna edilən zənglərə cavab verən olmayıb. Daxili İşlər Nazirliyindən də məsələyə münasibət bildirilməyib.

Araz Əliyev ötən il dekabrda – III Respublika Platforması elan ediləndən az sonra həbs olunmuşdu. Ona xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamıyla 25 sutka inzibati həbs cəzası verilmişdi.

O, bu ittihamların yalan olduğunu, küçədə gedərkən zorakılıqla saxlanıb polis idarəsinə aparıldığını, orada təşkilatın maliyyəsi, fəaliyyəti barədə suallar verildiyini bildirmişdi.

17:30, 22 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəalların ölkədən çıxışlarına məhdudiyyət qoyulub

by Gozetci 13:40, 20 Aprel 2024
written by Gozetci

Elgiz Qəhrəman və Murad Rüstəmbəyli

İctimai fəallar Elgiz Qəhrəman və Murad Rüstəmbəylinin ölkədən çıxışlarına məhdudiyyət qoyulub. Bu barədə məlumatı Amerikanın Səsinə fəallar özü verib.

Onlar bildirb ki, fəallar bu barədə müxtəlif vaxtlarda Bakı Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən məlumat alıblar. Fəallara deyilib ki, məhdudiyyət Daxili İşlər Nazirliyi tərəfindən qoyulub, ancaq məhdudiyyətin səbəbi ilə bağlı məlumat verilməyib.

Rəsmi qurumlardan məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Amerikanın Səsi 

13:40, 20 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia