Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi azərbaycanlı jurnalistlərlə bağlı hüquq pozuntularını tanıyıb

by Gozetci 18:30, 12 Mart 2025
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 11-də Azərbaycanla bağlı iki yeni qərarını elan edib. Məhkəmə “Meydan TV” jurnalisti Aytac Əhmədova və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirova qarşı hüquq pozuntularını tanıyıb.

Jurnalist Aytac Əhmədovanın (Tapdıq) şikayəti 2016-cı ildə onun şəxsi foto və videolarının hədə-qorxu məqsədi ilə sosial şəbəkələrdə yayılması və hakimiyyət orqanlarının bununla bağlı araşdırma aparmaması ilə bağlı idi.

İşin hallarına əsasən, 2015-ci ildə “Meydan TV”yə qarşı açılan cinayət işi çərçivəsində 22 yaşlı jurnalist saxlanılaraq Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) dindirilib. BMCMİ əməkdaşları eyni gündə onun evində heç bir məhkəmə qərarı olmadan axtarış aparıb və kompüterini götürüb.

Jurnalist sərbəst buraxılsa da, onun kompüteri geri qaytarılmayıb və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi (hazırkı Baş Prokurorluğun İstintaq idarəsi) tərəfindən “Meydan TV”yə qarşı başlanmış cinayət işinin istintaq materiallarına əlavə edilib.

2016-cı ildə Əhmədovanın ailəsi ilə evdə və çimərlikdə çəkdirdiyi fotoşəkillər və videogörüntülər saxta “Facebook” hesablarında yayımlanıb və haqqında “dilindən asılmalıdır”, “hamının gözü önündə çılpaq asılmadır” kimi ifadələr yazılıb.

Əhmədova şəxsi foto və videolarının onun kompüterindən götürüldüyünü bildirərək Baş Prokurorluğa 2016 və 2017-ci illərdə 3 dəfə şikayət edib, ancaq heç bir cavab almayıb. O daha sonra məhkəməyə şikayət etsə də, bütün məhkəmə instansiyaları şikayəti təmin etməyib.

Jurnalist Avropa Məhkəməsinə ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) 8-ci (Şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (İfadə azadlığı) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozulduğuna dair iddia qaldırıb.

Avropa Məhkəməsi jurnalistin şikayətini təmin edib və hökumətin jurnalistin şəxsi həyatının qorunması ilə bağlı pozitiv öhdəliklərini pozduğuna dair qərar verib.

Məhkəmə qeyd edib ki, yerli hakimiyyət orqanları jurnalistin şikayətlərinə dəfələrlə məhəl qoymayıb, effektiv araşdırmaya başlamayıb və mühüm sübutlara məhəl qoymayaraq onun işinə sırf formal əsaslarla xitam verib.

Qərara əsasən, Azərbaycan hökuməti vəkil Zibeydə Sadıqovanın təmsil etdiyi jurnalistə mənəvi zərərə görə 4500 avro, hüquqi xərclərə görə 1000 avro kompensasiya ödəməli olacaq.

Aytac Əhmədova ötən il dekabrın 6-da “Meydan TV” jurnalistlərinə qarşı “qaçaqmalçılıq” ittihamı ilə açılmış cinayət işinə görə həmkarları ilə birgə həbs edilib.

Strasburq məhkəməsi martın 11-də elan etdiyi digər bir qərarında
Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) üzvü, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun həbsinin qanunsuz olduğunu müəyyən edib.

Əmirov 2016-cı il avqustun 20-də “Gülən hərəkatı”na mənsub olması ittihamı ilə saxlanılmış, məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittihamları ilə həbs qətimkan tədbiri seçmişdi.

Növbəti aylarda Əmirovun həbs müddəti dəfələrlə uzadılmış və ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə kimi yeni ittihamlar irəli sürülmüşdü.

Hüquq-müdafiə təşkilatlarının “qondarma” və “siyasi motivli” adlandırdığı cinayət işinin nəticəsində Əmirov 2017-ci il iyulun 24-də 3 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Sentyabr ayında isə onun barəsindəki hökm Apellyasiya məhkəməsi tərəfindən 2 il 6 ay şərti cəzas ilə əvəz edilərək məhkəmədən sərbəst buraxılmışdı.

İşə baxan Avropa Məhkəməsi müəyyən edib ki, Əmirovun həbsi onun cinayət törətməsinə dair “əsaslı şübhə ilə” həyata keçirilən “qanuni həbs” olmayıb və müvafiq olaraq Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub.

“Faiq Əmirov siyasi-ictimai fəaliyyətinə görə həbs edilmiş, şərləmədə isə o, FETÖ-nün imamı kimi qələbə verilmiş, maşınına “Fəthullah Gülən”, “Fəthullah Gülənlə 11 gün”, “Ruhumuzun heykelini dikerken” kitabları atılmışdı. Sonradan o kitablar cinayət işindən çıxarılmışdı. Çünki onların birinin ön sözünü həmin zaman baş prokuror olan Zakir Qaralovun dayısı Zahid Qaralov yazmışdı”, Əmirovun vəkili Aqil Layıc deyib.

Qərara əsasən, hökumət Faiq Əmirova mənəvi zərərə görə 7500 avro, xərclərə görə 1500 avro ödəməli olacaq.

Amerikanın Səsi

18:30, 12 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Amnesty International” Tofiq Yaqublunun azad edilməsinə çağırıb

by Gozetci 17:29, 12 Mart 2025
written by Gozetci

“Amnesty International” təşkilatı Azərbaycan hakimiyyətini müxalif siyasətçi Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməyə, fəallara qarşı “amansız təqiblərə” son qoymağa çağırıb.

“Tofiq Yaqublunun məhkum olunması Azərbaycanda hökuməti tənqid etməyə cəsarət edənləri susdurmaq üçün davam edən kampaniyanın daha bir acınacaqlı mərhələsidir”, – “Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib.

Strazers Yaqublunun siyasi motivli ittihamlarla mühakiməsinin ədalətli məhkəmə prosesi ilə bağlı narahatlıqlarla yadda qaldığını əlavə edib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

2023-cü ilin dekabrın 14-də həbs edilən müxalif siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (saxta sənəd hazırlama, istifadə etmə) olunurdu.

O, məhkəmədə son sözündə qeyd edib ki, həbsinin səbəbi siyasi fəaliyyəti ilə bağlıdır.

“Məqsədləri çox aydın və sadədir. Siyasi fəaliyyətimdən əl çəkməyimi və bu oğru, cinayətkar və qeyri-legitim hakimiyyəti ifşa etməyi dayandırmağımı istəyirlər. Dayandırmayacam!”, Yaqublu deyib.

Yaqublunun həbsi Azərbaycanda 2023-cü ilin sonundan başlayaraq çoxsaylı jurnalistlərin və fəalların həbsləri fonunda baş verib. Yerli və beynəlxalq insan hüquqları təşkilatları bu təqibləri “misli görünməmiş repressiya” kimi xarakterizə edib.

“Bu, təcrid olunmuş hal deyil, Azərbaycanda siyasi müxalifətə, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı sistematik təzyiqlərin bir hissəsidir. Ölkə hakimiyyəti dərhal və qeyd-şərtsiz Tofiq Yaqublunu azad etməli və dinc fəallara qarşı amansız təqiblərə son qoymalıdır”, Mari Strazers bildirib.

“Amnesty International” vurğulayıb ki, geosiyasi və iqtisadi maraqlar naminə Azərbaycanın repressiyalarına uzun müddətdir dözümlülk göstərən beynəlxalq ictimaiyyət bu insan hüquqları pozuntularına qarşı qəti və prinsipial mövqe nümayiş etdirməlidir.

Tofiq Yaqublu bundan əvvəl 2020-ci ilin martında saxlanılıb, sentyabr ayında cinayət ittihamı ilə dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib. Yaqublu bu qərarla bağlı aclıq aksiyasına başlayıb və sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirərək onu ev dustaqlığına buraxıb.

Dəfələrlə inzibati həbs cəzalarına məhkum edilən Tofiq Yaqublu, həmçinin 2013-cü ildə İsmayıllı hadisələrindən bir gün sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bügünədək Yaqublunun şikayətləri üzrə müxtəlif illərdə çıxardığı bir neçə qərarında onun azadlıqdan məhrum edilməsini qanunsuz hesab edib, siyasətçiyə münasibətdə ədalətli məhkəmə hüququnun pozuntusunu tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Ancaq yerli hüquq müdafiə təşkilatları hazırda siyasi motivli əsaslarla həbsdə edilən 350-dən artıq şəxsin olduğunu vurğulayır.

Amerikanın Səsi

17:29, 12 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media” jurnalistləri məhkəmədə sərbəst ifadə verib

by Gozetci 15:51, 12 Mart 2025
written by Gozetci

Martın 11-də “Abzas Media”nın həbsdə olan əməkdaşlarının növbəti məhkəmə iclası keçirilib. İclasda media orqanının baş redaktoru Sevinc Vaqifqızı və müxbiri Elnarə Qasımova sərbəst ifadə verib.

Əvvəlki üç iclasdan fərqli olaraq, bu dəfə təqsirləndirilən jurnalistlər məhkəmədə iştirak ediblər. Onlar əvvəlki iclaslara qoşulmamalarını məhkəməyə fərqli avtomobillərdə və fərqli vaxtlarda gətirilmələri, habelə iclas başlayanadək məhkəmənin şəraitsiz zirzəmisində gözlədilmələri ilə izah edirdilər. Bu dəfə isə jurnalistlərin şikayətləri təmin olunub.

Sevinc Vaqifqızı ifadəsində qeyd edib ki, onlar məhz peşə fəaliyyətlərinə görə həbsdədirlər. “Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq” deyən İlham Əliyevin təkcə Şuşanı yox, bütün Qarabağı məmurlar şəhərinə çevirdiyini araşdırmalarımızla üzə çıxardıq. İlham Əliyevin sözü ilə əməlinin üst-üstə düşmədiyini üzə çıxaran Abzas Media jurnalistləri onun qəzəbinə tuş gəldi. 21 illik hakimiyyəti dövründə gəlirlərini bəyan etməyən İlham Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham edir” – deyə, o bildirib.

Vaqifqızı qaçaqmalçılıq ittihamına cavab olaraq əlavə edib ki, onun və digər təqsirləndirilənlərin heç biri gömrükdən keçərkən saxlanılmayıb və ya üzərlərində bəyan edilməmiş pul vəsaiti tapılmayıb. O bildirib ki, ittiham aktında göstərilən sənədlər orijinal deyil və ordakı imzaları yoxlamaq üçün verilən vəsatətlər təmin edilməyib.

Baş redaktor ifadəsində deyib ki, ona və həmkarlarına qarşı ittihamlar həbs olunanlardan biri, “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalova işgəncə verilərək alınan ifadə əsasında irəli sürülüb.

“Hələ həbslər olmamışdan biz Kekalova demişdik ki, əgər ona işgəncə versələr, Ülviyə, mənə qarşı ifadə versin. Çox təəssüf ki, Azərbaycan hökuməti insanlara işgəncə verib dostlarına qarşı ifadə almaq yolunu seçib”, o deyib.

Daha sonra ifadə verən Elnarə Qasımova “Abzas Media”da yayımladıqları korrupsiya araşdırmalarına görə həbs olunduqlarını vurğulayıb.

“Həmin araşdırmalarda adları çəkilən məmurların yerinə biz ittiham olunuruq. O məmurlar ki, illərdir vətəndaşa çatmalı olanı mənimsəyir, amma gözləri doymur”, o deyib.

Hakim növbəti iclası aprelin 1-ə təyin edib.

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

2024-cü ilin mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. 2024-cü ilin avqust ayında isə “Abzas Media” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.

Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

15:51, 12 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Həbsdə olan qadın jurnalistlər üçün poster qaldıran fəal həbs olunub

by Gozetci 09:37, 12 Mart 2025
written by Gozetci

Rauf Heydərov

 

Azərbaycanda həbsdə olan qadın jurnalistlərə dəstək məqsədilə poster qaldıran ictimai fəal Rauf Heydərov 1 aylıq inzibati həbs olunub.

Bu barədə feminist fəal Sənubər Heydərova Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, Heydərovla martın 10-dan əlaqə kəsilib və yaxınları saxlanılmasından şübhələnib.

Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə bildirdiyinə görə, fəal İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirləndirilib.

Rauf Heydərov daha öncə martın 8-də Facebook səhifəsində mülki geyimli şəxslər tərəfindən izlənildiyini xəbər verib, daha sonra yaxınları onun saxlanıldığını bildirib. Fəal həmin gün axşam saatlarında sərbəst buraxılıb.

Bir gün sonra isə o, paytaxtın mərkəzində Cəfər Cabbarlı heykəli önündə həbsdə olan qadın jurnalistlərin fotolarının yer aldığı, onların azad olunmasına çağıran posterlə şəkil çəkdirib və sosial mediada paylaşıb. “Hökümət üçün qorxulu saatlar.. Sadəcə varlığımız bu ölkəyə, bu mübarizəyə yetir. Həmişə var olun”, o, paylaşımında qeyd edib.

Martın 8-i Beynəlxalq Qadınlar Günündə Azərbaycanda həbsdə olan 8 qadın jurnalistə ölkə xaricində yaşayan feminist fəallar tərəfindən dəstək ifadə olunub. Onlar ölkədə yaşayan şəxslərdən sözügedən posteri çap edərək və ya kompüter ekranına yerləşdirərək foto çəkdirib, #8Women8March heşteqi ilə sosial mediada yaymağa çağırış ediblər. Ölkə xaricində olanlara isə yaşadıqları şəhərdə 8 mart yürüşünə posterlə çıxaraq azərbaycanlı qadın jurnalistlərə dəstək olmaq təklif olunub.

Martın 8-i Azərbaycanda və xaricdə yaşayan onlarla fəal və jurnalist bu şəkildə həbsdə olan jurnalistlərə dəstək ifadə edib.

Azərbaycanda müstəqil jurnalistlərə qarşı son illərdə aparılan həbs dalğasında 9 qadın həbs olunub, onlardan biri ev dustaqlığına buraxılıb.

2023-cü ilin noyabrın 21-ə keçən gecə xaricdən Azərbaycana qayıdanda hava limanında “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı qaçaqmalçılıq maddəsilə həbs olunub. Sonradan həmin iş üzrə “Abzas Media” jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova da həbs olunublar.

2024-cü ilin dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva və Aysel Umudova barəsində qaçaqmalçılıq maddəsilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu ilin martın 1-i isə jurnalist Fatimə Mövlamlı barəsində eyni iş üzrə 1 ay 9 günlük həbs qətimkan tədbiri seçilib.

Amerikanın Səsi

09:37, 12 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Tofiq Yaqublu 9 il azadlıqdan məhrum edildi

by Gozetci 19:09, 10 Mart 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya 9 il həbs cəzası verilib. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib.

Hökmü Elnur Nuriyevin sədrlik etdiyi, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər heyəti çıxarıb.

Tofiq Yaqublu ilə birlikdə mühakimə olunan Elnur Məmmədov isə 8 il azadlıqdan məhrum edilib.

Siyasi fəal məhkəməyə son sözündə indiyədək barəsində dörd dəfə cinayət işi qaldırıldığını, bundan əvvəlki üç məhkəmənin onu təqsirli bildiyini, barəsində cəza hökmü çıxardığını deyib.

Tofiq Yaqublu Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən Elnur Məmmədov vasitəsilə 25 min avro və 10 min manat alaraq onu aldatmaqda, ona saxta sənəd hazırlayıb verməkdə suçlanır.

Dövlət ittihamçısı Tofiq Yaqubluya 10 il, Elnur Məmmədova isə 9 il həbs cəzası verilməsini istəmişdi.

AzadlıqRadiosu 

19:09, 10 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Elgiz Qəhrəman “Meclis.info” işi üzrə təqsirləndirilir

by Gozetci 10:54, 08 Mart 2025
written by Gozetci

Elgiz Qəhrəman

Siyasi fəal Elgiz Qəhrəman “Meclis.info” işi üzrə təqsirləndirilir. Bu barədə onun özü martın 7-də sosial şəbəkə hesabında məlumat verib.

Qəhrəmanın dediyinə görə, o, fevralın 28-də dindirilmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Dindirilmədən sonra o, “Meclis.info” işi üzrə təqsirləndirilən şəxs elan olunub və barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

Elgiz Qəhrəman Cinayət Məcəlləsinin 8 maddəsi ilə – 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma) və 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur.

Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Qəhrəman 2016-cı ildə narkotik ittihamı ilə həbs olunub və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona 5 il yarım hökm oxunmuşdu. Ali Məhkəmə isə onun cəza müddətini 3 ilə endirmişdi. Fəal özünü günahsız hesab edib və Facebook hesabında yazdığı statusa görə həbs olunduğunu bildirib.

“Meclis.info” saytının rəhbəri İmran Əliyev isə 2024-cü ildə aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında həbs olunub. Əliyev Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Son olaraq Xətai Rayon Məhkəməsinin qərarı ilə İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 may 2025-ci ilədək uzadılıb.

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Onların 27 nəfərini jurnalistlər və bloqerlər təşkil edir.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

AmerikanınSəsi
10:54, 08 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Norveç Helsinki Komitəsi hakimiyyəti 8 mart ərəfəsində qadın jurnalistləri azad etməyə çağırır

by Gozetci 10:20, 08 Mart 2025
written by Gozetci

Norveç Helsinki Komitəsi 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycanda həbs edilən qadın jurnalistlərin işinə diqqət çəkərək onların azad edilməsinə dair çağırışını yeniləyib.

“Azərbaycanda qadın jurnalistlərin haqsız yerə həbs edilməsi yanlış, biabırçılıq və qorxaqlıqdır,” Norveç Helsinki Komitəsi qeyd edib.

Təşkilat bildirib ki, 2023-cü ildən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” hökumətin repressiyaları ilə üzləşib.

Hazırda Azərbaycanda səkkiz qadın jurnalist – “AbzasMedia” əməkdaşları Sevinc Vaqifıqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, “Meydan TV” əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva və “Meydan TV işi” üzrə həbs edilən müstəqil jurnalist Fatimə Mövlamlı həbsdədir.

Norveç Helsinki Komitəsi qeyd edib ki, həbs olunmuş qadın jurnalistlərin bəzilərinin səhhətində ciddi problemlər olduğu üçün təcili tibbi yardıma ehtiyac duyurlar və təhlükəli həbsxana şəraiti, adekvat tibbi xidmətin olmaması məhkəməyəqədər həbs müddətində onların həyatlarını riskə atır.

“Qürurla qadına dəyər verdiyini iddia edən bir ölkədə səkkiz tənqidçi qadının cəzalandırılması sözlə əməlin ziddiyyətli ironiyasıdır. Martın 8-də Azərbaycanın öz hərəkətlərini ritorikası ilə uyğunlaşdırmaq imkanı var,” Komitə qeyd edib.

Norveç Helsinki Komitəsi daha əvvəl, fevralın 18-də yaydığı bəyanatında vurğulayıb ki, məhkəməyəqədər həbs son tədbir olmalıdır, ancaq Azərbaycan hakimiyyəti bu qadınların həbsdə saxlanması ilə bağlı heç bir etibarlı əsas təqdim etməyib.

“Azərbaycan məhkəmələri siyasi motivli işlərdə həbsdən alternativ cəza tədbirlərinə nadir hallarda əl atır. Halbuki, bu səkkiz jurnalist cəmiyyət üçün heç bir təhlükə yaratmır və ev dustaqlığı kimi alternativ tədbirlər tətbiq oluna bilər,” bəyanatda qeyd edilib.

Azərbaycan məhkəmələri bugünədək qadın jurnalistlərin ev dustaqlığına buraxılması ilə qaldırılmış vəsatətləri bir qayda olaraq təmin etməyib və onları həbsdə saxlayıb.

Digər tərəfdən, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə sosial şəbəkələrdə başladılan “8 mart, 8 qadın” kampaniyası da həbsdə olan qadın jurnalistlərin işlərinə diqqət çəkib. Kampaniyanın təşkilatçıları bəyanat yayaraq Azərbaycanda repressiyaların yeni mərhələdə olduğunu vurğulayıblar.

“8 mart ərəfəsində 8 əməkçi qadın öz jurnalist fəaliyyətinə görə həbsxana divarları arasındadır. 20-ci əsrin əvvəllərində qadınların öz əmək hüquqları uğrunda mübarizəsi 8 mart tarixini formalaşdırdı. İronik olan budur ki, bu tarixdən 100 il keçməsinə baxmayaraq, bu gün də qadınlar öz peşə fəaliyyətlərini ləyaqətlə yerinə yetirərkən maneələrlə üzləşirlər,” bəyanatda qeyd edilir.

Azərbaycanda 2023-cü ilin sonlarından etibarən başladılan cinayət təqibləri nəticəsində 20-dən artıq jurnalist, o cümlədən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil media orqanlarının kollektivləri bütövlüklə həbs edilib, redaksiyaları qapadılıb.

Avropa Şurası Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatlarının “Avropa Mətbuat Azadlığı” illik hesabatına əsasən, ötən il dekabrın 31-də Azərbaycanda 30 jurnalist və media əməkdaşı həbsdə olub.

Azərbaycan bu mənada bütün Avropa Şurası ölkələrini qabaqlayıb və Avropada yalnız Rusiya və Belarusdan (bu ölkələr Avropa Şurası üzvü deyil) geri qalıb.

Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edirlər.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Azərbaycanlı rəsmilər bir qayda olaraq fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayırlar.

Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 350-dən artıq siyasi məhbus var. Beynəlxalq hüquq müdafiə təşkilatları ötən il yarım ərzində jurnalist və fəalların kütləvi həbslərini “misligörünməmiş repressiya” kimi xarakterizə edib.

Amerikanın Səsi 

10:20, 08 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Nurlan Libreni həbsdə saxlayıb

by Gozetci 13:11, 07 Mart 2025
written by Gozetci

Nurlan Qəhrəmanlı (Libre)

 

Martın 6-da Bakı Apellyasiya Məhkəməsində jurnalist  Nurlan Qəhrəmanlının (Libre) barəsində verilmiş həbs qətimkan tədbirindən şikayətə baxılıb.

Məhkəmə onun şikayətini təmin etməyib.

Qəhrəmanlının həyat yoldaşı Əsli Əlizadənin Amerikanın Səsinə bildirdiyinə görə, məhkəmə formal xarakter daşıyıb və müsbət gözlənti olmayıb.

Daha öncə fevralın 25-də Əlizadə mətbuata müsahibəsində jurnalistin saxlanıldığı gün evdə axtarış zamanı qay;nanasına məxsus qızıl komplektinin polis tərəfindən götürüldüyünü yazmışdı. O, həmçinin evdən götürülən pul vəsaitinin Qəhrəmanlının ailəsinə məxsus olduğunu qeyd etmişdi. Əlizadənin açıqlaması Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təkzib olunmuşdu.

“Portağal Media”nın təsisçisi Nurlan Libre haqqında fevralın 21-də Xətai Rayon Məhkəməsində 1.5 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Jurnalistin “Meydan TV” ilə bağlı açılan cinayət işi çərçivəsində həbs edildiyi və qaçaqmalçılıqda ittiham olunduğu bildirilir.

Qəhrəmanlı həbsindən əvvəl çəkdiyi videomüraciətdə mümkün həbsi barədə danışaraq jurnalist fəaliyyəti ilə məşğul olduğunu və heç bir səhv iş görmədiyini deyib.

Xatırlatma

Ötən ilin dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko və media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. Bu ilin fevral ayında isə jurnalistlər Şəmşad Ağa və Nurlan Qəhrəmanlı (Libre) eyni ittihamla və eyni iş üzrə həbs olunublar.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni və onların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Azərbaycanda 2023-cü ilin sonralarından başlayaraq 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.

13:11, 07 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi AXCP üzvünə qarşı qanun pozuntusunu tanıyıb

by Gozetci 12:56, 07 Mart 2025
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) siyasi fəal Məmməd İbrahimin 2015-ci ildə məhkəmə qərarı olmadan 48 saatdan artıq polisdə saxlanılmasını qanunsuz hesab edərək Azərbaycan hökumətini cərimələyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da “xuliqanlıq” ittihamı ilə saxlanılmış, 48 saatdan artıq müddətdə Nərimanov Polis İdarəsində saxlanılmaqla azadlıq hüququ məhdudlaşdırılmışdı. Nəhayət, oktyabrın 3-də məhkəmə qarşısına çıxarılan fəal bərəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi.

İbrahimin vəkili Yalçın İmanov hələ o vaxt müvəkillinin polis idarəsində təxminən 16 məhkəmə qərarı olmadan qanunsuz saxlanıldığını və Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirmişdi.

“İbrahim Azərbaycana qarşı” işinin hallarına görə, Məmməd İbrahim barəsində seçilən həbs qətimkan tədbirinin də qanunsuz olmasından şikayətlənib.

Avropa Məhkəməsi martın 6-da elan etdiyi qərarında qərarında qeyd edib ki, Məmməd İbrahimin 30 sentyabr 2015-ci il saat 23.30-dan 3 oktyabr 15.00-dək daxili qanunvericiliyin icazə verdiyi qırx səkkiz saatdan çox müddətə məhkəmə qərarı olmadan saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) birinci bəndini pozub.

Ancaq Məhkəmə “ərizədə qaldırılan əsas hüquqi məsələyə” baxdığını əsas gətirərək həbs qətimkan tədbirinin qanunsuzluğuna dair şikayətə baxmağa ehtiyac görməyib.

Qərara əsasən, hökumət İbrahimə maddi zərərə görə 2 min, hüquqi xərclərə görə 250 avro ödəməli olacaq.

Məmməd İbrahimin sözlərinə görə, həmin vaxt ona qarşı açılan iş tamamilə qurama və siyasi sifariş olmasından əlavə, irəli sürülən ittiham əsasında həbs qətimkan tədbiri seçilə bilməzdi və 48 saatdan artıq polis idarəsində saxlanılması da bunun bağlı olub.

“Saxlanılmağım qanunsuz idi. İrəli sürdükləri ittihama dair heç bir sübut yox idi, üstəlik həmin ittihama görə haqqımda həbs qətimkan tədbiri çıxara bilməzdilər. Ancaq sifariş nə idisə, onu etdilər. Sonradan özlərinin gətirdikləri şahidlər belə məhkəmədə mənim lehimə danışmışdı. İllərdir eyni saxta məhkəmə proseslərinə şahid oluruq. Həbsdə olan fəalların, Tofiq Yaqublunun, digərlərinin işinə baxsaq, indi artıq özlərinə rəva da bilmirlər ki, iş inandırıcı görünsün. Öz istədiklərini qərarda çıxarırlar”, Məmməd İbrahim Amerikanın Səsinə deyib.

AXCP üzvü Strasburq məhkəməsinin barəsində çıxarılmış həbs qətimkan tədbirinə hüquqi qiymət verməməsindən də narazılığını ifadə edib.

“Səhv etmirəmsə, 2021-ci ildə məhkəmə 7500 avro kompensasiya təyin edərək barışıq təklif etmişdi. Mən rədd etdim ki, qanun pozuntusu tanınsın. Həmin o 7500 indi 2 min olaraq geri qayıdıb. Əlbəttə ki, münasibətimiz pisdir”, İbrahim qeyd deyib.

O əlavə edib ki, hakimiyyət bu işlə bağlı qanun pozuntusunu tanıdığını və yenidən baxılacağını bildirsə də, yerli məhkəmələr ona hələ də bəraət qərarı çıxarmayıb.

“Ali Məhkəmənin Plenumunun qərarından sonra Apellyasiya Məhkəməsi yenidən baxdı işə, ancaq əcaib-qəraib bir qərar çıxardılar. Hələ də mənə bəraət verməyiblər. Apellyasiya məhkəməsinin qərarından yenidən Ali Məhkəməyə şikayət edəcəyik və bəraət qərarı olmasa, iş yenidən Avropa Məhkəməsinə qayıdacaq”, İbrahim bildirib.

2015-ci ildə açılan cinayət işi nəticəsində Məmməd İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin bitməsinə bir gün qalmış İbrahimə qarşı yeni ittiham irəli sürülərək həbs müddəti uzadılıb və nəhayət 2019-cu ildə azadlığa buraxılıb.

Avropa Məhkəməsi martın 6-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə daha üç qərardadını elan edib.

“Babayev və Malikov Azərbaycana qarşı” işində ərizəçilər Allahverdi Babayev və Hüseyn Malikov inzibati xətalar üzrə məhkəmə icraatlarında ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı şikayət ediblər.

Beləki, tərəflər arasında “barışıq” cəhdləri uğursuz olduqdan sonra, hökumət işlərin baxılacaq işlərin siyahısından çıxarılması xahiş ilə bağlı bəyannamələr tədqim edib. Hökumət qanun pozuntularını tanıyaraq, ərizəçilərə kompensasiya təklif edib və ərizəçilər hökumətin şərtləri ilə razılaşıb.

Qəradada əsasən, hökumət vəkil Cavad Cavadovun təmsil etdiyi ərizəçilərin hər birinə maddi zərərə görə 900 avro, hüquqi xərclərə görə 225 avro ödəyəcək.

Ümumilikdə beş ərizənin yer aldığı “Abdullazadə və başqaları Azərbaycana qarşı” işi də inzibati xətalar üzrə məhkəmə icraatlarında ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dair verilmiş şikayətlər olub. Ərizəçilərin bəziləri azadlıq və toxunulmazlıq hüququnun pozuntusundan da şikayətlənib.

Bu işdə də uğursuz “barışıq” cəhdlərindən sonra hökumət təktərəfli bəyannamələr təqdim edərək qanun pozuntularını tanıyıb və kompensasiya təklif edib. Məhkəmə hökumətin təktərəfli bəyannamələrinə əsaslanaraq bu işi baxılacaq işlər siyahısından çıxarmağa qərar verib.

Qərardada əsasən, hökumət ərizəçilər – Elvin Abdullazadə, Əmrah Təhməzov, Hüseyn Malikov, Vüqar Əliyev və Fəzail Əliyevin hər birinə maddi zərərə görə 900 avro, hüquqi xərclərə görə 225 avro ödəyəcək.

Son olaraq, “Əliyev Azərbaycana qarşı” işində ərizəçi Fərrux Əliyev və hökumət “dostca razılaşma” əldə ediblər.

Covid-19 pandemiyası ilə bağlı karantin qaydalarını pozduğuna görə inzibati həbsə məhkum edilən Fərrux Əliyev ədalətli məhkəmə hüququnun pozulduğunu iddia edib. O, həmçinin iki mobil telefonunun rəsmi qərarı olmadan müsadirə edilməsindən şikayətlənib.

Məhkəmə kommunikasiya zamanı tərəflərin “dostca razılaşma” əldə etdiklərini bildirib. Qərardada əsasən, hökumət ərizəçiyə maddi zərərə görə 3 min, hüquqi xərclərə görə 500 avro kompensasiya ödəyəcək.

Amerikanın Səsi

12:56, 07 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Fatimə Mövlamlının apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 11:09, 07 Mart 2025
written by Gozetci

Fatimə Mövlamlı

 

Martın 6-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Fatimə Mövlamlı barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Xatırlatma

Martın 1-də Xətai rayon Məhkəməsində jurnalist Fatimə Mövlamlı həbs edilib. Məhkəmə istintaq orqanının təqdimatı üzrə onun barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlının “MeydanTV işi” ilə əlaqəli cinayət işinə görə saxlandığı bildirilmişdi. Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
O, ittihamı qurama sayır, sırf peşə fəaliyyəti ilə bağlı həbs edildiyini bildirib.

AzadlıqRadiosu 

11:09, 07 Mart 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia