Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməyə çağırıb

by Gozetci 15:27, 20 Sentyabr 2024
written by Gozetci

Sentyabrın 17-19-da Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin  qərarlarının icrasına nəzarət məsələlərinə baxılıb.

Bu məsələlər arasında Azərbaycandan işlər də olub, Turan-a Avropa Şurasının mətbuat xidmətindən bildiriblər.

Əsasən, “Mahmudov və Ağazadə qrupu Azərbaycana qarşı” işi ərizəçi jurnalistlərin ifadə azadlığı hüququnun pozulması, qeyri-mütənasib cinayət sanksiyalarının (xüsusilə böhtana görə həbs cəzalarının) tətbiqi və Cinayət Məcəlləsinin digər müddəalarının özbaşına tətbiqilə bağlıdır.

Nazirlər Komitəsi praktikada milli məhkəmələrin əvvəlkitək böhtana görə cəza kimi həbs cəzasından istifadə etməkdən çəkinməsilə bağlı hakimiyyətin təqdim etdiyi informasiyanı “maraqla” diqqətə alıb.

Bununla yanaşı, narahatlıqla qeyd edilib ki, bəzi hallarda diffamasiyaya görə cəza kimi həbs cəzası verilə bilər.

Nazir Komitəsi “hakimiyyətin daxili qanunvericiliyi Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı) tələblərinə hələ də uyğunlaşdıra bilməməsini” (əsasən diffamasiyaya görə həbs cəzasının aradan qaldırılması yoluyla) təəssüflə qeyd edib.

Nazirlər Komitəsi mətbuata ictimai nəzarətçi kimi öz mühüm rolunu sərbəst həyata keçirmək imkanı verməkdən ötrü cinayət müddəalarının özbaşına tətbiq edilməməsi üçün hakimiyyəti məhkəmə praktikasının yaxşılaşdırılması üzrə səylərini artırmaq çağırışlarını təkrarlayıb.

Nazirlər Komitəsi 2025-ci ilin sentyabrında bu qrupun işinə yenidən baxacaq.

Hakimiyyətə tövsiyə edilib ki, bu iclasa qədər həll olunmamış bütün məsələlər barədə məlumat verilsin.

Əgər o vaxta qədər, əsasən də diffamasiya ilə bağlı qanunvericilik düzəlişlərinə dair nəzərəçarpacaq irəliləyiş olmasa, Nazirlər Komitəsi aralıq qətnamə layihəsinə baxacaq.

Nazirlər Komitəsi “Anar Məmmədli qrupu Azərbaycana qarşı” işinə də baxıb.

Söhbət Azərbaycan vətəndaş cəmiyyətinin və mediasının yeddi nümayəndəsindən gedir: Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Leyla Yunus və Arif Yunus, mərhum Bayram Məmmədov və Qiyas İbrahimov. Onların barəsində Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə hədləri) maddələri pozulub.

Komitə ərizəçilərin hələ də bəraət almadıqlarını təəssüflə qeyd edib.

Komitə hakimiyyəti ərizəçilərin bəraət alması, onların mülki və siyasi hüquqlarının tam bərpası üçün səyləri təcili olaraq artırmağa çağırıb.

Qeyd edək ki, bu ilin aprelində Anar Məmmədli qaçaqmalçılıq ittihamı ilə yenidən həbs edilib və onun işi yerli və beynəlxalq hüquq- müdafiə qurumlarının tənqidinə səbəb olub.

Nazirlər Komitəsi “Sarqsyan Azərbaycana qarşı” işinə də baxıb.

Bu iş Birinci Qarabağ Müharibəsi dövründə erməni əsilli qaçqının mülkiyyət hüquqlarına aiddir.

2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi qərara alıb ki, Azərbaycan ərizəçinin varislərinə kompensasiya ödəməlidir.

Lakin bu qərar icra olunmayıb.

Nazirlər Komitəsi həmçinin Ermənistanın “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarı hələ də yerinə yetirmədiyini bildirib. Bu iş Laçın rayonundan keçmiş məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulmasına aiddir.

Turan 

15:27, 20 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Məhkəmə 98 gündür aclıq edən Fazil Qasımovu həbsdə saxlayıb

by Gozetci 20:01, 19 Sentyabr 2024
written by Gozetci

Fazil Qasımov

98 gündür aclıq aksiyası keçirən İstanbul Universitetinin doktorantı Fazil Qasımov sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. O, saxta pullarla heç bir əlaqəsi olmadığını və ona qarşı açılan cinayət işinin siyasi xarakter daşıdığını bildirib.

Vəkil Rövşanə Rəhimli isə öz növbəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldıraraq, Qasımovun uzun müddət aclıq aksiyası keçirdiyi üçün vəziyyətinin ağır olduğunu qeyd edib.

Qasımov özü bildirib ki, Penitensiar Xidmətin Müalicə müəssisəsində hər gün 1-2 nəfər dünyasını dəyişən ağır xəstələrlə bir şöbədə saxlanılır.

Qasımovun sözlərinə görə, onun təzyiqi 50/30-a düşür və bu, ölümcüldür. O həmçinin bildirib ki, həbsxana xəstəxanasında ona psixoloji təzyiqlər olur, işçilər qəsdən onun yanında yemək yeyirlər.

Dövlət ittihamçısı Qasımovu qeyri-səmimilikdə və aclıq aksiyası imitasiyasında ittiham edib. Prokuror Qasımovu aclıq aksiyası keçirməməyə, təqsirsiz olduğunu sübut edən sübutları məhkəməyə təqdim etməyə çağırıb.

Nəticədə məhkəmə vəsatətləri rədd edib. Növbəti məhkəmə iclası oktyabrın 10-na təyin edilib.

Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, həbs edilmiş şəxs Fazil Qasımov İntensiv Terapiya şöbəsində saxlanılmır, habelə məhkum və işçi heyətinin qida qəbul etdikləri məkanlar fərqli olduğundan müraciətdə qeyd edilən digər xüsusatlar həqiqəti əks etdirmir.

“Fazil Qasımova qarşı məhkum və həbs edilmiş şəxslər, eləcə də əməkdaşlar tərəfindən qanunsuz hərəkətlərə yol verilməmişdir, onun hüquqları təmin edilir və qanuni mənafeləri qorunur”, Penitensiar Xidmət qeyd edib.

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, Qasımov əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Amerikanın Səsi 

20:01, 19 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Əziz Orucov və Şamo Eminov barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb

by Gozetci 17:53, 19 Sentyabr 2024
written by Gozetci

Əziz Orucov və Şamo Eminov

Sentyabrın 19-da Səbail Rayon Məhkəməsi “Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun və onun əməkdaşı Şamo Eminovun həbs qətimkan tədbirini daha 3 ay uzadıb. Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, həbs müddətinin uzadılması istintaqın göndərilmiş sorğulara cavab alması zərurəti ilə əsaslandırılıb.

Müdafiə tərəfi jurnalistlərin həbsdə saxlanılmasını əsassız hesab edir.

Vəkil qeyd edir ki, Orucov səhhətindəki problemlərlə əlaqədar hələ də Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov isə ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.

Amerikanın Səsi

17:53, 19 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkəmə AXCP sədrinə qarşı şikayətə mahiyyəti üzrə baxmağa başlayıb

by Gozetci 17:05, 19 Sentyabr 2024
written by Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli

 

Sentyabrın 19-da Bakının Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Aydın Əliyevin Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə mahiyyəti üzrə baxılmasına başlanılıb.

Müdafiə tərəfi ittihamın əsassız olduğu haqqında vəsatət və Kərimlinin ittiham olunduğu hərəkətləri törətmədiyi haqqında dəlillər təqdim edib.

İddiaçı etiraz edərək, vəsatətin “elektron məhkəmə” portalında onun “şəxsi kabinetində” yerləşdirilmədiyini bildirib.

Bununla əlaqədar olaraq hakim ərizəçinin vəsatətlə tanış ola bilməsi üçün iclası oktyabrın 14-nə qədər təxirə salmağa qərar verib.

Xatırladaq ki, fərdi ərizəçi Əliyev Kərimlini Azərbaycan Cinatyət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb etməyi tələb edir.

İddiaçı Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını Aydın Əliyevin şikayətindən sonra ləğv etməsi haqqında şərhini “böhtan” adlandırır.

Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: “Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib… Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın 287 “lehinə”, bir “əleyhinə” səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb”.

Kərimli iddianın əsassız olduğunu, “hakimiyyətin sifarişi ilə” məhkəmə tərəfindən qəbul edildiyini bildirib. Şikayət təmin edilsə, Kərimli 6 ayadək azadlıqdan məhrum edilə bilər.

Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına (NTK) üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb.

Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

AXCP özünə qarşı bu repressiv addımları qətiyyətlə pisləyir və hakimiyyətdən başlatdığı “absurd məhkəmə təqiblərini” dərhal dayandırmağı tələb edir.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.

Amerikanın Səsi

17:05, 19 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media” nəşrinə 2024-cü ilin “Azad Media” mükafatı təqdim edilib

by Gozetci 09:24, 19 Sentyabr 2024
written by Gozetci

2024-cü il üzrə “Azad Media” mükafatı Azərbaycanın “Abzas Media” internet nəşrinə təqdim edilib. Sentyabrın 17-də baş tutan təqdimat mərasimində mükafatı nəşrin müvəqqəti baş redaktoru Leyla Mustafayeva qəbul edib.

Bu barədə “Abzas Media” nəşri sosial platformasında məlumat yayıb.

“Ötən ilin noyabrından başlayaraq Azərbaycan hökuməti mediaya qarşı böyük repressiyaya başladı. Bu dövrdə iki media platformasının ofisi bağlandı. Hazırda 20-dən çox jurnalist həbs edilib. “Abzas Media”nın hazırda həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və ötən ilin noyabrında həbs edilən direktoru Ülvi Həsənli “Peqasus” casus proqramı vasitəsi ilə izlənilib. Hökumətlərin bu tip proqramlardan cinayətkarları tapmaq üçün istifadə etməsinə baxmayaraq, Azərbaycan hökuməti üçün onların qaranlıq bizneslərini araşdırna jurnalistlər cinayətkardır. Jurnalizmə hücum isə cəmiyyəti lal, kar və kor etmək üçün istifadə edilən üsullardan biridir”, təqdimat mərasimində çıxış edən nəşrin müvəqqəti baş redaktoru Leyla Mustafayeva bildirib.

Mükafat “6 əməkdaşı qondarma ittihamlarla həbs edilən “Abzas Media” qətiyyətli və sistemli şəkildə apardığı korrupsiya araşdırmalarına görə bu mükafata layiq görülür”, sözləri ilə müşayiət edilən musiqi sədaları altında təqdim edilib.

Fritt Ord Foundation” və “ZEIT Stiftung Bucerius” fondları tərəfindən verilən bu mükafat, əsasən, post-sovet məkanında təhdidlərə baxmayaraq, fəaliyyətinə davam edən müstəqil jurnalistlərə və media qurumlarına təqdim olunur.

2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında Abzas Media-nın işi üzrə altı jurnalist və mətbuat işçisi (Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Məhəmməd Kekalov, Hafiz Babalı) həbs edilib. Sonradan bu iş üzrə bu lin iyununda iqtisadçı Fərid Mehralızadə həbs olunub.

Əvvəlcə onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbit olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar – Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə eetməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Jurnalistlər bütün ittihamları rədd edir, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirir.

Hüquq müdafiəçiləri bütün təqsirləndirilən şəxsləri siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

09:24, 19 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda AİHM qərarlarının icrasını müzakirə edir

by Gozetci 20:26, 18 Sentyabr 2024
written by Gozetci

Avropa Şurası

 

Avropa Şurası Nazirlər Komitəsinin bu həftə keçirilən rüblük iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarının icra durumu yenidən müzakirəyə çıxarılacaq.

Nazirlər Komitəsinin gündəliyində Azərbaycan üzrə 10-dan artıq məhkəmə qərarı var. Bunlar fəallar və jurnalistlərə qarşı əsassız təqiblərlə bağlı işlərin toplandığı Məmmədli qrupu işləri, ifadə azadlığının pozuntusu ilə bağlı işlərin toplandığı Mahmudov və Ağazadə qrupu işləri, habelə “Sargsyan Azərbaycana qarşı” işi üzrə məhkəmə qərarlarıdır.

Məmmədli qrupu işləri Azərbaycanda 2013-2016-cı illərdə ictimai-siyasi fəalların, jurnalist və hüquq müdafiəçilərinin fəaliyyətlərinə və hökumətə qarşı tənqidi mövqelərinə görə əsassız təqiblərə və həbslərə məruz qalması ilə bağlıdır. Bu qrupda Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Qiyas İbrahimov və Bayram Məmmədov, Arif və Leyla Yunusların işləri yer alır.

Nazirlər Komitəsi əvvəlki qəralarında Azərbaycan hökumətini fərdi tədbirlər kimi ərizəçilərin məhkumluğunu ləğv etməyə və onlara qarşı irəli sürülən ittihamların bütün digər nəticələrinin aradan qaldırmağa, ümumi tədbirlər kimi isə Cinayət Məcəlləsindən sui-istifadə hallarını aradan qaldırmağa, məhkəmə sisteminin müstəqilliyini təmin etmək üçün əsaslı tədbirlər görməyə çağırıb.

Məmmədli qrupu işlərini monitorinq edən beynəlxalq insan hüquqları təşkilatları koalisiyası avqustun 8-də Nazirlər Komitəsinə təqdim etdiyi məlumatda Azərbaycan hökumətinin AİHM-in tələb etdiyi tədbirləri hələ də tam icra etmədiyini, Anar Məmmədlinin bu ilin aprelində yenidən həbs edilməsinin Azərbaycanın Məhkəmənin qərarlarının icrasından nə dərəcədə uzaq olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Koalisiya ötən ilin noyabrından bəri vətəndaş cəmiyyəti, jurnalistlərə və siyasətçilərə qarşı yeni repressiya dalğasında cinayət qanunvericiliyindən sui-istifadə halları davam etdiyini, Azərbaycanda məhkəmə sisteminin institusional müstəqillikdən və əsaslı islahatlardan məhrum olmaqla icraedici orqanların ciddi təsiri altında qalmaqda davam etdiyini qeyd edib.

Nazirlər Komitəsinin bu həftə müzakirə edəcəyi Mahmudov və Ağazadə qrupu üzrə işlər Azərbaycanda Cinayət Məcələsinin defamasiya və digər müddəlarından istifadə etməklə jurnalistlərin təqib edilməsi, onların ifadə azadlığının pozulmasını əks etdirən AİHM qərarlarından ibarətdir.

Nazirlər Komitəsi əvvəlki qərarlarında Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyası standartlarına uyğun olaraq jurnalistlərin özbaşına cinayət təqibindən müdafiəsinə yönəlmiş yerli məhkəmə təcrübəsinin təkmilləşdirilməsi məqsədilə tədbirlər görməyə, defamasiyaya görə azadlqıdan məhrum etmə cəzalarının ləğvinə çağırıb.

Azərbaycan hökuməti Mahmudov və Ağazadə qrupuna daxil olan qərarların icra durumu barədə avqust ayında təqdim etdiyi hesabatında qeyd edib ki, bu qrupdakı işlərin əksəriyyətində fərdi tədbirlərin icrasını yekunlaşdırıb.

Hökumət həmçinin bildirib ki, milli məhkəmələr nifrətli çıxışlar və ya şiddətə təşviq halları istisna olmaqla, defamasiyaya görə azadlıqdan məhrum etmə cəzalarının verilməsindən çəkinir.

“Hökumət hazırda defamasiya ilə bağlı qanunvericiliyə dəyişiklik edərək azadlıqdan məhrum etmə cəzalarının aradan qaldırmağı hədəfləyən tədbirlərin həyata keçirilməsini dəyərləndirilməkdədir”, hesabatda bildirilir.

Media Hüquqları İnstitutu isə Nazirlər Komitəsinə verdiyi məlumatda Azərbaycan hökumətinin defamasiya üzrə milli qanunvericiliyi Konvensiya standartlarına uyğunlaşdırmaq üçün heç bir addım atmadığını, defamasiya da daxil olmaqla cinayət qanunvericiliyinin tətbiqi ilə jurnalistlərin hələ də təqib edildiyini vurğulayıb.

Son olaraq toplantıda AİHM-in “Sarqsyan Azərbaycana qarşı” işi üzrə qərarının icra durumunun müzakirə edilməsi gözlənilir. Bu qərar Qarabağ münaqişəsinin aktiv hərbi fazası (1992-1994) zamanı insanların məcburi köçkün düşməsi, onların öz evlərinə və mülklərinə çıxışının mümkünsüzlüyü, bu kontekstdə effektiv vasitələrin olmaması ilə əlaqəlidir.

Azərbaycanın tərəfdaş olduğunu Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, Avropa Məhkəməsi qərarlarının icrası dövlətlər üçün məcburidir. Avropa Şurası Nazirlər Komitəsi AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və digər tərəflərin təqdim etdiyi məlumatlara əsaslanaraq nəzarət edir.

Amerikanın Səsi

20:26, 18 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq təşkilatlar Avropa Şurasının baş katibini Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail olmağa çağırıblar

by Gozetci 18:08, 18 Sentyabr 2024
written by Gozetci

18 beynəlxalq insan hüquqları təşkilatı Avropa Şurasının yeni baş katibi Alen Berseyə məktub ünvanlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti, jurnalist və fəalların kütləvi həbsinə diqqət çəkiblər.

“Hesab edirik ki, Azərbaycanda insan haqları böhranı ofisinizin yüksək prioriteti olmalıdır”, – beynəlxalq hüquq müdafiə təşkilatlarının sentyabrın 18-də baş katibə ünvanladıqları məktubda qeyd edilir.

Beynəlxalq insan hüquqları təşkilatları qeyd edirlər ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsindən sonra, həmçinin Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində Azərbaycanda repressiyalar nəzərəçarpacaq dərəcədə intensivləşib.

“Ölkədə demək olar ki, heç bir müstəqil vətəndaş cəmiyyəti subyekti qalmayıb. Müstəqil media qurumlarının rəhbərləri həbs ediliblər, hakimiyyət orqanları hüquq müdafiəçilərinə, eləcə də akademiklərə və tədqiqatçılara təzyiqləri artırıb. Repressiya getdikcə daha çox gənc fərdlərə yönəlir”, -məktubda vurğulanıb.

Tanınmış azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlinin aprel ayında saxta ittihamlarla yenidən həbs edildiyini qeyd edən müəlliflər onun həbsinin Azərbaycanda 2024-cü ildə repressiyaların artmasının rəmzi göstəricisi olduğunu bildirirlər.

Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədlinin barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.

Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 – Ədalət Mühiti Təşəbbüsünün  təsisçilərindəndir.

Beynəlxalq təşkilatlar Məmmədlinin həbsinin fevral ayında Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin nəticələrini dərc etməsindən və Ədalət Mühiti Təşəbbüsünün yaradılmasınının elan edilməsindən dərhal sonra baş verməsinə diqqət çəkib.

“Buna baxmayaraq, Anar Məmmədli Azərbaycanda yeganə siyasi məhbus deyil. Azərbaycan vətəndaş cəmiyyətinin məlumatına görə, ölkədə 300-dən çox siyasi məhbus var”, -müəlliflər əlavə ediblər.

Bu xüsusda məktubda fəal Famil Xəlilov, tədqiqatçı Bəhruz Səmədov, iqtisadçı Qubad İbadoğlu, Həmkarlar İttifaqı fəalı Afiəddin Məmmədovun adları çəkilir.

Azərbaycan hakimiyyəti müstəqil KİV-ləri təqib etməyə başlayıb, reydlər edib və “Abzas Media”, “Toplum” TV və “Kanal 13”ü bağlayıb. Jurnalistlər – “Abzas Media”nın direktoru Ülvi Həsənli, redaktor Sevinc Abbasova, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Akif Qurbanov, “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli, “Kanal 13”ün  direktoru Əziz Orucov və jurnalistlər Şamo Eminov, Elnarə Qasımova, Nərgiz Absalamova və Əli Zeynal, həmçinin siyasi fəallar Tofiq Yaqublu və Ruslan İzzətli araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.

Beynəlxalq təşkilatlar vurğulayıblar ki, Avropa Şurası baş katibi bütün vasitələrdən istifadə edərək Azərbaycan hakimiyyətini Anar Məmmədli və siyasi motivlərlə həbs edilmiş digər hüquq müdafiəçiləri, fəallar və jurnalistləri azad etməyə çağırmalıdır.

Bununla yanaşı, Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərini və vətəndaş cəmiyyətini hədəf alan və onların fəaliyyətini cinayət hesab edən qanunvericiliyi Venesiya Komissiyasının rəylərinə əsaslanaraq yenidən hərtərəfli nəzərdən keçirməyə çağırılmalıdır.

Baş katib Alen Berse həmçinin COP29-da iştirakı zamanı Azərbaycan hakimiyyətinə siyasi dəstək verməkdən çəkinməyə, Azərbaycanın AŞPA deputatları da daxil olmaqla müstəqil qrupların konfransda iştirakına məhdudiyyət qoymasını pisləməyə çağırılıb.

Müraciəti imzalayıblar: Azərbaycanda Repressiyaların Dayandırılması Kampaniyası, Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna), Dayaq Vətəndaş Şəbəkəsi (Ukrayna), Avropa Mübadiləsi, Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi, Demokratik Seçkilər Naminə Avropa Platforması, Helsinki İnsan Hüquqları Fondu (Polşa), İnsan Hüquqları Mərkəzi (Gürcüstan), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı (İPHR), Hollandiya Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, Siyasi Məsuliyyət Fondu (Polşa), Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi (Moldova), işgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT), ZMİNA İnsan Hüquqları Mərkəzi ( Ukrayna) və başqaları.

Turan

18:08, 18 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bakı Apellyasiya Məhkəməsi deputatlığa namizədlərin şikayətlərini təmin etməyib

by Gozetci 10:27, 17 Sentyabr 2024
written by Gozetci

Bakı Apellyasiya Məhkəməsi sentyabrın 16-da deputatlığa namziədlər Mustafa Hacıbəylinin və Şəhriyar Məcidzadənin şikayətlərini təmin etməyib.

Müsavat Partiyasının sədr müavini Mustafa Hacıbəyli Amerikanın Səsinə bildirib ki, şikayəti deputatlığa namizəd olduğu 8 saylı Binəqədi birinci seçki dairəsində yol verilmiş pozuntularla bağlı olub.

“Mərkəzi Seçki Komissiyası bu dairədəki seçki məntəqələrinin heç birində pozuntunu etiraf etməyib. Şikayət ərizəsi 11 səhifə, 21 səhifəlik aktlar, Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyasının qərarları 16 səhifə, üstəgəl DVD diskdə təqdim etdiyim videolardan ibarətdir. Şikayət təqdim olunduqdan 3 saat sonra Bakı Apellyasiya Məhkəməsi rədd cavabı verdi. Şikayəti nəinki araşdırmaq, hətta onunla diqqətlə tanış olmaq üçün 3 saat bəs etməzdi. Deməli, nəinki araşdırmaq, heç oxumadan rədd cavabı verdilər”, Hacıbəyli deyib.

Bu gün o, Ali Məhkəməyə kassasiya şikayəti verdiyini bildirib.

Elə indi Milli Məclisə seçkilər üzrə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizəd Şəhriyar Məcidzadə bildirib ki, sentyabrın 16-da Apellyasiya Məhkəməsinə müraciət edib və dərhal məhkəmə baxışı təyin edilib.

“Bu gün Apellyasiya Məhkəməsinə müraciət etdim. Bir saat keçməmiş prosesdə iştirak etməyim üçün dəvət edildim və məhkəmə şikayətimi təmin etmədi”, Məcidzadə Amerikanın Səsinə bildirib.

Məcidzadə Mərkəzi Seçki Komissiyasına seçki prosesi zamanı 54 qanun pozuntusunu təqdim etdiyini, amma onlardan yalnız 3 məntəqə ilə bağlı müsbət qərar verildiyini, nəticələrin ləğv olunduğunu bildirib. Məcidzadə bu qərarla razılaşmır.

“Təşviqat müddətindən əvvəl başlamaqla davam edən icra orqanlarının seçkidə iştirakının olmasını göstərən faktlarla bərabər, şikayətimdə hətta məntəqələrdə seçki saxtakarlığından yox, seçki zorakılığı barədə faktlar yer alıb. Bu, seçki saxtakarlığı mərhələsinin aşıldığını, seçki zorakılığı mərhələsinə qədəm qoyulduğunu göstərən amildir”, Şəhriyar Məcidzadə qeyd edib.

Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK)VII çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolların təsdiqi və Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib. MSK 125 seçki dairəsinin heç birində səsvermənin nəticələrini ləğv etməyib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatında deyilir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.

“Birgə müşahidə missiyası müəyyən edib ki, seçki qanunvericiliyi son parlament seçkilərindən bəri əsaslı şəkildə dəyişməyib və uzunmüddətli tövsiyələr diqqətdən kənarda qalıb. Namizədlərin qeydiyyatı prosesi həddən artıq ağır tələblər, qeyri-ardıcıl tətbiq olunan prosedurlar və namizədlərin hədə-qorxu ilə geri çəkilmə halları ilə müşayiət olunub, siyasi partiyalar üçün yeni tələblər isə onların qeydiyyatına əlavə məhdudiyyətlər tətbiq edib. Bu seçkilər məhdudlaşdırıcı siyasi və hüquqi mühitdə baş tutub, bunun nəticəsi olaraq siyasi plüralizmin olmaması zəif və aşağı əsaslı kampaniya ilə birləşib və bütün bunlar seçki prosesini sarsıdıb”, sənəddə qeyd edilir.

Amerikanın Səsi

10:27, 17 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə jurnalistin hüquqlarının məhdudlaşdırılması ilə bağlı şikayətini təmin etməyib

by Gozetci 15:28, 10 Sentyabr 2024
written by Gozetci

Müşviq Cabbar

Sentyabrın 10-da Bakının Xətai Rayon Məhkəməsi hakim Rafael Sadıqovun sədrliyi ilə “Toplum TV”nin jurnalisti Müşviq Cabbarın iddiasını təmin etməyib. Belə ki, Cabbar yaxınlarına etibarnamə verməsinə icazə verilməməsindən şikayət edib.

Vəkil Nazim Musayev bildirib ki, etibarnaməyə zərurət onunla əlaqədardır ki, jurnalsit həbsindən əvvəl hərracda avtomobil alıb. Avtomobil Azərbaycana gətirilənə qədər jurnalist həbs edilib. May ayından avtomobil gömrük məntəqəsində saxlanılır və park haqqı hesablanır. Cabbar avtomobili gömrükdən keçirmək üçün yaxınlarına etibarnamə verməlidir. Lakin istintaq təcridxanasının rəhbərliyi müstəntiqin qadağasına istinad edərək bundan imtina edir.

Vəkilin sözlərinə görə, hakim xaricdən avtomobil gətirilməsinə dair sənədlərin olmamasına istinad edərək vəsatəti təmin etməyib.

“Ancaq söhbət ümumiyyətlə cinayət işinə heç bir aidiyyatı olmayan avtomobildən gedir. İstintaq təcridxanasında saxlanılan şəxsin öz yaxınlarına etibarnamə vermək üçün qanuni hüququ var”, vəkil deyib.

Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib.

Hüquq müdafiəçiləri bu iş üzrə keçənləri siyasi məhbuslar kimi tanıyıblar, beynəlxalq təşkilatlar onları azad etməyə çağırıblar.

Turan

15:28, 10 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri COP29 öncəsi fəal və jurnalistlərin azad edilməsinə çağırıb

by Gozetci 14:49, 10 Sentyabr 2024
written by Gozetci

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin

ABŞ-ın nüfuzlu senatoru Ben Kardin bazar ertəsi COP29-a sədrlik edən Azərbaycanı bu ilin noyabrında Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində həbsdə olan ondan çox jurnalist və fəalı azad etməyə çağırıb, Turanın Vaşinqtondakı müxbiri xəbər verir.

“COP29 kimi böyük beynəlxalq konfransa ev sahibliyi etmək məsuliyyətdir. Gözlənti ondadırki , ev sahibi olan ölkələr problemlərin səmimi müzakirəsinə imkan verəcək, amma bu söz və sərbəst toplaşma azadlığını tanımadan mümkün deyil. Azərbaycan isə bunu etməyib”, – Bu ABŞ Senatın İnsan Hüquqları Komitəsinin sədri Ben Kardinin bəyanatında deyilir.

Kardin öz çagırışında azadlığa buraxılmasını istədiyi insanlar arasında ekoloq və keçmiş deputat Nazim Bəydəmirli, antikorrupsiya fəalı Qubad İbadoğlu, demokratiya fəalı Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi İlhamiz Quliyev, müstəqil seçki müşahidəçisi Anar Məmmədli, redaktorlar və jurnalistlər: Ülvi Həsənli , Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova,  Əziz Orucov, fəal Tofiq Yaqulblu, hüquqşunas Ələsgər Məmmədli, iqtisadçı ekspert Fərid Mehrəlizadə.

“Əgər Azərbaycan Avro-Atlantik icması ilə möhkəm əlaqələr qurmağa çalışırsa, mən Prezident İlham Əliyevi onun hökuməti tərəfindən haqsız yerə həbs edilənləri, o cümlədən erməni məhbusları, pis əmək praktikasına və Çovdar qızıl mədəninin ətraf mühitin zərərli təsirinə qarşı dinc şəkildə etiraz edənləri və ictimai fəalları azad etməyə çağırıram”, – Kardin qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan “beynəlxalq birliyin mühüm üzvü və ABŞ-ın tərəfdaşı olmaq potensialına malikdir”, lakin bunun üçün o, haqsız yerə həbs edilənləri azad etməlidir.

Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim Konfransı keçiriləcək.

Bazar ertəsi prezident Bayden bu ayın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 79-cu sessiyasında ABŞ-ı təmsil etmək üçün Kardini namizəd göstərib.

Turan 

14:49, 10 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia