Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Həbsdə olan blogerin həyat yoldaşı onun vəziyyətinin pisləşdiyini bildirib

by Gozetci 12:16, 29 Yanvar 2025
written by Gozetci

Rəşad Ramazanov

 

15 saylı cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən bloger Rəşad Ramazanov saxlanma şəraitinin pis olmasından və ona qarşı təzyiqdən şikayət edir. Bu barədə blogerin həyat yoldaşı Könül İsmayılova ona baş çəkdikdən sonra bildirib.

“Rəşad çox gərgin və həyəcanlı idi. Cəzaçəkmə müəssisəsində məhbuslarla çox pis davranırlar. Yeməyin keyfiyyəti aşağıdır və qida qəbulu üçün çox az vaxt ayrılır, buna görə məhbuslar normal yemək yeyə bilmirlər.

Mətbəxdə, sanitar qovşaqlarda və hamamda dəhşətli antisanitariya mövcuddur. İsti su həftədə bir dəfə və qısamüddətli verilir. Həbsxana mağazasında ərzaq çox bahadır”, deyə İsmayılova bildirib.

O, 15 saylı cəzaçəkmə müəssisəsindəki bu vəziyyətlə bağlı Ombudsmana və Ədliyyə Nazirinə müraciət edib.

“Mənim həyat yoldaşımı həbsxanada normal ərzaqla təmin etmək üçün işim və gəlirim yoxdur. Rəşadın anası pensiyasının yarısını oğlunun cəzaçəkmə müəssisəsində sadəcə çörək ala bilməsi üçün xərcləyir”, deyə İsmayılova bildirib.

* Rəşad Ramazanov 20 may 2022-ci il tarixində saxlanılıb, ertəsi gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilib. O, ittihamları rədd edir, hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. 2014-cü ilin fevralında məhkəmə onu 5 il 4 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Bir müddət əvvəl, 2013-cü ilin mayında Ramazanov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə o, əfv olunub.

Yerli hüquq müdafiə təşkilatları bildiriblər ki, Ramazanovun həbsin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyətin din sahəsində siyasətini tənqid etməsidir.

Turan 

12:16, 29 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Fərid Mehralızadənin pis rəftara məruz qalması ilə bağlı şikayətini təmin etmədi

by Gozetci 20:44, 28 Yanvar 2025
written by Gozetci

Fərid Mehralızadə

 

Yanvarın 28-də Səbail rayon Məhkəməsində AzadlıqRadiosunun həbsdə olan jurnalisti, iqtisadçı Fərid Mehralızadənin saxlanılan zaman ona qarşı pis rəftarını prokurorluğun tanımaqdan imtina etməsilə bağlı şikayətinə baxılıb.

Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarovanın sözlərinə görə, jurnalist saxlanılan zaman pis rəftara məruz qalıb.

“Fərid saxlanılarkən pis rəftara məruz qalıb. O, küçədə başına torba keçirilərək oğurlanıb. Fərid zorakılıqla maşına mindirilib, qolları qandallanıb və yolboyu da zorakılığa məruz qalıb. Yoldaşımın əlindən zorla maşının açarları və telefonu alınıb. Daha sonra o, naməlum ünvanda 15-20 dəqiqə saxlandıqdan sonra Bakı şəhər Baş Polis İdarəsinə gətirilib. Yalnız müstəntiqin qarşısında Fəridin başından torba çıxarılıb. Biz bununla bağlı şikayəti prokurorluğa vermişik. Prokurorluq isə işgəncə hallarını tanımayıb”, o bildirib.

Onun sözlərinə görə, prokurorluğa şikayətdə küçə kameralarının görüntüləri və jurnalistin telefon-anten məlumatları istənilmişdi.

“Bizə bu məlumatların heç biri verilməyib, yalnız polis əməkdaşları dindirilib və qərar qəbul olunub ki, Fərid zorakılığa məruz qalmayıb. Biz prokurorluğunun bu qərarından şikayət verdik və bu gün həmin şikayətə baxılırdı. Məhkəmə qərarı eyni formada qüvvədə saxladı, bizim şikayətimizi təmin etmədi və dediyimiz heç bir məqamı nəzərə almadı”, o bildirib.

Fərid Mehralızadə 2024-cü il mayın 30-da saxlanıb. İyunun 1-də Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Ona qarşı “AbzasMedia işi” ilə bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra həmin ittiham ağırlaşdırılıb. O, ittihamları qəbul etmir, qurama sayır.

Mehralızadə AzadlıqRadiosu üçün iqtisadi mövzuları işıqlandırıb və onun işləri təhlükəsizlik səbəbi ilə mənbə göstərilmədən dərc edilib.

Jurnalistin həyat yoldaşı Nərgiz Muxtarova CPJ-yə bildirib ki, Fərid Mehralızadənin jurnalist fəaliyyətinə və müstəqil mediaya verdiyi müsahibələrində hökumətin siyasətini tənqid etdiyinə görə həbs olunduğunu düşünür.

AzadlıqRadiosu oktyabrın 30-da yaydığı bəyanatında Mehralızadəyə qarşı ittihamları saxta adlandırıb və onun dərhal azad edilməsinə çağırıb.

“Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Biz onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq”, AzadlıqRadiosunun prezidenti Stiven Kapus vurğulayıb.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.

Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.

Amerikanın Səsi 

20:44, 28 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Amnesty International: Azərbaycanda insan haqlarının vəziyyətinə dair ümid əlaməti yoxdur

by Gozetci 09:46, 28 Yanvar 2025
written by Gozetci

Amnesty International növbəti hesabatını yayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti, o cümlədən ifadə azadlığı, birləşmək və dinc toplaşmaq hüquqlarının yersiz məhdudlaşdırılması ilə bağlı narahatlığını ifadə edib.

Hesabatda hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı repressiyalar, ölkədə insan hüquqlarının müstəqil monitorinqi və hesabatının effektiv şəkildə qadağan edilməsi məsələləri yer alıb.

Sənəddə vurğulanır ki, ədalətli məhkəmə hüquqlarının pozulması və məhkəmədən siyasi məqsədlərlə istifadə geniş şəkildə yayılıb.

Eyni zamanda, hüquq müdafiəçilərinin və hökumətin tənqidçilərinin – Anar Məmmədli, Qubad İbadoğlu, Tofiq Yaqublu, Rüfət Səfərov, İqbal Əbilov və Bəhruz Səmədovun əsassız həbs edildiyi bildirilir.

Həmçinin, bu yaxınlarda “Meydan TV”nin altı jurnalistinin həbs edilməsindən bəhs edilir.

Məruzənin digər bir hissəsi məhbuslara qarşı işgəncə, amansız rəftar və tibbi yardım göstərilməsindən imtinaya həsr olunub.

“Həbs yerlərində işgəncələr və digər amansız rəftar növləri geniş yayılıb, bunlar polis və istintaq orqanlarının əməkdaşları tərəfindən törədilir. Müstəqil şikayət mexanizmi, həmçinin qurbanların ədalətli məhkəmə və səmərəli müdafiə vasitələrinə çıxışı yoxdur.

Hökumətin demək olar ki, bütün tənqidçiləri həbsxanada işgəncə və amansız rəftar haqqında məlumat verir. Bu şikayətlər səmərəli şəkildə araşdırılmır”, sənəddə bildirilir.

Nümunə kimi “Abzas Media”nın jurnalistləri Sevinc Vaqifqızı və Nərgiz Absalamovaya qarşı təzyiqdən bəhs edilir.

“Həbs edilmiş bir neçə jurnalist və fəalın səhhətlərində ciddi problemləri var və onlara zəruri tibbi yardımın göstərilməsindən imtina edilir”.

Amnesty İnternational Azərbaycanda toplaşmaq azadlığının məhdudlaşdırılmasına da diqqət çəkir, “on ildən çoxdur ölkədə dinc etirazların faktiki olaraq qadağan edildiyini” qeyd edir.

Təşkilat bildirir ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşmasının heç bir əlaməti yoxdur.

Sənəddə beynəlxalq ictimaiyyətə “Azərbaycanda insan hüquqlarının sistemli və ciddi pozuntularını qətiyyətlə pisləmək” çağırışı yer alıb.

Azərbaycan höküməti nə deyir ?

Azərbaycan hökuməti hələlik bu hesabata münasibət bildirməyib. Ancaq rəsmi Bakı bir qayda olaraq, beynəlxalq insan haqları təşkilatlarının hesabatlarındakı tənqidləri qəbul etmir və qərəzli adlandırır.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində 2024-cü ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti şərh edərkən bildirib ki, ötən il insan hüquqları baxımından çox ağır il olub.

Onun fikrincə, insan hüquqları, vətəndaşların konstitusion hüquqlarının fundamental olaraq realizə olunması ilə bağlı ciddi problemlər mövcuddur.

“Burada həm hərəkət azadlığı ilə bağlı, bilirsiniz ki, artıq beş ildir ölkədən insanların çıxışı ilə bağlı problemlər var. Bunu ört-basdır etmək mümkün deyil. Hətta hökumətin özü də dəfələrlə etiraf edib ki, sərhədlər bağlıdır. Bu da insanların hərəkət hüquqlarının pozulmasıdır. O cümlədən, digər hüquqlarla bağlı, xüsusən fundamental azadlıqlarla bağlı, toplaşmaq, birləşmək hüququnun pozuntusu ilə bağlı problemlər qalmaqdadır. Təbii ki, hökumət bu problemlərin olduğunu ya inkar edir və yaxud, bəzən dolayısı yolu ilə təkzib etməyə çalışır”, o qeyd edib.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları fəalların və jurnalistlərin həbsini siyasi motivli hesab edir, hökumətin 2023-cü ilin noyabrından başlayaraq ölkədəki tənqidi səslərə qarşı “misli görünməmiş repressiyalar” həyata keçirdiyini vurğulayır.

Amerikanın Səsi 

09:46, 28 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə olan Fazil Qasımova qarşı təhdid olduğu bildirilir

by Gozetci 21:39, 25 Yanvar 2025
written by Gozetci

Fazil Qasımov

 

Yanvarın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində İstanbul Universitetinin doktorantı Fazil Qasımov və onunla birgə ittiham olunan Anar Əliyev barəsində keçirilən məhkəmə iclasından sonra Anar Əliyevin Fazil Qasımovu təhdid etdiyi bildirilir.

“Fazil bu gün zəng etmişdi. O dedi ki, dünən məhkəmədən sonra Anar Əliyev ona vəkillərindən imtina etməsi üçün təhdid edib. Deyib ki, əgər vəkillərindən imtina etməsə Fazili fiziki zorakılığa məruz qoyacaq. Özü olmasa da Fazilin qanını tökdürüb məhv edəcəyi ilə hədələyib”, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Fazil Qasımovun qardaşı Nazim Qasımov yanvarın 25-də onunla telefon danışığından sonra Amerikanın Səsinə bildirib.

Nazim Qasımov qardaşının həyatından narahatdır və bu barədə müvafiq orqanlara şikayət ünvanladığını bildirib.

Nazim Qasımovun qardaşının telefon danışığı zamanı dedikləri barədə Amerikanın Səsinin sorğusuna Penitensiar Xidmət hələ cavab verməyib.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə deyib ki, Fazil Qasımova qarşı hər hansı fiziki və ya psixoloji zorakılıq hərəkətləri baş verəcəyi təqdirdə məsuliyyət tam olaraq Penitensiar Xidmətin və bilavasitə 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinin üzərində düşür.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Lakin o, həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımov və Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Fazil Qasımov 2024-cü ilin iyunundan həbsdə aclıq aksiyası keçirir, yalnız maye qəbul edir.

Yaxınlarının bildirdiyinə görə, vaxtaşırı bal ilə maye qarışığı qəbul elədiyinə görə orqanizm 6 aydan çox davam edən aclığa tab gətirə bilib.

21:39, 25 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Müdafiə Xətti”: 2024-cü ildə insan hüqüqları, xüsusilə siyasi azadlıqlar kobud surətdə pozulub

by Gozetci 12:00, 25 Yanvar 2025
written by Gozetci

2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub.

Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının illik hesabatında deyilir.

Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.

Sənəddə deyilir ki, 2024-cü ildə də əvvəlki illərdə olduğu kimi, bir çox hallarda ölkə Konstitusiyasının, İnsan Hüquq və Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri əsasən gözlənilməyib, insan hüqüqları, xüsusilə siyasi azadlıqlar kobud surətdə pozulub.

“2024-cü ildə ölkədə yığıncaqlar və sərbəst toplaşma azadlığı bir anlayış olaraq aradan qaldırılıb, müxtəlif kateqoriyaya məxsus şəxslərin sosial tələblər və məmur laqeydliyinə qarşı dövlət idarələrinin qarşısında etiraz aksiyaları istisna olmaqla, nəinki siyasi və ictimai tələbli aksiyalar, hətta məhdud saylı insanların ictimai maraq kəsb edən məhkəmələrin qarşısında toplaşması da güc strukturlarının müdaxiləsi ilə müşayət olunub”, hesabatda deyilir.

Təşkilat hesab edir ki, siyasi, ictimai, inanclı fəallara qarşı repressiyalar kəmiyyət və keyfiyyət baxımından güclənib, siyasi məhbusların sayı 2023-cü ilin dekabr ayındakı 254 nəfərə qarşı 2024-cü ilin dekabr ayında 331 nəfər olub, bir ildə 77 nəfər artıb.

“2023-cü ilin noyabrında “Abzas Media” jurnalistlərinin həbsilə başlayan dalğa 2024-cü ildə “Toplum TV”, “Meydan TV”, “Kanal13”, “Məclis.info” jurnalistlərinə qarşı cinayət işlərilə davam edib. Həmin il “Xural” İnternet televiziyasının rəhbəri Əvəz Zeynallı, bloqer və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyev həbs edilib. Həmçinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov həbs edilib”.

Hesabatda deyilir ki, Anar Məmmədlinin həbsi beynəlxalq təşkilatların keçirilən seçkilər haqda rəyini nəzərə aldığı yeganə seçki monitorinqi təşkilatının ləğv edilməsinə yönəlib, Rüfət Səfərovun həbsi isə həm “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının fəaliyyətinin iflic edilməsinə yönəlib, həm də onun ABŞ Dövlət Departmentinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”nın qalibi olmasına reaksiyadır.

Hesabatda Siyasi Menecmet institunun təsisçisi Azər Qasımlının, müxalifətçi siyasətçilər Tofiq Yaqublu və Qubad İbadoğlunun, Qarabağ müharibəsi veteranı Rza Səfərsoyun və digər fəalların əsassız həbs olunduğu göstərilir.

Sənəddə deyilir ki, təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraiti beynəlxalq standartlardan aşağı olmaqda davam edib.

“Əsas səbəblər iki yeni həbsxana kompleksinin istifadəyə verilməsinə baxmayaraq, cəzaçəkmə müəssisələrində və təcridxanalarda saxlanma yerlərinin real məhbus sayından az olması, əksər tikililərin köhnəliyi, müasir standartlara cavab verməməsi, məhbusların və təqsirləndirilən şəxslərin qida və sanitar-gigiyenik vasitələrlə təminatının müasir standartlara cavab verməməsi, sovqat çatdırılması və görüş qaydalarının ifrat sərtliyi, tibbi xidmətin əvvəlki illərlə müqayisədə daha aşağı keyfiyyətdə olmasıdır.

“Müdafiə Xətti” hesab edir ki, əvvəlki illərlə müqayisədə məhbuslar üçün tibbi xidmətin keyfiyyəti pisləşib.

“Təcridxanalarda sıxlıq müxtəlif kateqoriyalardan olan məhbusların, o cümlədən risk qrupuna daxil şəxslərin bir yerdə saxlanmasına səbəb olur ki, bu da müxtəlif insidentlərin baş verməsinə, yoluxucu xəstəliklərin yayılması təhlükəsinə gətirib çıxarır. 2018-cu ildə Daxili İşlər Nazirliyinin inzibati həbsdə olanların saxlanması təcridxanasında yeni korpusun istifadəyə verilməsinə baxmayaraq, ifrat sərt sovqat qaydaları, yataq dəstlərinin vaxtında dəyişdirilməməsi, sıxlıq səbəbindən risk qrupundan olan şəxslərin başqaları ilə bir yerdə saxlanması, qida və telefon əlaqəsinin, gəzinti normalarının standartlara cavab verməməsi davam edir”.

“Məhkəmələrin, xüsusən Ali Məhkəmənin və Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanma bokslarındakı şəraitin həddən artıq ağır olması davam edir, qışda soyuq, yayda dözülməz isti, ventilyasiyanın olmaması səbəbindən siqaret tüstüsünün təsiri məhkəməyə gətirilən məhbusların sağlamlığına və psixi durumuna mənfi təsir edir”, hesabatda deyilir.

Təşkilat hesab edir ki, ölkədə istintaqa cəlb edilən, saxlanılan şəxslərin və məhkumların hüquqi müdafiəsi sivil dünyada ən aşağı yerlərdən birini tutmaqda davam edir.

“Buna səbəb vəkillərin sayının normadan bir neçə dəfə az olması, hüquqi xidmətin minimum müqavilə qiymətinin vaxtaşırı artırılaraq çoxları üçün əlçatmaz olmasıdır.

Məhkəmə proseslərində mütəmadi olaraq vəkillərin peşə fəaliyyətinə hakimlər, prokurorluq nümayəndələri, son zamanlar hətta konvoy əməkdaşları tərəfindən maneələrin yaradılması onların işinin effektivliyinə ciddi zərər vurur”, sənəddə qeyd edilir.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı hakimiyyət orqanlarını hesabatda göstərilən insan hüquqları pozuntularını aradan qaldırmağa, Azərbaycanın imzaladığı konvensiya və bəyannamələr və ölkə Konstitusiyası ilə qoyulan öhdəliklərə əməl etməyə çağırır.

Bununla yanaşı, Azərbaycan hakimiyyəti ölkədə konstitusiya və qanunvericiliyin normalarının pozulması ilə bağlı fikirləri qəbul etmir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə görə təqiblərə məruz qalmadığını bildirir. Ölkə rəsmiləri siyasi məhbus anlayışını ümumiyyətlə qəbul etmir və siyasi məhbusların olmadığını bəyan edir.

Həmçinin hüquq mühafizə orqanları işgəncə, qeyri insani rəftarlarla bağlı tənqidlərin reallığı əks etdirmədiyini bildirir.

Penitensiar Xidmət isə Amerikanın Səsinin sorğusuna cavabda təcridxanalarda və cəzaçəkmə müəssisələrində saxlanılan insanlarla qanunvericilik normalarına uyğun rəftar edildiyini bildirib.

Amerikanın Səsi 

12:00, 25 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququƏmək hüququHüquq PozuntularıMil–MuğanSliderXƏBƏRLƏR

İmişlidə məhkəmə işdən çıxarılmış müəllimənin iddiasını təmin etməyib

by Gozetci 10:54, 25 Yanvar 2025
written by Gozetci

İmişli Rayon Məhkəməsi müəllimə Leyla Nəcəfquliyevanın Aranlı kənd orta məktəbinə və Mil-Muğan regional təhsil idarəsinə qarşı iddiasına baxıb və işdən çıxarılmış pedaqoqun tələbini təmin etməyib.

Leyla Nəcəfquliyeva sonuncu parlament seçkilərində deputatlığa namizəd olarkən seçki kampaniyasında iştirakı ilə əlaqədar məktəbdə peşə öhdəliklərini yerinə yetirə bilməyib. Sonradan ibtidai sinif müəlliməsi sosial şəbəkədə yerli rəhbərlərin qanunsuz hərəkətləri haqqında məlumatlar yaydıqdan sonra işdən çıxarılıb.

Müəllimənin vəkili Rövşanə Rəhimlinin Turan-a verdiyi məlumata görə, İmişli məhkəməsi Seçki Məcəlləsinin 70.3-cü maddəsinə məhəl qoymayaraq, qanunsuz qərar qəbul edib. Bu maddədə deyilir ki, qeydiyyatdan keçən namizdə dövlət orqanının, idarə, təşkilat və ya bələdiyyə orqanının vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz. İşdən çıxarılma qadağası namizədin müvafiq seçki komissiyasında qeydiyyatı tarixindən seçkilərin nəticələri rəsmi olaraq dərc edildiyi günə qədər qüvvədə olur.

“Qanun pozuntusuna yol verilib, məhkəmə təhsil müəssisəsinə bəraət verərək, hüquqi əsası olmayan əmrlə 18 il stajı olan müəllimi işdən çıxarıb”, deyə vəkil Rövşanə Rəhimli bildirib.

Onun sözlərinə görə, bu qərardan şikayət veriləcək.

Leyla Nəcəfquliyeva apellyasiya şikayəti vermək niyyətini Turan-a təsdiq edib. Onun sözlərinə görə, məhkəmədə cavabdehlər Aran kənd məktəbinin direktoru və Mil-Muğan regional təhsil idarəsinin rəhbəri idi.

“Onlar vəkilimin suallarına cavab verə bilməyiblər. Mən və vəkil Rövşanə Rəhimli məhkəməyə çoxsaylı dəlillər təqdim etdik, lakin hakim Mahmud Orxan bizi dinləmək istəmədi, diqqətsiz idi və prosesin əvvəlindən etibarən onun davranışından məhkəmənin dövlət təşkilatının tərəfini tutacağı aydın idi”, deyə Nəcəfquliyeva qeyd edib.

O bildirib ki, “təhsildə qanunilik, düzgün dərs keçilməsi tələblərinə” görə işdən çıxarılıb.

Nəcəfquliyeva həmçinin İmişlidə məktəblinin ölümü ilə bağlı YNH-yə diqqət çəkib.

“Bu faciə şənbə günü baş verib. Məktəblilər niyə şənbə günü, ölkədə dərs olmadığı bir vaxtda məktəbdən qayıdırdılar? Çünki beş iş günündə düzgün dərs keçilmir, uşaqlar əlavə dərslərə cəlb olunur və həftə sonları məktəbə gəlməyə məcbur edilir”, deyə Nəcəfquliyeva əlavə edib.

O, həmçinin bu yaxınlarda əhalinin polislə qarşıdurmasından sonra İmişlidəki vəziyyət haqqında suallara cavab verib. Hazırda şəhərdə sakitçilikdir, DİN-in əlavə qüvvələri İmişlidən çıxarılıb.

10:54, 25 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi jurnalist Fərid İsmayılovu azad etməyib

by Gozetci 17:30, 24 Yanvar 2025
written by Gozetci

Fərid İsmayılov

 

Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.

Vəkil Zibeydə Sadıqova bildirib ki, müdafiə tərəfi jurnalistin həbsdə saxlanılmasına zərurətin olmadığını onun səhhətində problemlərin olması və ibtidai istintaqın başa çatması ilə əsaslandırıb.

Vəkil qeyd edib ki, istintaq müddətində İsmayılov polis nəzarətində olub və polisə getməkdən yayınmayıb. Bundan əlavə, ciddi sağlamlıq problemləri var və 7 cərrahiyyə əməliyyat keçirib.

Proses zamanı İsmayılov bildirib ki, jurnalist fəaliyyətinə  görə həbs olunub, istintaqda ona irəli sürülən ittihamlar isə sübuta yetirilməyib. “Ölkədən çıxmamışamsa, necə  qaçaqmalçı ola bilərəm” , – o deyib. Lakin məhkəmə şikayəti təmin etməyib.

* 2024-cü il martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb.

Yeddi nəfər qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs edilib, iki nəfər polis nəzarətinə verilib.

Yanvarın 17-də onlara qarşı Cinayət Məcəlləsinin iqtisadi cinayətlərə dair 6 maddəsilə ittiham irəli sürülüb. Polis nəzarətində olan jurnalist Fərid İsmayılov da həbs edilib.

Turan

17:30, 24 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkəmə Əziz Orucovun işinə jurnalistlərin iştirakı olmadan baxmağa qərar verib

by Gozetci 16:54, 24 Yanvar 2025
written by Gozetci

Əziz Orucov

 

Yanvarın 24-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.

Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, iclasın əvvəlində hakim Orucovun ev dustaqlığına buraxılması ilə bağlı əvvəlki prosesdə verilmiş vəsatəti təmin etməyib.

Sonra müdafiə tərəfi jurnalistlərin prosesə buraxılması və çəkiliş aparmaq üçün şəraitin yaradılması barədə vəsatət qaldırıb.

Lakin hakim Günel Səmədova bildirib ki, jurnalistlərin iştirakına ehtiyac yoxdur və onlar məlumatı məhkəmənin mətbuat xidmətindən ala bilər.

Müdafiə tərəfi qeyd edib ki, jurnalistlərin buraxılmaması məhkəmənin aşkarlığı prinsipini pozur. Bundan əlavə, Orucov özü jurnalistdir və məhz peşə fəaliyyətinə görə həbs olunub, odur ki, bu iş böyük maraq doğurur.

Lakin hakim Səmədova vəsatəti təmin etməyib.

Sonra zərərçəkmiş tərəfin nümayəndəsi – Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı gəlmədiyindən iki şahid dinlənilib.

Onlardan biri fəhlə olub, evin tikintisində iştirak edib. O deyib ki,  işə Orucov tərəfindən cəlb edilib.

Digər şahid Orucovun guya ətraf mühitə, yaşıllıqlara ziyan vurması ilə bağlı ibtidai istintaqda verdiyi ifadələrdən imtina edib.

Hər iki şahidin ifadələri Orucovun ittiham olunduğu cinayət üzrə hər hansı günahını təsdiqləməyib.

Növbəti məhkəmə iclası fevralın 5-nə təyin edilib.

* Əziz Orucov 27 noyabr 2023-cü ildə özbaşına tikinti ittihamı ilə saxlanılıb. Sonradan  Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbi olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunub.

Lakin ibtidai istintaqın nəticələrinə əsasən qaçaqmalçılıq ittihamı ləğv edilib.

İş məhkəməyə Cinayət Məcəlləsinin 188.2-ci (mülkiyyət hüququ olmadan icazəsiz tikinti) maddəsilə verilib. Bu ittihamla onu üç ilə qədər məhdudiyyət və ya həbs təhlükəsi gözləyir.

Əziz Orucov ittihamları rədd edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan 

16:54, 24 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə “Meydan” TV-nin jurnalistini həbsdə saxlayıb

by Gozetci 15:44, 24 Yanvar 2025
written by Gozetci

Aysel Umudova

 

Yanvarın 24-də Xətai Rayon Məhkəməsi “Meydan” TV-nin jurnalisti Aysel Umudovanın ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.

Müdafiə tərəfi bilirdi ki, vəsatət təmin edilməyəcək, lakin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməkdən ötrü lazım olan prosedurlara əməl etmək üçün məhkəməyə müraciət edib.

Vəkil Umudovanın həbsdə saxlanılmasının əsassız olduğunu bildirib, çünki o, istintaqdan yayınmayıb, şahidlərə təsir göstərməyib.

Umudova özünə qarşı cinayət işini jurnalist fəaliyyətilə əlaqələndirib.

* Dekabrın 6-da “Meydan” TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlı və jurnalist-frilanser Ramin Deko (Cəbrayılzadə), həmçinin media eksperti Ülvi Tahirov valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar. Dekabrın 8-də məhkəmə onları həbs edib.

Jurnalistlər cinayət işini öz peşə fəaliyyətlərilə əlaqələndiriblər. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.

15:44, 24 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə jurnalist Natiq Cavadlını həbsdə saxlayıb

by Gozetci 20:50, 23 Yanvar 2025
written by Gozetci

Natiq Cavadlı

 

Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib ki, məhkəmənin diqqətinə Natiq Cavadlının himayəsində yaşlı xəstə anasının, üç övladının olduğunu, daimi yaşayış yerinin olduğunu, polislərin onun yaşadığı evi çox yaxşı tanıdığını və istintaqın çağırışlarına gələcəyini çatdırıb.

“Amma məhkəmə şikayətimizi təmin etmədi. Bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”, o qeyd edib.

Məhkəmə iclasında Natiq Cavadlının özü də iştirak edib.

“Natiq bildirdi ki, onun həbs edilməsi çox gülməlidir. Dedi ki, neçə illərdir jurnalistdir, hamı onun yaxşı tanıyır. Natiq hakimin diqqətinə çatdırdı ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevin vatsap qrupunda olub, onunla hər gün əlaqə saxlayıb, müsahibələr alıb. O həm də dedi ki, polisin ona qarşı hazırladığı ittiham başa düşülmür. İttiham bir səhifədir və cəmi bir cümlədən ibarətdir. Cümlənin başı ilə ayağı bir-birinə uyğun gəlmir, mənası da başa düşülmür. Bu, Azərbaycan dilinə hörmətsizlikdir. Natiq həmçinin bildirdi ki, Asif ATA-nın “Kasıblıqdan utanma, halallıqdan usanma” məşhur sözünü özü üçün həyat şüarı seçib”, vəkil jurnalistə istinadən qeyd edib.

Natiq Cavadlı evində polislərin axtarış aparması ilə bağlı da danışıb.

“Polislər axtarış zamanı evdə pul tapmayıblar. Bundan sonra qızıl axtarıblar. Deyiblər ki, yəqin pullara qızıl alıblar. Onun həyat yoldaşından qızılların yerini soruşublar”, jurnalist ironiya ilə deyib.

Yanvarın 17-də Xətai Rayon Məhkəməsi Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.

Ötən il dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, nəşrin bəyanatında qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman təzyiqlərlə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.

Amerikanın Səsi

20:50, 23 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia