Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Sevinc Sadıqova: Bu gedişlə Əfqan həyatını itirəcək, çox ağır durumdadır

by Gozetci 19:03, 06 Yanvar 2025
written by Gozetci

Əfqan Sadıqov

Gürcüstanda həbs edilən Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqov saxlandığı Tbilisi təcridxanadan ailəsinə zəng edib.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Əfqan Sadıqov 108-ci gündür aclıq aksiyasını davam etdirir .

“Həkimlərin verdiyi içir, içində vitamin olan mayeni qəbul edir, amma bununla belə getdikcə halı pisləşir. Çünkü həkimlər o mayenin sadəcə müvəqqəti olaraq şəkərini və təzyiqini stabilləşdirmək üçün olduğunu bildiriblər”, Sadıqova əlavə edib.

Sevinc Sadıqova qeyd edib ki, həkimlər Əfqandan aclığı dayandırmağı xahiş ediblər.

“ O, 35kq çox çəti itirib. Bu gedişlə o, həyatını itirəcək, çox ağır durumdadır”, Əfqan Sadıqovun həyat yoldaşı bildirib.

Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından şikayətə baxacaq.

2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul edib.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Jurnalistin hüquqlarını müdafiə edən Gürcüstanın Sosial Ədalət Mərkəzi bildirib ki, bu ölkənin Baş Prokurorluğu vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edərək Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasının məqbul olmasını xahiş edib.

Əfqan Sadıqov və müdafiəçiləri təqdim olunmuş vəsatətlə razılaşmır və məhkəmə qarşısında onun Azərbaycana ekstradisiyasının siyasi və özbaşına təqib məqsədi daşıdığını, bu da onun jurnalist fəaliyyəti, hakimiyyətin bu illər ərzində törətdiyi korrupsiya fəaliyyətini tənqid etməsi ilə bağlı olduğunu iddia ediblər.

Müdafiə tərəfi Sadıqovun Azərbaycana ekstradisiya ediləcəyi təqdirdə təqiblərə, işgəncələrə və qeyri-insani rəftara məruz qalacağını sübut edən faktları məhkəməyə təqdim edib. Müdafiə tərəfi bildirib ki, o, əvvəlki illərdə dəfələrlə siyasi təqiblərin qurbanı olub və bu, beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.

Ötən il iyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.

2024-cü il avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.

Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.

İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə – “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.

2024-cü il avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq ekstradisiya həbsi qərarı verib.

Avqustun 8-də “Gürcüstanın Hüquqları” təşkilatının vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək, Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.

2024-cü il avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

19:03, 06 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə fəal Nicat İbrahimi azadlığa buraxmayıb

by Gozetci 18:59, 06 Yanvar 2025
written by Gozetci

Nicat İbrahim

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Vəkil Zibeydə Sadıqova qeyd edib ki, onun həbs müddəti yanvarın 9-da başa çatır və buna görə də, onun azadlığa buraxılması və ya  imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb.

İbrahim  özü isə heç kimə hücum etmədiyini deyib.

O, sentyabrın 6-da ailəsini xaricə göndərdiyini və özünün ölkədən çıxış qadağasının aradan qaldırılmasına çalışdığını deyib.

Belə bir vəziyyətdə onun sentyabrın 9-da kiməsə hücum etməsi barədə ittiham absurddur.

Lakin məhkəmə İbrahimi azad etməyiv. Növbəti iclas yanvarın 13-nə təyin edilib.

* 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Nicat İbrahim noyabrın 20-də əsassız cinayət təqibinə etiraz əlaməti olaraq özünə çoxsaylı xəsarətlər yetirib. Bu barədə Turan-a onun həyat yoldaşı Pərvin İbrahim bildirib.

Nicat İbrahim sentyabrın 9-da qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlanılıb.

Sentyabrın 6-da Bakı hava limanında sərhədçilər DİN-in qadağasına istinad edərək, onu ölkədən buraxmayıb. Həyat yoldaşı və yetkinlik yaşına çatmamış iki övladı isə təyyarəyə buraxılıb.

Bundan sonra o, qanunsuz qadağanı ləğv etmək tələbi ilə DİN-ə müraciət edib və DİN-in binası qarşısında özünü yandırmaqla hədələyib. Sentyabrın 9-da saxlanılıb və ona qarşı ittihamlar irəli sürülüb. Oktyabrın 5-də aclıq aksiyasına başlayıb və iki həftə ərzində aclığı davam etdirib.

** İbrahim 2021-ci ildə karantin rejimini pozma ittihamı ilə həbs edilib və 15 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həbsə onun Prezident Administrasiyası qarşısında təkbaşına piket keçirməsi səbəb olub.

Turan

18:59, 06 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hüquq müdafiəçisinin anasının ölkədən çıxışına qadağa qoyulmasının səbəblərini açıqlamayıblar

by Gozetci 18:34, 06 Yanvar 2025
written by Gozetci

Rüfət Səfərov anası ilə

 

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızı yanvarın 6-da şahid qismində ifadə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə istintaqa çağırılıb. Ancaq o, ifadə verməkdən imtina edib. Bu barədə Turan-a Tahirqızı özü bildirib.

“Qanunvericiliyə uyğun olaraq ifadə verməkdən imtina etdim və müstəntiqə dedim ki, oğlum böhtan ittihamı ilə həbs edilib”, – Tahirqızı deyib.

O, ölkədən çıxmasının niyə qadağan olunduğunu da soruşub.

“Heç bir cavab ala bilmədim”, – qadın deyib.

O qeyd edib ki, həyat yoldaşı ağır Parkinson xəstəliyindən əziyyət çəkir və hər yarım ildən bir Türkiyədə müayinədən keçir. Son hadisələr, oğlunun həbsi onun vəziyyətini daha da ağırlaşdırıb.

“Yanvarın 7-nə bilet aldıq ki, həyat yoldaşımı İstanbula müayinəyə aparım. Ötən gün mənə məlum oldu ki, Azərbaycan Daxili İşlər Nazirliyi ölkədən çıxışa qadağa qoyub. Biz pensiyaçıyıq, biletləri öz  pensiyamıza almışıq və getməsək, pul itirəcəyik ki, bu da bizim üçün böyük məbləğdir”, – Tahirqızı deyib.

O ümidvar olduğunu bildirib ki, istintaq və  oğlunun həbsinin sifarişçiləri humanizm nümayiş etdirəcəklər və onun atasının xaricə getməsinə imkan verəcəklər.

“Hər dəqiqə istintaqdan zəng gözləyirik. Ümidimizi itirmirik. Sabah ümidimizin son günüdür”, – Tahirqızı deyib.

O həmçinin bildirib ki, yanvarın 6-da Rüfət istintaq təcridxanasından zəng edib: “O, atasının səhhətindən və xaricə getməsinin qadağan edilməsindən çox narahatdır”.

*Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin üç maddəsi – 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq), 221.1 (xuliqanlıq) və 127.2.3-cü (qəsdən sağlamlığa daha az ciddi ziyan vurmaq, ümumi təhlükəli üsulla və ya xuliqan səbəblərindən) maddələri ilə ittiham irəli sürülüb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib.

Rüfət Səfərov ittihamları rədd edərək bildirib ki, hüquq- müdafiə fəaliyyətinə və ABŞ Dövlət Departamentinin mükafatına layiq görüldüyünə görə təqib olunur.

Turan 

18:34, 06 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bələdiyyələrdə 685 yerə 16 mindən çox namizəd iddia edir

by Gozetci 17:59, 06 Yanvar 2025
written by Gozetci

 

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 16 min 174 namizəd qeydiyyata alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda bildirib.

Onun sözlərinə görə, 8 429 namizəd 23 siyasi partiyanı təmsil edir.

Pənahov həmçinin bildirib ki, bu gün seçkiqabağı təşviqat mərhələsi başlayıb və səsvermə başlamadan bir gün əvvəl –  28 yanvar saat  8:00-da başa çatacaq.

Öz növbəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov qeyd edib ki, seçkiqabağı təşviqat aparmaq üçün ölkə üzrə namizədlərə 3 730 açıq və 2 180 qapalı məkan ayrılıb.

İctimai Televiziya və Radioda və dövlət qəzetlərində pulsuz təşviqat aparmaq hüququ qazanan yeganə partiya hakim Yeni Azərbaycan Partiyası olub, çünki təkcəy o, bələdiyyələrin yarısından çoxunda namizədlərin olması  meyarına uyğundur.

Qasımov həmçinin bildirib ki,  namizədlərə ödənişli əsaslarla təşviqat üçün yer ayırmağa hazır olan 20 KİV Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda 685 bələdiyyədə 8 071 yerə seçkilər keçiriləcək.

Turan

17:59, 06 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda bələdiyyə seçkiləri üzrə təşviqat kampaniyası başlayır

by Gozetci 17:06, 05 Yanvar 2025
written by Gozetci

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən, yanvarın 6-dan seçkiqabağı təşviqat başlayacaq. Təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə namizədləri irəli sürmüş siyasi partiyalar, partiyaların blokları təşviqat apara bilərlər.

Dekabrda Azərbaycan Mərkəzi Seçki Komissiyası siyasi partiyalara və siyasi partiyaların bloklarına pulsuz efir vaxtı və kütləvi informasiya vasitələrində dərc üçün yer ayrılacağı barədə məlumat yayıb. Bu media qurumları İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakı zəhmətkeşi” qəzetləridir.

Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçirləcək.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 min 696 nəfər namizəd qeydə alınıb.

Xatırladaq ki, ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərinə qatılımayıb.

Amerikanın Səsi 

17:06, 05 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Rüfət Səfəroun anası ölkədən çıxışına qadağa qoyulduğunu bildirir

by Gozetci 21:02, 04 Yanvar 2025
written by Gozetci

Rüfət Səfərov anası ilə

 

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həbsdə olan icraçı direktoru Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Tahirə Tahirqızı Amerikanın Səsinə bildirib ki, ölkədən çıxışına qadağanı Daxili İşlər Nazirliyi qoyub.

“Rüfətin atası Eldar Sabiroğlu ağır parkinson xəstəsidir. Bunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da bilir. Bir neçə il öncə Eldarı əməliyyat etdirmək üçün hətta evimi satdığa qoymuşdum. Prezident və xanımı bizim müraciətimiz olmadan belə humanistlik göstərərək Eldarın Türkiyədə əməliyyatının bütün xərclərini üzərlərinə götürdü. Özləri də bilir ki, hər altı aydan bir Türkiyədə həkim müayinəsindən keçir. Son bir həftədir ki, Eldar bəyin vəziyyəti kəskin şəkildə pisləşib və onun yenidən Türkiyəyə aparılması üçün bilet alınıb. Lakin bu gün məlum oldu ki, mənim ölkədən çıxışıma qadağa qoyulub”, o qeyd edib.

Tahirə Tahirqızı Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qadağa qoyması barədə qərarını ədalətli hesab etmir və qanunvericiliyə əsaslanmadğını bildirir.

“Bu qərar humanistlik baxımından da düzgün deyil. Oğlumu uydurma ittihamla həbs edibsiniz. İndi də onun xəstə atasına əziyyət verirsiniz”, o qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyulması barədə xəbərin doğru olub-olmaması ilə bağlı sorğusuna hələ cavab verməyib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Səfərov ittihamları “uydurma” və “cəfəng” adlandıraraq rədd edib, insan hüquqları sahəsindəki fəaliyyəti, ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na layiq görülməsi və mükafatlandırma mərasimində iştirakının qarşısının alınması məqsədi ilə həbs edildiyini bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken 2024-cü il dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə Vaşinqtonda bir neçə ölkədən tanınmış insan hüquqları müdafiəçilərinə mükafat təqdim edərkən Rüfət Səfərov üçün ayrılmış oturacağın boş olmasına diqqət çəkib.

“Keçən həftə, bu mərasimə səfər etmək məqsədilə vizasını almaq üçün ABŞ səfirliyindən çıxdıqdan cəmi bir neçə saat sonra Rüfət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Onun barəsində həbs qətimkan tədbiri seçildi. Azərbaycan hökuməti Rüfəti azadlığa buraxmalı və bunu dərhal etməlidir. Onun kimi digər jurnalistləri, insan hüquqları müdafiəçilərini, siyasi opponentlərini və ədalətsiz şəkildə həbs edilən digərlərini azad etməlidir”, Dövlət katibi vurğulayıb.

Avropa Parlamenti dekabrın 19-da qəbul etdiyi qətnaməsində Səfərovun və həbs edilən digər hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların “əsassız, siyasi motivli ittihamlar”la üzləşdiyini vurğulayıb.

Avropalı qanunvericilər Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə qarşı repressiyalarını “kəskin şəkildə” pisləyib, siyasi məhbusların sərbəst buraxılmasına və hökumətin yüksək vəzifəli məmurlarına Avropa İttifaqının (Aİ) hədəfli sanksiyalarının tətbiq edilməsinə çağırıb.

Azərbaycanın hakimiyyət nümayəndələri isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib və beynəlxalq çağırışları “Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə” kimi qiymətləndirib.

Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.

Xatırladaq ki, Rüfət Səfərov həbs edildikdən sonra bir sıra sosial şəbəkələrdə onun ailə üzvlərinə və qohumlarına qarşı təhqiredici səs yazıları yayılmağa başlayıb. Bu səs yazılarında xüsusilə Rüfət Səfərovun atası Eldar Sabiroğlu hədəfə alınıb.

Amerikanın Səsi 

21:02, 04 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Norveç İnsan Hüquqları Evi Fondu Anar Məmmədlini azad etməyə çağırır

by Gozetci 18:12, 04 Yanvar 2025
written by Gozetci

Anar Məmmədli

Norveç İnsan Hüquqları Evi Fondu yenidən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlini azad etməyə çağırır.

Təşkilat X platformasında xatırladır ki, azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədli ötən ilin aprelin 29-dan istintaq təcridxanasında saxlanılır.

“Onun həbsi ölkədə vətəndaş cəmiyyətinə qarşı yenidən repressiyaların bir hissəsidir”, Norveç İnsan Hüquqları Evi Fondu əlavə edib.

Fond həmkarı Anar Məmmədlini və ölkədəki bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

Ötən ilin noyabrın 20-də Bakı şəhər Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbiririnin müddətini daha üç ay uzadıb.

Vəkil qeyd edib ki, məhkəmədə iştirak edən Anar Məmmədli həbs müddətinin uzadılmasını əsassız sayıb və həbsini siyasi sifariş hesab etdiyini bildirib.

Anar Məmmədli ötən il aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.

O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Azərbaycanlı rəsmilər bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Amerikanın Səsi 

18:12, 04 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Həbsdə olan bloger: Yer çatışmazlığından məhbuslar növbə ilə yatır

by Gozetci 10:21, 04 Yanvar 2025
written by Gozetci

Rəşad Ramazanov

 

Narkotik ittihamı ilə həbs olunan bloger Rəşad Ramazanov saxlanma şəraitindən narazıdır.

Turan Agentliyinin məlumatına görə, o saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin ağır olmasından danışıb.

“Burada antisanitariya hökm sürür, tualetlər çatışmır… Yer çatışmazlığı səbəbindən məhbuslar növbə ilə yatır. Bəziləri yerdə yatır”, Ramazanov iddia edib.

Bloger qeyd edib ki, yemək üçün cəmi 30 dəqiqə vaxt ayrılır və bəzi insanların yemək yeməyə vaxtı qalmır.

Ramazanov məhkumlara verilən yeməyin keyfiyyətsizliyindən danışıb və məhbuslara evdən gətirilən yeməklərə məhdudiyyətlər qoyulduğunu bildirib.

O, həbsxana kafe və mağazasında qiymətlərin baha olmasından da şikayətlənib.

Ramazanov onu da qeyd edib ki, onun şikayətlərini ictimailəşdirməmək üçün yaxınlarına təzyiqlər olunur.

Ötən ilin noyabrında “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova saxlanıldıqları təcridxanadan ictimaiyyətə məktub ünvanlayıb. Məktubda 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən “pozuntu halları və həbs edilmiş şəxslərin saxlanıldığı ağır şərait”dən bəhs edilir.

Jurnalistlər yazır ki, Nazirlər Kabinetinin “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 22 saylı qərarı ilə ehtiyacları dövlət qarşılamalıdır

Blogerin bu iddialarına hələlik Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidməti və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb .

Amma buna qədər Penitensiar Xidmətin məsul şəxsləri oxşar şikayətlərin heç bir əsasının olmadığını, məhbuslarla qanun çərçivəsində davranıldığını bildiriblər.

Rəşad Ramazanov 2022-ci il mayın 20-də saxlanılıb, ertəsi gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə həbs qətimkan tədbiri seçilib. O ötən ilin fevralında 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Ramazanov sosial şəbəkələrdə kəskin tənqidi çıxışları ilə tanınır.

O, 2013-cü ilin mayında da həbs edilib və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ilin martında Rəşad Ramazanov prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.

Yerli hüquq-müdafiə təşkilatları bildirir ki, blogerin həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsidir. Onlar Ramazanovu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

10:21, 04 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tofiq Yaqublunun məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam edir

by Gozetci 20:59, 03 Yanvar 2025
written by Gozetci

Tofiq Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə növbəti məhkəmə prosesi yanvarın 10-na təyin olunub.

Bu barədə onun qızı Nigar Həzi Amerikanın Səsinə bildirib.

O qeyd edib ki, hazırda Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi davam edir.

Nigar Həzi deyib ki, dekabrın 29-da keçirilən məhkəmə prosesində Yaqublu müstəntiqin məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırıb.

Onun sözlərinə görə, daha sonra Tofiq Yaqublu və onun vəkilləri məhkəmədə vəsatətlər veriblər ki, mobil operatorlardan anten məlumatları alınsın.

Söhbət Almaniyaya getmək istədiyini və bundan ötrü pul verdiyini iddia edən Elşən Hüseynov və pulu gətirib Yaqubluya verdiyini deyən Elnur Məmmədovla bağlı bilgilərdən gedir.

Nigar Həzi bildirib ki, prokuror əleyhinə olsa da, hakim telefon anten bilgilərinin mobil operatorlardan alınmasıyla bağlı vəsatəti təmin edib.

Müstəntiqin çağırılıb dindirilməsinə prokuror da etiraz etməyib. Amma hakimlər müstəntiqi çağırıb dindirmək barədə vəsatəti baxılmamış saxlayıblar.

Bundan əlavə Nigar Həzi yanvarın 5-də istintaq təcridxanasında atası Tofiq Yaqublu ilə görüşəcəyini bildirib.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

20:59, 03 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Sərhədsiz Reportyorlar “Toplum TV işi” üzrə saxlanılanların həbs müddətinin yenidən uzadılmasından narahatdır

by Gozetci 09:46, 02 Yanvar 2025
written by Gozetci

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı “Toplum TV işi” üzrə saxlanılanların həbs müddətinin yenidən uzadılmasından narahatdır.

“Toplum TV-nin direktoru Ələsgər Məmmədlinin, jurnalist Müşfiq Cabbarovun və İlkin Əmrahovun həbs müddəti bir ildən artıqdır ki, yenidən uzadılıb. RSF onları azad etməyə və bu məhkəmə təzyiqinə son qoymağa çağırır”, RSF-nin X platformasında deyilir.

Dekabrın 28-də Xətai Rayon Məhkəməsində “Toplum TV işi” üzrə saxlanılan “III Respublika Platforması”nın spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev haqqındakı həbs müddəti daha 3 ay – aprelin 6-dək uzadılıb.

Onlar barəsində seçilmiş həbs qətimkan tədbrinin vaxtı yanvarın 6-da başa çatır.

Hər bir məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi təqdimatı müdafiə edib, təmin olunmasını istəyib.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib. “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

09:46, 02 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia