
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov
Azərbaycandan xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı (Mirzəyeva), Azərbaycan Xalq Parlamentinin həmsədri Abid Qafarov və bloger Beydulla Manafovun məhkəmə prosesi başlayıb.
APA-nın xəbərinə görə, dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 13-nə təyin edilib.
S.Osmanqızı və A.Qafarov Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), B.Manafov isə 281.2-ci və 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilir.
Cinayət işində iddia olunur ki, onlar “YouTube” kanallarında hakimiyyəti ələ keçirmək üçün çağırışlar ediblər.
Azərbaycan hakimiyyəti 2025-ci ildə xaricdə yaşayan 24 tənqidçisinə qarşı cinayət işləri açıb. Onların bəziləri barədə yerli məhkəmələr artıq qiyabi hökmlər çıxarıb.
Avropa Parlamenti dekabrın 18-də Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməsində hakimiyyətin siyasi motivlərlə tənqidçilərinə qarşı cinayət işləri açdığını qeyd edib.
Toplum TV