
İmran Əliyevi
Bu gün Bakının Xətai Rayon Məhkəməsi “Meclis.info” saytının təsisçisi İmran Əliyevin həbs müddətinin daha 3 ay uzadıb.

İmran Əliyevi
Bu gün Bakının Xətai Rayon Məhkəməsi “Meclis.info” saytının təsisçisi İmran Əliyevin həbs müddətinin daha 3 ay uzadıb.

Anar Məmmədli
Avqustun 22-də Bakının Xətai Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin barəsində verilən həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Ülvi Həsənli
Jurnalist təcridxanadakı işgəncə faktlarını ictimailəşdirdikdən sonra təxribatlarla üzləşdiyini deyir
“Abzas Media”nın 9 aydan çoxdur həbsdə saxlanılan direktoru Ülvi Həsənlinin təcridxanada ölümlə təhdid edildiyi bildirilir.
Bu barədə Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva Facebook hesabında yazıb.
Rübabə Quliyeva qeyd edib ki, Ülvi Həsənli telefon danışığında saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktlarını ictimailəşdirdikdən sonra kamerasındakı bir nəfərin ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər etdiyini bildirib.
“Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı Siyavuş adlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən “lezva” çıxararaq Ülvini kəsəcəyi ilə hədələyib.
Onu da qeyd etdi ki, məhz onun məktubu ictimailəşəndən sonra həmin şəxs davamlı olaraq təcridxananın rəisi Elnur İsmayılovla kabinetində görüşüb”, – deyə Rübabə Quliyeva yazıb.
Paylaşımda həmin şəxsin özünün dəfələrlə Ülvi Həsənliyə hökmünün azaldılmasında 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun birbaşa rolunun olduğunu söylədiyi vurğulanıb.
“Onun barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, Siyavuş adlı bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar”, – deyə Rübabə Quliyevanın paylaşımında qeyd olunub.
O həmçinin bildirib ki, Ülvi Həsənli bu barədə məlumatı ona ötən həftə görüşdükləri zaman verib.
Məsələ ilə bağlı Ülvi Həsənli və vəkili Zibeydə Sadıqova təcridxana rəisinə, rəis müavininə 10 gündən çoxdur şikayətlərini ünvanlasalar da, dəyişən heç bir şeyin olmadığını bildiriblər.
Rübabə Quliyeva həyat yoldaşının təhlükəsizliyindən narahat olduğunu qeyd edib.
“Siyavuş adlı bu şəxs çox təhlükəlidir. Aydın görünür ki, məqsədli şəkildə bu təxribatlara əl atır. Onun hətta gecə yatdığı yerdə Ülviyə hücum etmək ehtimalı var. O zaman buna görə kim cavab verəcək?”.
Rübabə Quliyeva paylaşımının sonunda Ombudsman aparatının, Penitensiar Xidmətin bu işi dərhal araşdırmalarını, Ülvi Həsənlinin təhlükəsizliyinin təmin edilməsini tələb edib.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Avqustun 19-da jurnalistlərə qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş böyük məbləğdə pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb.
Jurnalistlər onlara qarşı irəli sürülmüş ittihamların uydurma olduğunu deyir, “Abzas Media”nın yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin korrupsiya əməllərinə dair dərc etdiyi araşdırmalara görə təqib olunduqlarını bildirirlər.
Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları “Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırış ediblər.
AbzasMedia

Mərkəzi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) avqustun 20-də “Abzas Media” əməkdaşlarına qarşı yeni ittihamların irəli sürülməsini qınayan bəyanat yayıb.
Bəyanatda deyilir ki, son günlərdə azərbaycanlı müstəntiqlər korrupsiya araşdırmaları aparan “Abzas Media” müstəqil onlayn nəşrinin altı jurnalistini Qərb donor təşkilatlarından maliyyələşdirmə iddiası ilə bağlı yeddi yeni iqtisadi cinayətdə ittiham edib.
“Azərbaycan hakimiyyətinin “Abzas Media”nın həbsdəki araşdırmaçı jurnalistlərinə qarşı yeni ittihamlar irəli sürməsi yüksək vəzifəli məmurların korrupsiyasını cəsarətlə ifşa edən bir media orqanına qarşı qisasçılıq motivinə dəlalət edir. Hökumət “Abzas Media” əməkdaşlarına qarşı bütün ittihamları ləğv etməli və Qərbdən maliyyə dəstəyi aldığı iddiası ilə saxlanılan bütün jurnalistləri dərhal azadlığa buraxmalıdır”, – JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.
Polis “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov və jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımovanı 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına qədər valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edib.
Təşkilatın bəyanatında qeyd edilir ki, bu jurnalistlər Azərbaycanla Qərb arasında münasibətlərin gərginləşməsi fonunda Qərbdən gəldiyi iddia edilən donor maliyyələşdirməsi ilə bağlı valyuta qaçaqmalçılığı etməkdə ittiham olunan dörd müstəqil media orqanının 13 əməkdaşı arasındadırlar.
Onlara qarşı irəli sürülən yeni maddələrlə jurnalistlər xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınmada ittiham olunurlar.
“Abzas Media”nın repressiyalardan ehtiyat edərək adının gizli saxlanılmasını istəyən bir əməkdaşı Jurnalistləri Müdafiə Komitəsinə jurnalistlərin bu ittihamları rədd etdiyini bildirib. Onlar ittihamları “Abzas Media”nın yüksək səviyyəli korrupsiya araşdırmalarına son qoymaq cəhdi” kimi qiymətləndiriblər.
Təşkilatla danışan Ülvi Həsənli və Elnarə Qasımovanın vəkilləri Zibeydə Sadıqova və Bəhruz Bayramovun sözlərinə görə, yeni ittihamlar potensial həbs müddətini 8 ildən 12 ilə qədər artırıb.
Jurnalistləri Müdafiə Komitəsi bəyanatın sonunda qeyd edir ki, qurumun şərh almaq üçün Azərbaycan Daxili İşlər Nazirliyinə göndərdiyi elektron məktuba cavab verilməyib.
Abzas Media

Vəkillərin sözlərinə görə, “Abzas Media işi” üzrə həbs olunan hər 4 şəxsə Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb.
Ülvi Həsənli, Sevinc Vaqifqızı və Elnarə Qasımova ittiham aktını imzalamaqdan imtina ediblər.
Bundan əvvəl isə “Abzas Media işi” üzrə həbs olunan direktor müavini Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova və iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə yeni ittiham irəli sürülüb.
“Abzas Media” işi ilə bağlı nə baş verib?
“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Amerikanın Səsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli
Avqustun 19-da Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Şikayət AXCP Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev tərəfindən verilib.
Aydın Əliyev və onun vəkili Elvin Əliyev məhkəmədə bildiriblər ki, avqustun 19-da müqavilə bağladıqlarına görə etibarnamə verməyə vaxt olmayıb. Etibarnamə olmadığına görə Elvin Əliyev məhkəmə prosesinə iştirakçı kimi buraxılmayıb. Lakin o, vəkillər üçün ayrılmış masanın arxasında əyləşib, Aydın Əliyevin hüquqları, şikayətilə bağlı çıxış edib.
Əli Kərimli və vəkili Fəxrəddin Mehdiyev proses iştirakçısı olmadığı halda, Elvin Əliyevin çıxışına imkan verilməsinə etiraz edib.
Aydın Əliyev məhkəməyə sənəd təqdim edərək bildirib ki, şikayətinə yeni əlavəsi var. O, avqustun 13-də keçirilən məhkəmə iclasında da şikayətə əlavə təqdim etmişdi.
Hakim Babək Pənahov şikayətə əlavəni elan edərək bildirib ki, Aydın Əliyev məhkəməyə təqdim etdiyi ilkin iddiada Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə cəzalandırılmasını tələb edirdi. Bu şikayətdə isə həm də Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsini əlavə edib.
AXCP sədrinin vəkili əlavənin qəbuluna etiraz edərək bildirib ki, cinayət-prosessual qanunvericilikdə xüsusi ittiham qaydasında qaldırılmış şikayətə əlavə verilməsi nəzərdə tutulmayıb. Lakin ötən iclasda da Aydın Əliyev şikayətə əlavə vermişdi və qəbul edildi:
“Qətiyyən qəbul edilməməlidir. Çünki qanunda nəzərdə tutulmayan bir sənəd məhkəməyə təqdim olunur və məhkəmə də ona baxırsa, bu, məhkəmə praktikası üçün ləkədir”.
Vəkil Fəxrəddin Mehdiyev xüsusi ittiham qaydasında qaldırılan şikayətlərin icraata qəbulu ilə bağlı Ali Məhkəmənin Plenumunun qərarını da məhkəmənin diqqətinə çatdırıb.
Aydın Əliyevin vəkili Elvin Əliyev çıxş edərək, buna etirazını bildirib. Ona çıxış imkanının yaradılması isə Əli Kərimlinin etirazına səbəb olub:
“Bu adam hansı statusla burada çıxış edir? Proses iştirakçısı olmadığı halda, hamımızdan da çox danışır. Bu adam çıxış edirsə, o zaman məhkəmə zalında oturanların hər biri çıxış edə bilər”.
Aydın Əliyev və vəkili hakimdən vaxt istəyiblər. Onlar bildirib ki, müdafiə hüququnun müdafiəsi baxımından onlara vaxt verilməlidir.
Əli Kərimlinin vəkili isə etiraz edərək bildirib ki, müdafiə hüququ konstitusion hüquqdur, amma hüquqlardan sui-istifadə də qadağandır:
“İddia ərizəsinin məhkəməyə verilməsindən nə qədər vaxt keçib. Bir həftə əvvəl də hazırlıq iclası olmuşdu. Niyə bu günə saxlayıb müqavilə bağlamağı? Hazırlıq iclası niyə uzadılmalıdır?”.
AXCP sədri də etiraz edərək deyib ki, onunla bağlı məhkəmə işi siyasi prosesdir. Bu səbəbdən də məhkəmədə qanunların pozulmasına göz yumulur:
“Hansı qanuna, hansı maddəyə əsasən şikayətə əlavələr verilir və qəbul olunur? Hakim olaraq qərar elan elədiniz ki, bu şəxs prosesə buraxılmır. Amma bayaqdan çıxış edir. Şikayətin mahiyyətinə gəlincə, qanun deyir ki, yalan olduğunu bilə-bilə yayılan, şərəf və ləyaqəti aşağılayan məlumata görə məsuliyyət daşıyırsan. Mən hansı yalan məlumatı yaymışam? Hansı formada şərəf və ləyaqətini aşağılamışam? Özü də şikayətində yazdığı kimi, demişəm ki, AXCP-nin siyasi xəttinə zidd davranışlarına, hakimiyyətlə əməkdaşlığına görə partiyanın Rəyasət Heyətinin 19 iyun 2019-cu il tarixli qərarı ilə uzaqlaşdırılıb. Aydın Əliyev İctimai Nəzarət Koalisiyası adlı bir quruma üzv olub. Bu qurumun yaydığı məlumat və fotolardan da görünür. O təşkilatın mərkəzi ofisində Heydər Əliyev Muzeyi, İlham Əliyev guşəsi var. “Hakimiyyətlə əməkdaşlıq edir” deməyim onun şərəf və ləyaqətini aşağılayır? Bu cür yanaşmanın özü minlərlə adamı təhqir eləməkdir. Çünki bu hakimiyyətlə əməkdaşlıq edən minlərlə adam var. Deməli, bunun özü hesab edir ki, hakimiyyətlə əməkdaşlıq etmək təhqirdir”.
Əli Kərimliyə qarşı şikayətdə Aydın Əliyevin böhtan kimi qiymətləndirdiyi fikirlərdən biri də onun məhkəmə qərarı ilə zorla partiyaya qaytarılmasıdır. Əli Kərimli bunun da həqiqət olduğunu deyir:
“Partiyada insanlar həmfikirləri, əqidə yoldaşları ilə birlikdə olmaq istəyir. Bu gün partiyada bir nəfər də Aydın Əliyevi orada görmək istəmir. Amma məhkəmə qərar verir ki, bərpa olunmalıdır. Məhkəmə icraçılarının bizə göndərdiyi xəbərdarlıq məktubları var. Birində yazır ki, “bərpa eləməsəniz, məhkəmə qərarının icra olunmamasına görə inzibati və cinayət məsuliyyəti daşıyırsınız”. Başqa bir məktubda yazır ki, “qərar icra olunmasa, əmlakınız siyahıya alınacaq”. Bu, zorla bərpa olunmaq deyilsə, bəs nədir? Müxalifət liderini cəzalandırma üçün hüququ, qanunları ayaqlar altına atıblar. Mən də bilirəm ki, hansı sifariş gəlsə, siz də onu icra edəcəksiniz. Bu qədər absurd olmaz”.
Aydın Əliyevin vəkilinə etibarnamə verməsi və digər problemləri həll etməsi üçün məhkəmə prosesi avqustun 26-a qədər təxirə salınıb.
AXCP bəyanatında bildirib ki, bundan Aydın Əliyevin şikayətləri əsasında Nəsimi Rayon Məhkəməsi AXCP-nin axırıncı qurultayının qərarlarını (o cümlədən Əli Kərimlinin AXCP sədri seçilməsi haqda qərarı) ləğv edib.
“Bakı Apellyasiya Məhkəməsi partiyanın fəaliyyətinin dayandırılması barədə iddiaya baxmağa başlayıb. Hakimiyyət buna qədər də Əli Kərimliyə qarşı dəfələrlə cinayət işi başladıb. Bir neçə dəfə məhkəmələrdəki ifadələrlə təsdiq olunub ki, həbs edilmiş müxtəlif şəxslərdən işgəncə yolu ilə Əli Kərimlinin əleyhinə saxta ifadə almaq istəyiblər. Əli Kərimli dəfələrlə rejimin fiziki zorakılığına məruz qalıb (ən ağırı 19 oktyabr 2019-cu ildə razılaşdırılmamış yürüş-mitinq zamanı olub), onun 18 ildir vətəndaşlıq pasportu verilmir, 4 ildir internet və mobil telefon xidmətindən istifadəsi məhdudlaşdırılıb, özü daimi təqib və izləmə altındadır” – deyə, bəyanatda qeyd edilir.
AXCP sədri Əli Kərimli ilə bağlı məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən Aydın Əliyev Amerikanın Səsinə iddiasını təsdiq edib.
O bildirib ki, AXCP sədri bilə-bilə müxtəlif internet televiziya kanallarında və nəşrlərdə ona böhtan atıb. Aydın Əliyev müxtəlif zamanlarda iddia edib ki, “Əli Kərimli sözdə demokratiya uğrunda mübarizə apardığını desə də, əslində partiya daxilində sərt diktatura rejimi yaradıb”.
Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.
AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb.
Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
AXCP özünə qarşı bu repressiv addımları qətiyyətlə pisləyir və hakimiyyətdən başlatdığı “absurd məhkəmə təqiblərini” dərhal dayandırmağı tələb edir.
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.
Amerikanın Səsi

Məhəmməd Kekalov
Avqustun 16-da “Abzas Media işi” üzrə həbs olunan Məhəmməd Kekalova qarşı da yeni 7 ağır maddə ilə ittiham irəli sürüldüyü məlum olub.

Fərid Mehralızadə
Avqustun 16-da “Abzas Media işi” üzrə həbs olunan iqtisadçı Fərid Mehralızadəyə qarşı 7 ağır maddə ilə yeni ittiham irəli sürülüb.

Tofiq Yaqublu
Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmədə Tofiq Yaqublu bildirib ki, Penitensiar Xidmətin əməkdaşları onun müdafiə hüququnu pozurlar. Siyasətçinin istintaq materialları ilə əlaqədar apardığı qeydlərlə bağlı yazdığı vərəqlər əlindən alınır. Vəkil Aqil Layıc bununla bağlı vəsatət verib. Məhkəmə Tofiq Yaqublunun sənədlərinin geri verilməsi ilə bağlı vəsatəti təmin edib.
Tofiq Yaqublun qızı Nigar Həzinin sözlərinə görə, məhkəmədə jurnalistlərin çəkiliş etməyinə icazə verilmir, lakin başqa proseslərdə jurnalistlərin çəkiliş etməsi təmin olunur:
“Əgər siz haqlı tərəfsinizsə və deyirsinizsə ki, Tofiq Yaqublu mənim pulumu mənimsəyib, çıxın mətbuat önünə. Jurnalistlərə deyin ki, Tofiq Yaqublu mənə 1 günə Almaniya vizası və Almaniyada oturum söz verib. Zərərçəkmiş kimi tanınan şəxs məhkəmədən hakimlərin çıxdığı arxa qapıdan çıxır. Burada bir zərərçəkən var, o da Tofiq Yaqubludur. İki prosesdə hakim jurnalistlərə icazə verdi ki, 2-3 kadr götürsün, foto çəksin, amma sonra hakimlərə təpindilər, artıq icazə verilmir”.
Məhkəmə vəkil Aqil Layıcın verdiyi daha bir vəsatəti təmin edib. Vəsatət zərərçəkmiş kimi tanınan Elşən Hüseynovun gəlirlərinin mənbəyi ilə bağlı olub.
Növbəti məhkəmə prosesi avqustun 23-ə təyin olunub.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.
Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Amerikanın Səsi

Əvəz Zeynallı
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının hər iki gözündə cərrahi əməliyyat keçirilməsinə baxmayaraq görmə qabiliyyəti zəifləməkdə davam edir. Həkimlər hesab edir ki, onun gözündəki problem böyükdür və görmə qabiliyyətini itirə bilər. Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib.
Vəkilin dediyinə görə, jurnalistin humanitar qaydada həbsdən azad edilməsi üçün müdafiə tərəfi məhkəməyə müraciət etmək fikrindədir.
Vəkil Əvəz Zeynallı ilə bağlı apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verildiyini də bildirib.
Bu il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə Əvəz Zeynallını Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilib.
Jurnalist ittihamları qəbul etmir və özünü təqsirkar bilmir. Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.
“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı 2023-cü il sentyabrın 9-da həbs edilib.
Bir çox beynəlxalq qurumlar, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa Şurasının İnsan Haqları üzrə Kommissarı Zeynallının dərhal azadlığa buraxılmasına çağırıb.
Amerikanın Səsi
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az