Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli növbəti dəfə səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması üçün vəsatət verib.
“Cinayətləri sübut olunmuş erməni məhbusların Ermənistana təhvil verilməsinə qarşı olsam da, vətəndaş kimi dövlətin humanizm adı ilə bunu etməsini sülh prosesinə töhfə baxımından müsbət qarşılayıram. Mən isə heç bir cinayət törətmədiyim və cəmiyyətin maarifləndirilməsi ilə məşğul olduğum halda burada saxlanılıram”, – o, çıxışında deyib.
Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev da vəsatəti dəstəkləyərək Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyini təsdiqləyib.
“Bir gün gecə saat 12-də bütün korpusa xəbər yayıldı ki, Ələsgər bəyin vəziyyəti pisdir və həkim çağırıldı. Gecə növbəsində çalışan həkimlər isə səriştəsizdir. Şikayətə baxmadan hamıya eyni dərmanı yazırlar, o da uzun müddətdən sonra gəlib çıxır. Səhhəti bu qədər pisləşmiş insanı həbsdə saxlamaqla sizin məqsədiniz onu öldürməkdir”, – o bildirib.
Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Hakimlər qərarı belə əsaslandırıb ki, Ələsgər Məmmədli azadlıqda olarsa, iş üzrə təqsirləndirilən şəxslərə təsir edə bilər.
Daha sonra təqsirləndirilən şəxslərdən “Toplum TV” redaktoru Müşfiq Cabbar ev dustaqlığına buraxılmaq üçün vəsatət verib.
“İki ilə yaxındır həbsdə saxlanılsam da, hansı ittihamla saxlanıldığım mənə hələ də aydın deyil. Xaricə getməyi sübut kimi təqdim edirlər. Mən isə 6 ildir ölkədən xaricdə olmamışam. Bizə mütəşəkkil dəstə deyirlər, halbuki burada əyləşən Ramil Babayev və [Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı] İlkin Əmrahovu yalnız həbsdən sonra tanımışam”, – o deyib.
Məhkəmə onun da vəsatətini təmin etməyib.
Məhkəmədə həmçinin III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin evində aparılan axtarış zamanı çəkilmiş video nümayiş etdirilib.
Kadrlardan görünür ki, Ruslan İzzətlinin yaşadığı mənzilə səkkiz polis əməkdaşı daxil olur, onun vəkili və ailə üzvləri isə hal şahidi qismində içəri buraxılmır. Yalnız Ruslan İzzətlinin müşayiəti ilə polis əməkdaşları tərəfindən evdən 4 800 avro “tapıldığı” iddia olunur.
Bundan sonra Ruslan İzzətli məhkəmədə çıxış edərək bildirib:
“Məni digərlərindən bir gün sonra həbs ediblər və dostlarımın qaçaqmalçılıqda ittiham olunduğunu bilirdim. Məntiqli sual yaranır: bilirdim ki, mənim də ardımca gələcəklər, niyə pulları başqa yerdə gizlətmədim? Bu, göstərir ki, pulu polis özü mənim evimə yerləşdirib”.
Ardınca, təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov çıxış edərək cinayət işinin yeni açıldığı dövrdə APA da daxil olmaqla bir sıra hökumətyönlü media orqanlarında istintaq materiallarından götürüldüyü iddia olunan yazıların dərc edildiyini xatırladıb.
O, məhkəmədən sözügedən media orqanlarının rəhbərlərinin şahid kimi çağırılmasını, onlardan həmin materialların necə əldə olunduğunun soruşulmasını tələb edib.
Növbəti məhkəmə prosesi fevralın 2-ə təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV
