Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Həbs edilmiş tədqiqatçı İqbal Əbilovun apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 19:28, 31 İyul 2024
written by Gozetci

İqbal Əbilov

İyulun 31-də Bakı Apellyasiya Məhkəməsində Belarusdan Azərbaycana gələn Azərbaycan vətəndaşı, talış tarixinin tədqiqatçısı İqbal Əbilovun həbsindən verilən şikayətə baxılıb. Əbilov ittihamları rədd edib.

“O bildirdi ki, elmi fəaliyyət və tədqiqatla məşğul olub. Əbilov ittihamı ümumiyyətlə başa düşmədiyini dedi”, deyə vəkil Rövşanə Rəhimli qeyd edib.

Vəkil hesab edir ki, ittihamın maddi hüquqi əsası yoxdur və yalnız istintaqın subyektiv fərziyyələrinə əsaslanır. Rəhimli bildirib ki, Əbilovun hüquqlarının müdafiəsi və bərpası üçün bütün hüquqi addımlar atılacaq.

İqbal Əbilov iyulun 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.

Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu “Talış Milli Akademiyası”nın təsisçilərindən biridir. Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir. İqbal Əbilov eyni zamanda “Talış Milli Akademiyası Xəbərləri”nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərləri dərc olunduğu qeyd edilib.

Amerikanın Səsi 

19:28, 31 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda 125 seçki dairəsi üzrə 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

by Gozetci 11:41, 28 İyul 2024
written by Gozetci

Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 27-də bildirib.

MSK-nin bu gün keçirilən iclasında Pənahov deyib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1255 nəfər namizəd olmaq üçün müraciət edib.

Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov isə deyib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək.

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində boykot qərarı verən Azərbaycan Xalq Cəbhəsi Partiayası istisna olmaqla ölkədəki siyasi partiyaların hamısı iştirak edir.

Bu arada iqtidarda olan Yeni Azərbaycan Partiyası bütün seçki dairələrindən, müxalifətdə olan Müsavat Partiyası 33 seçki dairəsindən, REAL Partiyası isə 13 seçki dairəsindən namizədlərinin (4 partiya üzvünün namizədliyi qeydə alınıb) adını açıqlayıb.

Milli Məclisə ölkə üzrə 125 seçki dairəsindən deputatlar seçilir. Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi avqustun 2-də başa çatacaq.

Amerikanın Səsi

11:41, 28 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə saxlanılan birinci qrup əlil olan ictimai fəalın cinayət işi üzrə istintaq yekunlaşıb

by Gozetci 13:45, 27 İyul 2024
written by Gozetci

Famil Xəlilov

Həbsdə saxlanılan ictimai fəal, 1-ci qrup əlil Famil Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu gün, iyulun 26-da müstəntiq istintaq təcridxanasına gələrək ibtidai istintaqın başa çatdığını elan edəcək və müdafiə tərəfi cinayət işinin materialları ilə tanış olmağa başlayacaq.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

Vəkil müdafiə tərəfinin Famil Xəlilov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətinin təmin edilməməsindən təəssüflənir.

“Famil Xəlilov iflicdir. Təcridxana şəraitində saxlanılması onun üçün çox çətindir. Qolları iflic olduğundan özü sərbəst qida, su qəbul edə bilmir, yuyuna bilmir. Sanitar qovşaq şəraitində saxlanılır. Ona yalnız kamera yoldaşları kömək edir. Hərəkət edərkən əllərini müvazinətini saxlaya bilmədiyindən parça ilə bağlayırlar”, vəkil qeyd edib.

Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.

Amerikanın Səsi 

13:45, 27 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Həbsxanada 43 gündür aclıq edən Fazil Qasımovun səhhəti kəskin pisləşib

by Gozetci 12:40, 27 İyul 2024
written by Gozetci

Fazil Qasımovun

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımovun iyulun 26-na keçən gecə səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. O, 43 gündür “qanunsuz həbsinə” etiraz olaraq aclıq edir.

“Fazilin vəziyyəti çox ağırdır. O, tam halsızdır, ayaq üstə dura bilmir. Buna baxmayaraq aclığı sonadək davam etdirəcəyini bildirdi. Qardaşım yenə də yalnız su qəbul edir, qida və dərman qəbulundan imtina edir”, onunla iyulun 26-da Müalicə Müəssisəsində görüşündən sonra qardaşı Nazim Qasımov Amerikanın Səsinə deyib.

Bu gün vəkil Rövşanə Rəhimli də Fazil Qasımovla görüşüb. O, Amerikanın Səsinə bildirib ki, bu gün müstəntiq də Fazil Qasımovun yanında olub.

“Cinayət işi ilə bağlı prokurorluğun sualları olduğundan gələn həftə istintaq hərəkətləri aparılacaq. Çox yəqin ki, isintaq hərəkətləri Fazilin işgəncəyə məruz qalması ilə bağlı şikayətimiz əsasında olacaq”, Rəhimli qeyd edib.

Fazil Qasımov vəkilə deyib ki, prokurorluğun ona göndərdiyi cavabda işgəncə faktının təsdiq edilmədiyi yazılıb.

Vəkil bildirib ki, Fazil Qasımov müalicə müəssisəsinə köçürüldükdən sonra ayrıca otaqda saxlanılır.

“Ona hələ tibbi yardım göstərilməyib. Qida qəbul etməsini təklif ediblər, lakin o imtina edib. Bildiriblər ki, qida qəbul etməsə məcburi qidalandıracaqlar. Fazilin hazırda durumu çox ağırdır. O, hədsiz dərəcədə çəki itirib. Böyrəklərində kəskin ağrılar var. Növbətçi həkim dedi ki, sabahdan müayinəyə başlanılacaq”, Rəhimli qeyd edib.

Vəkilin sözlərinə görə, Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata ayrılıb.

“Hazırda Fazil Qasımovun işi ilə bağlı Anar Əliyev adlı şəxs də həbsdədir. O, Qasımova qarşı ifadə verib. Hər iki şəxsin işinə eyni məhkəmə prosesində baxılacaq”, o qeyd edib.

Penitensiar Xidmətin Müalicə Müəssisəindən Fazil Qasmovun sağlamlıq durumu ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Amerikanın Səsi

12:40, 27 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

BMT rəsmisinə Anar Məmmədli və digərlərinin həbsi ilə bağlı çağırış edilib

by Gozetci 11:15, 27 İyul 2024
written by Gozetci

Anar Məmmədli

Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin azad edilməsinə çağıran kampaniya çərçivəsində iyulun 26-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilə məktub ünvanlanıb.

“Progress & Change Action Lab” beynəlxalq qeyri-hökumət təşkilatının prezidenti Florian İrmingerin imzası ilə ünvanlanan məktubda hüquq müdafiəçiləri davamlı repressiya mühitinin COP29 ərəfəsində Azərbaycanda ictimai dialoqu mümkünsüz etdiyini, Anar Məmmədli ilə yanaşı çoxsaylı hüquq müdafiəçisi, jurnalist və fəalların həbs edildiyini vurğulayırlar.

İrminger qeyd edir ki, daha əvvəl də həbsə məhkum edilən Anar Məmmədlinin bu dəfə “xarici valyuta qaçaqmalçılığı” ilə ittiham edilir və son dönəmlərdə Azərbaycanda jurnalist və fəalların bu ittihamla həbs edilməsi adi hala çevrilib.

Məktubda Söyüdlü kəndində ətraf mühitə vurulan zərərlə bağlı etirazları işıqlandırmağa çalışan jurnalistlərin həbs edildiyi, müstəqil medianın, o cümlədən Abzas Media, Toplum TV və Kanal 13-ün təqiblərə məruz qaldığı, müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinin tamamilə məhdudlaşdırıldığı qeyd edilir.

Hüquq müdafiəçiləri BMT rəsmisi Saymon Stildən Məmmədlinin və digər siyasi məhbusların azad edilməsini tələb etmək, COP29-da vətəndaş cəmiyyətinin inklüziv iştirakını təmin etmək və konransa ev sahibliyi sazişini dərc etmək üçün öz mövqeyindən istifadə etməyə çağırırlar.

Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.

Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert olan Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 – Ədalət Mühiti Təşəbbüsünün (COP29 – Cimate of Justice Initiative) təsisçilərindəndir.

Anar Məmmədli bundan əvvəl 2013-cü ildə həbs edilib, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda günahlandırılaraq 5 il 6 ay müddətinə məhkum edilib. 2016-cı ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Anar Məmmədlinin və 2013-14-cü illərdə həbs edilən digər tanınmış vətəndaş cəmiyyəti nümayəndələri, jurnalist və fəalların işləri ilə bağlı (Məmmədli qrupu işləri) qərarlarında hökumətin öz tənqidçilərini susdurmaq üçün cinayət qanunvericiliyindən sui-istifadə etdiyini vurğulayıb.

Rəsmi Bakı isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Amerikanın Səsi

11:15, 27 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Uncategorized

Tofiq Yaqublunun məhkəməsində media nümayəndələrinə çəkilişə icazə verilməyib

by Gozetci 10:02, 27 İyul 2024
written by Gozetci

Tofiq Yaqublu

İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib ki, ötən məhkəmədə media nümayəndələrinə məhkəmədən çəkiliş etməyə icazə verilmişdi, lakin bugünkü məhkəmədə buna icazə verilməyib.

“Görünür ki, Tofiq Yaqublunun məhkəmə zalında plakat qaldırması və bunun da media tərəfindən işıqlandırılması onları narahat edib. Bu dəfə hamını bir-bir yoxlayıb içəri buraxdılar və telefonla içəri buraxmadılar. Demirsiniz ki, Tofiq Yaqublu dələduzdur, cinayətkardır? Onda jurnalistlərə imkan verin çəkiliş etsinlər və bütün ölkə də görsün ki, Tofiq Yaqublu cinayətkardır” – deyə, qızı qeyd edib.

Növbəti məhkəmə prosesi avqustun 2-nə təyin olunub.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb.

Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Azərbaycanda son aylar iyirmidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi

10:02, 27 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 09:47, 27 İyul 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə üç şahidin ifadəsi dinlənilib.

Şahidlərdən biri ifadəsində deyib ki, o, Çexiyaya tur üçün viza almaq üçün Hacıyevə müraciət edib və onunla başqa heç bir münasibəti olmayıb. Şahid qeyd edib ki, şəxsən pul verməyib, xidmətə görə köçürmə edib.

Başqa şahid bildirib ki, kurslarda dərs deyib və Hacıyevdən dərs otağı icarəyə götürüb.

Digər şahid isə ABŞ-da kurslarda təhsil almaq üçün Hacıyevin vasitəsilə viza aldığını deyib.

Proses zamanı Hacıyev ev dustaqlığına buraxılması üçün vəsatət qaldırsa da, məhkəmə vəsatəti təmin etməyib.

Hacıyevin ikinci vəsatəti məhkəməyə gəlməyən şahidlərlə bağlı olub. Hacıyev onların ifadələrini ilkin istintaqda açıqlamağı təklif edib. Məhkəmə vəsatəti təmin edib və növbəti iclası avqustun 2-nə təyin olunub.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Amerikanın Səsi

09:47, 27 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Keçmiş diplomat həbsinə etiraz olaraq aclıq edir

by Gozetci 18:52, 26 İyul 2024
written by Gozetci

Emin İbrahimov

3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan keçmiş diplomat Emin İbrahimov həbsinə etiraz olaraq 3 gündür aclıq edir və aclığı sonadək davam etdirmək fikrindədir. Artıq onun sifəti solğunlaşıb, səhhəti pisləşib, baş ağrıları başlayıb.

Bu barədə vəkil Aqil Layıc İbrahimovla iyulun 26-da görüşündən sonra Amerikanın Səsinə deyib.

Vəkil bildirib ki, İbrahimov karantində saxlanılır.

“Aclıq edən şəxsi karantində saxlamazlar. Karantində olduğu üçün ona hər hansı tibbi yardım göstərilmir. Amma o, aclıq etdiyi üçün xüsusi palataya köçürülməlidir. O dedi ki, karantində saxlanma şəraiti yaxşı deyil. 4-5 nəfər üçün nəzərdə tutulan kameraya 10 nəfər yerləşdiriblər, yatmağa belə şərait yoxdur”, o qeyd edib.

Layıc İbrahimov barədə məhkəmənin həbs qətimkan tədbiri seçməsindən apellyasiya şikayəti verdiyini bildirib.

İyulun 24-də saxlanılan keçmiş diplomat Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.

Vəkilin sözlərinə görə, Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.

“Emin hadisəni belə təsvir edir: “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında mənzilinin təmiri ilə bağlı evinə gedərkən tanımadığı adam ona hücum çəkib və paltarını cırmağa başlayıb. Üstündən saniyələr keçən kimi mülki geyimli polislər tərəfindən saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılıb. Emin həmin şəxsi ümumiyyətlə görmədiyini, tanımadığını bildirdi. Həmin şəxsi mənim saxlandığım yerə təcili tibbi yardım avtomobilində gətirmişdilər. Özü qeyd etdi ki, onu izləyiblər və bu qeyd olunan “cinayət” qondarmadır, onun tənqidi mövqeyi ilə bağlıdır”, vəkil qeyd edib.

Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İbrahimov məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

Keçmiş diplomatın polis bölməsində elektroşokla işgəncəyə məruz qaldığı bildirilib. Lakin Daxili İşlərlər Nazirliyindən bu iddia ilə bağlı mövqe almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Emin İbrahimov başqa birinə bıçaqla xəsarət yetirdiyinə görə saxlanılıb.

“Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib”, mətbuat xidmətindən deyiblər.

Ötən il sentyabrın 20-də İbrahimova 30 sutka inzibati həbs cəzası verilib. Məlumata görə o, müharibənin “Rusiyanın əlinə oynayan siyasət” olduğunu yazıb.

Həmin dövrdə Emin İbrahimov Amerikanın Səsinə bildirib ki, saxlanılma zamanı zorakılıqla üzləşib.

“Evə icazəsiz mülki geyimli şəxslər basqın elədilər, mənə heç ayaqqabı belə geyinməyə imkan vermədilər. Məni yazdığım tənqidi fikirlərə görə həbs etdilər. Ölkədəki hazırkı eyforiya dumanı hüquqları daha da məhdudlaşdırmaq, avtoritarizmi gücləndirmək üçün istifadə olunur. Həm daxili, həm də xarici siyasət əl-ələ verərək ilk növbədə ən ali məqsədə – rejimin saxlanması məqsədinə xidmət edir. Bunların strateji kursu ölkəni daha da qaranlığa aparır. Hər keçən il hüquqlarımızın daha da məhdudlaşdırılması mənim uydurmam deyil, faktdır. İrticadan başqa bir şey gözləmək mümkün də deyil”, o qeyd edib.

Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.

2007 – 2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012 – 2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016 – 2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.

Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.

Azərbaycanda son illərdə bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.

Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.

18:52, 26 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fəal Möhyəddin Orucovun işi üzrə məhkəmə prosesi keçirilib

by Gozetci 16:56, 24 İyul 2024
written by Gozetci

Möhyəddin Orucov

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun işi üzrə hazırlıq iclası keçirilib. İşçi Masası hakim Rasim Sadıqovun sədrliyi ilə keçirildiyi prosesdə bir sıra qanunsuzluqlar olduğunu bildirib.

“Məhkəmə ictimaiyyət üçün açıq olsa da, Möhyəddinin anasından başqa prosesə gələn digər insanları məhkəmə zalına buraxmadılar. Üzvümüz məhkəmədə şüşə qəfəsdə saxlanılsa da, onun qolundakı qandalı açmayıblar. Həmçinin, vəkil Nazim Musayev ittiham aktı ilə bağlı verdiyi şikayətlərə görə hakim tərəfindən xəbərdarlıq alıb. Məhkəmə prosesinin başlanmasına baxmayaraq, ittiham aktı hələ də hazır deyil”, deyə Konfederasiyanın yaydığı məlumatda deyilir.

Növbəti məhkəmə prosesi iyulun 30-a təyin olunub.

İşçi Masasının digər üzvü Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.

Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

Azərbaycanda işçi haqlarını müdafiə etdiyinə görə İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının digər 3 üzvü də həbs olunub.

Amerikanın Səsi 

16:56, 24 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Keçmiş diplomat, ictimai fəal Emin İbrahimov saxlanıb (YENİLƏNİB)

by Gozetci 16:11, 24 İyul 2024
written by Gozetci

Emin İbrahimov

İyulun 24-də Nizami rayon Məhkəməsi keçmiş diplomat Emin İbrahimov barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edib.

Bununla da məhkəmə istintaq orqanı olan Nizami rayon Polis İdarəsinin vəsatətini təmin edib.

Məhkəmə qərarına etiraz edən E.İbrahimov aclıq aksiyasına başladığını bildirib.

Müdafiə tərəfi məhkəmə qərarından şikayət verəcəyini qeyd edib.

+++

Keçmiş diplomat Emin İbrahimova Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.-cı (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Bu barədə vəkil Aqil Layıc bu gün, iyulun 24-də məlumat verib.

Vəkilin sözlərinə görə, Emin İbrahimov özünü təqsirli bilmir:

“Özü qeyd edir ki, onu izləyiblər və bu qeyd olunan cinayət qondarmadır, onun tənqidi mövqeyi ilə bağlıdır”.

Vəkilin açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

+++

23 iyul

Keçmiş diplomat, ictimai fəal Emin İbrahimov iyulun 22-də saxlanıb. Onun yaxınlarının bildirdiyinə görə, axşam saatlarında E.İbrahimov zəng edərək Nizami polis İdarəsində olduğunu deyib:

“Dedi ki, onu saxlayıblar. Guya adam bıçaqlayıb. Amma özü bunun olmadığını və günahsız olduğunu söylədi”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən də E.İbrahimovun saxlanması ilə bağlı məlumatı təsdiqləyiblər. Xidmətdən “Turan”a bildirilib ki, E.İbrahimov ilə bir vətəndaş arasında şəxsi zəmində mübahisə yaranıb: “Nəticədə Emin İbrahimov vətəndaşa bıçaqla xəsarət yetirib. Emin İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır”.

Emin İbrahimov: “Quramadır”

Vəkil Aqil Layıc bildirib ki, E.İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə şübhəli şəxs qismində saxlanıb.

Vəkil əlavə edib ki, E.İbrahimovun sözlərinə görə, baş vermiş hadisə quramadır:

“Emin bəy deyir ki, axşam saatlarında Bakıda evindən çıxanda tanımadığı bir şəxs ona hücum edib, dərhal da mülki geyimli şəxslər yaxınlaşaraq onu polis bölməsinə aparıb. Emin İbrahimovun deməsinə görə, Nizami rayon 24-cü polis bölməsində ondan telefon parolunu tələb ediblər, imtina edəndə isə elektroşok veriblər”.

Hələlik, bu deyilənlərə DİN-dən münasibət almaq mümkün olmayıb.

E.İbrahimov Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyində və başqa qurumlarda çalışıb.

O, ötən il, sentyabrın 20-də də saxlanmışdı. E.İbrahimov onda “ziyanlı” informasiya yaymaqda ittiham olunaraq 30 sutkalıq həbs olunmuşdu. Yaxınları isə onun həbsini Rusiya əleyhinə statuslar yazması ilə əlaqələndirmişdilər.

AzadlıqRadiosu

16:11, 24 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia