Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Tbilisi Apellyasiya Məhkəməsi jurnalist Əfqan Sadıqovun ekstradisiyası ilə bağlı qərarı qüvvədə saxlayıb

by Gozetci 20:02, 15 Yanvar 2025
written by Gozetci

Əfqan Sadıqov

 

Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin jurnalistin Azərbaycana ekstradisiya olunması ilə bağlı qərarını qüvvədə saxlayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Məriyəm Kvelaşvili bildirib.

Vəkil Əfqan Sadıqovun hər an Azərbaycana ekstradisiya ediləcəyini istisna etməyib.

Bununla yanaşı, o jurnalistin ekstradisiyasının qarşısını almaq üçün hüquqi müstəvidə işlərini davam etdirdiyini deyib.

Əfqan Sadıqovun hazırda üçüncü ölkədə olan həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib ki, Əfqan Sadıqov Gürcüstan hökumətinin ekstradisiya qərarına etiraz olaraq 117 gündür aclıq edir.

“Əfqanın səhhəti çox ağır olduğundan bu gün məhkəməyə gələ bilməyib. O təcridxananın hospitalında həkim nəzarətindədir. Çox zəifləyib, 35 kiloqramdan çox çəki itirib (təcridxanaya qəbul olunanda 93 kiloqram olub), təzyiqi çox aşağıdır, şəkəri düşüb”, Sadıqova qeyd edib.

2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul edib.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verib və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Jurnalistin hüquqlarını müdafiə edən Gürcüstanın Sosial Ədalət Mərkəzi bildirib ki, bu ölkənin Baş Prokurorluğu vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edərək Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasının məqbul olmasını xahiş edib.

Əfqan Sadıqov və müdafiəçiləri təqdim olunmuş vəsatətlə razılaşmır və məhkəmə qarşısında onun Azərbaycana ekstradisiyasının siyasi və özbaşına təqib məqsədi daşıdığını, bu da onun jurnalist fəaliyyəti, hakimiyyətin bu illər ərzində törətdiyi korrupsiya fəaliyyətini tənqid etməsi ilə bağlı olduğunu iddia ediblər.

Müdafiə tərəfi Sadıqovun Azərbaycana ekstradisiya ediləcəyi təqdirdə təqiblərə, işgəncələrə və qeyri-insani rəftara məruz qalacağını sübut edən faktları məhkəməyə təqdim edib. Müdafiə tərəfi bildirib ki, o, əvvəlki illərdə dəfələrlə siyasi təqiblərin qurbanı olub və bu, beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

2012-ci ildə yaradılan Sosial Ədalət Mərkəzi insan hüquqları və sosial ədalətlə bağlı fəaliyyət göstərən təşkilatdır.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.

Ötən il iyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.

2024-cü il avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.

Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.

İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə – “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.

2024-cü il avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq ekstradisiya həbsi qərarı verib.

Avqustun 8-də “Gürcüstanın Hüquqları” təşkilatının vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək, Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.

2024-cü il avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

20:02, 15 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Müxalifət fəalı təzyiqə məruz qalması ilə bağlı prokurorluğa şikayət edib

by Gozetci 19:27, 15 Yanvar 2025
written by Gozetci

Cəmil Hacıyev

 

Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.

Yanvarın 10-daMilli Şuranın və Müsvat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesi zamanı o, Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında “Siyasi məhbuslara azadlıq” plakatı qaldırdıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə aparılıb, orada döyüldüyünü bildirib.

“Mənə bunu ictimailəşdirməməyim barədə xəbərdarlıq ediblər, yeni xoşagəlməzliklərlə hədələyiblər. Amma mən jurnalistlərə hər şeyi olduğu kimi danışdım”, Hacıyev qeyd edib.

O bildirib ki, sərbəst buraxıldıqdan sonra bazar günü, yanvarın 12-də onun mobil telefonuna zəng gəlib, Nəsimi Rayon Polis İdarəsinə gəlməsi tələb olunub.

“Cavab verdim ki, rəsmi çağırış olmadan polisə getməyəcəyəm”, Hacıyev bildirib.

Fəal həmçinin deyib ki, polisdə döyülməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinə və prokurorluğa şikayət yazıb.

Öz növbəsində Daxili İşlər Nazirliyi Amerikanın Səsinin Cəmil Hacıyevin dedikləri ilə bağlı sorğusuna hələ cavab verməyib.

Amerikanın Səsi

19:27, 15 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa İttifaqı Azərbaycanda fəalların məhkum edilməsindən təəssüfünü ifadə edib

by Gozetci 18:59, 15 Yanvar 2025
written by Gozetci

Avropa İttifaqı (Aİ) Azərbaycan hakimiyyətinin fəalları və jurnalistləri həbs cəzalarına məhkum etməsindən təəssüfünü ifadə edərək onların azad edilməsinə çağırıb.

“Aİ Bəxtiyar Hacıyev, Rail Abbasov və İlhamiz Quliyev kimi aktivistlərin, Kanal 11-in jurnalisti Teymur Kərimov, eləcə də həmkarlar ittifaqı üzvü Afiyəddin Məmmədovun həbs cəzasına məhkum edilməsindən təəsüflənir. Biz fundamental hüquqlarının qorunmasına görə həbs olunanları azad etməyə çağırırıq”, İttifaqın Azərbaycandakı nümayəndəliyinin bəyanatında vurğulanır.

2024-cü ili fəal İlhamiz Quliyevi “narkotik” ittihamı ilə 3 il, jurnalist Teymur Kərimovu “hədə-qorxu ilə tələb etmə” ittihamı ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum etməklə başa vuran Bakı Ağır Cinayətlər Məhkəməsi, 2025-ci ilin ilk iki həftəsi ərzində daha üç fəala qarşı azadlıqdan məhrumetmə cəzası çıxarıb.

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyev yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma kimi ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacıyev ittihamları “tamamilə uydurma” adlandırıb və həbsinin əsl səbəbinin Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiq edilməsinə yönəlmiş fəaliyyətinin olmasını göstərib.

Yanvarın 14-də Birləşmiş Ştatlar Bəxtiyar Hacıyevə qarşı çıxarılan məhkəmə qərarından “dərin məyusluq” ifadə edərək Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə əməl etməyə və ədalətsiz yerə həbs edilənləri azad etməyə çağırıb.

Rəsmi Bakı ABŞ-nin bəyanatına cavab verərək Hacıyevə qarşı çıxarılmış hökmün “iş üzrə çoxsaylı sübutlara” əsaslandığını bildirib və məhkəmə proseslərinə “kənar müdaxilə”nin yolverilməz olduğunu qeyd edib.

“Görünür, bu cür yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə X səhifəsində yazıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi yanvarın 14-də işçi hüquqları fəalı, “İşçi Masası” alternativ həmkarlar ittifaqları konfederasiyasının sədri Afiəddin Məmmədovu Cinayət Məcəlləsinin “xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma” və digər bir neçə maddəsi ilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Bundan əvvəl isə yanvarın 9-da ictimai fəal Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu dələduzluqda təqsirli bilsə də, Abbasov əsassız olaraq həbs edilmiş dostu, insan haqları fəalı Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə saxta ittihamla həbs edildiyini bildirib.

Aİ, o cümlədən Avropa Parlamenti və bir sıra Qərb dövlətləri Azərbaycanda jurnalistlərin və fəalların həbsləri ilə bağlı dəfələrlə narahatlıq ifadə edərək, Bakını təzyiqlərə son qoymağa çağırıb.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları fəalların və jurnalistlərin həbsini siyasi motivli hesab edir, hökumətin 2023-cü ilin noyabrından başlayaraq ölkədəki tənqidi səslərə qarşı “misli görünməmiş repressiyalar” həyata keçirdiyini vurğulayır.

Rəsmi Bakı isə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair ittihamları israrla qəbul etmir və ölkədə bütün hüquq və azadlıqların qorunduğunu bildirir.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanın vətəndaş cəmiyyətinin çoxsaylı fəalları, “Abzas Media”, “Toplum TV”, “Kanal 13” və “Meydan TV” kimi müstəqil media orqanlarının jurnalistləri, bəziləri tam heyət olmaqla həbs edilib.

Həbslərlə əlaqədar Avropa Parlamenti ötən il bir neçə qətnamə qəbul edərək Brüsseli Azərbaycanla enerji sahəsindəki tərəfdaşlığı dayandırmağa, insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə hədəfli sanksiyalar tətbiq etməyə çağırıb.

Amerikanın Səsi 

18:59, 15 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Azər Qasımlını həbsdə saxlayıb

by Gozetci 16:00, 15 Yanvar 2025
written by Gozetci

Azər Qasımlı

Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib.
Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
“Azər Qasımlı prosesdə bildirib ki, ona qarşı ittihamlar saxtalaşdırılıb və onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır”, deyə vəkil qeyd edib.
Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. Ona qarşı CM-in 182.2.3-cü maddəsi ilə (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) ittiham irəli sürülüb.
16:00, 15 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycan hökumətini mülkiyyət hüququ pozuntusuna görə 1.7 milyon avro cərimələyib

by Gozetci 22:33, 14 Yanvar 2025
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycan hökumətinin 1.7 milyon avro məbləğində təzminat ödəməsinə qərar verib.

“Bağvanov və başqaları Azərbaycana qarşı” məhkəmə işinin hallarına əsasən, Bakıda “Qış parkı”nın inşası zamanı ərizəçilərin əmlakları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının 24 sentyabr 2008-ci il və 11 fevral 2011-ci il tarixli sərəncamları əsasında sökülmüş, sakinlər köçürülmüşdü.

BŞİH sakinlərə əmlaklarının hər kvadrat metri üçün 1500 manat təklif etmiş, ancaq bu ödənişlər müsadirə üçün kompensasiya kimi deyil, alqı-satqı müqaviləsi kimi nəzərdə tutulmuşdu. Sakinlərin əksəriyyəti alqı-satqı müqaviləsini evləri söküldükdən sonra imzalamağa məcbur olmuşdular.

Onlar sonradan yerli məhkəmələr qarşısında alqı-satqı müqavilərinin qanunsuzluğundan və kompensiyanın azlığından şikayət etsələr də, məhkəmələr onların şikayətlərini təmin etməmişdi.

Ərizəçilər AİHM qarşısında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət etmişdilər.

AİHM hələ 2022-ci ildə bu iş üzrə qərar çıxararaq əmlakların müsadirəsinin “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilmədiyini müəyyənləşdirmiş və təzminat məsələsinin həlli üçün tərəflərə vaxt vermişdi.

Yanvarın 14-də elan etdiyi qərarında AİHM hökumətin 18 ərizəçiyə maddi və mənəvi zərərə görə ümumilikdə 1 milyon 693 min avro məbləğində təzminat ödəməli olduğunu açıqlayıb.

Azərbaycan hökuməti 3 aydan gec olmayaraq zərərçəkənlərə ödəniş etməlidir.

Amerikanın Səsi

22:33, 14 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Meydan TV-nin jurnalisti Xəyalə Ağayeva ev dustaqlığına buraxılmayıb

by Gozetci 20:10, 14 Yanvar 2025
written by Gozetci

Xəyalə Ağayeva

 

Meydan TV-nin həbs edilən jurnalisti Xəyalə Ağayevanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.

Bu barədə yanvarın 14-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib.

Vəkil Nazim Musayevin sözlərinə görə, məhkəmə prosesində jurnalistin özü də iştirak edib.

Jurnalistin vəkili məhkəmədə qeyd edib ki, Xəyalə Ağayeva 40 gündür heç bir sübut-dəlil olmadan həbsdə saxlanılır.

“Əgər Xəyalə Ağayeva gömrük orqanlarında işləsəydi və milyonlarla pula sahib olsaydı, hazırda azadlıqda olardı. Ancaq onun bütün var-dövləti qələmi, dili, hazırladığı sujetlərdir. Ona görə də hazırda həbsdədir”, vəkil bildirib.

Müstəntiq Nicat Osmanovun iştirakı ilə keçirilən prosesdə hakim Sülhanə Hacıyeva müdafiə tərəfinin vəsasətini təmin etməyib.

Jurnalistin vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Bu iş üzrə həbs edilən digər jurnalistlərin vəkilləri də onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər verib. Bu vəsatətlərə ayrı-ayrı vaxtlarda baxılacaq.

Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsi “Meydan TV”nin jurnalistləri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətləri təmin etməyib.

Apellyasiya şikayətlərində qərarın ləğv edilməsi və jurnalistlərin həbsdən azad edilməsi və ya ev dustaqlığına buraxılması göstərilib.

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.

Amerikanın Səsi 

20:10, 14 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Uncategorized

Hüquq müdafiə təşkilatı 2024-cü ildə repressiyaların artdığını bildirir

by Gozetci 19:29, 14 Yanvar 2025
written by Gozetci

2024-cü il Azərbaycanda “repressiyaların və polis özbaşınalığının güclənməsi” ilə yadda qaldı.

Bu barədə Siyasi Məhbusların Monitorinqi Mərkəzi hüquq-müdafiə təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair illik hesabatında deyilir.

Siyasi məhbusların sayında ciddi artım qeydə alınıb ki, onların sayı ötən il dekabrın 10-dək 331-ə çatıb.

Ənənəvi olaraq, onların arasında ən çoxu dindarlardır. Lakin keçən il jurnalistlər, blogerlər və hüquq müdafiəçilərinin sayında da əhəmiyyətli artım olub.

“5-ci kolon”un nümayəndələrinin “ovlanmasını” Daxili İşlər Nazirliyi həyata keçirib. Bu qurum öz işçilərinə ən amansız “hüquqlar” (fiziki haqq-hesab çəkməyə qədər) verib. KİV-in məlumatına görə, polis həddindən artıq tədbirlərdən istifadə edib və cinayətlərdə şübhəli bilinən bir neçə nəfər “müqavimət göstərərkən” odlu silah tətbiqilə yerindəcə məhv edilib. Şübhəlilərin öldürülməsi hakimiyyətyönlü KİV-də “qanuni tədbirlər” kimi təqdim edilib”, sənəddə qeyd edilir.

Bununla yanaşı, hüquq müdafiəçilərinin ifrat tədbirlərin tətbiqinin nə dərəcədə əsaslı olduğunu yoxlamaq imkanı yoxdur.

Hüquq-müdafiə təşkilatı ölkədə narkomanlığın artdığını qeyd edir. Lakin təşkilat hesab edir ki, mübarizə yalnız güc tətbiqilə aparılır, baxmayaraq ki, sivil dünyada narkomanlara müalicəyə ehtiyacı olan xəstələr kimi yanaşırlar.

“Azərbaycanda isə narkomanlar cinayətkar sayılır və onların barəsində müvafiq tədbirlər görülür. Narkomaniyanın yayılmasına qarşı mübarizəni elan edən çoxsaylı hökumətyönlü təşkilatların olmasına baxmayaraq, narkoasılılığın profilaktikası demək olar ki, yoxdur”, sənəddə qeyd edilir.

Rəsmi statistikaya görə, cinayətlərin 30,6 faizi narkomanlar tərəfindən törədilib və ölkənin tibb müəssisələrində 36,659 narkoasılı şəxs qeydə alınıb.

“Qeyri-rəsmi məlumatlara görə, bu rəqəm dəfələrlə yüksəkdir. Eyni zamanda, hüquq-mühafizə orqanları məcburi müalicə tədbirlərinə dair qanundan sui-istifadə edirlər. Çox vaxt Daxili İşlər Nazirliyi “narkotik maddələrin alveri ilə mübarizə” adı altında ictimai fəalları, siyasi partiya üzvlərini, jurnalistləri və blogerləri həbs edir. 2024-cü ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Razi Alışov və Sahib Məmmədzadə, Həmkarlar İttifaqı fəalları Elvin Mustafayev və Ayxan İsrafilov və başqaları bu cür işlərə görə həbs olunaraq mühakimə ediliblər. Ancaq narkotik maddələrlə “yalan mübarizə”dən ən çox əziyyət çəkənlər dindarlardır. Son illərdə 150-yə yaxın dindar narkotik maddə ittihamı ilə həbs olunub”, hesabatda deyilir.

2024-cü il hüquq müdafiəçilərinin – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov, həmçinin Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həbsi ilə yadda qaldı.

Penitensiar Xidmətdə korrupsiya, işgəncə, siyasi məhbuslarla amansız rəftarın qaldığı da hesabatda göstərilib.

“Məhbuslar arasında ölüm halları artıb. 2024-cü ildə cəzaçəkmə müəssisələrində 40-dan çox ölüm hadisəsi qeydə alınıb və 2025-ci ilin əvvəlində də bir neçə ölüm baş verib. Rəsmi olaraq ölümün səbəbinin xəstəlik olduğu göstərilir. Ancaq sosial şəbəkələrdə adamların döyülmə nəticəsində ölməsi ilə bağlı məlumatlar da var”, sənəddə qeyd edilir.

Belə ki, 13 saylı koloniyada məhbus Royal Axundovun zorakılıqla ölməsi barədə məlumat yayılıb. Bu məlumatdan sonra həmin koloniyanın məhbuslarına telefon danışıqları qadağan edilib.

Hüquq müdafiəçiləri əvvəlkitək monitorinq üçün həbsxanalara buraxılmır.

“Məmurların, təhlükəsizlik işçilərinin qeyri-şəffaflığı, məlumatların məhdudlaşdırılması, jurnalistlərin təqib edilməsi insan hüquqlarına, özbaşınalığa, həbslərə, işgəncələrə, ölümlərə məhəl qoyulmamasına və Daxili İşlər Nazirliyinin repressiv tədbirlərinə şərait yaradır”, hesabatda qeyd edilir.

Öz növbəsində, Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət bu hesabata hələ münasibət bildirlməyib.

Bununla yanaşı, Penitensiar Xidmət saxlanma yerlərində insanların qanunvericiliyin normalarına uyğun saxlanıldığını, onlara qarşı zorakıləıq və işgəncə hallarına yol verilmədiyini bildirir. Daxili İşlər Nazirliyi də insanların iradəsinə görə təqib edilmədiyini, onların saxlanılması zamanı qeyri-insani davranışa yol verilmədiyini bəyan edir. Nazirliyin mətbuat xidməti saxlanılan şəxslərin qeyri-insani davranışla bağlı dediklərinin özünü müdafiə xarakteri daşıdığını deyir.

Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb. Təşkilata hüquq müdafiəçisi Elşən Həsənov rəhbərlik edir.

Amerikanın Səsi 

19:29, 14 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistikada Qadınlar üçün Koalisiya müstəqil jurnalist Xanım Mustafayevanın ölkədən çıxışına qadağanı ləğv etməyə çağırır

by Gozetci 18:59, 14 Yanvar 2025
written by Gozetci

Xanım Mustafayeva

 

Jurnalistikada Qadınlar üçün Koalisiya (The Coalition For Women In Journalism) müstəqil jurnalist Xanım Mustafayevanın ölkədən çıxışına qoyulan qadağanı pisləyib.

“ Xanım Mustafayevaya heç bir izahat vermədən Azərbaycanı tərk etməyi qadağan edilib. Bakı hava limanının rəhbərliyi Daxili İşlər Nazirliyinin səyahət qadağasına istinad etsə də, bunun səbəblərini açıqlamayıb. Xaricdə yaşayan Mustafayeva 2024-cü ilin dekabrında ailəsinə baş çəkmək üçün qayıdıb. Cinayət işi olmamasına baxmayaraq, ona Türkiyəyə qayıtması imtina edilib. Bu, müstəqil jurnalistlərə qarşı dövlət təqibinin narahatedici modelinin bir hissəsidir”, təşkiltın bəyanatında deyilir.

Təşkilat qeyd edir ki, ötən il onlarla jurnalist və fəal həbs və ya səyahət qadağası ilə üzləşib.

“Qadın Mətbuat Azadlığı bu repressiyanı pisləyir. Biz şəffaflıq, hesabatlılıq və bu avtoritar tədbirlərin dərhal dayandırılmasını tələb edirik. Mustafayeva sərbəst səyahət etməlidir”, Jurnalistikada Qadınlar üçün Koalisiyanın bəyantında deyilir.

Xanım Mustafayevanın ölkədən çıxışına yanvarın 11-də qadağa qoyulub.

Jurnalist qadağanın səbəbini öyrənmək üçün DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlayıb.

Hacıyev ona qadağadan məlumatsız olduğunu və araşdıracağını deyib.

Amerikanın Səsi 

18:59, 14 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İşçi hüquqlarını qoruyan ictimai fəala 8 il həbs cəzası kəsildi

by Gozetci 14:24, 14 Yanvar 2025
written by Gozetci

Afiəddin Məmmədov

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova 8 il həbs cəzası kəsilib. Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

İctimai fəal Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə təqsirli bilinib. O, Səfər Hüseynov adlı şəxsə bıçaqla yaralamaqda suçlanır.

A.Məmmədov hökmdən öncəki son sözündə heç kimi bıçaqlamadığını, heç bir cinayət törətmədiyini, sadəcə, işçi hüquqlarını qoruduğuna görə cəzalandırıldığını bildirib. O, 14 yaşından işçi hüquqlarının müdafiəsi ilə məşğul olduğunu vurğulayıb. İctimai fəal 2022-ci ilin martında bir qrup ictimai fəalla birləşərək işçilərin hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilat yaratmaq qərarı verdiklərini və bundan sonra “İşçi Masası”nın qurulduğunu söyləyib:

“Ardınca üç dəfə məni inzibati qaydada şərləyib həbs elədilər. İki üzvümüzü narkotiklə şərlədilər. Belə bir məsəl var: İtə deyirlər ki, niyə hürürsən? Deyir, qorxuduram. Soruşurlar, bəs niyə quyruğunu bulayırsan? Deyir, qorxuram. Bu hakimiyyətin də idarəçiliyi belədir”.

Suçlandığı bıçaqlanma olayına gəlincə, Afiəddin Məmmədov yada salıb ki, 2023-cü il sentyabrın 20-də yaşadığı evdən çıxarkən onun üstünə bir nəfər hücum edib. Ardından ətrafdan çıxan polislər onu saxlayıb, 34-cü polis bölməsinə gətirib. Orada əlləri qandallı vəziyyətdə yerə yıxıb zorla əlinə bıçaq veriblər:

“Bu yolla saxta sübut yaratmaq istəyirdilər ki, bıçaqda mənim əl izim olsun. İndi siz də utanmadan bu işlə bağlı hökm çıxaracaqsınız”.

İctimai fəalın son sözündən bir neçə dəqiqə sonra hakimlər onun haqqında 8 illik hökmü elan edib.

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna hökmü əsassız və ədalətsiz saydığını bildirib. Vəkilin sözlərinə görə, məhkəmə prosesi boyunca tərəflərin bərabərliyi prinsipi pozulub, müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb:

“Hökmdən apellyasiya şikayəti verəcəyik”.

Xatırlatma

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. Cinayət işinin materiallarında iddia olunur ki, o, Xətai rayonundakı Məhəmməd Hadi küçəsi ilə gedərkən S.Hüseynov adlı şəxslə toqquşanda aralarında mübahisə yaranıb. Bu zaman cibindən bıçaq çıxarıb və ona xəsarət yetirib.

Afiəddin Məmmədov isə deyir ki, Səfər Hüseynov da onu həbs etməkdən ötrü öncədən qurulmuş planın icraçısıdır: “Sentyabrın 20-də toya getməyə hazırlaşırdım. Blokdan çıxanda bir kişi mənə tərəf gəldi, yanında bir qadın da vardı. Üstümə hücum eləyib yaxamdan yapışdı. Əlində bıçaq vardı, onu almağa çalışanda əlim də kəsildi. Sifətimdən vurdu, burnumdan qan açıldı. Yerə yıxıldım, indi də kürəyimdə izləri qalıb. Təxminən üç dəqiqə sonra polislər gəldi”.

Afiəddin Məmmədov kuryerliklə məşğul şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılması ilə əlaqədar avqustun 1-də etiraz aksiyası keçirdiklərini xatırladıb. Elə həmin gün ona 30 sutka inzibati həbs cəzası verilmişdi: “Mən inzibati həbsdə olduğum müddətdə “İşçi Masası”nın digər üzvlərini şərləyib həbs elədilər. Avqustun 4-də Elvin Mustafayevi, 11-də isə Ayxan İsrafilovu narkotiklə şərlədilər. Mən 30 sutkalıq həbsdən çıxanda da izləndiyimi hiss eləyirdim. Evimizin ətrafında həmişə müxtəlif adamlar dayanırdı”.

AzadlıqRadiosu

14:24, 14 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıMülkiyyət hüququSliderXƏBƏRLƏR

Akif Qurbanovun ailə üzvlərinin əmlaklarına həbs qoyulduğu bildirilir

by Gozetci 11:51, 14 Yanvar 2025
written by Gozetci

Akif Qurbanov

 

“III Respublika Platforması”nın spikeri Akif Qurbanovun mülkiyyətində olmayan 2 avtomobil və bağ evinə istintaq dövründə həbs qoyulub. Avtomobillərdən biri atasının, digəri isə etibarnamə ilə Qurbanovun istifadəsində olub. Xətai Rayon Məhkəməsi həbs qərarını ötən ilin iyul ayında versə də, qərar dekabrda icra olunub. Bu barədə məlumatı “III Respublika Platforması” verib.

ResPlatformanın qurucu heyət üzvü, hüquqşünas Səməd Rəhimli bu addımı Akif Qurbanovun fəaliyyətinin davam etməsi ilə əlaqəndirir və hakimiyyətin ondan qisas aldığını düşünür.

“O, həbsdə olmasına baxmayaraq, öz çıxışlarını edir, bəyanatlarını verir və hesab edir ki, siyasi iştirakçılıq davam etməlidir, Qurbanov siyasi mövqeyini ifadə etməyə davam edir. Belə olan halda isə Akif Qurbanova qarşı münasibətdə əllərinə keçən hər fürsətdə əlavə məhdudiyyətləri tətbiq etməyə davam edirlər. Çünki Akif Qurbanov repressiyalara baxmayaraq öz fəaliyyətini davam etdirməkdə israrlıdır”, deyə, hüquqşünas qeyd edib.

Səməd Rəhimli bildirib ki, məhkəmə əmlakın qanunsuz əldə edilən maliyyə əsasında alındığını əsas gətirir, lakin avtomobillərdən birinin alınma tarixi ilə ittihamın əhatə etdiyi dövr arasında ziddiyyət var:

“İttihama görə 2020-2024-cü illərdə qanunsuz fəaliyyət olub və bu fəaliyyət nəticəsində əmlaklar əldə edilib, lakin ondan əvvəlki dövrə aid əldə edilən əmlak üzərinə həbs qoyula bilməz. Çünki ittihamın çərçivələri məhduddur, hətta ittihamın siyasi xarakterini bir kənara qoysaq, onlar formal məsələlərə də əməl etməyiblər”.

Akif Qurbanovun həyat yoldaşının mülkiyyətində olan bağ evi də üzərinə həbs qoyulmuş əmlaklar arasındadır. Rəhimli qeyd edir ki, bununla bağlı məhkəmənin qərarının alınmasına çətinliklər yaradılır.

“Bu qərarlar tərəfin iştirakı olmadan verilir və tərəf bunu uzun müddət sonra öyrənə bilir. Məhkəmə qərarının üstündən 3-4 ay keçmiş olur, lakin sən bununla bağlı şikayət vermək istəyəndə “müddətin keçdiyini” bildirirlər”, deyə, Rəhimli əlavə edib.

Məsələ ilə bağlı rəsmi qurumlardan mövqe almaq mümkün olmayıb.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib. “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

2024-cü ilin iyul ayından başlayaraq bütün həbs olunanların həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.

Amerikanın Səsi 

11:51, 14 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia