İmran Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci

İmran Əliyev

 

Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Meclis.info işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Abzas Media”nın xəbərinə görə, prosesdə şahid qismində Mədinə Abdullayeva dindirilib. O, təqsirləndirilən şəxslərdən yalnız “Meclis.info” saytının rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəmanı tanıdığını, saytda təcrübəçi kimi yarımştat işlədiyini deyib.

Hakim şahiddən bu işə görə məvacib alıb-almadığını soruşub.

“Məni bu proqrama USAID (ABŞ Beynəlxalq Yardım Agentliyi) seçib, maaşı həmin təşkilat ödəyirdi. İmran sadəcə onlardan alıb mənə verirdi. 300 avro idi, səhv xatırlamıramsa”, – o cavab verib.

Daha sonra İmran Əliyev də şahidə suallar ünvanlayaraq onu işə götürüb-götürmədiyini və əməkhaqqı barədə danışıb-danışmadıqlarını soruşub.

Mədinə Abdullayeva “yox” cavabı verib.

O, vəkil Rəsul Cəfərovun müvəkkilinin nə vaxtsa xarici ölkələrdən pul gətirməsini eşidib-eşitmədiyi, yaxud görüb-görmədiyi barədə sualına da “yox” cavabı verib.

Sonra İmran Əliyev istintaq materiallarında adları çəkilən beynəlxalq təşkilatların nümayəndələrinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

“Bu pul haradan gəlib mənə çatıb? Ağacdan yığıb verməmişəm ki. Beynəlxalq təşkilatlar gəlib desinlər ki, o pul haradan gəlib. Üç aydan bir məhkəmə edirsiniz, o da belə. Sifarişiniz verilməyib hələ? Sifarişi yerinə yetirin. Siz öz işinizə hörmətsizlik edirsiniz”, – o deyib.

Hakim heyəti vəsatəti təmin etməyib. İmran Əliyev buna görə məhkəməyə etiraz olaraq hakimlərə arxasını çevirib. Hakim Roman Ələkbərli onun şüşə kabinə yerləşdirilməsi barədə göstəriş verib.

İmran Əliyev siyasi məhbus kimi tanınan şəxslərin Azərbaycanda səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Vensə ünvanlanan bəyanatına qoşulduğunu da bildirib:

“Vens İlham Əliyevlə alver etməsin. Önəmli olan insan haqlarıdır. Bu ölkədə nə hakim işləyir, nə ədliyyə. Heç biri işləmir. Hamısı şoudur.”

Növbəti məhkəmə iclası martın 3-nə təyin edilib.

İmran Əliyev 2024-cü il aprelin 18-də Bakı Beynəlxalq Hava Limanında saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, sonradan bu siyahı 8 maddəyə qədər genişləndirilib.

İctimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə təqsirləndirilən şəxs qismində ötən ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hazırda hər üç şəxs 12 ilədək həbs cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham olunur.

Toplum TV 

You may also like