Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Jurnalist Nurlan Qəhrəmanlının (Libre) saxlanıldığı bildirilir

by Gozetci 18:22, 20 Fevral 2025
written by Gozetci

Nurlan Libre

Onun bu gün günorta saatlarında Bakıda polis əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıta yaşadığı evə aparıldığı deyilir.
Onun Sumqayıtda yaşadığı evdə axtarış aparıldığı bildirilir.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildiriblər ki, jurnalist Nurlan Qəhrəmanlı (Libre) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.
Onun həbs olunması üçün məhkəməyə çıxarılacağı gözlənilir.
Meydan TV
18:22, 20 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tofiq Yaqubluya 10 il cəza istənildi

by Gozetci 19:25, 19 Fevral 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Fevralın 19-da dövlət ittihamçısı Tofiq Yaqubluya 10 il həbs cəzası istəyib

Müsavat Partiyası və Milli Şuranın üzvü, 1 il 2 aydır həbsdə olan siyasi fəal Tofiq Yaqublu deyir ki, 1993-cü ildən bəri məruz qaldığı şər-böhtanlar üzündən günü həbsxanalarda keçir. Bunun nəticəsində bir neçə gün öncə 64 yaşını da Kürdəxanıda – Bakı İstintaq Təcridxanasının kamerasında keçirməli olub. O, fevralın 14-də, öz məhkəməsində həmin sözləri dilə gətirib.

Tofiq Yaqublunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Məhkəmə prosesinin son bir neçə iclasında sənədlər araşdırılır. Xaricə getməkdən ötrü Tofiq Yaqubluya pul verdiyini iddia edən Elşən Hüseynov və həmin pulu alıb siyasətçiyə çatdırdığını söyləyən Elnur Məmmədovun mobil telefonlarıyla bağlı anten məlumatları budəfəki məhkəmə iclasında tədqiq edilib. Xeyli ziddiyyətlər ortaya çıxıb. Məsələn, Elnur Məmmədov iddia edir ki, Elşən Hüseynovdan aldığı pulu siyasi fəala 8 dekabr 2023-cü ildə Zabrat qəsəbəsində verib. Telefon anten bilgiləri onun dediyi vaxtda Tofiq Yaqublunun başqa yerdə olduğunu göstərir.

Tofiq Yaqublu özü də əvvəlki məhkəmə iclaslarında demişdi ki, o, həmin gün Pirşağı qəsəbəsində, Milli Şuranın iclasında olub.

Tofiq Yaqublu bildirir ki, bu ittiham tamamilə yalandır, kimisə xaricə göndərmək haqda nə söz verib, nə də pul alıb. İqtisadçı Qubad İbadoğlu həbsdə olduğu dövrdə – öz həbsindən təxminən bir-iki ay öncə Bakı Apellyasiya Məhkəməsinin və Nərimanov rayon Məhkəməsinin önündə olarkən bir nəfər gəlib ona yaxınlaşaraq adının Elnur olduğunu deyib, mübarizəni dəstəklədiyini söyləyib və s. Həbsindən sonra ona məlum olub ki, Elnur Məmmədov onun yanına məqsədli şəkildə göndərilib. Həmin vaxt kənardan onların fotosunu çəkiblər. Onun sözlərinə görə, məqsəd də saxta sübut yaratmaq olub ki, guya onlar görüşüb və pul da bu zaman verilib.

32 il boyunca dörd dəfə saxta ittiham

Siyasi fəal budəfəki məhkəmə iclasında ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Deyib ki, son 32 il boyunca dörd dəfə saxta ittihamla barəsində cinayət işi başlanıb, hər dəfə də uzun illər həbsdə saxlanıb. Onun sözlərinə görə, dəfələrlə şərlənib və inzibati qaydada həbs olunub, hətta bu həbslərin sayını da unudub.

Tofiq Yaqublu vaxtilə xidmətlərinə görə Milli Qəhrəman adı üçün onun haqqında təqdimat verildiyini, oğlunun da 2020-ci ildə Qarabağ döyüşlərinə qatıldığını xatırladıb:

“Amma bu ölkədə bir nəfərin cəsarəti çatmır ki, şərəfini əynindəki uniformadan, mantiyadan üstün tutaraq desin ki, mən bu adamı şərləmək istəmirəm. Heç sizin də adi ev dustaqlığına buraxmağa cəsarətiniz yoxdur. İndiyədək bütün məhkəmələrdə təqsirsizliyimi sübut etmişəm, amma utanmaz-utanmaz gəlib hökmü oxuyublar ki, ittiham sübuta yetirildi, filan qədər cəza…”.

AzadlıqRadiosu

19:25, 19 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq vətəndaş cəmiyyəti koalisiyası Qubad İbadoğluya qarşı təqiblərin dayandırılmasına çağırır

by Gozetci 17:08, 19 Fevral 2025
written by Gozetci

Qubad İbadoğlu

 

İndoneziyanın paytaxtı Cakartada keçirilən beynəlxalq konfransda azərbaycanlı iqtisad elmləri doktoru Qubad İbadoğluya qarşı ittihamların və səyahət qadağasının ləğv edilməsinə çağırılıb.

Fevralın 18-də “Ödədiyini açıqla” (PWYP – Publish What You Pay) beynəlxalq vətəndaş cəmiyyəti koalisiyasının ümumi yığıncağının açılış mərasimində İbadoğluya kürsüdə simvolik olaraq boş stul ayrılıb.

“Açılış panelində çıxış edənlər iştirakçılara bildiriblər ki, 2023-cü ilin iyul ayının 23-də şərlənərək həbs edilən Qubad İbadoğlu hazırda Bakıda ev dustaqlığındadır. Onlar Azərbaycan hakimiyyətindən Qubad İbadoğluna qarşı ittihamları ləğv etməyə və onun üzərindən səyahət qadağasını götürməyə çağırış ediblər”, Qubad İbadoğlunun oğlu Emin Bayramlı Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, qlobal tədbirdə iştirak edən 50-dən çox ölkədən 350-dək vətəndaş cəmiyyəti fəalı Qubad İbadoğlunun pisləşən səhhətindən narahatlıq ifadə edib, onun sağlamlığını beynəlxalq tibbi diqqətə götürülməsinin vacibliyini qeyd ediblər.

Qubad İbadoğlu hasilat sənayesində maliyyə şəffaflığı uğrunda kampaniya aparan PWYP təşkilatına 2003-cü ildə üzv olub və təşkilatın hər üç ildən bir keçirilən ümumi yığıncaqlarının aktiv iştirakçılarından olub.

“Bu dəfəki toplantı Azərbaycan üçün xüsusi əhəmiyyətli mövzulara – enerji keçidinə, yaşıl iqtisadiyyata, bərpa olunan enerjiyə həsr olunduğundan təşkilatçılar Qubad İbadoğlunun qlobal tədbirdə iştirakını çox arzulayırdılar və onun üçün PWYP ümumi yığıncağını tədqiqatlarını və təkliflərini bölüşmək üçün platforma kimi görürdülər”, Emin Bayramlı əlavə edib.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım almasına şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Təcridxanada səhhətinin pisləşməsi və çoxsaylı beynəlxalq çağırışlardan sonra İbadoğlu ötən ilin aprel ayında ev dustaqlığına buraxılıb. Daha sonra isə barəsindəki ev dustaqlığı polis nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəz edilib.

İttihamları qəbul etməyən və siyasi sifarişli hesab edən Qubad İbadoğlu ona qarşı təzyiqlərin və hüquq pozuntularının davam etdirildiyini vurğulayır.

Onun sözlərinə görə, barəsindəki istintaq əməliyyatları qeyri-rəsmi formada ötən ilin iyulundan dayandırılsa da, bu barədə qərar ona və ya vəkilinə təqdim edilmir. Bundan əlavə, onun şəxsiyyət vəsiqəsi etibarsızlaşdırılıb, ailə üzvlərinin əmlaklarına həbs qoyulub və bütün bunlardan hüquqi müdafiə vasitələrinə çıxışı məhdudlaşdırılıb.

“Əfsuslar olsun ki, bir vətəndaş kimi ən adi hüquqlarımdan istifadə imkanlarım məhdudlaşdırılıb”, İbadoğlu yanvar ayında işi ilə bağlı Amerikanın Səsinə danışarkən deyib.

Azərbaycanın Daxili İşlər Nazirliyi qeyd edilən məsələlərlə bağlı Amerikanın Səsinin sorğularına cavab verməyib.

İnsan hüquqları qrupları İbadoğluya qarşı cinayət təqibini Azərbaycanda son dövrlərdə müstəqil media və vətəndaş cəmiyyətinə təzyiqlərin bir hissəsi kimi qiymətləndirir və siyasi motivli hesab edir.

Çoxsaylı hüquq müdafiə təşkilatları və digər beynəlxalq aktorlar dəfələrlə Azərbaycan hakimiyyətini təzyiqləri dayandırmağa və İbadoğluya qarşı ittihamları ləğv etməyə, səyahət qadağasını aradan qaldırmağa çağırıblar.

Rəsmi Bakı isə hökumət tənqidçilərinə qarşı cinayət işlərinin siyasi motivli olmasına dair ittihamların “kökündən yanlış və qəbuledilməz” olduğunu, bu cür çağırışların məhkəmə sisteminə müdaxilə olduğunu vurğulayır.

Azərbaycanlı rəsmilər insan hüquqlarının vəziyyətinə dair beynəlxalq tənqidləri bir qayda olaraq rədd edir, bu cür çağırışların “qərəzli” olduğunu və ya ölkədəki vəziyyətlə bağlı məlumatın olmamasından irəli gəldiyini vurğulayır, vətəndaşların bütün hüquq və azadlıqların təmin edildiyini və qorunduğunu bəyan edirlər.

Amerikanın Səsi 

17:08, 19 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Norveç Helsinki Komitəsi qadın jurnalistlərin azadlığını istəyir

by Gozetci 16:37, 19 Fevral 2025
written by Gozetci

Norveç Helsinki Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində humanitar jest olaraq Azərbaycan hökumətini həbsdə olan səkkiz qadın jurnalisti girov əvəzində və ya şərti azadlığa buraxmağa çağırıb.

İnsan haqları təşkilatı bildirib ki, Azərbaycan hökuməti tənqidçilərinə qarşı əsassız və cəza məqsədli cinayət ittihamları irəli sürür, ölkədə insan haqları ilə bağlı böhran vəziyyətində “ön cərgədə dayanan” qadın jurnalistlər bunun ağır bədəlini ödəyiblər:

“Azərbaycan səkkiz qadın jurnalisti fəaliyyətinə görə həbs edərək misli görünməmiş bir basqıya imza atılıb. Basqınlar, həbslər və əsassız ittihamlarla keçirilən məhkəmə prosesləri təhlükəli bir norma halına gəlib. Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmayıb. Azərbaycanda müstəqil jurnalistika, xüsusilə qadınlar üçün heç vaxt asan olmayıb”.

Bəyanatda vurğulanır ki, həbsdə olan qadın jurnalistlərin bəzilərinin ciddi sağlamlıq problemləri var və onlar təcili tibbi yardıma ehtiyac duyurlar. “Məhkəmə istintaqı zamanı saxlandıqları şərait səbəbindən həyatları təhlükə altındadır. Təhlükəsiz olmayan həbsxana şəraiti, adekvat tibbi xidmətə çıxışın çətinliyi onların sağlamlığı və rifahı üçün ciddi risklər yaradır. Onların bəziləri ailə üzvlərinə baxan əsas şəxslər, analar, ailənin yeganə qazanc təminatçısıdır və ailə məsuliyyəti daşıyırlar”.

“Bu mühüm günün (8 Mart) yaxınlaşması ilə Azərbaycan hökuməti öz hərəkətlərini söylədikləri ilə uyğunlaşdırmaq fürsəti əldə edir… Azərbaycanın beynəlxalq tərəfdaşları da bu fürsəti dəyərləndirərək humanitar əsaslarla onların azadlığa buraxılması üçün səylərini gücləndirməli və Beynəlxalq Qadınlar Gününün həqiqi ruhunu dəstəkləməlidirlər”, – Norveç Helsinki Komitəsi bəyanatında bildirilir.

Xatırlatma

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırır.

AzadlıqRadiosu 
16:37, 19 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İstintaq materialları ilə tanış olan Ələsgər Məmmədli həbsinin “tamamilə qanunsuz” olduğunu deyir

by Gozetci 10:11, 19 Fevral 2025
written by Gozetci

Ələsgər Məmmədli

 

Həbsdə olan tanınmış media hüququ eksperti Ələsgər Məmmədli təsisçisi olduğu “Toplum TV”-yə qarşı açılmış cinayət işinin istintaq materialları ilə tanış olub və “məhkəmədə azacıq ədalət olacağı təqdirdə” bütün ittihamları “puç edəcəyinə” inanır.

Bunu bu gün Ələsgər Məmmədli ilə telefonda danışan qardaşı Nəsimi Məmmədli bildirib.

“Ələsgər bəy bildirdi ki, 11 aydan çoxdur davam edən istintaq yekunlaşıb. Həbsinin qanunsuz olmasına etiraz əlaməti olaraq bu müddət ərzində heç bir ifadə verməyib”, Nəsimi Məmmədli deyib.

Qardaşının sözlərinə görə, hər biri 300 vərəqdən ibarət olmaqla 23 cild qovluq, əlavə qeydlər və ifadələrlə birlikdə ümumilikdə 10 min səhifədən çox istintaq materialları ilə tanış olmaq üçün 5 gün sərf edib.

“50 nəfərdən çox şəxs istintaqa çağrılıb və dindirilib. Bütün ifadələrlə tanışdır. İstintaq materiallarının özü ilə bağlı hissələrindən və prosessual pozuntulardan ibarət 21 qeyd götürüb. Hər biri ilə bağlı əminliklə bildirdi ki, onun həbsdə saxlanması tamamilə qanunsuzdur”, Nəsimi Məmmədli bildirib.

Nəsimi Məmmədlinin fikrincə, qardaşının həbsi faktiki olaraq heç bir əsaslı sübut və dəlil olmadan siyasi sifarişlə həyata keçirilib.

O həmçinin əlavə edib ki, Ələsgər Məmmədli media hüququ sahəsində peşəkar fəaliyyətinə görə “hüquq terroruna məruz qaldığını, məhkəmədə azacıq ədalət olacağı təqdirdə bütün ittihamları puç edəcəyinə” inanır.

Ələsgər Məmmədli ötən il martın 8-də “Toplum TV işi” çərçivəsində saxlanılıb, “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçilib və həbsin müddəti bir neçə dəfə uzadılıb.

Məmmədlinin səhhətindəki problemlərlə əlaqədar narahatlıqlara, çoxsaylı müraciətlərə baxmayaraq, yerli məhkəmələr müdafiə tərəfinin Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərini də təmin etməyib.

“Toplum TV” nəşrinin redaksiyası ötən il martın 6-da həyata keçirilən polis reydindən sonra möhürlənərək qapadılıb.

Polis həmçinin “Demokratik Təşəbbüslər İnstitutu” və “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

“Toplum TV işi” çərçivəsində Ələsgər Məmmədli ilə yanaşı, jurnalist Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, əməkdaşları Əli Zeynalov və İlkin Əmrahov və “III Respublika Platforması”nın Qurucu Heyət üzvü Ruslan İzzətli də həbs edilib.

İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən jurnalistlər və fəallara qarşı ittihamlar yanvarın 17-də 6 yeni ittihamla ağırlaşdırılıb. Eyni gündə “Toplum TV”-nin polis nəzarətində olan jurnalisti Fərid İsmayılov barəsində də həbs qətimkan tədbiri seçilib.

Fevralın 5-də isə “Toplum TV”-nin daha bir jurnalisti – Şahnaz Bəylərqızı eyni ittihamlarla həbs edilib.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.

Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.

Amerikanın Səsi 

10:11, 19 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderUncategorizedXƏBƏRLƏR

“Abzas Media işi” üzrə həbs olunan jurnalistlər növbəti dəfə məhkəmədə iştirak etməkdən imtina ediblər

by Gozetci 09:15, 19 Fevral 2025
written by Gozetci

Fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas media işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Ancaq məhkəmə iclasına bu iş üzrə təqsirləndirilənlərdən yalnız Hafiz Babalı, Fərid Mehralızadə və Məhəmməd Kekalov qatılıb. “AbzasMedia”nin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova isə məhkəməyə gəlməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov məlumat verib.

Onun dediyinə görə, jurnalistlərin məhkəməyə gəlməmələrinin səbəbi qeyri-insani rəftara etiraz etmələridir. Sadıqovun sözlərinə görə, onlar məhkəməyə avtomobildə qeyri-insani şəraitdə və ayrı-ayrı gətirilmələri, habelə məhkəmənin zirzəmisində saxlanılmaları ilə bağlı şikayət ediblər.

“Xüsusilə də orada heç bir şəraitin olmaması, bütün dustaqların üst-üstə saxlanılması, darısqal olması və onların səhhətlərinə pis təsir etməsi ilə bağlı şikayətləri var idi. Ona görə gəlməmişdilər,” vəkil bildirib.

Sadıqov məhkəmədən Penitensiar Xidmətə onların birlikdə gətirilməsinə etirazının olmaması barədə məktub verməsini istədiklərini bildirib. “Məhkəmə buna hələ ki, rəsmi münasibət bildirməyib,” o deyib.

Növbəti məhkəmə prosesi mart ayının 4-də təyin olunub.

“Həmin məhkəmə iclasında bu qeyri-insani rəftarın aradan qalxıb-qalxmayacağı hələ ki, məlum deyil,” Elçin Sadıqov əlavə edib.

Bundan öncə fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə “Abzas Media işi” üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədən öncə “Abzas Media”nın həbsdə olan əməkdaşları məhkəmə prosesində iştirak etməkdən imtina etdikləri ilə bağlı bəyanat yayıblar.

Jurnalistlər saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərinin məhkəmə tərəfindən araşdırılmadığını bildiriblər.

Həmin məhkəmə prosesinə də “Abzas Media işi” üzrə təqsirləndirilənlərdən Fərid Mehralızadə, Məhəmməd Kekalov və Hafiz Babalı gətirilib.

Mehralızadə məhkəməyə zorakılıqla gətirildiyini bildirib.

“Mən məhkəməyə gəlməkdən imtina etmişdim. Penitensiar Xidmətin işçiləri kamerama girib, qollarımı qandallayıb, məni məhkəməyə zorla gətirdilər”, Fərid Mehralızadə məhkəmə prosesində deyib.

Onun sözlərinə görə, onlar məhkəməyə etiraz edirlər və jurnalistlərə qarşı baş verən ayrı-seçkiliklərə son qoyulmasını tələb edirlər.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

“Abzas Media” işi ilə bağlı nə baş verib?

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.

Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

09:15, 19 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əmək haqları fəalı Möhyəddin Orucova yeddi il həbs cəzası istənilir

by Gozetci 17:58, 18 Fevral 2025
written by Gozetci

Möhyəddin Orucov

 

Çərşənbə axşamı ictimai fəal Möhyəddin Orucovun məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı ona yeddi il iş istəyib.

Prokurorun çıxışından öncə sənədlər tədqim olunub və bəzi ziddiyyətlər üzə çıxıb.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan Orucov bir ildən çoxdur həbsdədir. Ona ittiham verilən Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsində 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Özü isə məhkəmədə ifadəsində deyib ki, anbardar işlədiyi “ATEF” Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə öncə 1 aylıq inzibati qaydada həbs olunub. Azadlığa çıxandan sonra da şirkət rəhbərliyi ilə polisin əlbirliyi, Suraxanı rayonu 32-ci polis bölməsində yaşananlar haqda müsahibəsinə görə narkotiklə şərlənərək bu dəfə uzunmüddətli həbsə göndərilib.

İşçi Masasının üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

Amerikanın Səsi 

17:58, 18 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Anar Məmmədli və İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb

by Gozetci 19:59, 15 Fevral 2025
written by Gozetci

Anar Məmmədli və İmran Əliyev

Fevralın 15-də “Meclis.info” platformasının rəhbəri İmran Əliyev, həmçinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru (SMDT) Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə onların vəkilləri məlumat verib.

Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə müstəntiq Nahid Abbaslı həbs müddətlərinin uzadılmasını istintaq orqanının müvafiq sorğularına cavabların gözlənilməsi ilə əsaslandırıb.

Hakim vəsatətləri təmin edib və hər ikisi barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Məhkəmənin qərarı ilə İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 may 2025-ci ilədək, Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti isə 29 may 2025-ci il tarixinədək uzadılıb.

Anar Məmmədli 2024-cü ildə aprelin 29-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.

O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

“Meclis.info” saytının rəhbəri İmran Əliyev isə 2024-cü ildə aprelin 18-də Bakı Beynəlxalq Hava Limanında həbs olunub. Əliyev Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Anar Məmmədli və İmran Əliyev ittihamları qəbul etmirlər, həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.

Azərbaycan rəsmiləri bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının təmin edildiyini vurğulayır.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edir.

19:59, 15 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tofiq Yaqublunun məhkəməsi: “Heç bir arqument gətirə bilmirlər, əsaslandıra bilmirlər”

by Gozetci 19:01, 15 Fevral 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi yenə iş materiallarının tədqiqi ilə davam edib. Tofiq Yaqublunun qızı Amerikanın Səsinə bildirib ki, məhkəmə prosesi artıq 8 aydır keçirilir. Onun sözlərinə görə, bu müddət ərzində məhkəmə prosesləri ayda 1-2 dəfə olmaqla keçirilib və işə baxılma müddəti uzadılır.

“Tofiq Yaqublu bu gün bir daha bütün faktları dilə gətirdi. Cinayət işinin saxta olduğunu dəlillərlə darmadağın etdi. Nə dövlət ittihamçısı, nə də hakim o faktların qarşısında tutarlı cavab verə bildi. Elə dedilər ki, “biz bu məsələni aydınlaşdıracağıq”, – Həzi bildirib.

Nigar Həzi qeyd edib ki, Tofiq Yaqublu məhkəməyə 3 vəsatət verib – hal şahidlərinin məhkəməyə gətirilib dindirilməsi, zərərçəkən şəxsin “WhatsApp” yazışmaları ilə bağlı dindirilməsi, həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətlər qaldırıb:

“Vəsatətlər təmin olunmadı, hakim çox absurd bir əsaslandırma gətirdi. Guya Tofiq Yaqublu ibtidai istintaqa mane ola bilər. İbtidai istintaq 9 aydır ki, bitib. Hansı ibtidai istintaqdan söhbət gedə bilər? Tofiq Yaqublu hansı sənədləri saxtalaşdıra bilər? Ortada hansı sənədlər var? Heç bir şeyə arqument gətirə bilmirlər, əsaslandıra bilmirlər. Tofiq Yaqublu haqlı olaraq deyir ki, “sizin mənə demək istədiyiniz odur ki, biz əcəb edirik, biz hüquq tanımırıq, bizə nə deyiləcək biz onu edəcəyik. Biz yuxarıdan tapşırıq gözləyirik”. Sadəcə bunu deməyə cəsarətləri çatmır. Atam məhkəmədə bir daha qeyd etdi ki, “mən bu qədər həbs olunmuşam, barəmdə bu qədər cinayət işi olub, bu qədər hakim qarşısına çıxmışam, amma hələ də mənim prosesimdə bir mantiyalı, bir rütbəli adam görmədim ki, çıxsın “mən belə işdə iştirakçı olmaq istəmirəm, mən bu cinayət işində məsuliyyət daşımaq istəmirəm” desin. Bu gün hakimlər, dövlət ittihamçıları və məhkəmədə iştirak edən hamı Tofiq Yaqubluya qarşı cinayət törədirlər. Tofiq Yaqublunun ömründən gedir, İlham Əliyevin kefi istəyir deyə, bu belə olacaq?”.

Növbəti proses fevralın 19-a təyin olunub.

Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

19:01, 15 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanla bağlı 6 yeni qərardadını elan edib

by Gozetci 11:36, 14 Fevral 2025
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 13-də Azərbaycanla bağlı 6 yeni qərardadını elan edib. Qərardadlara əsasən, Azərbaycan hökuməti şikayətçilərə ümumilikdə 37 min avro kompensasiya ödəməli olacaq.

Qərar çıxarılan işlərin dördü müxtəlif tarixlərdə barələrində hakimiyyət orqanları tərəfindən səyahət qadağası tətbiq edilən vətəndaşların şikayətləri üzrə olub.

“Hacıyeva Azərbaycana qarşı”, “Məmmədov Azərbaycana qarşı”, “Rzayev Azərbaycana qarşı” və “Sarkayev Azərbaycana qarşı” işləri ümumilikdə 10 şikayət ərizəsini əhatə edir.

Avropa Məhkəməsinin məlumatına görə, işlərin hamısında ərizəçilər və hökumət dostca razılaşma əldə ediblər. Hökumət ərizçilərə kompensasiya ödəməyi və səyahət qadağaları ləğv etməyi öhdəsinə götürüb.

Razılaşmaya əsasən, hökumət ilk iki işdəki ərizəçilər Sevil Hacıyeva və Ednan Məmmədova mənəvi zərər və xərclər əvəzi olaraq 4500 avro kompensasiya ödəyəcək.

“Rzayev Azərbaycana qarşı” və “Sarkayev Azərbaycana qarşı” işində yer alan ərizəçilər – Həsənqulu Rzayev, Samir Mustafayev, Xəyal Qəhrəmanlı, Abgül Süleymanov, Təmkin Cəfərov, Təranə Abdullayeva, Rəis Şiriyev və Abdulla Sarkayev isə mənəvi zərər və xərclər əvəzi olaraq 3500 avro kompensasiya alacaq.

Məhkəmə razılaşma ilə bağlı bəyannamələri nəzərə alaraq işlərin baxılacaq işlər siyahısından çıxarılmasını qərara alıb.

Strasburq məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı olan digər iki işdə isə şikayətləri qəbuledilməz hesab edib.

“Əfəndiyeva Azərbaycana qarşı” işində ərizəçi Rəfiqə Əfəndiyeva 2013-cü ildə Bakıdakı əmlakının dövlət tərəfindən özgəninkiləşdirilməsindən şikayətçi olub.

Onun evi Bakıda metrostansiya tikintisi zamanı müəyyən kompensasiya qarşılığında sökülüb.

Əfəndiyeva yerli məhkəmələrə müraciət edərək mənəvi zərər və evin yerləşdiyi torpaq sahəsi üçün əlavə kompensasiya tələb edib.

Yerli məhkəmələr torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin olmamasını və əvvəl verilmiş kompensasiyanı əsas gətirərək onun şikayətini təmin etməyib.

Əfəndiyeva Avropa Məhkəməsinə şikayətində yerli qanunvericiliyə zidd olaraq əmlakından məhrum edildiyini, yerli məhkəmələrin bu barədə qərarlarının əsaslı olmadığını iddia edib. O həmçinin evin yerləşdiyi torpaq sahəsinə görə kompensasiya almaq hüququna malik olduğunu və evə görə aldığı kompensasiyanın məbləğinin qeyri-adekvat olduğunu bildirib.

AİHM qərardadında qeyd edib ki, ərizəçi heç vaxt sözügedən ev və torpaq sahəsi üzərində hər hansı mülkiyyət hüququnu rəsmi qeydiyyatdan keçirməyib və öz iddiasını dəstəkləyən hər hansı sənədli sübutları məhkəməyə təqdim edə bilməyib. Bundan başqa, ona evinin özgəninkiləşdirilməsi müqabilində kompensasiya ödənilib.

Mülkiyyəq hüququ ilə bağlı digər iş – “Qasımov və Süleymanov Azərbaycana qarşı” işində də ərizəçilər mülkiyyətlərinin özgəninkiləşdirilməsi zamanı müəyyən edilmiş kompensasiya məbləğinin qeyri-adekvat olduğunu iddia edirdilər.

Əkbər Qasımov və Şahin Süleymanova məxsus torpaq əraziləri Ələt-Astara magistral yolunun tikintisi üçün müəyyən kompensasiya qarşılığında dövlət tərəfindən özgəninkiləşdirilmişdi.

Onlar torpaq sahələri üçün təyin edilmiş kompensasiyanın azlığı, habelə itirilmiş mənfəətin nəzərə alınmaması barədə yerli məhkəmələr qarşısında iddia qaldırsalar da, yerli məhkəmələr onların iddialarını təmin etməmişdi.

Ərizəçilər daha sonra Avropa Məhkəməsi qarşısında kompensasiyanın azlığından şikayət edərək mülkiyyət hüquqlarının pozulduğunu iddia ediblər. Ancaq AİHM onların iddialarını qəbul etməyib. Məhkəmə qərardadında qeyd edib ki, ərizəçilər torpaq sahələrinin qiymətinin daha artıq olduğunu iddia etsələr də, bununla bağlı heç bir sübut təqdim edə bilməyiblər.

Ərizəçilərin yerli hakimiyyət orqanlarının kompensasiya təyin edilərkən iddia etdikləri itirilmiş mənfəəti nəzərə almaması ilə bağlı şikayətinə gəldikdə, AİHM qeyd edib ki, ərizəçilər iddia edilən mənfəət itkisi ilə bağlı hər hansı sənəd təqdim etməyiblər.

Amerikanın Səsi 

11:36, 14 Fevral 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia