
Azər Qasımlı
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlımın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Prosesdə zərərçəkən şəxs qismində tanınan Qurbanəli Yusifov prokurorun çıxışı ilə razılaşdığını bildirib. Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.
Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Qurbanəli Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.
“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında Azər Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən Azər Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, – o bildirib.
Samirə Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Qurbanəli Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Qurbanəli Yusifov bununla bağlı qəbz də imzalayıb.
Lakin sonradan Qurbanəli Yusifov ölkəni tərk edib və Azər Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Azər Qasımlının xeyrinə qərar çıxarıb.
Toplum TV