Mehriban Rəhimlinin işi üzrə məhkəmə başlayıb

by Gozetci

Mehriban Rəhimli

 

“QHT işi” üzrə ittiham olunan, ABŞ-nin “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimlinin işi üzrə məhkəmə başlayıb.

Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Mehriban Rəhimlinin vəkili Cavad Cavadov vəsatət verərək cinayət işinə xitam verilməsini xahiş edib. O bildirib ki, Mehriban Rəhimli gördüyü iş müqabilində maaş alıb, istintaq orqanı isə həmin maaşı qrant kimi təqdim edib. Məhkəmə vəsatəti təmin etməyib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası fevralın 25-nə təyin edilib.

Mehriban Rəhimli Baş Prokurorluqda “QHT işi” ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay və “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov saxlanılıb. Hafiz Həsənov sonradan ev dustaqlığına buraxılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı və qanunsuz pul vəsaitlərini leqallaşdırma daxil olmaqla bir neçə maddəsi üzrə ittiham irəli sürülüb.

Apreldə isə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.

İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.

Toplum TV 

You may also like