Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
Uncategorized

Hüquq müdafiəçiləri Anar Məmmədli ilə həmrəylik ifadə ediblər

by Gozetci 19:54, 10 Oktyabr 2024
written by Gozetci

İnsan Hüquqları Evi Fondu (HRHF) vətəndaş cəmiyyəti şəbəkəsinə üzv olan hüquq müdafiəçiləri Norveç parlamenti qarşısında Azərbaycan və Belarusda həbsdə olunan həmkarları ilə həmrəylik ifadə ediblər.

Azərbaycandan HRHF şəbəkəsinə üzv olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin direktoru Anar Məmmədli aprel ayından həbsdədir.

İnsan Hüquqları Evi Fondu hesab edir ki, Məmmədlinin həbsi onun seçki müşahidəsi və insan haqları sahəsində müstəqil və qanuni fəaliyyətinə görə birbaşa repressiya kimi başa düşülməlidir.

ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında ötən həftə baş tutan müzakirələrdə HRHF nümayəndəsi Deyv Elseroad Azərbaycan hakimiyyətinin son bir il ərzində vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı “amansız repressiyalarını” gücləndirdiyini deyib və Anar Məmmədlinin həbsini davam edən repressiyaların açıq-aşkar nümunəsi adlandırıb.

HRHF həmçinin BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyasında Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin azad edilməsinə və təqiblərə son qoyulmasına çağırıb.

BMT Baş katibinin insan hüquqları üzrə köməkçisi İlze Brand Kehrisin iştirakı ilə keçirilən müzakirələrdə çıxış edən HRHF nümayəndəsi Metyu Cons qeyd edib ki, Anar Məmmədli legitim insan hüquqları fəaliyyətinə görə əsassız yerə həbs edilib.

“Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxt Anar Məmmədlinin həbsi bu mühüm qlobal tədbirdə iştirak edən həm yerli, həm də beynəlxalq vətəndaş cəmiyyəti subyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlıq doğurur”, Metyu Cons deyib.

Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.

Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 – Ədalət Mühiti Təşəbbüsünün (COP29 – Cimate of Justice Initiative) təsisçilərindəndir.

Anar Məmmədli bundan əvvəl 2013-cü ildə həbs edilib, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda günahlandırılaraq 5 il 6 ay müddətinə məhkum edilib. O, 2016-cı ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Anar Məmmədlinin və 2013-14-cü illərdə həbs edilən digər tanınmış vətəndaş cəmiyyəti nümayəndələri, jurnalist və fəalların işləri ilə bağlı (Məmmədli qrupu işləri) qərarlarında hökumətin öz tənqidçilərini susdurmaq üçün cinayət qanunvericiliyindən sui-istifadə etdiyini vurğulayıb.

Azərbaycanl rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Amerikanın Səsi 

19:54, 10 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qalib Toğrul: Qubad İbadoğlunun səhhətində yeni pisləşmələr var

by Gozetci 19:41, 08 Oktyabr 2024
written by Gozetci

Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra (22 aprel 2024-cü il)

İqtisad elmləri doktoru Qubad İbadoğlunun səhhətində yeni pisləşmələr qeydə alınıb. Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

“Həbsxanadan ev dustaqlığına buraxıldıqdan sonra mütəmadi həkim nəzarəti altında olsa da, xüsusilə ürəyindəki ciddi problemin proqresinin (inkişafının) qarşısının alınması məqsədilə qəbul etdiyi dərmanlar digər orqanlarda neqativ dəyişikliklərə səbəb olub. Son qan analizinin nəticələrinə görə, qanda hemoqlabinin, eritrositlərin, dəmirin və əlaqəli göstəricilərin səviyyəsi normadan xeyli aşağı düşüb. Artıq yeni müalicə kursuna başlamışıq”, o qeyd edib.

Qalib Toğrul deyir ki, müalicənin səmərə verəcəyinə əmin deyil.

“Əvvəllər də dəfələrlə yazdığım kimi qardaşımın əsas problemi ürəyindədir və təcili cərrahi müdaxilə tələb edir. Lakin ölkədən çıxışına əsassız qadağa qoyulduğundan cərrahi müdaxiləni təxirə salmağa məcburuq”, Qalib Toğrul əlavə edib.

Qalib Toğrul Qubad İbadoğluna qarşı açılmış cinayət işi ilə bağlı aparılan istintaq müddətinə də toxunub.

“Avqustun 20-də istintaq müddəti bitib. İstintaq orqanın bu barədə hər hansı qərar qəbul edilməsi barədə bizə məlumat verilməyib. Dəfələrlə vəkillər müraciət etsə də, məlumat ala bilmirik”, o deyib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Amerikanın Səsi

19:41, 08 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Amnesty International COP29-a qatılan ölkələri fəalları həbsdən azad etməsi üçün Azərbaycana təsir göstərməyə çağırır

by Gozetci 18:51, 08 Oktyabr 2024
written by Gozetci

Bakıda gələn ay keçiriləcək COP29 iqlim sammiti öncəsi ölkələr Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə azadlığına görə həbs edilənləri azad etməli, iştirakçıların, o cümlədən fəalların və jurnalistlərin bu tədbirdə iştirak edə bilməsini təmin etməsi üçün təsir etməlidir.

Bu barədə “Amnesty International” insan haqları təşkilatı oktyabrın 8-də yaydığı hesabatda deyilir.

“Azərbaycan hakimiyyəti iqlim ədaləti üzrə beynəlxalq konfransa ev sahibliyi etdiyi bir vaxtda iqlim fəallığının əsas sütunlarından birinə fəal zərbə vurmaqdadır. Tənqidi ifadənin və etirazların bütün formalarını sıxışdırır, yerli vətəndaş cəmiyyətini sıradan çıxarır. Azərbaycan hakimiyyəti yüzlərlə insanı danışmağa cəsarət etdiyinə görə siyasi ittihamlarla həbsə atıb. Bu siyahıya hökuməti tənqid edən jurnalistlər, fəallar və insan haqları müdafiəçiləri daxildir. Onlar qanunsuz olaraq həbsdə saxlanılır, uyğun proseduralar pozulur, ədalətli məhkəməyə zəmanəti yoxdur”, qurumun baş katibi Anyes Kallamar deyib.

Təşkilat COP29-a qatılan nümayəndə heyətlərini Azərbaycan hökumətinə vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə, birləşmə və dinc toplaşma azadlıqlarını təmin etməsi üçün təsir göstərməyə çağırır.

“Amnesty İnternational” Azərbaycan inkişafının COP29 əvvəli, tədbir vaxtı və sonra ətraf mühitin fəaliyyəti və insan haqları müdafiəçiləri ilə rəftarını izləyəcəyini bildirir.

Azərbaycan bu hesabata hələ münasibət bildirməyib.

Amma rəsmi Bakı bu cür çağırışları qərəzli hesab edir, cinayət işlərinin siyasi motivli olmadığını bildirir.

Ötən həftə ABŞ Konqresinin 58 üzvü Dövlət katibi Antoni Blinkenə “bütün məhbusların, girovların və hərbi əsirlərin müzakirəsi və qeyd-şərtsiz buraxılması” üçün Azərbaycana təsir etməsi xahişi müraciət edib. Azərbaycan prezidenti İlham Əliyev bu müraciəti “çirkin” adlandırıb, “iradəmizə təsir göstərməyəcək” deyə münasibət bildirib.

Bundan sonra Azərbaycan Milli Məclisinin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək ABŞ ilə münasibətlərə yenidən baxmağa, müdafiə sahəsində iki sazişə xitam verməyə, USAİD-in Azərbaycanda fəaliyyətini dayandırmağa çağırıb.

Amerikanın Səsi

18:51, 08 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hesabat: Azərbaycan hökuməti COP29 ərəfəsində tənqidçilərinə qarşı repressiyaları artırıb

by Gozetci 17:40, 08 Oktyabr 2024
written by Gozetci

“Azərbaycanda insan hüquqları göstəriciləri uzun illərdir pisdir. Hökumət müntəzəm olaraq cəmiyyətdə mühüm ictimai nəzarət rolunu oynayanları, o cümlədən hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf alır”.

Human Rights Watch (HRW) və Freedom Now beynəlxalq insan hüquqları təşkilatlarının oktyabrın 8-də yaydıqları birgə hesabatda belə qeyd edilir.

“Biz gözəgörünməz qalmağa çalışırıq” başlıqlı hesabatda Azərbaycan hökumətinin repressiv qanunvericilikdən sui-istifadə yolu ilə müstəqil vətəndaş cəmiyyətini və medianı dağıtmaq, tənqidçiləri susdurmaq səylərinin sənədləşdirildiyi bildirilir.

74 səhifəlik hesabatda son iki il ərzində cinayət təqibi, həbs və təzyiqlərlə bağlı 33 iş barədə, o cümlədən Abzas Media, Toplum TV və Kanal 13 jurnalistlərinin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının, siyasi partiya nümayəndələrinin və tədqiqatçıların həbsi barədə məlumat verilir.

Müəlliflər deyir ki, bu işlərin əksəriyyətində həbslərin şəraiti və vaxtı cinayət ittihamlarının fəalların cəzalandırılması və onların qanuni işinə son qoyulması üçün bəhanə olmasını deməyə qəti şəkildə əsas verir.

Hesabatda noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlərin İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində repressiyaların daha da kəskinləşdiyini qeyd edilir.

“Azərbaycan hökumətinin vətəndaş azadlıqlarına sayğısızlığı müstəqil qrupları və tənqidi medianı məhvolma yoluna sürükləyir. Hökumətin COP29 ərəfəsində özü haqqında təqdim etdiyi obraz bu olmamalıdır. Hökumətin həbsdə olan tənqidçiləri azad edərək və vətəndaş cəmiyyətinə qarşı saxta ittihamlara dərhal son qoyaraq öz reputasiyasını yüksəltməsi üçün hələ gec deyil, lakin onlar indi hərəkətə keçməlidir”, Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Giorgi Qogiya deyib.

HRW və Freedom Now hesabatın hazırlanması üçün Azərbaycanda 40-dan çox şəxslə, o cümlədən hüquqşünaslar, həbs edilənlərin yaxınları, qeyri-hökumət təşkilatlarının əməkdaşları və liderləri ilə müsahibələr aparıb, Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyi və qaydaları, konkret cinayət işlərinə aid hüquqi sənədləri, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını və digər sənədləri nəzərdən keçiriblər.

Hesabatda Azərbaycanda hökumətin məhdudlaşdırıcı qanunvericiliklə qeyri-hökumət təşkilatlarının qeydiyyatına, maliyyə resurslarına çıxış imkanına məhdudiyyətlər tətbiq etdiyi, vətəndaş cəmiyyətinin qanuni fəaliyyətinə mane törətdiyi və repressiv qanunvericiliyin müxtəlif müddəalarından sui-istifadə etməklə cinayət təqibləri başlatdığı vurğulanır.

“Azərbaycan hökuməti ədalətsiz həbslər və məhdudlaşdırıcı QHT qaydaları ilə vətəndaş cəmiyyətini aradan qaldırmağa çalışır”, Freedom Now təşkilatının icraçı direktoru Andrea Prasov deyib.

Azərbaycanın insan hüquqları sahəsində götürdüyü beynəlxalq öhdəlikləri xatırladan hesabat müəllifləri, hökuməti QHT-ləri və medianı tənzimləyən repressiv qanunları ləğv etməyə, siyasi motivli ittihamlarla həbs edilənləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.

Beynəlxalq təşkilatlar həmçinin COP29-da iştirak edəcək dövlətlərə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyinə çağırış edərək Azərbaycan hakimiyyəti ilə təəmaslarında müstəqil vətəndaş cəmiyyətinin konfransda hərtərəfli iştirakının vacibliyinin vurğulanmalı olduğunu bildirirlər.

“COP29-dan əvvəlki bu kritik dövrdə dövlətlər və BMT rəsmiləri təcili olaraq Azərbaycanı özbaşına həbs edilmiş fəalları dərhal və qeyd-şərtsiz azad etməyə, COP29-da və onun hüdudlarından kənarda insan hüquqlarını qorunmağa çağırmalıdır”, Andrea Prasov əlavə edib.

Azərbaycan hökuməti noyabr ayında Bakıda keçiriləcək COP29-da “inklüziv nəticələr üçün inklüziv proses”ə sadiqliyini ifadə edib.

“COP29 Sədrliyi maraqlı tərəfləri dinləyir və onlarla əməkdaşlıq edir. Sədrlik hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına, ortaq həllər vasitəsilə inklüziv nəticələrin əldə edilməsinə çalışır. Birlikdə müsbət irəliləyiş əldə edə biləcəyimizə inanırıq”, COP29 sədrliyi bəyan edib.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı artan təqiblər və həbslərlə bağlı çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər çağırışları qərəzli hesab edir, vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu iddia edirlər.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Amerikanın Səsi 

17:40, 08 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ qanunvericiləri COP29 ərəfəsində Azərbaycanda insan haqları ilə bağlı Dövlət Katibinə müraciət edib

by Gozetci 10:00, 05 Oktyabr 2024
written by Gozetci

Oktyabrın 3-də ABŞ-ın 58 qanunvericisi Dövlət Katibi Antoni Blinkendən Azərbaycan Prezidenti İlham Əliyevdən gələn ay keçiriləcək COP29 iqlim sammiti ərəfəsində insan hüquqları ilə bağlı təzyiq göstərməyi xahiş edib.

Reuters agentliyinin məlumatına görə, 10 senator və 48 konqresmen Blinkeni Azərbaycanı siyasi məhbusları azad etmək üçün “məqsədli tədbirlər” görməyə məcbur etməyə və “sülh danışıqlarını pozmaq riski ilə üzləşən” Ermənistana qarşı bəyanatları pisləməyə çağırıblar.

“Biz Dövlət Departamentini COP29-da uğurlu diplomatiya üçün daha əlverişli şərait yaratmaq üçün bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin, o cümlədən etnik ermənilərin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün təzyiq göstərməyə çağırırıq”, məktubda deyilir.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Zəngilan rayonunda sakinlərlə görüşündə ABŞ konqresmenlərinin müraciətinə münasibət bildirib.

“Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”, o qeyd edib.

Əliyev ABŞ-Azərbaycan münasibətlərinin dostluq xarakateri ilə bağlı deyilənləri tənqid edib.

“Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”, dövlət başçısı vurğulayıb ki, “biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq”.

Hüquq-müdafiə təşkilatları Azərbaycanda 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.

ABŞ Dövlət katibi Antoni Bilinken Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Buna cavab olaraq Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi

10:00, 05 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Gürcüstan həbsxanasında aclıq edən azərbaycanlı jurnalistin səhhəti pisləşib

by Gozetci 20:32, 04 Oktyabr 2024
written by Gozetci

Əfqan Sadıqov məhkəmədə (Mənbə: Palitra News)

Yüksək ictimai marağa əsaslanaraq, “Gürcüstanın Hüquqları” (Rights Georgia) təşkilatı ictimaiyyətin diqqətinə çatdırır ki, aclıq aksiyası ilə əlaqədar istintaq təcridxanasında olan azərbaycanlı jurnalist Əfqan Sadıqovun səhhəti xeyli pisləşib.

Bu barədə “Gürcüstanın Hüquqları” təşkilatı məlumat yayıb.

Məlumatda deyilir ki, oktyabrın 2-də və 3-də Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində “Gürcüstanın Hüquqları”nın vəkilləri Əfqan Sadıqovla görüşüb.

“Vəkillər bildirir ki, Sadıqovun səhhətinin pisləşməsi nəzərə çarpır, onun hərəkət etməsi, danışması və diqqətini cəmləməsi çətinləşib. Artıq “Gürcüstanın Hüquqları” Əfqan Sadıqovinin səhhətinin daha da pisləşməsinin qarşısını almaq üçün müvafiq tibb müəssisəsinə köçürülməsi üçün cəzaçəkmə müəssisəsinə müraciət edib. Əfqan Sadıqovun səhhətinin vəziyyəti ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisinə (Ombudsman) məlumat verilib”, məlumatda qeyd edilir.

Əfqan Sadıqov 2024-cü il sentyabrın 16-da Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin ona Gürcüstanda beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən sonra sentyabrın 21-də aclıq aksiyasına başlayıb.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.

İyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib. Sadıqovun özünün də bu barədə məlumatı olmayıb.

“Gürcüstanın Hüquqları” təşkilatı iyulun 18-dən azərbaycanlı jurnalistin işinə qarışıb.

“Prokurorluğun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib. Avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib”, təşkilat qeyd edir.

Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.

İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə – “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.

Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq 3 aylıq ekstradisiya həbsi qərarı verib. Avqustun 8-də “Gürcüstanın Hüquqları”nın vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.

Avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

“Hesab edirik ki, Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır”, təşkilat bildirir.

Xatırladaq ki, Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

20:32, 04 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Ülvi Həsənlinin həbsxanada qeyri-insani rəftara məruz qaldığı bildirilir

by Gozetci 19:28, 04 Oktyabr 2024
written by Gozetci

Ülvi Həsənli

“Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları barədə yazandan sonra Elnur İsmayılov tərəfindən sistematik şəkildə qeyri-insani rəftara məruz qalır”. Bu barədə “Abzas Media”nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva oktyabrın 4-də məlumat yayıb.

Quliyevanın sözlərinə görə, onun saxlanıldığı kameranın qapısındakı nəfəslik yayın isti günlərinə baxmayaq işgəncə məqsədi ilə bağlı saxlanılırdı. Rübabə Quliyeva həyat yoldaşına qarşı təzyiqin bununla bitmədiyini deyir:

“7 sentyabr tarixində Ülvi məhkəməyə aparılarkən Sevinc Vaqifqızını görüb, onlar salamlaşmaq istiyəndə Nail adlı “konvoy” (Penitensiar xidmətin əməkdaşı) tərəfindən Sevincin və digər türmə işçilərinin gözünün qabağında Ülvini vəhşicəsinə divara çırpıb və kürəyindən vurub”.

Həyat yoldaşı məlumatda qeyd edib ki, Ülvi Həsənliyə olunan zorakılıqla bağlı şikayət edilsə də, nəticəsiz qalıb.

“13 sentyabrda isə şüşə arxasından görüş zamanı Ülvi mənə zərbədən kürəyindəki göyərmiş hissəni göstərib və kürəyində ağrıların olduğunu deyib. Sonradan vəkilləri ilə görüş zamanı onlara da göstərib. Vəkillər bununla bağlı aidiyyəti yerlərə şikayət etməklərinə baxmayaraq, Nail adlı həmin şəxs barəsində heç bir tədbir görülmədib”, deyə, o, bildirib.

Quliyeva deyir ki, növbəti görüş 20 sentyabrda planlansa da, həbsxana rəhbərliyi görüşə icazə verməyib:

“Ayda bir dəfə Ülvinin qızıyla olan görüşünü min cür qeyri-insani rəftarla burnumuzdan gətirdilər və görüşə icazə vermədilər. Mənim 2 yaşlı qızım atasıyla görüş zamanı 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov və işçiləri tərəfindən fiziki və psixoloji təyziqə məruz qalır. Elnur İsmayılov istirahətə gediyinə görə Ülvi qızı ilə görüşə bilmədi”.

Həyat yoldaşının məlumatına görə, 27 sentyabr tarixində növbəti şüşə arxasından görüş zamanı onun qeyd dəftəri əlindən alınıb və görüş bitəndən sonra təhvil alacağı yerdə olmayıb.

“Kim hara aparmışdı və içində nə axtarırdılar bilmədim. Buna etiraz edəndə nəzarətçilər dedi “təzə qaydadır, bundan sonra qeyd dəftəri gətirə bilməzsən”. Qeyd dəftərində Ülvinin istədiyi kitabları qeyd edirəm. Görüşlərin şüşə arxasından olmasına baxmayaraq, hər dəfə alt paltarıma qədər yoxlanıram. Hələ də nə axtardıqlarını başa düşmürəm”, deyə Rübabə Quliyeva əlavə edib.

Məsələ ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasından mövqe almaq mümkün olmayıb.

Avqustun 21-də Rübabə Quliyeva sosial şəbəkələrdə Ülvi Həsənlinin həyatına təhlükə olduğu barədə məlumat yayıb.

Onun sözlərinə görə, avqustun 21-də Həsənli ilə növbəti telefon danışığında o bildirib ki, işgəncə faktları barədə yazandan sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir:

“Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib. Həmin adam barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar”.

Həmin dövrdə Penitensiar Xidmət iddianı təkzib edib.

İyulun 31-də Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları və işgəncəni həyata keçirən şəxslərdən bəhs edildiyi bildirilən “Məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki barmaqlıqlardan asırlar” adlı məqaləsi dərc olunub.

Məqalədə Həsənli son altı ayda qeydə aldığı işgəncə faktlarını təsvir etdiyini bildirir.

“Abzas Media” işi ilə bağlı nə baş verib?

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Sentyabrın 9-da “Abzas Media işi” üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.

“İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək”, vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

19:28, 04 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiəsi Komitəsi Azərbaycan hökumətini həbsdə olan jurnalistləri azad etməyə çağırır

by Gozetci 18:07, 04 Oktyabr 2024
written by Gozetci

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiəsi Komitəsi Azərbaycanda 11 jurnalistin ilkin həbs müddətinin uzadılmasını pisləyir və ölkə hakimiyyətini noyabrda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində onları azad etməyə çağırır.

“Azərbaycanda son tənqidçi KİV-dən 11 jurnalistin həbsinin davam etməsi göstərir ki, ölkənin ən cəsarətli jurnalistləri COP29 dövründə korrupsiya və insan hüquqlarının pozulması barədə danışa bilməyəcəklər”, Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

“Azərbaycanın beynəlxalq tərəfdaşları bütün ittihamların ləğv edilməsi və həbsdə olan jurnalistlərin azad edilməsi üçün çağırışları artırmaq üçün konfransa diqqət yetirməlidirlər”, o əlavə edib.

Sözügedən jurnalistlər dörd müstəqil xəbər resursundan 13 KİV işçisi arasındadır. Onlar 2023-cü ilin noyabrından valyuta qaçaqmalçılığı ittihamı ilə həbsdədirlər. Söhbət Qərb donorları tərəfindən maliyyələşdirmədən gedir.

Komitə “Abzas Media işi” üzrə həbs olunmuş Ülvi Həsənli, Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova, Məhəmməd Kekalov və Hafiz Babalının, “Toplum TV işi” üzrə Ələsgər Məmmədli və Müşfiq Cabbarın, “Kanal-13 işi” üzrə Əziz Orucov və Şamo Eminovun, həmçinin Meclis.info saytının rəhbəri İmran Əliyevin adlarını sadalayıb.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılov və Elmir Abbasovdan isə ölkədən çıxmamaq barədə iltizam alınıb.

Avqust ayında hakimiyyət “Abzas Media”nın altı jurnalistinə qarşı yeddi yeni ittiham irəli sürərək, mümkün maksimum həbs müddətini 12 ilə qədər artırıb. Qalanlarını 8 ilə qədər həbs təhlükəsi gözləyir.

Komitə Azərbaycanda həbsdə olan jurnalistlərin COP29 ərəfəsində azad edilməsinə çağıran iyirmidən çox təşkilata qoşulub, bəyanatda deyilir.

Öz növbəsində rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edir. Dövlət rəhbərləri ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və fikirlərinə görə təqib edilmədiyini bildirir.

Amerikanın Səsi 

18:07, 04 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə həbs olunan Ramil Babayevin həbs qətimkan tədbiri uzadılıb

by Gozetci 17:31, 04 Oktyabr 2024
written by Gozetci

Ramil Babayev

Oktyabrın 4-də Xətai Rayon Məhkəməsi Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayevin həbs müddətini 3 ay uzadıb.

“Toplum TV işi” üzrə həbs olunan Babayev barəsində həbs qətimkan tədbiri 6 yanvar 2025-ci il tarixinə qədər artırılıb. Bu barədə onun vəkili Günay İsmayılova məlumat verib.

Vəkilin sözlərinə görə, Ramil Babayev ittihamları qəbul etmir və məhkəmənin qərarı ilə razı deyil. Babayev barəsində verilmiş qərardan apellyasiya şikayəti veriləcək.

Oktyabrın 3-də isə “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması”nın spikeri Akif Qurbanovun, Platformanın qurucu heyət üzvü Ruslan İzzətlinin, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşları Əli Zeynalovun və İlkin Əmrahovun, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədlinin və “Toplum TV”nin əməkdaşı, jurnalist Müşfiq Cabbarın həbs müddəti daha 3 ay uzadılıb.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib. “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

17:31, 04 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Toplum TV” işi üzrə həbs olunan 6 nəfərin həbs qətimkan tədbiri uzadılıb

by Gozetci 09:03, 04 Oktyabr 2024
written by Gozetci

Oktyabrın 3-də Xətai Rayon Məhkəməsində istintaqın “Toplum TV” işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barəsində vəsatətinə baxılıb.

“Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması”nın spikeri Akif Qurbanovun, Platformanın qurucu heyət üzvü Ruslan İzzətlinin, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşları Əli Zeynalovun və İlkin Əmrahovun, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədlinin və “Toplum TV”nin əməkdaşı, jurnalist Müşfiq Cabbarın həbs müddəti daha 3 ay uzadılıb.

Vəkil Rövşanə Rəhimli bildirib ki, müdafiə etdiyi İlkin Əmrahov qərardan narazıdır, həbs olunduğuna görə onun təhsili yarımçıq qalıb:

“Həbsinin qanunsuz olduğunu, qaçaqmalçılıq ittihamı ilə heç bir əlaqəsinin və ümumiyyətlə, onun ümumvətəndaş pasportunun olmadığını vurğuladıq. O, heç vaxt ölkə xaricində olmayıb. Bu maddə ilə ittiham olunması tamamilə qanunsuz və əsassızdır. Cinayət işini qondarma və saxta adlandırdı. Eyni zamanda, İlkinin təhsil almaq hüququ çox kobud şəkildə pozulur. İlkin hazırda Dillər Universitetinin magistratura tələbəsidir və təhsil almalıdır, amma təəssüf ki, həbsdədir”.

Vəkil Rəsul Cəfərov qeyd edib ki, Ruslan İzzətli qərarı əsassız sayır.

“Özü bildirdi ki, ittihamların əsası yoxdur. Sözsüz ki, qərardan apellyasiya şikayəti veriləcək. Ödü ilə bağlı problemlər var, eyni zamanda, təzyiqi ilə bağlı problem var, tez-tez təzyiqi düşür”-deyə, vəkil bildirib.

Məhkəmə 6 nəfərin həbs qətimkan tədbirini 2025-ci ilin 6 yanvarınadək uzadıb. Onlarla birgə həbs olunan Ramil Babayevin həbsinin uzadılması ilə bağlı məhkəmənin isə yaxın günlərdə keçiriləcəyi gözlənilir.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib. “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi

09:03, 04 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia