Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

İmişli rayonunda uşaqların ölümü ilə nəticələnən qəzadan sonra insidentdə iştirak edənlər həbs edilib

by Gozetci 14:06, 19 Yanvar 2025
written by Gozetci

İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub, istintaqın obyektiv aparılması üçün qanuna müvafiq tədbirlər görülür.

Bununla yanaşı, Mətbuat xidməti həbs edilən şəxslərin sayı və kimliyi barədə məlumat yaymayıb. Mətbuat xidmətinin həbs edilənlərin fotolarını mətbuata təqdim edib. Fotoda 9 nəfər görünür.

İmişlidə baş verən qəza hadisəsi ilə bağlı isə prokurorluqda cinayət işi qaldırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, yanvarın 18-də İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Turan
14:06, 19 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İmişlidə polis maşınının məktəbliləri vurmasına etiraz edənlər saxlanılıb

by Gozetci 20:02, 18 Yanvar 2025
written by Gozetci
İmişlidə yol qəzasına görə etiraz edərək küçələrə çıxanlar polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi bildirib ki, İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədib.
“Xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar”, – DİN vurğulayıb.
Qurumdan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Meydan TV
20:02, 18 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hesabat: Azərbaycan ən çox jurnalist həbs edən ölkələr sırasındadır

by Gozetci 19:28, 18 Yanvar 2025
written by Gozetci

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasındadır.

Beynəlxalq hüquq müdafiə təşkilatının 2023-cü ilin sonlarından 2024-cü ilin 1 dekabr tarixinədək apardığı siyahıyaalma Azərbaycanda 13 jurnalist və media əməkdaşının həbs olunduğunu göstərir.

Ancaq bura “Meydan TV” xəbər saytının həmin tarixdən sonra həbs edilən 6 jurnalistini, habelə yanvarın 17-də həbs edilən “Toplum TV” jurnalist Fərid İsmayılovu əlavə etdikdə rəqəmlər daha da artır.

Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.

Hesabatda ötən il dekabrın 1-də dünyada 361 jurnalistin dəmir barmaqlıqlar arxasında olduğu, 2022-ci ildə qeydə alınmış qlobal rekorddan (ən az 370 nəfər) bəri ən pis nəticənin qeydə alındığı bildirilir.

Çin, İsrail, Tunis və Azərbaycan da daxil olmaqla bir çox ölkələrin həbslərin sayına görə yeni rekordlar müəyyənləşdirdiyini vurğulayan müəlliflər, ötən il ərzində jurnalist həbslərinin əsas amillərini avtoritar repressiya, müharibə, siyasi və ya iqtisadi qeyri-sabitlik olduğunu göstərirlər.

CPJ-nin baş direktoru Codi Ginsberq fikrincə jurnalistlərə qarşı hücumların artması demək olar ki həmişə digər azadlıqlara, o cümlədən məlumat vermək və almaq azadlığı, sərbəst toplaşmaq, hərəkət etmək və etiraz etmək azadlıqlarına qarşı hücumların artmasından əvvəl baş verir.

“Bu jurnalistlər gündəlik həyatımızda vacib olan məsələləri – siyasi korrupsiyanı, ətraf mühitin deqradasiyasını, maliyyə pozuntularını ifşa etdiklərinə görə həbs edilir və cəzalandırılır”, Codi Foster qeyd edib.

Hesabatda Azərbaycanda ötən il ərzində həbs edilən jurnalistlərinin əksəriyyətinin ölkədə qalan son müstəqil media orqanlarının, o cümlədən yüksək rütbəli dövlət məmurlarının korrupsiya əməllərini araşdıran “Abzas Media” xəbər saytının əməkdaşları olduğu bildirilir.

Abzas Media xəbər saytına qarşı təqiblər 2023-cü ilin noyabrında başlayıb. Saytın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də saxlanılıb. Həmin gün onun evində və Abzas Medianın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Həsənli ilə eyni gündə saytın direktor müavini Məhəmməd Kekalov, növbəti gün isə Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Daha sonra jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Bu il mayın 30-da isə “Abzas Media işi” üzrə iqtisadçı, Azadlıq Radiosunun əməkdaşı Fərid Mehralızadə də saxlanılıb.

Jurnalistlər saxlanılarkən “qaçaqmalçılıq”da ittiham edilsələr də, sonradan onların hamısına qarşı “qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma, sənədlərin saxtalaşdırılması” kimi ümumilikdə yeddi yeni maddə ilə ittihamlar da irəli sürülüb.

Jurnalistlər ittihamları rədd edir və özlərini təqsirli bilmirlər. Abzas Media həbslərin “ölkə prezidentinin və onun təyin etdiyi məmurların korrupsiya cinayətləri ilə bağlı silsilə araşdırmalar”la bağlı olduğunu bildirib.

Abzas Media jurnalistləri ilə yanaşı 2023-cü ilin sonlarında Kanal 13 internet televiziyasının təsisçisi Əziz Orucov və əməkdaşı Şamo Eminov həbs ediliblər. Eminov ötən ilin sonlarında sərbəst buraxılsa da, Orucovun məhkəməsi hazırda davam edir.

Bununla yanaşı, 2023-cü ilin sonlarında “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov, “azerinfo.az” xəbər saytının rəhbəri İbrahim Hümbətov və “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək həbs ediliblər.

Teymur Kərimov ötən il dekabrın 28-də “hədə-qorxu ilə tələb etmə” ittihamı ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin martında Azərbaycanda daha bir media orqanı hüquq-mühafizə orqanlarının hədəfi olub. “Toplum TV” internet televiziyasının redaksiyasına polis reydindən sonra media orqanının təsisçisi Ələsgər Məmmədli və əməkdaşı Müşfiq Cabbar “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. “Toplum TV”-nin digər əməkdaşları da cinayət işinə cəlb edilib. Həmin vaxt polis nəzarətinə verilən jurnalist Fərid İsmayılov ötən gün həbs edilib.

“Toplum TV işi” üzrə qeyri-hökumət təşkilatı “Demokratik Təşəbbüslər İnstitutu” və yeni yaradılmış siyasi platforma “III Respublika Platforması”nın (ResPlatforma) ofislərinə də ötən ilin martında polis reydləri həyata keçirilib və nəticədə hüquq müdafiəçisi Akif Qurbanov, “ResPlatforma”nın qurucu heyət üzvü Ruslan İzzətli, eləcə də vətəndaş cəmiyyəti fəalları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov da “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Hüquq müdafiə təşkilatlarının “misligörünməmiş repressiyalar”, Sərhədsiz Reportyorlar təşkilatının “jurnalist ovu” kimi dəyərləndirdiyi təqiblər çərçivəsində ötən ilin aprelində “meclis.info” saytının rəhbəri, jurnalist İmran Əliyev də həbs edilib.

Azərbaycanın ötən ilin noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı (COP29) ərəfəsində təzyiqləri azaldacağına dair gözləntilər olsa da, konfransdan sonra dekabrın 6-da bu dəfə “Meydan TV” jurnalistləri hədəfə alınıb.

Azərbaycan polisi dekabrın 6-da keçirdiyi əməliyyatla Meydan TV-nin baş redaktoru Aynur Elgünəş və əməkdaşları Aytac Tapdıq, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudovanı, habelə müstəqil jurnalist Ramin Dekonu saxlayıb. Onlar da “qaçaqmalçılıq” ittihamı ilə həbs ediliblər.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.

Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.

Amerikanın Səsi 

19:28, 18 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesi davam edir

by Gozetci 12:19, 18 Yanvar 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi baş tutub. Proses iş materiallarının tədqiqi ilə davam edib.

Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib ki, məhkəmədə iş materiallarında sübut kimi istifadə olunan “WhatsApp” yazışmaları oxunub, siyasətçi isə həmin yazışmaların saxta olduğunu deyib.

“Hakim Elnur Nuriyev hesablamışdı ki, o yazışmanı oxuyacaq, Tofiq Yaqublu da bir-iki söz deyəcək, amma hesaba qatmamışdı ki, Tofiq bəy oradakı hər cümlənin hesabatını istəyəcək. Hər cümləni arqumentləri ilə sübut edəcək, onları ifşa edəcək”, deyə, Yaqublunun qızı qeyd edib.

Siyasətçi məhkəmədə ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb, lakin məhkəmə vəsatəti təmin etməyib:

“Tofiq Yaqublu hakimə dedi ki, necə olur siz 165 ailənin şikayətçi olduğu Pənah Kərimovu ev dustaqlığına buraxırsınız, amma mənə gələndə ev dustaqlığına buraxmırsınız. Elnur Nuriyev də dedi ki, “siz mənim işimə qarışmayın. Mənim icraatımda 50 iş var, hamısına da ayrı-ayrı münasibət göstərirəm”. Tofiq Yaqublu isə cavabında dedi ki, “bəli, doğrudan da elədir. Pənah Kərimovun pulu var deyə ayrı münasibət olub, mənim üçün tapşırıq gəlibsə mənə münasibətiniz ayrı olur”.

Tofiq Yaqublu bir daha məhkəmədə günahsız olduğunu, bu cinayət işinin ona aidiyyəti olmadığını qeyd edib.

Siyasətçinin növbəti məhkəmə prosesi yanvarın 31-də davam edəcək.

Xatırlatma

Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

12:19, 18 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Fərid İsmayılovu həbs edib

by Gozetci 21:47, 17 Yanvar 2025
written by Gozetci

Fərid İsmayılov

 

Vəkil Zibeydə Sadıqova bildirib ki, Xətai Rayon Məhkəməsi Fərid İsmayılov barəsində 2 ay 20 gün – aprelin 6-dək həbs qətimkan tədbiri seçib.

İstintaq İsmayılovun həbsini ittihamın ağırlaşdırırılması və jurnalistin  polis nəzarəti qətimkan tədbirinin şərtlərinə əməl etməməsi əsaslandırıb. Onun guya polisə xəbər vermədən rayonlara  getdiyi iddia edilir.

Lakin İsmayılov bunun doğru olmadığını, mütəmadi olaraq polisə gedib qeydiyyatdan keşdiyini deyib. O, heç bir təqsirinin  olmadığını bildirib. Bundan əlavə, onun səhhətində problemlər var.

2023-cü ildə onun  üç dəfə ağ ciyərlərində  əməliyyat keçirilib.

Lakin məhkəmə istintaqın vəsatətini təmin edib

Vəkil bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Turan 

21:47, 17 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Toplum” İnternet Televiziyasının işi üzrə ittiham olunan şəxslərin ittihamı ağırlaşdırıldı

by Gozetci 20:34, 17 Yanvar 2025
written by Gozetci

“Toplum” İnternet Televiziyasının işi üzrə ittiham olunan şəxslərin ittihamının ağırlaşdığı bildirilir.

Bu barədə müdafiə tərəfi məlumat verib.

Verilən məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,… ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Əvvəlki ittihamlarla şəxsə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.

Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.

Həbs olunan şəxslər özlərini təqsirli bilmirlər və həbsini fəaliyyətləri ilə əlaqələndirirlər.

Hələlik, bu məlumata istintaqı aparan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl “ToplumTV işi” üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi.

Bu iş üzrə bu vaxta qədər həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbardır.

Xatırlatma

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosu 

20:34, 17 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Aynur Elgünəşi və Natiq Cavadlını ev dustaqlığına keçirməkdən imtina edib

by Gozetci 18:26, 17 Yanvar 2025
written by Gozetci

Aynur Elgünəş və Natiq Cavadlı

 

Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.

Bu barədə Turan-a onların vəkilləri Elçin Sadıqov və Zibeydə Sadıqova bildirib.

Onların sözlərinə görə, jurnalistlərin həbsdə saxlanılması üçün hüquqi və prosessual əsas yoxdur.

Jurnalistlər özləri bildiriblər ki, onlara qarşı cinayət işi peşə fəaliyyətlərinə görə cəzalandırılmaları məqsədilə saxtalaşdırılıb.

Müdafiə tərəfi jurnalistlərin ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı apellyasiya vermək niyyətindədir.

* Dekabrın 6-da Meydan TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Ümidova, Natiq Cavadlı və sərbəst jurnalist Ramin Deko (Cəbrayılzadə) valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar. Dekabrın 8-də məhkəmə onların hamısını həbs edib.

Jurnalistlər cinayət işini peşə fəaliyyətləri ilə əlaləndirirlər. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb.

18:26, 17 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Fərid İsmayılov saxlanılıb

by Gozetci 17:38, 17 Yanvar 2025
written by Gozetci

Fərid İsmayılov

“Toplum TV işi” ilə bağlı cinayət işində barəsində polis nəzarətində qətimkan tədbiri seçilən jurnalist Fərid İsmayılov saxlanılıb.
Bu barədə Meydan TV-yə vəkili Zibeydə Sadıqova məlumat verib.
Fərid İsmayılzadə hazırda Xətai Rayon Məhkəməsindədir.
Fərid İsmayılzadənin evində axtarış aparılıb və ev yoldaşı Nihad Libettarianın da saxlanıldığı bildirilir.
Həmin şəxsin hazırda Bakı Şəhər Baş Polis İdarəsində olduğu deyilir.
“Toplum TV”nin başqa bir əməkdaşı Elmir Abbasov da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Bu gün, yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.
Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə yeni ittihamlar irəli sürülüb.
2023-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Meydan TV
17:38, 17 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP: İki üzvümüz həbs edilib, birindən xəbər yoxdur

by Gozetci 20:42, 16 Yanvar 2025
written by Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, yanvarın 15-də saxlanan iki üzvü inzibati qaydada həbs olunub.

Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, Lənkəran şöbəsinin üzvü Ramil Eynəliyev və Xəzər şöbəsinin fəalı Əlisahib Kərimov 30 sutka müddətinə inzibati qaydada həbs olunublar:

“Onların rəsmən nədə ittiham olunduqları, hələlik, bəlli deyil”.

AXCP-dən habelə qeyd ediblər ki, həbslərin əsl səbəbi fəalların siyasi fəaliyyəti və sosial şəbəkələrdə yazdıqları tənqidlərdir:

“Yanvarın 15-də həmçinin saxlanan Ordubad şöbəsinin üzvü Əsgər Ağasoy barəsində isə dəqiqləşdirmə apara bilməmişik”.

Bu məlumatlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan isə münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin bir çox üzvləri vaxtaşırı əsasən polisin qanuni tələbinə əməl etməmək, xuliqanlıq ittihamları ilə inzibati qaydada həbs edilirlər. AXCP-nin hazırda 12 üzvü isə uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Ancaq beynəlxalq insan haqları qrupları da hökuməti haqsız tutulanları azad etməyə çağırır.

AzadlıqRadiosu

20:42, 16 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

HRW: 2024-cü ildə də Azərbaycan hökuməti ölkədə tənqidçilərə qarşı repressiyaları dayandırmayıb

by Gozetci 20:00, 16 Yanvar 2025
written by Gozetci

“Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatı yanvarın 16-da bu il üçün qlobal hesabatını diqqətə yetirib. Orada Azərbaycana ayrıca bir bölüm ayrılıb. Bu bölümdə ötən il Azərbaycanda təməl hüquqların durumundan söz açılır, insan hüquqlarının pozulduğu hallardan söhbət gedir, ayrı-ayrı olayların zaman ardıcıllığı və detalları verilir.

Hesabatda bildirilib ki, 2024-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə COP29 Konfransına ev sahibliyi etdiyi dövrdə belə Azərbaycan hökuməti ölkədə tənqidçilərə qarşı repressiyaları dayandırmayıb.

“Konfransdan öncəki aylarda hakimiyyət orqanları jurnalistlər, insan hüquqları müdafiəçiləri və fəallar da daxil, onlarla şəxsi siyasi gərəkçəli ittihamlarla həbs edib. Söz, sərbəst toplaşma və təşkilatlanma azadlıqları hüquqlarına müdaxilə olunub, vətəndaş cəmiyyətini iflic edən qanunlar tətbiq edilib. Həbsxanalarda işgəncə və qaba davranış halları da ara verməyib”, – hesabatda belə yazılıb.

Sənəddə ötən ilin fevral və sentyabr aylarında ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinə də toxunulub. Bildirilib ki, bu seçkilər “azad və ədalətli seçki standartlarına cavab verməyib və tənqidi səslərin boğulduğu və rəqabətin olmadığı ortamda gerçəkləşib”.

HRW xatırladıb ki, Azərbaycan hökuməti əsas öhdəlikləri yerinə yetirmədiyindən ötən ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkənin nümayəndə heyətinin mandatını ratifikasiya etməyib.

Hökumət tənqidçilərinin izlənməsi

Təşkilatın hesabatında bildirilib ki, öncəki illərdəki kimi, 2024-cü ildə də bənzər basqılar sürüb və hakimiyyət orqanları nüfuzlu tənqidçiləri hədəf alıb:

“Siyasi müxaliflərə, jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı yalan və əsassız ittihamlar irəli sürülüb”.

Xatırladılıb ki, ötən il hakimiyyət iki doktorantı – İkinci Qarabağ savaşının açıq tənqidçisi Bəhruz Səmədovu və talış etnik azlığı üzrə ixtisaslaşan İqbal Əbilovu xəyanət ittihamları ilə həbsə atıb.

Sənəddə hökumət tənqidçiləri sırasında seçki müşahidəçi qrupunun rəhbəri Anar Məmmədlinin, keçmiş diplomat Emin İbrahimovun, iqtisadçı şərhçi Fərid Mehralızadənin, müxalifət fəalı Tofiq Yaqublunun, parlament analizləri təqdim edən saytın təsisçisi İmran Əliyevin və 2023-cü ildə İsveç tərəfindən sığınacaq müraciəti rədd edildikdən sonra deportasiya olunan onlayn tənqidçi Famil Xəlilovun həbslərinə də diqqət çəkilib, onların hamısının məhkəmə iclaslarınadək həbsdə saxlanıldığı vurğulanıb.

2023-cü ilin iyulunda “saxtakarlıq və ekstremizm” ittihamları ilə həbs edilmiş Qubad İbadoğlunun ötən ilin aprelində ev dustaqlığına buraxıldığı və hələ də ciddi polis nəzarətində qaldığı qeyd olunub.

Sürən istintaqlar çərçivəsində hökumətin bir çox şəxsə səyahət qadağası tətbiq etdiyi də bildirilir. Belə şəxslərdən Bəhruz Səmədovla bağlı istintaqı müstəqil şəkildə araşdıran Cavidan Ağayevin və jurnalist Səməd Şıxının adları çəkilir.

“Human Rights Watch” hesabatında 2024-cü ilin mayında Azərbaycan prezidentinin əfv fərmanı imzaladığını, ancaq siyasi motivli ittihamlarla həbsdə olan heç bir şəxsin adının siyahıya daxil edilmədiyini vurğulayır.

Söz azadlığı və media

Sənəddə Azərbaycanda söz və media azadlığının durumu da əksini tapıb. Xatırladılıb ki, “2023-cü ilin noyabrından bəri hakimiyyət orqanları, ən azı, üç müstəqil media platformasını – “AbzasMedia”nı, ToplumTV-ni və “Kanal 13″ü hədəf alıb, onların müxbirlərini və digər işçilərini saxta qaçaqmalçılıq ittihamları ilə həbs edib”. Bu media orqanları ilə bağlantılı, ən azı, 12 media işçisi və digər şəxslərin hələ də həbsdə saxlanıldığı vurğulanıb. Onların arasında Ülvi Həsənli və Sevinc Vaqifqızının, Hafiz Babalı, Nərgiz Absalamova, Məhəmməd Kekalov, Elnarə Qasımova, Şamo Eminov, Müşfiq Cabbarov və Əziz Orucov da daxil, bir çox jurnalist və media işçisinin adları var.

Sənəddə deyilir ki, 2024-cü ilin avqustunda “AbzasMedia” jurnalistlərinə və Fərid Mehralızadəyə qarşı vergi ödəməmək, sənəd saxtalaşdırmaq və pul yuyulması kimi ittihamlar irəli sürülüb.

Hesabatda ötən ilin martında ToplumTV ofisinin möhürlənməsi, bütün avadanlıqlarının müsadirəsi, eləcə də ToplumTV ilə əməkdaşlıq edən beş vətəndaş cəmiyyəti və siyasi fəalın – Akif Qurbanovun, Ruslan İzzətlinin, İlkin Əmrahovun, Ramil Babayevin və Ələsgər Məmmədlinin həbsinə diqqət çəkilib.

Sənəddə 2023-cü ildə Söyüdlü kəndində baş vermiş etirazlara qatılan bir şəxsin narkotik maddə saxlaması ittihamı ilə cəzalandırıldığı faktı da yer alıb.

İşgəncə və qaba davranış

Hesabatda saxlanılanlarla qaba davranıldığı və onlara işgəncə verildiyi halların olduğu bildirilir. Polis tərəfindən zorakılığa, işgəncə və pis rəftara məruz qalmalarıyla bağlı Fazil Qasımovla İmran Əliyevin ifadələrinə diqqət çəkilib. Sənəddə 20 il həbs cəzasına məhkum edilmiş dindar Taleh Bağırzadənin həbsxanada olduqca pis şəraitdə saxlanılmasına dair ifadəsi də qeyd olunub. Həbsdə olan jurnalist Ülvi Həsənlinin təcridxanada, ən azı, 58 işgəncə və ya qaba davranış halını sənədləşdirməsi ayrıca vurğulanıb.

Sənəddə “Tərtər işi” ilə bağlı məqamlar da yer alıb. Qeyd olunub ki, 2024-cü ilin oktyabrınadək Tərtər hadisələrində hərbçilərə işgəncə verilməsinə görə 18 hərbi qulluqçu azadlıqdan məhrum edilib. Bu şəxslər işgəncə, qeyri-insani rəftar, ağır bədən xəsarətləri yetirmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə məhkum ediliblər.

Hesabatda xatırladılıb ki, Azərbaycan Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsi (CPT) ilə əməkdaşlıqdan boyun qaçırıb. Təşkilat rəsmi Bakının bu addımını kəskin tənqid edərək onu Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının “əsaslı və misli görünməmiş pozuntusu” kimi qiymətləndirilib.

Hesabatın “Cinsi oriyentasiya və gender kimliyi” bölməsində Azərbaycanda LGBT üzvlərinin həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən pis rəftara, şantaja, əsassız həbslərə və ayrıseçkiliyə məruz qaldığı qeyd olunub. Media məlumatlarına dayanan sənəddə bildirilib ki, ayrıseçkilik transgenderlərin mənzil və iş tapmaqda çətinlik çəkməsinə səbəb olur.

HRW bildirib ki, Azərbaycanda hökumətin vətəndaş cəmiyyətinə artan basqıları LGBT hüquqları təşkilatlarına da təsir göstərib. Nəticədə bu təşkilatların bir çoxu güvənlik səbəbi ilə fəaliyyətini məhdudlaşdırıb və ya tam dayandırıb.

Hesabatda vurğulanıb ki, LGBT üzvlərini hələ də polis hədəfə alır və hakimiyyət orqanları cəmiyyətin bu fərdlərinə qarşı basqı və ayrıseçkilik hallarına reaksiya vermir.

Azərbaycanla Ermənistan arasında münasibətlərin durumu builki hesabatda da yer alıb. Bildirilib ki, yekun sülh sazişinə dair danışıqlar sürsə də, sərhəddəki gərginliklər ara-sıra toqquşmalara yol açıb.

“Azərbaycanın bəyan etdiyi öhdəliklərinə baxmayaraq, 2023-cü ilin sentyabrında Qarabağı tərk etmiş etnik ermənilərin güvənli və ləyaqətli şəkildə geri qayıtmaq hüququnu təmin etmək və ya onların əmlak hüquqlarını bərpa etmək üçün ciddi addımlar atılmayıb”, – hesabatda belə qeyd də var.

Azərbaycan hökuməti, hələlik, sözügedən hesabata münasibət bildirməyib. Ancaq rəsmi Bakı, bir qayda olaraq, beynəlxalq insan haqları təşkilatlarının hesabatlarındakı tənqidləri qəbul etmir və bunları qərəzli adlandırır.

Hökumət vurğulayır ki, Azərbaycanda heç kəs siyasi baxışlarına görə təqib olunmur və buna görə də ölkədə siyasi məhbuslar yoxdur.

Azərbaycan hökuməti hər zaman bəyan edir ki, ölkədə təməl insan haqlarına və azadlıqlarına hörmətlə yanaşılır.

Ancaq son bir ildən artıq müddət ölkədə jurnalistlərin, fəalların həbslərinin artması hakimiyyətə çağırışları da intensvləşdirib. Bir sıra beynəlxalq insan haqları qrupları, Bakıda bəzi qərb diplomatları hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

AzadlıqRadiosu

20:00, 16 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia