


Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasının son vəziyyətini qiymətləndirən bir neçə qərar qəbul edib.
Nazirlər Komitəsi 3-5 dekabr tarixlərində keçirdiyi rüblük iclasında “Məmmədli”, “Nemət Əliyev”, “Muradova”, “Məmmədov (Cəlaloğlu)” və “Mikayıl Məmmədov” qrup işləri, habelə “Makuçyan və Minasyan Azərbaycana qarşı” və “Sarqsyan Azərbaycana qarşı” işlərinə baxıb.
Nazirlər Komitəsi hökumətin əvvəlki təminatlarına baxmayaraq, “Məmmədli” qrupu işlərində heç bir irəliləyişin bildirilməməsi və ərizəçilərin məhkumluğunun hələ də qüvvədə qalmasından “dərin təəssüfünü” ifadə edib.
Azərbaycanda 2013-2016-cı illərdə hökumət tənqidçilərinə qarşı təqiblərlə bağlı olan “Məmmədli” qrupunda vətəndaş cəmiyyəti nümayəndələri Anar Məmmədli, İntiqam Əliyev, Arif və Leyla Yunusların, jurnalist Xədicə İsmayılovanın, fəallar Qiyas İbrahimov və mərhum Bayram Məmmədovun işləri yer alır.
Nazirlər Komitəsi hakimiyyət orqanlarını onların məhkumluğunun dərhal ləğv edilməsi, mülki və siyasi hüquqlarının tam bərpası üçün səyləri təcili olaraq artırmağa çağırıb və bu işlərə Ali Məhkəmədə yenidən baxılmasının “həddən artıq və izahedilməz gecikmə”si ilə əlaqədar narahatlığını təkrarlayıb.
“Məmmədli” qrupu işlərində AİHM Azərbaycanda hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin cəzalandırma məqsədi ilə məhkəmə təqiblərinə məruz qaldığını, qanunun aliliyinə zidd olaraq cinayət qanunlarından sui-istifadə yolu ilə əsassız həbslərin narahatlıq doğuran tendensiyasını aşkarlayıb.
Nazirlər Komitəsi 5 ildən artıqdır Azərbaycan hökumətini siyasi və qisas motivli həbslərin və təqiblərin qarşısının alıması üçün hərtərəfli islahatlar keçirməyə çağırır.
İnsan hüquqları təşkilatları isə Azərbaycanda ötən bir il ərzində müstəqil media və vətəndaş cəmiyyətinə qarşı artan təqiblər, o cümlədən Anar Məmmədlinin yenidən həbs edilməsi fonunda hökumətin bu istiqamətdə addımlar atmaqdan uzaq olduğunu qeyd edir.
Nazirlər Komitəsi bu gün həmçinin 2005 və 2010-cu il parlament seçkilərində azad seçki hüququ pozulmuş ərizəçilərin işlərinin toplandığı “Nemət Əliyev” qrup işləri üzrə qərarını elan edib.
Komitə narahatlıqla qeyd edir ki, seçki hüququ pozuntularının həllinə dair uzun müddətdir etdiyi müraciətlərə baxmayaraq, AİHM tərəfindən müəyyən edilmiş əsas problemlər həll edilməmiş qalmaqdadır. Azərbaycan hökuməti bu xüsusda yenidən Məhkəmənin nəticələrinə və Venesiya Komissiyasının tövsiyələrinə cavab verən hərtərəfli islahatlar keçirməyə çağırılır.
Bu həftə yenidən müzakirə edilən “Muradova”, “Məmmədov (Cəlaloğlu)” və “Mikayıl Məmmədov” qrup işləri isə Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilmiş işgəncə və pis rəftara, bununla bağlı səmərəli araşdırmaların aparılmamasına dair işləri əhatə edir.
Qərarda Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin (CPT) Azərbaycanın hüquq-mühafizə orqanlarında pis rəftarın davamlı problem olaraq qalması barədə son bəyanatı təəssüflə qeyd olunur.
CPT iyulun 3-də yaydığı bəyanatda Azərbaycanın bu qurumla əməkdaşlıq etməməsi, Azərbaycan hökumətinə, xüsusən də Daxili İşlər Nazirliyinə verilən tövsiyələrin uzun illərdir icra edilməməsi, pis rəftar və işgəncə hallarının davam etməsi vurğulanır.
Pis rəftarın araşdırılmasına nəzarəti artırmaq üçün əhəmiyyətli təkmilləşdirməyə ehtiyac olduğunu qeyd edən Nazirlər Komitəsi, hakimiyyət orqanlarını uzun sürən istintaq və məhkəmə proseslərinin əsas səbəblərini aradan qaldırmağa, bu istiqamətdə köklü islahatlara getməyə çağırıb.
Komitə vurğulayır ki, Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə polis nəzarətində pis rəftara “sıfır dözümlülük”lə bağlı güclü mesaj verməlidir.
“Makuçyan və Minasyan Azərbaycana qarşı” işin gəldikdə, Macarıstanda erməni zabiti qətlə yetirdiyinə görə məhkum edilən Ramil Səfərovun Azərbaycana ekstradisiya edildikdən sonra əfv edilməsi və “qəhrəman kimi qarşılanması” ilə bağlıdır.
Avropa Məhkəməsi müəyyən edib ki, Azərbaycan Səfərovu məhz erməni əsilli birinə qarşı cinayət törətdiyi üçün onu törətdiyi cinayətə görə cəzasız qoyub, şəxslərin həyatına qarşı cinayətlərin qarşısını almaq öhdəliyini pozub. Ərizəçi tərəf Səfərovun əfv edilməsi ilə bağlı prezident sərəncamının ləğv edilməsini və ya alternativ olaraq Azərbaycan məhkəmələrinin prezidentin sərəncamına baxmasını istəyir.
Azərbaycan tərəfi pozuntunu tanıdığını və kompensasiya ödəyəcəyini bildirib. Hökumət ədalətli kompensasiya, o cümlədən pozuntunun etiraf edilməsini ədalətin bərpası üçün yetərli hesab edir.
Komitənin qərarında hökuməti müəyyən edilən təzminatı ərizəçilərin nümayəndələrinə ödəməyə, törətdiyi cinayəti nəzərə alaraq Səfərova verilmiş imtiyazları ləğv etməyə, ümumilikdə isə etnik motivli nifrətin qarşısını almaq və onunla mübarizə aparmaq üçün əlavə qanunvericilik dəyişikliklərini nəzərdən keçirməyə çağırıb.
Nəhayət, “Sarqsyan Azərbaycana qarşı” işi Birinci Qarabağ Müharibəsi dövründə indiki Goranboy rayonunun Gülüstan kəndində yaşayan erməni əsilli qaçqının mülkiyyət hüquqlarına aiddir. AİHM 2017-ci ildə qərara alıb ki, Azərbaycan ərizəçinin varislərinə kompensasiya ödəməlidir. Lakin bu qərar icra olunmayıb.
Nazirlər Komitəsinin qərarında Azərbaycan hakimiyyətini ya Anlaşma Memorandumunun layihəsinə baxılmasını tez bir zamanda başa çatdırmağa və onu imzalamağa hazır olduğunu təsdiq etməyə, ya da AİHM qərarında müəyyən edilmiş təzminatı ödəməyə təşviq edir.
Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası üzv ölkələr üçün məcburidir. Nazirlər Komitəsi milli hakimiyyət orqanları, ərizəçilər, QHT-lər və digər maraqlı tərəflər tərəfindən təqdim edilən məlumatlar əsasında qərarların icrasına nəzarət edir.
Hazırda Azərbaycanla bağlı Nazirlər Komitəsinin icraatında olan 300-dən artıq məhkəmə qərarı var.
Amerikanın Səsi
Avropa Parlamentinin İnsan Haqları Alt Komitəsi cümə axşamı genişləndirilmiş iclasında “Azərbaycanda müstəqil mediaya və vətəndaş cəmiyyətinə basqılar” mövzusunda müzakirə keçirib. İclasda Saxarov Düşüncə Mükafatının finalçısı Dr. Qubad İbadoğlunun nümayəndəsi, hüquqşünas Jalə Bayramova, jurnalist Arzu Qeybullayeva və Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun təmsilçisi Aleksandros Sabou çıxış ediblər.
Natiqlər Azərbaycanda siyasi təqiblərin, qanunsuz həbslərin və insan haqlarının pozulması ilə bağlı narahatlıqlarını bildiriblər. Onlar Avropa Parlamentinin üzvlərinin bu mövzu ilə bağlı suallarını cavablandırıblar.
Jalə Bayramova siyasi həbslərin intensivləşdiyini vurğulayaraq, öz ailəsinin həm ölkə daxilində, həm də transmilli səviyyədə baş verən qanunsuzluqların qurbanı olduğunu bildirib. O, Dr. Qubad İbadoğlunun sağlamlıq vəziyyətinin kritik olduğunu və təcili ürək cərrahiyyəsinə ehtiyac duyduğunu qeyd edib. Bayramova Azərbaycan hökumətini İbadoğlunun və atasının ölkədən çıxışına qoyulan qadağanı ləğv etməyə çağırıb.
Onun çıxışından sonra İnsan Haqları Alt Komitəsinin sədri Mounir Satouri Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramova rəsmi məktub göndərdiyini açıqlayıb. Məktubda Dr. Qubad İbadoğlunun Saxarov Mükafatının təqdimetmə mərasimində iştirakını təmin etmək üçün onun səyahət qadağasının ləğv edilməsinin vacibliyi vurğulanıb. Satouri, həmçinin, Azərbaycan rəsmiləri ilə dialoqa hazır olduqlarını bildirib.
Avropa Parlamentinin üzvü Bernard Getta da çıxış edərək, Dr. İbadoğlunun mərasimdə iştirakını təmin etmək məqsədilə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyenə müraciət etdiyini açıqlayıb.
Jurnalist Arzu Qeybullayeva Azərbaycanda müstəqil medianın qarşılaşdığı çətinliklərdən danışıb, Aleksandros Sabou isə vətəndaş cəmiyyətinin və intellektual azadlığın daraldığını vurğulayıb. Hər iki çıxışçı siyasi məhbusların, o cümlədən Bəhruz Səmədov, Rüfət Səfərov, Anar Məmmədli və Dr. Qubad İbadoğlunun azad olunmasını tələb ediblər.
İclas, Avropa Parlamentinin Azərbaycanda insan haqları ilə bağlı artan narahatlığını və islahatların təmin edilməsi üçün beynəlxalq təzyiqin artırılmasının vacibliyini ortaya qoyub.
Turan

Rüfət Səfərov
Hüquq müdafiəçisi Rüfət Səfərovun həbsi beynəlxalq səviyyədə Azərbaycana qarşı tənqidlərlə qarşılanıb. Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ senatoru, Avropa Şurasının həmməruzəçiləri bəyanatlarla çıxış edib.
Amnesty İnternational hüquq-müdafiə təşkilatının bəyanatında deyilir ki, hüquq müdafiəçisi Rüfət Səfərovun həbsi Azərbaycanda fəallara və hökuməti tənqid edənlərə qarşı repressiyaların gücləndiyi bir vaxta təsadüf edir. Bunu Anar Məmmədli və Qubad İbadoğlu kimi fəalları özbaşına həbsi də sübut edir.
“Rüfət Səfərovun qondarma dələduzluq və xuliqanlıq ittihamı ilə həbsi Azərbaycan hakimiyyətinin ölkədə fərqli səsləri susdurmaq üçün amansız səylərinin daha bir parlaq nümunəsidir. Rüfət Səfərovun əsassız həbsi hüquq müdafiəçilərinin işinə xələl gətirmək, ölkədə insan haqlarının vəziyyətinin monitorinqinə mane olmaq, hakimiyyətə həqiqəti söyləməyə cəsarət edən hər kəsi qorxutmaq məqsədi daşıyır. Təsadüfi deyil ki, bu, COP29-un beynəlxalq diqqət mərkəzi Azərbaycandan uzaqlaşan kimi baş verdi”, Amnesty İnternational hüquq-müdafiə təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struthers qeyd edib.
O, Azərbaycan hakimiyyətini Rüfət Səfərovu dərhal azad etməyə çağırıb.
“Səfərov insan hüquqlarını dinc şəkildə müdafiə etməsinə görə saxlanılır. Səlahiyyətlilər ölkədə hər kəsin insan hüquqlarına, o cümlədən ifadə və birləşmək azadlığına hörmət etməli, onları qorumalı, təşviq etməli və yerinə yetirməlidir. Hüquq müdafiəçilərinin və hökuməti tənqid edənlərin təqib edilməsi ədalət prinsiplərini aşındırır və beynəlxalq insan hüquqları standartlarını sarsıdır”, Mari Struthers qeyd edib.
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan hökumətini Rüfət Səfərovu dərhal azad etməyə çağırıb.
“Rüfət Səfərov insan hüquqları sahəsində xidmətlərinə görə Dövlət Departamentinin mükafatını almaq üçün gələn həftə mənimlə və digər senatorlarla görüşməliydi, lakin Azərbaycan rejimi onu saxta ittihamlarla həbs etdi”, senator qeyd edib.
AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) və hüquq müdafiəçilərinin vəziyyəti üzrə baş məruzəçi Emanuelis Zingeris (Litva) Rüfət Səfərovun həbsinə münasibət bildirib.
“Dünən Rüfət Səfərovun “dələduzluq” və “xuliqanlıq” ittihamı ilə həbs olunması bu ölkədə hüquq müdafiəçilərinə və fəallara qarşı təzyiqlərin güclənməsinə daha bir nümunədir. Bu, həyəcanverici inkişaf tənqidi səslərin sıxışdırılması və fundamental azadlıqları və demokratik dəyərləri müdafiə etmək üçün çıxış edənləri hədəf alan davamlı modelin bir hissəsidir. Keçmiş müstəntiq olan cənab Səfərov hökuməti tənqid etdiyinə görə artıq repressiyalara məruz qalmış tanınmış hüquq müdafiəçisidir. Təkcə ötən həftə Parlament Assambleyasında Daimi Komitədə “Azərbaycanda repressiyaların intensivləşməsi: siyasi məhbusların vəziyyəti, demokratik azadlıqlara və parlament hüquqlarına təhdidlər” mövzusunda cari məsələlərin müzakirəsi keçirildi. Cənab Səfərovun adının Azərbaycanda onsuz da uzun olan siyasi məhbuslar siyahısına əlavə olunması bizi narahat edir. Biz Azərbaycan hakimiyyətini cənab Səfərovu dərhal azad etməyə və AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Lise Kristofersenin (Norveç, SOC) digər siyasi məhbuslara qarşı bütün qondarma ittihamları ləğv etmək çağırışını təkrar edirik. Biz beynəlxalq ictimaiyyəti bu səylərə qoşulmağa və Azərbaycanda siyasi məhbusların azad edilməsini təmin etmək üçün diplomatik təzyiq göstərməyə çağırırıq”, məruzəçilərin bəyanatında deyilir.
Hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.
Dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Günahı sübuta yetirilsə, Səfərovu 10 ilə qədər həbs gözləyir.
Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.
Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.
“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başdan mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.
Rəsmi Bakı hüquq müdafiəçisinin siyasi səbəblərlə saxlanılması barədə bəyanatlara hələ reaksiya verməyib. Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 4-də Bakıda insan hüquqları ilə bağlı keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin “Azərbaycanda jurnalistlər və siyasi fəalların saxlanması ittihamı ilə bağlı mütəşəkkil müdaxilələrini qəti şəkildə rədd etdiyini” bildirib.
“Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir”, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O, bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. Səfərov 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
Səfərov 2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı təsis edilib. O, bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.
Amerikanın Səsi
“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbs olunan jurnalistlərin məhkəməsi başlayır. Hazırlıq iclası dekabrın 17-də hakim Rasim Sadıxovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində olacaq.
“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub.
Daha sonra direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb.
Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Sentyabrın 9-da “Abzas Media işi” üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Ameikanın Səsi

Fazil Qasımov
Cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı Fazil Qasımovun işi üzrə proses davam edib. İclasda ittiham aktı elan edilib.
Lakin prokurorun çıxışından əvvəl Qasımov etiraz edərək bildirib ki, o, günahsızdır və ona qarşı cinayət işinə xitam verilməlidir.
Bununla belə, hakim bundan əvvəl irəli sürülmüş ittihamları təsdiqləyən prokurora söz verib. Bundan sonra Qasımovun vəziyyəti kəskin pisləşib və həkim çağırıblar.
Bununla əlaqədar məhkəmə dinləmələri dekabrın 12-nə keçirilib.
* Fazil Qasımov 8 avqust 2023-cü ildə İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. O, tanınmış iqtisadçı və Azərbaycan hökumətinin tənqidçisi Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunub. Lakin hazırda Fazil Qasımovun cinayət işinə İbadoğlunun cinayət işindən ayrı baxılır.
İyunda o, qanunsuz həbsinə etiraz edərək aclıq elan edib. Son vaxtlar əvvəlkitək qidadan imtina edir, yalnız bal ilə şirinləşdirilmiş su və yoqurt qəbul edir.
Turan

Rüfət Səfərovl
Vəkil Bəhruz Bayramov dekabrın 4-də Binəqədi Polis İdarəsinin müvəqqəti saxlama yerində “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovla görüşüb.
Vəkil Amerikanın Səsinə bildirirb ki, Rüfət Səfərovun səhhəti normaldır.
Onun sözlərinə görə, Səfərov bir daha ona qarşı ittihamları əssasız və siyasi sifariş hesab edir.
Onun 48 saat ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Rüfət Səfərovun digər vəkili Elçin Sadıqov da dekabrın 4-də Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində hüquq müdafiəçisi Rüfət Səfərovla polislərin müşaiyyət altında görüşüb.
Vəkil qeyd edir ki, hüquqlarının müdafiə elədiyi şəxslə konfidensial görüşə icazə verməyiblər.
“Dünən axşam da vəkillərə konfidensial görüş yaratmadılar. Hətta mənim öz qeydlərimi edib çıxaracağım təqdirdə fiziki güc tətbiq edəcəkləri ilə hədələdilər. Bəzi məsələləri hələ də narahatlıq yaranmasın deyə açıqlamasaq da, R.Səfərov ümumi konteksdə saxlanılma şəraitindən şikayəti olmadığını bildirdi”, o əlavə edib.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov dekabrın 3-də Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə şübhəli şəxs qismində saxlanılıb.
Səfərov insan hüquqlarının müdafiəsinə görə ABŞ Dövlət katibi Antoni Blinkenin ABŞ-da ona təqdim edəcəyi mükafatı almaq üçün dekabrıbn 6-da bu ölkəyə gedəckdi. O saxlanılmasını bununla əlaqələndirir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.
Amerikanın Səsi

Elnur Həsənov
Narkotik ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov dekabrın 3-dən aclığa başlayıb.
AXCP-nin məlumatına görə, Həsənov cəzaçəkmə müəssisəsinə köçürülməməsinə və ona yaxınları ilə görüş verilməməsinə etiraz edir.
Məlumatda deyilir ki, avqustun 2-də onun barəsində hökm verilib, bundan sonra o, Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksin təcridxanasına köçürülüb.
Sentyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlasa da, o, hələ də cəzaçəkmə müəssisəsinə köçürülməyib.
Sonuncu dəfə onunla görüş iyunun 21-də olub. Ondan sonra yalnız şüşə arakəsmə arxasından ünsiyyət olub.
Umbakı kompleksinin rəhbərliyi məhdudiyyətin Penitensiar Xidmət tərəfindən tətbiq edildiyini bildirir.
Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Elnur Həsənov, həmçinin həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Elnur Həsənov 28 noyabr 2023-cü il tarixində narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb (CM-in 234.4.3-cü maddəsi). Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi İdarəsinin rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.
Amerikanın Səsi

Rüfət Səfərov
Dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.
Vəkil Elçin Sadıqov bildirib ki, Rüfət Səfərovun cinayət törətməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməyib.
“Yalnız həbs qətimkan tədbiri barədə təqdimat verildi. Müdafiə tərəfinin ev dustaqlığı ilə bağlı vəsatəti isə təmin edilmədi. Rüfət Səfərov məhkəmədə bildirdi ki, həbsi hüquq müdafiəçisi kimi ondan qisas alınmasıdır. Eyni zamanda o həbsinin ABŞ-da mükafat almasının qarşısını almaq üçün həyata keçirildiyini diqqətə çatdırdı. O qeyd etdi, Elmar Hüseynov kimi nəticə gözləyirdi (jurnalist Elmar Hüseynov 2005-ci ilin martında evinin astanasında qətlə yetirilib, qatillər və sifarişcilər hələ də həbs edilməyib-red), həbs edilməsi daha yüngül cəza oldu”, vəkil qeyd edib.
Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və bununla bağlı araşdırma aparılır.
Rüfət Səfərov isə sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.
“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət Katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.
Amerikanın Səsi

Ələsgər Məmmədli
Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV” nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmaması ilə bağlı müdafiə tərəfin verdiyi apellyasiya şikayətini təmin etməyib
Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, ikinci instansiya məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məhkəmədə iştirak edən Ələsgər Məmmədli həbs qətimkan tədbirinin uzadılmasına heç bir əsas olmadığını və ev dustaqlığına buraxılması üçün qanuni əsaslar olduğunu bildirib.
Nəsimi Məmmədli deyir ki, qardaşının səhhətində yaranmış problemləri müalicə ilə ortadan qaldırmaq mümkün deyil.
Noyabrın 27-də Xətai Rayon Məhkəməsi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müraciətini təmin etməyib. Məhkəmə online formatda keçirilib.
Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini daha 3 ay uzadıb.
Martın 6-8-də “Toplum TV” və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.
Amerikanın Səsi
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az