Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Amnesty İnternational Gürcüstanı azərbaycanlı jurnalistinin ekstradisiyasını dayandırmağa çağırır

by Gozetci 20:38, 05 Avqust 2024
written by Gozetci

Amnesty International, 3 avqustda saxlanılan və Gürcüstanda deportasiya həbsxanasına yerləşdirilən Azərbaycanlı jurnalist Afghan Sadigovun ekstradisiyasını dayandırmaq üçün Gürcüstan hakimiyyətlərinə çağırıb. Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə müavini Denis Krivosheev, Gürcüstan hökumətinin beynəlxalq öhdəliklərinə və geri göndərməmə prinsipinə hörmət etməli olduğunu və Sadigovun Azərbaycan’a ekstradisiyasını dayandırmalı olduğunu bildirib.

Krivosheev, Sadigovun ekstradisiyasının onu ciddi insan hüquqları pozuntuları, o cümlədən işgəncə, qanunsuz həbs və ədalətsiz məhkəmə ilə üzləşdirə biləcəyini vurğulayıb. O, Sadigovun işini Azərbaycanın müstəqil medianın boğulmasına yönəlmiş daha geniş bir tendensiyanın bir hissəsi olaraq təsvir edib və bu tendensiyanın COP 29-a yaxınlaşdıqca gücləndiyini qeyd edib.

Amnesty International həmçinin Azərbaycan hakimiyyətlərini jurnalistlərə və hökumət tənqidçilərinə qarşı siyasi motivli hərəkətlərə son qoymağa və yalnız ifadə azadlığını istifadə etdikləri üçün həbs edilən şəxslərin dərhal azadlığa buraxılmasını tələb edib.

Azel.TV-nin baş redaktoru olan Sadigov, 2023-cü ilin dekabrından bəri Gürcüstanda yaşayır. O, may 2020-də “şantaj” ittihamı ilə yeddi il müddətinə həbs cəzasına məhkum edilib. Amnesty International və digər müşahidəçilər bu ittihamların siyasi motivli olduğunu və ədalətli məhkəmə təminatlarından məhrum olduğunu bəyan ediblər. 2023-cü ilin mayında bağışlandıqdan sonra belə, Sadigov Azərbaycan hakimiyyətlərinin təhdidləri ilə üzləşməyə davam edib, bu səbəbdən ölkəni tərk edib. Son dövrlərdə Gürcüstan hakimiyyətləri onu Türkiyəyə səfər etməyə qadağa qoyub və onun hərəkətini yalnız Azərbaycan ilə məhdudlaşdırıb, burada onun əleyhinə oxşar ittihamlarla yeni cinayət işi açılıb. Sadigovun ailəsi, bu ittihamların onun tənqidi jurnalistikası üçün Azərbaycan hökuməti tərəfindən qisas məqsədilə düzəldildiyini iddia edir.

Amnesty International, müstəqil jurnalistlərin, fəalların və insan hüquqları müdafiəçilərinin COP 29-a yaxınlaşdıqca, saxta ittihamlarla hədəf alındığını vurğulayıb. Sadigovun Gürcüstanda saxlanılması, Gürcüstan məhkəməsinin onun ekstradisiyasına dair son qərarı gözləyərkən onun nəzarət altına alınması ilə baş verib.

Turan

20:38, 05 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Ələsgər Məmmədlinin isti havada tamamilə qapalı şəraitdə qalması onun səhhətində ciddi problem yaradıb

by Gozetci 17:54, 05 Avqust 2024
written by Gozetci

Ələsgər Məmmədli

“1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli həkimin müəyyən etdiyi dərmanları qəbul etsə də, son vaxtlar qan təzyiqi davamlı yüksəkdir. Həbs olunana qədər qan təzyiqindən heç bir əziyyət çəkmədiyi halda indi təzyiqi 100-175 olaraq qalır”.

Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə avqustun 5-də onunla telefon danışığından sonra bildirib.

“Baş ağrılarından çox əziyyət çəkir. İsti havada tamamilə qapalı şəraitdə qalmaq onun səhətində xeyli ciddi problem yaradıb. Üzləşdiyi haqsızlıq və hüquqsuzluq əsəb sisteminə mənfi təsir edib. Bir yandan da boğazındakı şişin nəfəs almağına yaratdığı çətinliyə görə yuxu rejimi pozulub. Öz tanıdığımız doktorların müəyyən etdiyi müalicəni təcridxanada davam etdirsə də, müsbət nəticələr azdır. Əslində doktorlar qalxanabənzər vəzin cərrahi əməliyyatla çıxarılmasını tövsiyə edib. Amma o şəraitdə əməliyyat edilməsi mümkün deyil. Ələsgər bəy iyunun 22-də məhkəmə qərarı ilə özəl klinikada biopsiya əməliyyatına gətirilərkən pis rəftara məruz qalmışdı. Ondan sonra hüquq- mühafizə orqanlarının əlinə təkrar pis rəftar etmək üçün bəhanə vermək istəmir. Nə qədər çətin olsa da, cərrahi əməliyyatdan hələlik imtina edib”, o bildirib.

Nəsimi Məmmədli qeyd edir ki, Ələsgər Məmmədli həbs olunanda onun mobil telefonu əlindən alınıb.

“Asan İmzası istintaq orqanlarında olduğuna görə 6 aydan çoxdur vergi hesabatlarını verə bilmirik. Yeni Asan İmza alınmasına isə etibarnamə lazımdır. Təəssüf ki, heç bir ailə üzvünə etibarnamə verilməsinə imkan yaradılmır. Qanuna görə, notarius təcridxanada onun bu hüququnu gerçəkləşdirə bilər. Amma 6 aydır ki, bu hüquq icra olunmur”, Nəsimi Məmmədli əlavə edib.

Penitensiar Xidmət Məmmədlinin səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.

Amerikanın Səsi 

17:54, 05 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tbilisi məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovu iki ay müddətinə həbs edib

by Gozetci 19:03, 04 Avqust 2024
written by Gozetci

Əfqan Sadıqov

Avqustun 4-də Tbilisi məhkəməsi Azel.Tv saytının rəhbəri Əfqan Sadıqova qarşı 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə Amerikanın Səsinə jurnalistun həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Onun sözlərinə görə, məhkəmə Azərbaycanda Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırıldığını bildirib.

“İyun ayında Bakıda Asan Xidmətə həyat yoldaşıma qarşı cinayət və ya məhkəmə işinin olub-olmaması, axtarışda olub-olmaması ilə bağlı sorğu göndərdim. Sorğuya verilən cavabda sadəcə onun barəsində məhkumluğun olduğu göstərilib”, Sadıqova bildirib.

O hesab edir ki, həyat yoldaşına qarşı cinayət işi saxtadır. Sadıqova bildirib ki, həbs qərarından apellyasiya şikayəti veriləcək.

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalistin Azərbaycan tərəfinin axtarışı əsasında saxlanıldığını bildirib.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları təhdid və hədə-qorxu ilə tələb etdiyinə görə Azərbaycan Respublikası tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Əfqan Sadıqovu sonrakı ekstradisiyası məqsədilə saxlayıb. Həmin şəxs 2024-cü ildən axtarışdadır”, Gürcüstan Daxili İşlər Nazirliyi İnterpressnews nəşrinə bildirib.

Əfqan Sadıqovun vəkili Dimitri Dito Nozadze deyib ki, bu ilin mayında Azərbaycan məhkəməsi hədə-qorxu yolu ilə tələb etmə ittihamı ilə Sadıqovun barəsində axtarış qərarı çıxarıb.

“Gürcüstanın Hüquqları” (Rights Georgia) hüquq müdafiə təşkilatı Tbilisidə həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Bu təşkilat 2017-ci ildə Tbilisidə həbs edilən və Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının maraqlarını da Gürcüstanın Milli Məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib.

“Mövcud məlumata görə, Əfqan Sadıqovu Azərbaycanda yüksək vəzifəli məmura qarşı hədə-qorxu ilə tələbetmə ittihamı elan edən Azərbaycan hökumətinin tələbi əsasında gürcü hüquq mühafizəçiləri həbs edib. Gürcüstan Prokurorluğu ehtiyat tədbiri olaraq Sadıqov barəsində həbs cəzası tələb edir. Gürcüstan tərəfinin Sadıqovun sadələşdirilmiş şəkildə Azərbaycana ekstradisiyasını planlaşdırdığı şübhə doğurur”, “Gürcüstanın Hüquqları” (Rights Georgia) hüquq müdafiə təşkilatı Facebook hesabında bildirib.

Bundan öncə Sadıqov iyulun 17-də Gürcüstandan Ankaraya getmək istəyərəkən Tbilisi aeroportunda saxlanılıb. Jurnalist ölkədən xaricə buraxılmasa da, bir qədər sonra sərbəst buraxılıb.

Sadıqov iyulun 17-də Amerikanın Səsinə deyib ki, onu Tbilisi aeroportunda pasport-nəzarət keçidində saxlayıblar.

Jurnalist Amerikanın Səsinə deyib ki, onun Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyəti verib.

“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam. Hətta Azərbaycanda yaşayan ailə üzvlərimi hüquq-mühafizə orqanlarından zəng edib təhdid ediblər. Deyiblər ki, Əfqan tənqidi yazılarını dayandırmasa, ailənin taleyi heç də yaxşı olmayacaq. Bu səbəbdən Gürcüstanı tərk etmək istəyirik”, o qeyd edib.

Bununla yanaşı, rəsmi Bakı jurnalistin Gürcüstandan çıxışına qadağa qoyulıması ilə bağlı iddiasına hələ münasibət bildirməyib.

Jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi

19:03, 04 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Fərid Mehralızadə və həyat yoldaşının apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 09:06, 04 Avqust 2024
written by Gozetci

Fərid Mehralızadə

Avqustun 3-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” işi üzrə həbs olunan, iqtisadçı Fərid Mehralızadə və həyat yoldaşı Nərgiz Muxtarovanın şikayətinə baxılıb. Onlar bank hesablarının monitorinqinin aparılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından şikayət ediblər. Bu barədə onun həyat yoldaşı Nərgiz Muxtarova məlumat verib.

“26 iyulda Xətai Rayon Məhkəməsi qərar verib ki, ikimizin də hesablarımızda maliyyə monitorinqi keçirilsin. Biz qərarın məzmunu ilə tanış deyilik. Fərid məhkəmədə çıxışında bildirdi ki, onun bu işlə heç bir əlaqəsi yoxdur, onun haqqında verilən qərarlar absurddur. Dedi ki, məhkəmənin qərarı ilə bağlı hansısa gözləntisi yoxdur”, deyə, Mehralızadənin həyat yoldaşı bildirib.

Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Muxtarovanın sözlərinə görə, məhkəmə 2018-2024-cü il aralığında araşdırma aparılması ilə bağlı qərar verib:

“Biz 2022-ci ildə nikaha girmişik və 2018-ci ildə ümumiyyətlə tanış deyildik. Niyə belə bir müddət nəzərdə tutublar, nəyə əsasən məni də bura daxil ediblər bilmirik”.

“Abzas Media” işi ilə bağlı nə baş verib?

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi

09:06, 04 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanlı jurnalist Gürcüstanda saxlanılıb

by Gozetci 21:31, 03 Avqust 2024
written by Gozetci

Əfqan Sadıqov

Ötən ildən Gürcüstanda yaşayan azərbaycanlı jurnalist, “Azel TV” internet kanalının rəhbəri Əfqan Sadıqov avqustun 3-də Tbilisidə saxlanılıb.
Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova sosial mediada saxlanılma anını əks etdirən video yayıb.
Sevinc Sadıqova deyib ki, həyat yoldaşını saxlayanlar özlərini Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim ediblər.
“Azərbaycanda yaşadığımız repressiya Gürcüstanda da davam edir. Hara aparırlar, bilmirik”, –jurnalistin həyat yoldaşı Sevinc Sadıqova deyib.
İyulun 18-də ailə üzvləri ilə Türkiyəyə uçmağa hazırlaşan Əfqan Sadıqov Tbilisi hava limanında saxlanılıb. Pasport nəzarət yoxlanışı zamanı bildirilib ki, onun Azərbaycandan başqa bütün ölkələrə uçuşuna qadağa qoyulub.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Əfqan Sadıqov Bakıya ekstradisiya olunacaq. Belə ki, Azərbaycanda onun barəsində şantaj maddəsi ilə cinayət işi açılıb. Əfqan Sadıqov isə yutub kanalında etdiyi tənqidi çıxışlarına görə repressiyaya məruz qaldığını deyib.
2020-ci ildə pul tələb etmək ittihamı ilə 4 il müddətinə həbs edilən Əfqan Sadıqov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. O iki il həbsdə saxlanılandan sonra əfv sərəncamı ilə azadlığa buraxılıb.
AbzasMedia
21:31, 03 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP üzvü 3 il müddətinə azadlıqdan məhrum edilib

by Gozetci 18:25, 02 Avqust 2024
written by Gozetci

Elnur Həsənov

Avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elnur Həsənova hökm oxunub.

Elnur Həsənov Cinayət Məcəlləsinin 234.1.-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə təqsirli bilinərək, 3 il azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı məhkəmədə iddia edib ki, fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik əldə etmə, daşıma – satış məqsədilə törədildikdə) maddəsilə irəli sürülmüş ittiham məhkəmədə sübuta yetirilib. O, bu maddə ilə onun 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə çıxış edən vəkil Nemət Kərimli isə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs heç bir cinayət törətmədiyi halda, 8 aydan çoxdur həbsdə saxlanılır. Vəkilin sözlərinə görə, Elnur Həsənov saxlanılarkən onun üzərindən narkotik tapılmasını təsdiqləyən heç bir sübut yoxdur. Müvəkkilinin siyasi baxışlarına görə cəzalandırıldığını vurğulayan vəkili xatırladıb ki, həbsindən əvvəl Elnur Həsənov “Facebook” hesabında yol polislərinin fəaliyyətini tənqid edib.

Vəkil deyib ki, Elnur Həsənovun işində əməliyyat-axtarış fəaliyyəti haqqında qanun da daxil olmaqla, bir çox hüquqi norma pozulub.

Nemət Kərimli Elnur Həsənovun işi üzrə dindirilmiş iki polisin ifadəsinin sözbəsöz eyni olmasını, hətta eyni hadisədən bəhs olunsa belə, iki ifadənin eyni olmasının mümkün olmadığını vurğulayıb. Çıxışının sonunda Nemət Kərimli fəala bəraət hökmü verilməsini istəyib.

Elnur Həsənov son sözündə bildirib ki, AXCP üzvü olduğuna görə cəzalandırılır. O da həbsindən əvvəl yol polislərinin fəaliyyəti barədə sosial mediada yazdığını, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun istefasını tələb etdiyini və bundan dərhal sonra həbs olunduğunu deyib.

O, saxlanılarkən və daha sonra polis bölməsində işgəncəyə məruz qaldığını, bu yolla onu etiraf ifadəsinə imza atmağa məcbur edildiyini bildirib:

“Orada da yazıblar ki, guya yerdən tapmışam. Narkotik bostanda bitir? Yerdə tökülüb ki, hamı elə yerdən tapır? Bu qədər yalan, saxtakarlıq olar?”.

Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə hakimlər müşavirədən sonra elan edib ki, ittiham dəyişdirilib və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunub və ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Elnur Həsənova istintaq dövründə verilmiş ittihamda – Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində cəza 5 ildən 12 ilə qədər idisə, bu maddədə 3 ildən 8 ilədəkdir.

Fəal 2023-cü il noyabrın 28-də Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilib. O, hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bir qayda olaraq bildirir ki, saxlanılan insanlar özünü müdafiə xatirinə günahsız olduqlarını, əqidələrinə görə həbs edildiklərini deyirlər.

Amerikanın Səsi 

18:25, 02 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fazil Qasımov 49 gündür aclıq edir

by Gozetci 18:11, 01 Avqust 2024
written by Gozetci

Fazil Qasımov

49 gündür Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq edən Fazil Qasımovun vəziyyəti kritik olaraq qalır. Bu barədə Turan agentliyinə onun vəkili Rövşanə Rəhimova avqustun 1-də Qasımova baş çəkdikdən sonra bildirib.

“Onun arterial təzyiqi 70/50 səviyyəsindədir, böyrəklərdə və ayaqlarda şiddətli ağrı var, artıq ayaq üstə dayana bilmir, çəkisi təxminən 50 kiloqramdır.

Mən və müalicə müəssisəsinin administrasiyası aksiyanı dayandırmasını xahiş etdik, buna baxmayaraq, o, aclığı davam etdirəcək”, – vəkil deyib.

* Fazil Qasımov 7 avqust 2023-cü ildə Türkiyədə saxlanılıb və Azərbaycana gətirilib. O,  Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil qrupun tərkibində saxta pulların hazırlanması, alınması və ya satışı) maddəsilə ittiham olunub.

İstintaq bildirir ki, o, saxta pulları sonradan həbs olunmuş müxalifətçi siyasətçi Qubad İbadoğluna verib.

Bu yaxınlarda Qasımov baş prokuror, ombudsman, yerli və beynəlxalq ictimaiyyətə müraciətində bildirib ki, bu ifadələri işgəncə altında verib. O,  ifadələrdən imtina edərək İbadoğluna saxta pul vermədiyini, onunla heç vaxt FETO (Türkiyədə terror təşkilatı kimi tanınan Fətullah Gülən hərəkatı) mövzularında müzakirələr aparmadığını bildirib. Fazil Qasımov əsassız cinayət təqibinə və istintaqın əvvəlində məruz qaldığı işgəncələrə etiraz olaraq iyunun 14-dən aclıq edir.

Turan

18:11, 01 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Emin İbrahimov 9 gündür istintaq təcridxanasında aclıq edir

by Gozetci 17:00, 01 Avqust 2024
written by Gozetci

Emin İbrahimov

Keçmiş diplomat Şüvəlan İstintaq Təcridxanasında saxlanılan Emin İbrahimov əsassız həbs olunmasına etiraz edərək 9 gündür aclıq edir. O, cinayət təqibi dayandırılana qədər aclığı davam etdirmək niyyətindədir, İbrahimovun yaxınları Turan-a bildiriblər.

Öz növbəsində hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, istintaq təcridxanasının administrasiyasının göstərişilə İbrahimov məhkumlar tərəfindən təhdidlərə məruz qalıb.

İctimaiyyətin diqqətini cəlb etdikdən sonra İbrahimov 2 nəfərlik kameraya köçürülüb. Ancaq bu, kifayət deyil, tibbi-sanitariya hissəsinə köçürülməli və tibbi nəzarətə verilməlidir, hüquq müdafiəçisi hesab edir.

“Emin İbrahimov “vicdan məhbusu”dur. İfadə azadlığı kontekstində həbs edilib. Azad fikirlərinə görə işgəncəyə, pis rəftara məruz qalıb. Emin İbrahimovun timsalında siyasi məhbuslara göstərilən münasibət Azərbaycanda hüquqi nihilizmin öz apogeyində olmasından xəbər verir. İbrahimovun həyat və sağlamlığına görə məsuliyyəti birbaşa ölkə rəhbərliyi daşıyır”, – Səfərov deyib.

Emin İbrahimov iyulun 22-də saxlanılıb. 2 gündən sonra o, Qaraçuxur qəsəbəsinin sakini Kamal Şükürova bıçaq xəsarəti yetirməkdə ittiham olunub (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi, silahdan istifadə etməklə qəsdən sağlamlığa zərər vurma) və 221.1-ci maddə (xuliqanlıq). O bu ittihamları rədd edib və cinayət işini hakimiyyəti tənqid etməsilə əlaqələndirib.

Keçmiş diplomat Emin İbrahimov 2007- 2020-ci illərdə diplomatik xidmətdə olub. 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi, 2016-2020-ci illərdə Uruqvayda müvəqqəti işlər vəkili olub.

13 Mart 2020-ci ildə ölkədə seçki hüququ və azadlıqların yatırılmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi verib və diplomatik fəaliyyətindən gedib. Bundan sonra vətəndaşların hüquqlarının pozulmasına və saxtakarlığa görə Azərbaycan hakimiyyətini tənqid edib, KİV və sosial şəbəkələrdə çıxış edib.

Turan 

17:00, 01 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Dövlət Departamenti Azərbaycanda insan hüquqları ilə bağlı duruma “diplomatiya” ilə diqqət yetirir

by Gozetci 09:42, 01 Avqust 2024
written by Gozetci

ABŞ Azərbaycanda insan hüquqları sahəsində mövcud duruma “diplomatiya” ilə diqqət yetirir.

Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel iyulun 30-da ənəvi brifinqdə Turan Agentliynin Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin, o cümlədən keçmiş diplomatın və milli azlıq fəalının son həbsləri ilə bağlı sualının cavabında deyib.

“Biz diqqətimizi diplomatiyaya yönəltməyə davam edəcəyik”, o qeyd edib.

ABŞ-ın bu problemi həll etmək üçün istifadə edə biləcəyi başqa vasitələr barədə suala cavabda Patel deyib: “ABŞ-ın başqa üsulları yoxdur”.

Xatıraladaq ki, yerli hüquq müdafiəçiləri ölkədə üç yüzdən çox insanı siyasi məhbus kimi tanıyıb. Ötən həftə, iyulun 24-də daha bir hökumət tənqidçisi, keçmiş diplomat Emin İbrahimov Bakıda bıçaqla xəsarət yetirmək ittihamı ilə saxlanılıb. İbrahimov ittihaı qəti şəkildə rədd edir və siyasi kimi qiymətləndirir. Bundan əlavə, hakimiyyət iyulun 22-də etnik talış tədqiqatçısı İqbal Əbilovu dövlətə xəyanət və etnik ədavətin qızışdırılması ittihamı ilə həbs edib.

Patelin dedikləri Dövlət Departamentinin sözçüsü Metyu Millerin Azərbaycandakı son həbslərlə bağlı X platformasında narahatlığını ifadə etməsindən bir neçə gün sonraya təsadüf edir, o növbəti dəfə hökuməti tanınmış alim Qubad İbadoğlunu və “haqsız yerə həbs edilən bütün digər şəxsləri” azad etməyə çağırıb.

Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə insanların iradəsinə görə təqib edilmədiyini bildirir və tənqidlətri qəbul etmir.

Amerikanın Səsi 

09:42, 01 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququGəncə–DaşkəsənHüquq PozuntularıSliderXƏBƏRLƏR

İlkin Süleymanov: Əvvəldən plan belə olub ki, cinayət mənim boynuma qoyulsun

by Gozetci 20:33, 31 İyul 2024
written by Gozetci

İlkin Süleymanov

İyulun 31-də Gəncə Apellyasiya Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı oğurlamaqda, 47 gün sonra onu öldürüb, meyitini isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökmdən verdiyi şikayətə baxılıb. Məhkəmə İlkin Süleymanov haqqında hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Vəkil Əlibaba Rzayev məhkəmədə çıxışında bildirib ki, İlkin Süleymanovun 4 gün Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanması araşdırılmayıb:

“4 gün polis şöbəsində qandallı vəziyyətdə saxlanmaq işgəncədir. Bu müddətdə o, mənəvi, psixoloji işgəncələrlə yanaşı, fiziki işgəncələrə də məruz qalıb. Mən 10 gündən çox idi ki, onun vəkiliydim, amma görüşməyə qoymurdular. 2020-ci ili yanvarın 23-də İlkin haqqında həbs qətimkan tədbiri qərarından apellyasiya şikayətinə baxılanda onunla görüşdük. Həmin vaxt üzərində işgəncə izləri vardı. Hakim Teyyub Muxtarov özü də gördü xəsarətləri. Məhkəmənin borcu idi ki, işgəncə faktını araşdırsın. Adamın 4 gün işgəncə altında saxlanmasının özü ona bəraət vermək üçün əsasdır. Mən hələ başqa pozuntuları demirəm”.

İlkin Süleymanov bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi onu heç bir sübut olmadan 18 il azadlıqdan məhrum edib.

Onun sözlərinə görə, 2020-ci il yanvarın 6-da saxlansa da, ilk dəfə yanvarın 8-də şahid qismində dindirilib. Onda da deyib ki, bu cinayətin ona aidiyyəti yoxdur, sadəcə, evdən çıxanda yolun o tərəfində yanğın görüb yaxınlaşıb. Yanvarın 8-də onların evində də axtarış aparılıb, bu cinayətlə bağlı heç bir sübut aşkarlanıb, bu barədə protokol da var:

“Bəs niyə məni buraxmadılar? Ayın 8-dən sonra da saxladılar. Çünki əvvəldən plan belə olub ki, bu cinayət mənim boynuma qoyulsun”.

Məruz qaldığı işgəncələrdən danışan İlkin Süleymanov qeyd edib ki, ayaqlarının altına dəyənəklə zərbələr endirilib, başına qazan keçirilərək, dəyənəklə vurulub, elektroşok verilib və s. Hətta Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada olmuş dustaqlar məhkəmədə dindiriləndə də təsdiqləyiblər ki, İlkin Süleymanov kameraya gətiriləndə üzərində ciddi xəsarətlər vardı:

“Mənə dövlət hesabına vəkil verilmişdi, Araz Əhmədov. O isə mənə vəkillik eləmirdi, əksinə, mənim əleyhimə addımlar atırdı. Məni evimizə çəkilişə aparanda işgəncə izlərinə görə ayaqqabı geyinə bilmirdim. Ona görə tərlik verdilər. Videoda da görünür. Məni həbs qərarı üçün məhkəməyə gətirəndə polislər, prokurorluq işçiləri – hamısı orada idi. Polis rəisi Şirzad Əsgərov əvvəldən axıra qədər məhkəmədə oldu. Mən onların yanında necə deyəydim ki, cinayəti mən eləməmişəm? Axı məhkəmədən sonra yenə o şöbəyə qayıdacaqdım”.

İlkin Süleymanov xatırladıb ki, Nərmin Quliyeva itkin düşəndən bir həftə sonra Cinayət Məcəlləsinin 120.2.9-ci maddəsilə cinayət işi başlanıb.

“Bəlkə uşaq tapılacaqdı? Bəlkə qayıdıb gələcəkdi? Hardan bilirdilər ki, uşaq qətlə yetirilib? Deməli, bu planlar əvvəldən qurulub”.

İlkin Süleymanov təqsirsiz olduğunu vurğulayıb, cinayətkarların əvəzinə 5 ilə yaxındır ki, günahsız olaraq cəza çəkdiyini deyib:

“Mənim təqsirsiz olduğumu təsdiqləmək üçün başqa sübutlara ehtiyac yoxdur. Vəkillərimin, mənim burada sadaladıqlarımızın bir neçəsi nəzərə alınsaydı, kifayət idi. Çox təəssüf ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində ya sifarişlə, ya göstərişlə vicdansızcasına hökm çıxarıldı. Gec və ya tez həqiqət ortaya çıxacaq. Çox istərdim ki, bu işi bizim yerli məhkəmələrimiz görsün. Təqsirsiz adamın nahaqdan cəza çəkməsi dövlətin adına ləkədir”.

Bundan sonra hakimlər müşavirəyə gedib və təxminən 1 saat sonra geri qayıdaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan edib.

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1-ci (oğurlanmış şəxsə əzab vermə), 133.2.4-cü (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Amerikanın Səsi 

20:33, 31 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia