Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə siyasi tədqiqatçının həbs müddətini uzadıb

by Gozetci 19:24, 19 Dekabr 2024
written by Gozetci

Bəhruz Səmədov

 

Bu günlərdə Səbail Rayon Məhkəməsi siyasi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov barəsində həbs qətimkan tədbirinin martın 9-dək uzadılması barədə qərar qəbul edib.

Bu barədə Amerikanın Səsinə Səmədovun ailəsindən bildiriblər.

Bəhruz Səmədov ittihamı qəbul etmir və məhkəmədən bəraət istəyib. Lakin məhkəmə onun vəsatətini təmin etməyib.

Siyasi tədqiqatçı avqustun 21-də həbs olunub. Avqustun 23-də isə Səbail Rayon Məhkəməsi Bəhruz Səmədov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bəhruz Səmədov “OC Media” və “Bakı Araşdırmalar İnstitutu”nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır, elə həbsinin səbəbini də bunda görür.

Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

19:24, 19 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Həbsxanada Ələsgər Məmmədlinin səhhəti pisləşib

by Gozetci 12:28, 19 Dekabr 2024
written by Gozetci

Ələsgər Məmmədli

 

Vəkil Fəxrəddin Mehdiyev dekabrın 18-də Bakı İstintaq təcridxanasında “Toplum” İnternet Televiziyasının hüquqi təsisçisi Ələsgər Məmmədli ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib:

“Ələsgər bəy halsız olub. Bədəninin müxtəlif nahiyələrində ağrılardan şikayətlənib. Təcridxanada götürülən qan analizlərinin və ultrasəs müayinəsinin nəticəsi də narahatlığını artırıb. Ödündə qatılaşma, böyrəyində daş var. Qan təzyiqi qeyri-sabitdir. Fasiləsiz baş ağrısından və yuxusuzluqdan əziyyət çəkir. Qalxanabənzər vəzindəki şiş boğulma hissini artırıb”.

Nəsimi Məmmədlinin əlavə etməsinə görə, Ələsgər Məmmədlinin təcili cərrahi əməliyyat olunması lazımdır, son günlər ürəyində də problemlər yaranıb.

“10 aydır həbsxanadadır. Qanunsuz həbs edilməsi bir yana, xəstəliklərinin müalicəsi üçün ev dustaqlığına da buraxmırlar. Təəssüf ki, ölkədə məhkəmə-hüquq sistemi təqsirsiz insanların cəzalandırılması alətinə çevrilib”, – daha sonra o vurğulayıb.

Ələsgər Məmmədlinin yaxınları bundan əvvəl də bir neçə dəfə onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti uzadılıb.

Ələsgər Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 330 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosu 

12:28, 19 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Kanal 13” internet televiziyasının icraçı direktorunun məhkəməsi başlayır

by Gozetci 21:08, 18 Dekabr 2024
written by Gozetci

Əziz Orucov

 

Dekabrın 25-də Bakının Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə “Kanal13” internet televiziyasının icraçı direktoru Əziz Orucova qarşı cinayət işi üzrə hazırlıq iclası başlayacaq.

Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib.

Əziz Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orucov ittihamları rədd edir, jurnalist fəaliyyəti ilə bağlı həbs edildiyini bildirir.

İbtidai istintaqın nəticələrinə əsasən həbsdə olan jurnalistə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi üzrə ittiham götürülüb.

Cinayət işi Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) maddəsi ilə məhkəməyə göndərilib.

Vəkil Bəhruz Bayramov bildirib ki, qanunsuz tikinti aparmaq ittihamı da əsassızdır.

“Ümid edirəm ki, məhkəmə bu ittihamı Əziz Orucovun üzərindən götürəcək. Çünki rəsmi şəxslərin dediyinə görə, ölkədə 400 mindən çox qanunsuz tikinti var. Əziz Orucovun yaşadığı ərazidə isə üç miondən çox qanunsuz tikinti inşa edilib. Bu qədər qanunsuz tikinti olduğu halda bir jurnalisti günahlandırmaq ədalətli deyil”, vəkil qeyd edib.

Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur.

Hüquq müdafiəçiləri jurnalisti siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

21:08, 18 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘AbzasMedia işi’ başladı. Jurnalistlər hakimlərə etiraz etdilər

by Gozetci 19:39, 17 Dekabr 2024
written by Gozetci

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalistin məhkəməsi başlayıb. Onların arasında nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), koordinatoru Məhəmməd Kekalov, AzadlıqRadiosu-nun əməkdaşı Fərid Mehralızadə, jurnalistlər Nərgiz Absalamova, Elnarə Absalamova, “Turan” informasiya agentliyinin şöbə müdiri Hafiz Babalı da var.

Jurnalistlərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Dekabrın 17-də məhkəmənin hazırlıq iclasında jurnalistlər məhkəmə tərkibindəki üç nəfər hakimdən ikisinə etiraz edib.

Jurnalistlər məhkəməyə buraxılmayıb.

Məhkəmənin qarşısı

Hakimlərlə bağlı araşdırma aparıblar

Sevinc Vaqifqızı bildirib ki, işlərinə baxan hakimlərlə bağlı araşdırma aparıblar. Onun sözlərinə görə, Rasim Sadıxov uzun illərdir siyasi sifarişləri can-başla icra edib, təqsirsiz adamlar haqqında saxta hökmlər çıxarmaqla məşhurdur. Kollegiyaya daxil olan hakimlərdən Novruz Kərimova gəlincə, jurnalist onun keçmiş Milli Təhlükəsizlik Nazirliyindəki keçmişini yada salıb. Sevinc Vaqifqızı vurğulayıb ki, Novruz Kərimov da çoxsaylı sifarişli hökmlərə imza atıb.

Novruz Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmamışdan əvvəl MTN-də müstəntiq işləyib.

Digər təqsirləndirilən şəxslər də bu hakimlərin onların işinə baxmasna etiraz edib. Onlar sifarişə xidmət edən hakimlərin varlığının hüquqi dövlət üçün utanc olduğunu vurğulayıblar.

“Dövlətin belə hakimlərə ehtiyacı yoxdur”, – Fərid Mehralızadə belə deyib.

Ancaq jurnalistlərin vəsatəti təmin olunmayıb.

Məhkəmədə vəkillər təqsirləndirilən jurnalistlərin şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, onların haqqında cinayət işinə xitam verilməsi, bu təmin edilməsə, heç olmasa, hökmədək ev dustaqlığına buraxılması haqda vəsatətlər qaldırıblar. Vəkillər deyir ki, jurnalistlərə verilən qaçaqmalçılıq və başqa ittihamları təsdiqləyən heç bir mötəbər sübut yoxdur.

Elə özləri də peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyiblər.

Sevinc Vaqifqızı vəsatətlərə münasibət bildirərkən məhkəmə zalında olan diplomatik korpus nümayəndələrinə səslənib:

“Burada beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri var. Onlar bəyan edirlər ki, demokratik dəyərlərə sadiqdilər, insan haqları onlar üçün vacibdir. Elədirsə, o zaman sadəcə, (prezident) İlham Əliyevə sözlə çağırış etməklə kifayətləşməsinlər, əmələ keçsinlər”.

Hakim jurnalistin sözünü kəsib.

‘ “Abzas”la əməkdaşlıq etsəydim…’

Nərgiz Absalamova, Elnarə Qasımova bildirib ki, onları həbs eləməyə ehtiyac yox idi, nə vaxt istintaqa çağrılmışdılar, getmişdilər. Onlar ev dustaqlığına buraxılarsa, məhkəmədən yayınmaq niyyətində deyillər.

Famil Mehralızadə deyir ki, “AbzasMedia”ya heç bir aidiyyəti olmadığı halda, onu bu işə qoşublar. Jurnalistin sözlərinə görə, cinayət işinin materiallarında da ona qarşı heç bir sübut yoxdur:

“Əlbəttə, əgər mən “Abzas”la əməkdaşlıq etsəydim, bununla fəxr edərdim. Məsələ burasındadır ki, mən orada işləməmişəm. Heç bir sübut da yoxdur”.

Hafiz Babalı da “Turan”ın əməkdaşı olduğunu vurğulayıb. O həmçinin III qrup əlil olduğunu, səhhətindəki problemləri hakimlərin nəzərinə çatdırıb.

Qaldırılmış vəsatətlərdən yalnız biri təmin olunub- təqsirləndirilən jurnalistlərin vəkillərinin yanında əyləşməsinə icazə verilib.

Dekabrın 28-də jurnalistlərin işi üzrə məhkəmə istintaqı başlayacaq.

Xatırlatma

“AbzasMedia” üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Ülvi Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.

Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son bir ildə Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıda bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.

AzadlıqRadiosu

19:39, 17 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Amnesty International Azərbaycanda “Meydan TV” və həbs olunan digər jurnalistləri azad etməyə çağırır

by Gozetci 20:59, 16 Dekabr 2024
written by Gozetci

Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı dekabrın ilk həftəsində Azərbaycanda “Meydan TV” jurnalistlərinin həbsini pisləyib.

“Azərbaycanda COP29-un keçirilməsindən iki həftə sonra yeni həbs dalğası çərçivəsində azı altı jurnalist saxlanılıb. Biz son həbsləri pisləyirik. Azərbaycan hakimiyyətini jurnalistləri və media işçilərini dərhal azad etməyə çağırırıq.

Biz COP29-dan sonra repressiyalardan ehtiyatlanırdıq və indi BMT konfransının iştirakçısı olan dövlətləri Azərbaycanda – hələ də COP29 sədri vəzifəsini tutan ölkədə davam edən təqiblərə reaksiya verməyə çağırırıq”, təşkilatın bəyanatınbda deyilir.

“Müstəqil jurnalistlərin, o cümlədən “Meydan TV” əməkdaşlarının sonuncu həbsləri bir il əvvəl başlamış və müstəqil tənqidi səslərin boğulmasına yönəlmiş repressiyaların tərkib hissəsidir” – deyə, Amnesty International qeyd edir.

Bundan əlavə Article19 beynəlxalq jurnalist təşkilatı Azərbaycanda jurnalistlərin yeni həbslərini pisləyib.

“Bakıda iqlim sammitindən bir neçə həftə sonra ən az 7 jurnalist saxlanılıb – onların əksəriyyəti “Meydan TV”nin əməkdaşıdır. Repressiyalar Azərbaycanın tənqid və fərqli düşüncəyə dözümünün olmaması haqqında yeni bir xatırlatmadır. Biz mətbuat azadlığına qarşı təzyiqlə mübarizəni davam etdirməliyik”, təşkilat X sosial şəbəkəsindəki hesabında yazıb.

Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh etməyib.

Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, “Meydan TV” əməkdaşlarının saxlanılması əsaslı şübhələr fonunda həyata keçirilib və bu prosesin jurnalistika fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.

Xatırlatma

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.

Amerikanın Səsi 

20:59, 16 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyev məhkəmədə vəsatətlərlə çıxış edib

by Gozetci 18:23, 16 Dekabr 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

 

Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə proses davam etdirilib. İclas zamanı Hacıyev bir sıra vəsatətlərlə çıxış edib.

O, bir daha Daxili İşlər Nazirliyinin guya onun “cinayət fəaliyyəti” həyata keçirdiyi haqqında elektron məktubunu iş materiallarından çıxarmağı xahiş edib.

O bildirib ki, “Cinayət-Prosessual Məcəlləsi”nə əsasən, möhürlə təsdiq edilmiş sənədlər və ya təsdiq edilmiş surətlər tədqiq edilir.

Bundan başqa, müstəntiq tərcüməsi üçün tərcüməçilərin cəlb olunduğu hansısa xarici sənədlərə istinad edir. Lakin tərcüməçilər sənədlərin ortaya çıxmasından 20 gün əvvəl cəlb edilib”, o qeyd edib.

Hacıyevin hesab edir ki, yuxarıda göstərdikləri saxtalaşdırmanın dəlilidir.

Bu səbəbdən o, qeyd edilən sənədləri dəlillər siyahısından çıxarmağı təklif edib.

Hüquq müdafiəçisi həmçinin onun vergi borcunun yanlış hesablandığını qeyd edib və borcu hesablayan ekspertlərin məhkəməyə çağırılmasını təklif edib.

Hacıyev vergi xidmətini maraqlandıran sənədləri təqdim etməyə hazır olduğunu bildirib, lakin bunun üçün onun barəsindəki qətimkan tədbiri dəyişdirilməlidir.

Bundan başqa, o, ittihamın bəzi hissələrinin ümumiyyətlə ona aydın olmadığını qeyd edib. Buna görə o, “qaçaqmalçılıq” və “sənədləri saxtalaşdırma” ittihamlarının ləğv edilməsi barədə vəsatət qaldırıb, belə ki, istintaq bu ittihamları əsaslandırmayıb.

Son iki ildə Hacıyev qaçaqmalçılıq yolu ilə valyuta gətirdiyi iddia olunan Gürcüstanda olmayıb.

Eyni zamanda, Hacıyev hansı sənədləri saxtalaşdırmaqda ittiham olunduğunu başa düşmür.

O, müvafiq sənədlərin saxtalaşdırıldığını müəyyən etmək üçün polis əməkdaşlarının və ekspertlərin imzalarının ekspertizasının keçirilməsini təklif edib.

Hüquq müdafiəçisi həmçinin Avropa Məhkəməsinin qərarına uyğun olaraq pul vəsaiti köçürülən bank hesabından həbsin götürülməsini xahiş edib.

Lakin məhkəmə bəzi vəsatətləri təmin etməyib, digərlərini müşavirə otağında hökm çıxararkən qiymətləndirməyi vəd edib.

Məhkəmənin növbəti iclası dekabrın 23-nə təyin edilib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il iyunun 16-da hüquq müdafiəçisinə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Hacıyevin özü və həmkarları onun həbsini Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbər şəxslərini kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.

Bəxtiyar Hacıyev yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Parlamenti, Amnesty İnternational, həmçinin ABŞ Dövlət Departamenti Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.

“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır,” Antoni Blinkenin bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını pisləyir və rədd edir.

Amerikanın Səsi 

18:23, 16 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP fəalı Ceyhun Novruzova 10 sutka inzibati həbs cəzası verilib

by Gozetci 15:00, 14 Dekabr 2024
written by Gozetci

Ceyhun Novruzov

 

Dekabrın 14-də Bakının Səbail Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Səbail rayon təşkilatının sədri Ceyhun Novruzovu İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilərək 10 sutka inzibati həbsə məhkum edib.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Ceyhun Novruzov dekabrın 13-də Səbail rayonu ərazisində polisin taksi sürücülərini cərimə etməsinə etiraz etdiyi üçün saxlanılıb.

AXCP hesab edir ki, Novruzova verilən ittiham quramadır, o, vətəndaşların hüquqlarını müdafiə etdiyi üçün cəzalandırılıb.

AXCP bildirir ki, il ərzində siyasi mövqeyinə, tənqidi çıxışlarına görə partiyanın çoxsaylı fəalı inzibati qaydada həbs edilib. Hazırda bu partiyanın 5 fəalı inzibati həbsdədir, 12 fəalı isə cinayət məsuliyyəti ilə uzunmüddətli həbsə məhkum edilib.

Siyasi partiya fəallarının həbsinin ölkədəki “repressiya dalğası” ilə bağlı olduğunu bildirib.

Turan 

15:00, 14 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tofiq Yaqublu ona qarşı cinayət işinin saxtalaşdırıldığını bildirib

by Gozetci 13:06, 14 Dekabr 2024
written by Gozetci

Tofiq Yaqublu

 

Dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalif siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə işə dair sənədlərin tədqiqinə başlanılıb.

Əvvəlcə Yaqublunun evində “axtarış və pul vəsaitinin müsadirəsi haqqında” protokol oxunub.

Yaqublu pul vəsaitini polislərin özlərinin qoyduğunu və bunun məhkəmədə proses iştirakçılarının ifadələri ilə təsdiqini tapdığını deyib.

Xüsusən, siyasətçinin həyat yoldaşı Maya Yaqublu axtarış üçün gələn şəxslərin bəzilərinin dərhal onunla birlikdə ikinci mərtəbəyə çıxdıqlarını, formal olaraq şkafda bir yeşiyi çəkdiklərini, həmin vaxt digər qrupun gətirdikləri pulu aşağı mərtəbədəki otaqda döşəyin altına qoyduqlarını bildirib. Daha sonra yuxarıdan enən polislər döşəyi qaldırıblar və pulu “tapıblar”, deyə Yaqublu qeyd edib.

Tofiq Yaqublu deyib ki, onda pul olsaydı, evdə onu gizlətmək üçün daha “etibarlı” yerlər var idi.

Yaqublu həmçinin pul “tapıldıqdan” sonra axtarışın dayandırıldığını bildirib.

“Axı axtarış apara biləcəkləri çox yer var idi. Bəlkə silah gizlətmişdim? Bütün məsələ ondadır ki, onlar işlərini bitmiş hesab etdilər və artıq başqa nəsə axtarmaq onlar üçün maraqlı deyildi”, deyə Yaqublu qeyd edib.

Yaqublu həmçinin daktiloskopik ekspertizanın evindən “götürülmüş” kupyuralarda onun barmaq izini “tapmasına” diqqət çəkib.

“İki 100 manatlıq kupyurada və bir 50 avroluq kupyurada guya mənim barmaq izim tapılıb. Amma, necə  olur ki, mənim barmaq “izlərim” tapılır, guya bu pulları mənə verən Elnurun (Məmmədov) (iş üzrə digər fiqurant) və Elşənin (Elşən Hüseynov zərərçəkmiş qismində keçir) barmaq izləri tapılmır”, deyən Yaqublu bunu işin saxtalaşdırılmasının daha bir dəlili adlandırıb.

Daha sonra prosesdə hakim Hüseynov və Məmmədov arasında Hüseynova viza almaq üçün Yaqubluya pulun verilməsi müzakirə olunan Whatsapp yazışmasını açıqlayıb.

Yazışmadan məlum olurdu ki, onlar yeni tanış olublar və Hüseynov viza almaqda kömək üçün Məmmədova müraciət edib, o isə Yaqublunun kömək edə biləcəyini deyib.

Bu zaman qeyd edilib ki, yazışma 5 dekabr 2023-cü il tarixində başlayıb.

Yaqublu “iş materiallarında bununla bağlı uyğunsuzluqlara” diqqət çəkib, belə ki, istintaq Hüseynov və Məmmədovun siyasətçiyə “pul verilməzdən” yarım il əvvəl tanış olduqlarını iddia edirdi.

Yaqublu qeyd edib ki, yazışma onun saxlanılmasından cəmi bir neçə gün əvvəl aparılıb.

“Ölkə dələduzlarla doludur, qurbanları aylarla onların məsuliyyətə cəlb olunmasına nail ola bilmir. Bu işdə isə Elşən Hüseynov Elnur Məmmədovla razılaşır, dərhal pulu verir və ertəsi gün polisə ərizə yazır, ondan dərhal ifadə alırlar və üç gün ərzində məni saxlayırlar. Bu işdə “araşdırma” hanı? Sübutlar, dəlillər hanı? Sonra da məhkəmənin mənim “təqsirimi sübuta yetirdiyini” açıqlayacaqsınız”, deyə Yaqublu bildirib.

Növbəti iclas dekabrın 29-na təyin olunub.

* Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 14 dekabr 2023-cü il tarixində dələduzluq, sənədləri saxtalaşdırma və qanunsuz olaraq rəsmi sənədlər hazırlama və saxta sənədlərdən istifadə etmə ittihamı ilə həbs olunub.

Yaqublu ittihamları uydurma adlandırıb. Siyasətçi əvvəllər də dəfələrlə cinayət təqibinə və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

Turan 

13:06, 14 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyaları müzakirə edəcək

by Gozetci 10:00, 14 Dekabr 2024
written by Gozetci

Avropa Parlamentinin önümüzdəki həftə keçiriləcək plenar iclasında Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar mövzusu müzakirə ediləcək.

Dekabrın 18-də baş tutacaq müzakirələrdə vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçilərinin, o cümlədən Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV jurnalistlərinin işlərinə diqqət yetiriləcək.

Parlamentin insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin pozulması hallarına dair təcili debatlar proseduru üzrə keçirilən müzakirələrin yekunu olaraq dekabrın 19-da parlamentarlar qeyri-icbari qətnamə layihəsinə səs verəcək.

Dekabrın 5-də Brüsseldə Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin iclasında azərbaycanlı və beynəlxalq vətəndaş cəmiyyətinin üzvlərinin iştirakı ilə keçirilən dinləmələrdə Azərbaycanda ötən bir il ərzində insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşdiyi, hökumətin vətəndaş cəmiyyəti və müstəqil medianın son qalıqlarına qarşı “hərtərəfli hücuma” keçdiyi vurğulanıb.

Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin nümayəndəsi Jülyen Burtemburq dinləmələrin sonunda Aİ-nin Azərbaycanın beynəlxalq insan hüquqlarına əməl etməsinə dair çağırışlarını yeniləyib.

“Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmaqda və bu mesajın bütün aktyorlar tərəfindən ardıcıl şəkildə çatdırılmasını təmin etməyə davam edəcəyik. Biz müstəqil vətəndaş cəmiyyəti subyektlərini və müstəqil medianı dəstəkləməyə və onlarla əlaqə saxlamağa davam edəcəyik”, Burtemburq deyib.

Gələn həftə Strasburqda həmçinin Saxarov Düşüncə Azadlığı mükafatının təqdimetmə mərasimi baş tutacaq. Bu il Venesuellanın demokratik qüvvələrinin qalib elan edildiyi mükafatın üç finalçısından biri azərbaycanlı professor, anti-korrupsiya eksperti Qubad İbadoğlu olub.

Avropa Parlamentinin prezidenti Roberta Metsola Qubad İbadoğluya məktub ünvanlayaraq onu Saxarov mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib.

Ancaq İbadoğlu barəsindəki cinayət işi çərçivəsində tətbiq edilən səyahət qadağasına görə ölkəni tərk edə bilmir. Dekabrın 3-də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi onun ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı müraciətini təmin etməyib.

Saxarov mükafatının dekabrın 17-də keçiriləcək təqdimetmə mərasimində Qubad İbadoğlunu övladları təmsil edəcək.

Azərbaycanda ötən bir il ərzində vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı insan hüquqları qruplarının siyasi motivli kimi qiymətləndirdiyi cinayət təqibləri, Abzas Media, Toplum TV kimi müstəqil media orqanlarının redaksiyalarının qapadılması fonunda 30-dən çox jurnalist və fəalın həbs edilib.

Yerli insan hüquqları təşkilatlarının yaydığı son siyahıya əsasən, hazırda Azərbaycanda 331 siyasi məhbus var.

Avropa Parlamenti bu ilin aprelin 25-də və oktyabrın 24-də Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanskiyalar tətbiq etməyə çağıran qətnamələr qəbul edib.

Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Amerikanın Səsi 

10:00, 14 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Meydan TV-nin həbs edilən əməkdaşlarının apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 17:40, 13 Dekabr 2024
written by Gozetci

Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsi “Meydan TV”nin jurnalistləri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətləri təmin etməyib.

Apellyasiya şikayətlərində, qərarın ləğv edilməsi və jurnalistlərin həbsdən azad edilməsi və ya ev dustaqlığına buraxılması göstərilib.

Bakı Apelyasiya Məhkəməsinin bu gün keçirilən iclaslarında jurnalistlərin özləri də iştirak edib.

Bu barədə vəkillər Amerikanın Səsinə bildirib.

Xəyalə Ağayevanın haqqında həbs qərarından verilmiş şikayətə hakim Zaur Hüseynovun sədrliyilə baxılıb.

Vəkil Nazim Musayevin sözlərinə görə, müdafiə tərəfi, məhkəmədə onun haqqında həbs qərarının ləğvini istəyib.

Müdafiəçi bildirib ki, Xəyalə Ağayevanı həbsdə saxlamadan da istintaq davam etdirilə bilər. O, müvəkkili haqqında ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə vəsatət verib.

Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi apelyasiya şikayətinə etiraz edib və jurnalist haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərarın qüvvədə saxlanmasını xahiş edib. O bildirib ki, jurnalist həbsdən buraxılarsa, istintaqdan yayına bilər, şahidlərə təsir göstərə bilər.

Xəyalə Ağayevanın vəkili Nazim Musayev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qaçaqmalçılıq ittihamı verilib, lakin onun ölkəyə qanunsuz yolla valyuta gətirməsi və yaxud bu cinayətdə iştirakı barədə heç bir sübut ortaya qoyulmayıb.

Məhkəmə isə onun barəsində apelyasiya şikayətini təmin etməyib. Xəyalə Ağayeva haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qüvvədə saxlanılıb.

Vəkil qeyd edir ki, məhkəmədə Xəyalə Ağayeva iştirak edərək, çıxışında həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

“Meydan TV”nin əməkdaşı Aytac Tapdığın (Əhmədova) haqqında həbs qərarından verilən apellyasiya şikayəti də təmin olunmayıb.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmədə vəkil Cavad Cavadov bildirib ki, jurnalistlərin, o cümlədən Aytac Tapdığın valyuta qaçaqmalçılığında iştirakı barədə sübut-dəlil olmadan onun haqqında həbs qərarı İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 5-cı (azadlıq və toxunulmazlıq hüququ), 18-ci (konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddələrinin pozulmasıdır.

Aytac Tapdığın özü də jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib.

Onun sözlərinə görə, jurnalist saxlanma şəraitindən narazı olmadığını və ailəsi ilə əlaqə saxladığını bildirib.

Eyni zamanda, jurnalist Ramin Dekonun da apellyasiya şikayəti təmin edilməyib.

Vəkili Nemət Kərimli Dekoya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. Dekonun saxlanma şəraiti ilə bağlı şikayəti olmasa da, məhkəmədə onunla konfidensial ünsiyyətə imkan verilməməsindən narazılıq edib. Həmçinin əlavə edib ki, Ramin Dekonun ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verəcək.

Bu gün Apellyasiya Məhkəməsi media eksperti Ülvi Tahirovun həbsi barədə qərarı da qüvvədə saxlayıb, onun vəkili Bəhruz Bayramov bildirib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, jurnalist Natiq Cavadlının apellyasiya şikayəti də təmin edilməyib. Vəkil şikayətdə birinci instansiya məhkəməsinin Cavadlıya qarşı şübhələrin əsaslılığını və həbs üçün əsasın mövcudluğunu araşdırmadığını bildirib.

Natiq Cavadlı özü də məhkəmədə çıxış edərək bildirib ki, jurnalist fəaliyyətinə görə həbsdədir. O bildirib ki, 33 ildən çoxdur jurnalistdir. Bu müddətdə peşəkar fəaliyyətinə görə mükafatlara layiq görülüb.

“Mənim əlim heç vaxt haram pula dəyməyib. Mən deputatlardan müsahibələr götürürdüm, dövlət qurumlarından açıqlamalar alırdım. Əgər cinayətkar fəaliyyətlə məşğul idimsə, niyə mənə müsahibələr, açıqlamalar verirdilər?” Natiq Cavadlı məhkəmədə deyib.

Aynur Elgünəş haqqında həbs qərarından şikayətə hakim Fərid Əyyubovun sədrliyilə baxılıb.

Məhkəmədə məlum olub ki, Fərid Əyyubov apellyasiya şikayətinə baxır, amma araşdırdığı məsələ ilə bağlı cinayət işinin materialları məhkəməyə gətirilməyib. Müdafiə tərəfinin etirazına baxmayaraq, o, bu vəziyyətdə də məhkəmə prosesi keçirib və bir neçə dəqiqə ərzində jurnalist haqqında 4 aylıq həbs qətimkan tədbiri qərarının qüvvədə saxlandığını elan edib.

Aynur Elgünəş bildirib ki, heç bir cinayət törətməyib. Amma Azərbaycanda tənqidi jurnalistika cinayət, peşəkar jurnalistlər də cinayətkar elan olunduğuna görə bu gün o həbsdədir. Vəkili Elçin Sadıqov məhkəmə qərarının əsassız olduğunu vurğulayıb.

Bir gün əvvəl Bakı Apellyasiya Məhkəməsi Meydan TV-nin digər jurnalisti Aysel Umudovanın həbsini də qüvvədə saxlayıb.

*Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.

Amerikanın Səsi

17:40, 13 Dekabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia