Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

“Amnesty International” jurnalist və media işçisinin azadlığa buraxılması tələbi ilə beynəlxalq kampaniya başladıb

by Gozetci 18:07, 10 Yanvar 2025
written by Gozetci

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı dekabrın 6-da həbs edilmiş yeddi jurnalist və media işçisinin azadlığa buraxılması tələbi ilə beynəlxalq kampaniya başladıb.

“Onların özbaşına saxlanması və mühakimə olunması jurnalistikaya basqı və hökumətin tənqidi səslərə qarşı bir il əvvəl güclənən repressiyasının bir hissəsidir”, təşkilat bildirir.

“Amnesty International” insanları Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək həbs olunan jurnalistlərin dərhal sərbəst buraxılmasını tələb etməyə çağırır.

“Amnesty International” xatırladır ki, 2024-cü ildə Bakı COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etdikdən dərhal sonra – dekabrın 6-da “MeydanTV” əməkdaşları Xəyalə Ağayeva, Aytac Əhmədova, Aynur Qənbərova, Natiq Cavadlı, Aysel Umudova, Ramin Cəbrayılzadə və Bakı Jurnalistika Məktəbinin müdir müavini Ülvi Tahirov həbs olunub.

“Bu şəxslər “valyuta qaçaqmalçılığı” ittihamıyla saxlanılsalar da, bu ittihamlar onların jurnalist fəaliyyəti ilə bağlıdır və ölkədə digər tənqidi səslərə qarşı irəli sürülmüş ittihamlar kimi əsassız və siyasi motivlidir”,- təşkilatın məlumatında bildirilir.

Beynəlxalq kampaniya martadək davam edəcək.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Ancaq digər beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh etməyib.

Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, “Meydan TV” əməkdaşlarının saxlanılması əsaslı şübhələr fonunda həyata keçirilib və bu prosesin jurnalistika fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.

Xatırlatma

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.

Amerikanın Səsi 

18:07, 10 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə həbs edilənlərin apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 17:15, 09 Yanvar 2025
written by Gozetci

 

Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş videoredaktor Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşı Ramil Babayevin apellyasiya şikayətini təmin etməyib.

Həmçinin yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş III Resblika Platformasının spikeri Akif Qurbanov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun həbs müddətinin daha 3 ay uzadılması barədə qərardan verilən apellyasiya şikayətini təmin etməyib.

Birinci instanisya məhkəməsinin onlar barədə qərar qüvvədə qalıb.

Müşfiq Cabbarın vəkili Nazim Musayevin verdiyi məlumata görə, Cabbarın həbsdə saxlanılması üçün heç bir maddi və prosessual əsas yoxdur.

Onun sözlərinə görə, Müşfiq Cabbarın ona qarşı irəli sürülmüş “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə heç bir əlaqəsi yoxdur.

Səhhətində ciddi problemlər olmasına baxmayaraq, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin şikayəti də təmin edilməyib.

Növbəti günlərdə bu işin daha iki fiqurantının – III Respublika Platformasının üzvü Ruslan İzzətlinin və Toplum TV-nin jurnalisti Əli Zeynalovun apellyasiya şikayətlərinə baxılacaq.

Dekabrın 28-də Xətai Rayon Məhkəməsində “Toplum TV işi” üzrə saxlanılan “III Respublika Platforması”nın spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev haqqındakı həbs müddəti daha 3 ay – aprelin 6-dək uzadılıb.

Hər bir məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi təqdimatı müdafiə edib, təmin olunmasını istəyib.

Müstəntiq bildirib ki, istintaq davam edir, bu müddətdə təqsirləndirilən şəxslərin həbsdən buraxılması istintaqın gedişinə mane ola bilər.

Vəkillər və təqsirləndirilən şəxslər təqdimata etiraz edib, lakin müdafiə tərəfinin arqumentlərinin nəticəsi olmayıb.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib. “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

17:15, 09 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə ictimai fəal Rail Abbasovu 6 il 5 ay müddətinə azadlıqdan məhrum edib

by Gozetci 16:09, 09 Yanvar 2025
written by Gozetci

Rail Abbasov

 

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan fəal Rail Abbasovun işi üzrə proses başa çatıb.

Abbasov son sözündə deyib ki, əsassız olaraq həbs edilmiş dostu, hüquq müdafiəçisi Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə uydurma və saxta ittihamla həbs edilib.

Rail Abbasov öz işinin saxtalaşdırılmasının dəlili kimi işində çox sayda uyğunsuzluqları göstərib və məhkəmədən ədalətli qərar çıxarmağı xahiş edib.

Ancaq məhkəmə Abbasovu 6 il 5 ay müddətinə azadlıqdan məhrum edib.

Prokuror ictimai fəala 8 il müddətinə həbs edilməsini istəmişdi.

*  Rail Abbasovu 20 sentyabr 2023-cü il tarixində Bakının Nəsimi Rayon Məhkəməsi CM-in 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edərək 4 ay müddətinə həbs edib.

Abbasov ittihamları təkzib edir, həbsinin əsl səbəbinin 2022-ci ilin dekabrında həbs edilmiş fəal Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsində fəal iştirak etməsi olduğunu hesab edir.

Hüquq müdafiəçiləri hər ikisini siyasi məhbus kimi tanıyıb.

Turan 

16:09, 09 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Kanal 13″ün rəhbəri Əziz Orucov ev dustaqlığına buraxılmayıb

by Gozetci 13:16, 09 Yanvar 2025
written by Gozetci

Əziz Orucov

 

Yanvarın 8-də Səbail Rayon Məhkəməsində “Kanal 13” televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

İclas zamanı Orucovun vəkilləri onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət qaldırıblar. Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, vəsatət təmin edilməyib.

“O heç bir ictimai təhlükəli əmələ yol verməyib. Özünə, ailəsi ev tikib, məlum olduğu kimi çoxsaylı ev tikilililəri var. Normal qaydada torpaq ala bilmədiyinə görə o, özünə ev inşa edib. Burada da kiməsə zərər vurmayıb, nə şəxsiyyətə, nə də dövlət maraqlarına zidd hərəkət edib. Ona görə Əziz Orucov özünü təqsirli bilmir”, deyə, vəkil qeyd edib.

Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib:

“Biz vəsatət verdik ki, məhkəmə istintaqı zərərçəkmiş şəxsdən başlasın. Məlum oldu ki, məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi kimi Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iştirak etməli idi, lakin prosesdə nə nümayəndə, nə də şahidlər iştirak edirdi. Bununla əlaqədar məhkəmə onların da iştirakını təmin etmək üçün prosesi təxirə saldı”.

Növbəti məhkəmə prosesi yanvarın 24-də olacaq.

Əziz Orucov 27 noyabr 2023-cü ildə özbaşına tikinti ittihamı ilə saxlanılıb. Sonradan ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsilə ittiham verilib.

Lakin ibtidai istintaqın nəticələrinə əsasən qaçaqmalçılıq ittihamı ləğv edilib.

İş məhkəməyə Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi üzrə verilib.

Əziz Orucov ittihamları rədd edir və jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyir.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Amerikanın Səsi 

13:16, 09 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Almaniya vətəndaşı Həmzə Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib

by Gozetci 19:54, 08 Yanvar 2025
written by Gozetci

Həmzə Məmmədli

 

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Almaniya vətəndaşı Həmzə Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun anası Hicran Məmmədovanın sözlərinə görə, oğlu sosial mediada tənqidi fikirlər yazdığına görə həbs olunub:

“Müxalifət nümayəndələri ölkədə mitinq edə bilmirlər, Almaniyada oturub burada dövlət çevrilişi edir? Bu qədər yalan olmaz! 1 il 8 aydır ki, məhkəmədə cinayət işindən bir kəlmə də söhbət getmədi. Məhkəmədə “Hamam Times”ın paylaşdığı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qırılan ağaclarla bağlı tənqidi şərh yazması ilə bağlı fikirləri səsləndirdilər. Ali təhsilli həkimə kəsdikləri iş budurmu?”.

Həmzə Məmmədlinin qardaşı Ərtoğrul Məmmədov bildirib ki, son günə qədər məhkəmədən ədalət gözləyiblər.

“Dedik ki, ədalət ölməyib, ədalət öz yerini tapacaq, yəni, özləri də görəcək ki, səhv ediblər. Bu səhvi boynuna almaq böyüklükdür, amma biz bu böyüklüyü görmədik. Dəfələrlə Həmzəni çağırıb deyiblər ki, “bu işi boynuna götür, biz sənə kömək edəcəyik”. Ancaq Həmzənin sözü bu olub ki, “mən etmədiyimi boynuma götürmərəm”, deyə, qardaşı qeyd edib.

Məmmədlinin vəkili Adəm Məmmədov ittihamın ədalətsiz və ehtimallar əsasında olduğunu deyib:

“Müdafiə etdiyim şəxs öz savadı ilə tanınır, heç bir siyasi fəaliyyəti olmadığı halda, hansısa saxta profillərlə müəyyən yazışmaları olub. Guya o, 2018-ci ildə Gəncədə olan hadisələrlə bağlı çağırış edib, halbuki, bunu heç cür sübuta yetirə bilmədilər. Demək olar ki, orada heç bir sübut yox idi. “Facebook” sosial şəbəkəsində rəy yazmış 32 nəfəri dəvət etmişdilər, həmin şəxslər məhkəmədə dedilər ki, “biz Həmzə Məmmədlini tanımırıq”. Əvvəlcədən hazırlanmış ifadələri göstərdilər ki, “bəli, mən oxumuşdum ki, Gəncədə baş verən hadisələrlə bağlı Həmzə Məmmədli münasibət bildirib, terrora açıq çağırışlar edib, hakimiyyət əleyhinə fikirlər bildirib”. Biz sübut etdik ki, Həmzənin öz profilindən belə paylaşımlar edilməyib”.

33 yaşlı Həmzə Məmmədli 2015-ci ildə Azərbaycandan Almaniyaya köçüb, tibb kollecində təhsil alıb və klinikada həkim köməkçisi işləyib. 2023-cü il iyulun 1-də öz toyuna gələn Həmzə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Məlum olub ki, hələ 2018-ci il iyulun 18-də Həmzə Məmmədli barəsində Azərbaycan Cinayət Məcəlləsinin “Terrorçuluğa açıq çağırış” və “Dövlətə qarşı açıq çağırış” maddələri ilə cinayət işi açılıb, o, qiyabi həbs olunub və axtarışa verilib.

Yanvarın 7-də məhkəmədə prokuror Həmzə Məmmədlinin 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Vəkilləri isə onun təqsirsiz olduğunu bildirib və bəraət verilməsini xahiş ediblər.

Həmzə Məmmədli də son sözündə ittihamların əsassız olduğunu deyib. O bildirib ki, Gəncənin icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovu tanımır, onunla əlaqəsi olmayıb. Heç vaxt da onunla bağlı çağırış etməyib. Həmzə Məmmədli məhkəmədən ədalətli qərar istəyib.

Hakimlər isə bir neçə dəqiqə sonra onun 6 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Amerikanın Səsi 

19:54, 08 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP fəalı Mehman Əliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib

by Gozetci 10:10, 08 Yanvar 2025
written by Gozetci

Mehman Əliyev

 

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mehman Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib ki, iş üzrə polis əməliyyat müvəkkili ifadə verib.

Mehman Əliyev bildirib ki, o, sifarişlə həbs edilib və ona qarşı irəli sürülən ittiham ibtidai istintaqda təsdiqini tapmaylıb.

“O, Şirvan şəhərində qohumu Əli İsayevin zorla polis tərəfindən saxlanılmasına dair videokadrları yaydıqdan sonra həbs edildiyini bildirdı. Mehman dedi ki, 2024-cü ilin may ayında Əli qışqıraraq deyib ki, onu narkotik maddələrin yayılmasında günahlandırmaq istəyirlər. Mehman baş verənləri telefonu vasitəsi ilə çəkməyə başlayıb və Əlinin üstündə axtarış aparılmasını təklif edib. Ancaq mülki geyimli şəxslər onu zorla maşına mindirməyə davam ediblər. Həmin vaxt Əli etiraz olaraq kəsici aləti qoluna çəkməklə, özünə qəsd etməyə cəhd edib. Bundan sonra onu sərbəst buraxıblar. Daha sonra polislər videonun silinməsini istəyib, lakin Mehman imtina edib. O dedi ki, nəticədə həm Əli İsayevi və özünü narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs etdilər”, vəkil Mehman Əliyevə istinadən Amerikanın Səsinə deyib.

Mehman Əliyev həmçinin məhkəmə heyətinin diqqətinə çatdırıb ki, ümumiyyətlə polis şöbəsinə gətirilənədək narkotikin necə olması barədə məlumatı olmayıb. O, ibtidai istintaq zamanı fiziki zorakılığa məruz qaldığını bildirib.

“Hətta istintaq təcridxanasında həkim müayinəsindən keçirilən zaman bədənində qançırların olması təsdiqini tapıb. Bununla bağlı şikayətimiz isə qəbul edilmədi”, vəkil qeyd edib.

Növbəti məhkəmə iclası yanvarın 21-də olacaq.

2024-cü il mayın 24-də Daxili İşlər Nazirliyi bildirib ki, Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman özünə xəsarət yetirib məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər – Şirvan şəhər sakinləri Əli İsayev və Mehman Əliyevdən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib”.

Həm Əli İsayev, həm də Mehman Əliyev Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) ittiham olunur. Onların hər ikisinin məhkməsi Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-ayrı icraatlarda davam etdirilir.

İttiham sübut olunsa, əmlakları müsadirə olunmaqla, onların hər birini 5 ildən 12 iləıdək həbs gözləyir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalın həbsini videonun yayılması ilə əlaqələndirib.

Mehman Əliyev ötən il sentyabrın 14-də ittihama etiraz olaraq saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında televiziya pultunun 3 ədəd batareyasını udaraq intihara cəhd edib.

Amerikanın Səsi 

10:10, 08 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Möhyəddin Orucova və məhkəmə iştirakçılarına zorakılıq olunduğu bildirilir

by Gozetci 17:37, 07 Yanvar 2025
written by Gozetci

Möhyəddin Orucov

 

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəmə prosesi baş tutub. Məhkəmədə fəalın saxlanılarkən üzərinə baxış keçirilən zaman qeydə alınan video görüntüyə baxış keçirilib.

Vəkil Nazim Musayev görüntülərin göstərilməsinə etiraz edib. Musayev görüntülərin şahid ifadələrinə təsir edəcəyini bildirib. Vəkil etirazını məhkəmədə bütün şahidlərin dindirilməməsi ilə əsaslandırıb.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasından Amerikanın Səsinə verilən məlumata görə, Möhyəddin Orucovun məhkəməsində həm onun özünə, həm də məhkəmədə iştirak edənlərə qarşı zorakılıq tətbiq olunub.

Konfederasiyadan bildirilib ki, vəkil bir neçə dəfə etirazını məhkəmənin diqqətinə çatdırıb, məhkəmə isə qəbul etməyib və vəkilin etirazına baxmayaraq, kamera görüntüləri açılıb:

“Möhyəddin və atası da buna etiraz etdilər, Penitensiar Xidmətin işçiləri Möhyəddinə zorakılıq göstərdilər. Möhyəddini məhkəmədə saxlanıldığı akvariumun şüşəsinə dirədilər, ağzını tutmağa çalışırdılar, əllərini qandalladılar. Məhkəmədə iştirak edənlər zorakılığa etiraz edəndə Penitensiar Xidmətin, həmçinin Ədliyyə Nazirliyinin işçiləri onları da itələyiblər”.

Məlumata görə, Konfederasiyanın İdarə Heyəti üzvü Sara Rəhimovanı yerə yıxıblar, həmçinin digər İdarə Heyəti üzvü Tural Fərzilini də itələyiblər, digər məhkəmə iştirakçılarını da zorakılıqla məhkəmə zalından uzaqlaşdırıblar.

“Hətta Möhyəddinin anası ilə atasına, qardaşına da zorakılıq göstərilib. Məhkəmə işçiləri isə məhkəmə iştirakçılarını təhqir ediblər”- deyə, Konfederasiyadan bildirilib.

Məhkəmədə yaşanan insidentdən sonra proses təxirə salınıb.

Məsələ ilə bağlı nə Penitensiar Xidmətdən, nə də Ədliyyə Nazirliyindən mövqe almaq mümkün olub.

İşçi Masasının üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

 

 

17:37, 07 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Prokuror həmkarlar ittifaqı fəalı Afiyəddin Məmmədov üçün 10 il həbs istəyir

by Gozetci 15:28, 07 Yanvar 2025
written by Gozetci

Afiəddin Məmmədov

 

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prokuror onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısının çıxışından əvvəl Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova 16 bəndlik müxtəlif vəsatətlər qaldırıb. Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib.

Sadıqovanın sözlərinə görə, cinayət işi üzrə obyektiv, ədalətli hökm çıxarmaq üçün məhkəmə təqdim olunan vəsatətləri təmin etməli, həqiqətləri ortaya çıxarmalıdır.

Vəsatətlərdən biri Afiəddin Məmmədovun 2023-cü il sentyabrın 20-də saxlanılan zaman Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə aparılandan sonra orada baş verənləri üzə çıxarılmasıdır.

Vəkil bildirib ki, Məmmədov polis bölməsinə aparılandan sonra orada döyülüb, qandallı vəziyyətdə yerə uzadılıb, zorla əlinə bıçaq verilib, bu yolla da süni şəkildə bıçağın üzərində əl-barmaq izləri yaradıblar. Əgər bölmənin kamera görüntülərini məhkəmə alsa, onun dediklərinin doğru olub-olmadığını məhkəmə araşdıra bilər.

Zibeydə Sadıqova Afiəddin Məmmədovun Səfər Hüseynovu bıçaqladığı iddia edilən ərazidəki Təhlükəsiz Şəhər kameraları və yaxınlıqdakı obyektlərin kamera görüntülərinin alınması barədə də vəsatət qaldırıb. O, həmçinin, zərərçəkmiş qismində tanınan Hüseynovun üzərində əvvəllər aparılmış cərrahiyyə əməliyyatıyla bağlı xəstəlik tarixçəsi məhkəməyə təqdim edilməsini istəyib.

Müdafiəçi bildirib ki, başqa işlərdə istintaq öz təşəbbüsü ilə dərhal belə görüntülərdən sübut kimi istifadə edir:

“Lakin bu işdə müdafiə tərəfinin vəsatətlərinə baxmayaraq, görüntüləri təqdim etməyiblər. Ona görə də məhkəmədən xahiş edirəm ki, hakimlər həmin görüntüləri alsınlar, obyektiv araşdırma aparsınlar. Görsünlər ki, həqiqətən, Afiəddin Məmmədov Səfər Hüseynovu bıçaqlayıb, yoxsa yox”.

Vəkil qeyd edib ki, Səfər Hüseynovun bədənində yara izi olsa da, onun başqa bir əməliyyat izi olduğunu düşünürlər.

“Bu səbəbdən onun xəstəlik tarixçəsinin də araşdırılsın”, deyə, Sadıqova əlavə edib.

Afiəddin Məmmədov hakimlərin müşavirədən sonra heç bir vəsatətin təmin olunmaması barədə elanına etiraz edib:

“Siz burada obyektiv məhkəmədən danışırsınız, amma sizdə obyektivliyin “o” hərfi də yoxdur. Belə məhkəmə olmur. Heç yazını üzündən oxuya bilmirsiniz, amma sifarişlə iş görürüsünüz”, – Məmmədov hakimlərin qərarına etirazını belə ifadə edib.

Məhkəmə prosesi yanvarın 14-də davam edəcək.

İşçi Masasının sədri Afiəddin Məmmədov 2023-cü ilin sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov isə ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb.

Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. 2024-cü ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.

2024-cü ilin yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

İşçi Masasının digər üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Amerikanın Səsi 

15:28, 07 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Təşviqat başladı: ‘Bələdiyyə seçkiləri diqqət mərkəzindədir’. ‘İnsanlar yarış ovqatı görmürlər’

by Gozetci 20:38, 06 Yanvar 2025
written by Gozetci

Bu gün, yanvarın 6-da Azərbaycanda 23 gün sonra keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqata start verilir.

İndiyə kimi 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 6-da seçkilərlə bağlı iclasda bildirib. Onlardan 8 min 429 nəfəri 23 siyasi partiyanı təmsil edir.

MSK sədrinin müavini Rövzət Qasımovun sözlərinə görə, namizədlər üçün bütün ölkə ərazisində 3 min 730 açıq, 2 min 180 qapalı görüş yeri müəyyənləşib. O, həmçinin vurğulayıb ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib.

Bəzi təhlilçilər indidən deyirlər ki, ölkədə seçki əhval-ruhiyyəsi, az qala, yox dərəcəsindədir, fəallıq əvvəlki seçkilərlə müqayisədə daha aşağı səviyyədədir.

YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu “Turan“a bildirib ki, bələdiyyə seçkiləri diqqət mərkəzindədir. Onun sözlərinə görə, bütün hallarda bələdiyyə seçkilərində aktivlik parlament və prezident seçkilərinə nisbətdə bir qədər arxa planda qalmış olur: “Bu da bələdiyyələrin statusu ilə bağlı olan məsələdir. Yəni, bələdiyyələr nəticə etibarilə lokal bir seçki hadisəsidir. Ona görə bələdiyyə seçkilərində aktivliyin bir az aşağı olması bununla bağlıdır”.

Onun fikrincə, bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərsə də, özləri üçün büdcə formalaşdırıb siyasi, iqtisadi, sosial idarəetmə məsuliyyəti yarada bilməyib: “Əgər bələdiyyələr qanunun icazə verdiyi imkanlar çərçivəsində səlahiyyətlərini icra etməyə bacarsaydılar, bələdiyyə idərəetməsini cazibədar idarəetmə modelinə çevirə bilsəydilər, vəziyyət daha fərqli olardı”.

YAP təmsilçisi bu istiqamətdə dövlətin müxtəlif addımlar atdığını vurğulayır: “2024-cü ildə “Bələdiyyələrin statusu haqqında” Qanuna əlavələr və dəyişikliklər edilib, bələdiyyələrin sayı azaldılıb. Güman edirəm ki, 2025-ci ildə bələdiyyə seçkilərindən sonra bələdiyyələr daha səmərəli fəaliyyət göstərəcək və yerli əhali, bütövlükdə xalqımızın onlardan gözlədiyini yerinə yetirə biləcəklər”.

Müxalifətdə olan Müsavat Partiyasının rayon təşkilatlarının böyük hissəsi seçkilərdə iştirak etməmək qərarını verib. Bu haqda AzadlıqRadiosuna danışan başqan müavini Mustafa Hacıbəyli partiyanın özündə də bələdiyyə seçkilərinə marağın az olduğunu bildirir. “İndiyə qədər 35 namizəd irəli sürülüb”.

Onun fikrincə, bələdiyyə seçkilərinə marağın az olması birinci növbədə onunla bağlıdır ki, bələdiyyələr indiyə kimi icra hakimiyyətlərinin bir əlavəsi kimi fəaliyyət göstərib, səlahiyyətləri olmayıb: “Seçkilər də dəfələrlə saxtalaşdırılıb, demokratik və obyektiv seçkilərin keçirilməsinə inam yoxdur. Ona görə də maraq çox azdır. İnsanlar burada yarış ovqatı görmürlər. Bununla belə, bütün siyasi partiyaların işi bütün seçkilərdə iştirak etməkdir. Üzvlərimizin seçib-seçilmək hüququnu təmin etmək üçün biz rayon təşkilatlarına sərbəstlik vermişik”.

Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Əslində onun ötən ilin sonunda keçirilməsi gözlənirdi. Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti beş ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir.

Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar. Milli Məclisin bəzi üzvləri isə bu barədə tənqidlərə cavab verərkən bu gecikməni ötən il noyabrın 11-dən 22-nə kimi Bakıda COP29 konfransının keçirilməsi ilə izah ediblər. Amma bununla bağlı rəsmi izah ictimaiyyətə açıqlanmayıb.

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1 min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı 1 min 606-ya düşürülüb. Ötən il də həmin proses davam edib, onların sayı yarıdan çox azaldılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.

Turan 

20:38, 06 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Rza Səfərsoyun Hüquqlarını Müdafiə Komitəsi onun səhhətinin ağırlaşdığını deyir

by Gozetci 20:10, 06 Yanvar 2025
written by Gozetci

Rza Səfərsoy

 

“İctimai fəal Rza Səfərsoy siyasi məhbusdur, qeyd-şərtsiz və dərhal azad edilməlidir”.

Bu barədə Rza Səfərsoyun Hüquqlarını İctimai Müdafiə Komitəsi yanvarın 6-da yaydığı bəyanatda deyilir.

“Hazırda təcridxanada saxlanma şəraitinin dözülməz olması onun xəstəliklərini daha da kəskinləşdirmiş, yeni xəstəliklərin də yaranmasına səbəb olmuşdur. Xanımının verdiyi məlumata görə, daxili orqanlarında fəsadlar yaranmış, ayaqları şişmiş, dırnaqları çürüməyə başlamışdır”, Komitənin bəyanatında deyilir.

Komitə qeyd edir ki, ictimai fəal təcridxanada keyfiyyətli tibbi yardım ala bilmədiyindən hazırkı sağlıq durumu həbsdə saxlanılmasına imkan vermir.

“Bütün bu səbəbləri nəzərə alaraq, Rza bəy təcili surətdə həbsdən azad edilməlidir. Əks təqdirdə, Rza Səfərsoyu hər an itirə bilərik”, bəyanatda xatırlanıb.

Hələlik Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidməti və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb .

Amma buna qədər Penitensiar Xidmətin məsul şəxsləri oxşar şikayətlərin heç bir əsasının olmadığını, məhbuslarla qanun çərçivəsində davranıldığını bildiriblər.

Dekabrın 11-də Bakının Xəzər Rayon Məhkəməsi hakim Hüseyn Hüseynlinin sədrliyi ilə Rza Səfərsoyu 2 il 9 ay həbsə məhkum edib.

Rza Səfərsoy bildirib ki, hakimiyyətin sifarişi ilə saxta ittihamla həbs edilib və siyasi sifarişli işlərdə heç zaman bəraət verilmir.

Rza Səfərsoy Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsi ilə ittham olunur.

O, 23 noyabr 2023-cü ildə həbs edilib. Polis əməkdaşları onun evindən qanunusuz silah tapıldığını iddia edib.

Səfərsoy qanunsuz silah saxlamaq ittihamını qəbul etmir.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi bir qayda olaraq polisin hərəkətlərinin qanunvericiliyə uyğun olduğunu bildirir. Nazirliyin Mətbuat xidməti hesab edir ki, saxlanılan şəxslərin polisin hərəkətləri ilə bağlı dedikləri özünü müdafiə xarakteri daşıyır.

Səfərsoy Birinci Qarabağ müharibəsinin veteranıdır. 2018-ci ildə o, Gəncə şəhərində kütləvi həbsləri tənqid etdikdən sonra artıq qanunsuz silah dövriyyəsi ittihamı ilə həbs olunub. Həmin vaxt 2 il müddətinə azadlıqdan məhrum edilib. 7 ay sonra Apellyasiya Məhkəməsi cəza müddətini azaldaraq onu azad edib.

Bu dəfə o, sosial şəbəkələrdə “Abzas Media” internet nəşrinin rəhbərlərinin həbsini kəskin tənqid etdikdən və vətəndaşları etirazlara çağırdıqdan sonra həbs olunub.

Amerikanın Səsi 

20:10, 06 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia