Dekabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçən proses ölkədə olmayan şahidlərin onlayn şəkildə dindirilməsi və istintaqa verdikləri ifadələrin oxunması ilə davam edib.
Ölkə xaricində olduğu üçün məhkəməyə şahid qismində onlayn qoşulan jurnalist Nigar Mübariz 2016-cı ildə Demokratik Təşəbbüslər İnstitutunun gənc jurnalistlər üçün kursuna müraciət etdiyini və burada ödənişsiz şəkildə jurnalistika bacarıqlarına yiyələndiyini vurğulayıb.
“Bunun üçün müəllimim Ələsgər Məmmədliyə və Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanova təşəkkürüm sonsuzdur. 2024-cü ilin mayında ABŞ-yə gələndə hava limanından geri qaytarıldım. Ölkədən çıxışıma qadağa olduğunu söylədilər. O zaman mənə səbəb məlum deyildi. Sonradan “Toplum TV işi” üzrə ifadəyə çağırıldım. İfadə zamanı ancaq şəxsi məlumatlarım, ailəmlə bağlı məlumatlar, 18 yaşından bu yana ölkəyə giriş-çıxışlarım sorğulandı. Bundan sonra yenidən iki dəfə ifadəyə çağırıldım”, – deyə Nigar Mübariz qeyd edib.
Jurnalist bildirib ki, ABŞ vizası olduğu halda, “əsassız yerə ölkədən çıxış qadağası götürülməyib”.
Üçüncü dəfə ifadəmdə müstəntiq mənə sosial mediada olan materiallarım barədə xəbərdar olduğunu, “Amerikanın Səsi”ndə çalışdığımı öyrəndiyini dedi. Bu vaxta qədər məndən bu barədə soruşulmamışdı. Yalnız giriş-çıxışlarım, “Toplum TV”- dəki kurs dönəmim sorğulanmışdı. “Toplum TV” müxbiri olmadığımı biləndən sonra çıxışıma qoyulan qadağa götürüldü”, – o ifadəsini tamamlayıb.
Şahid dindirilməsindən və ilkin ifqadələrin elan olunmasından sonra təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli vəsatət verib. O, prezidentin köməkçisi Hikmət Hacıyevin məhkəməyə çağırılıb dindirilməsini istəyib. Ruslan İzzətli xatırladıb ki, Hikmət Hacıyev COP29-da “Toplum TV” əməkdaşı, hazırda həbsdə olan Fərid İsmayılova açıqlamasında bu iş üzrə həbsdə olanların dövlət əleyhinə fəaliyyət göstərdiklərini iddia edib. Məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb.
Ardınca Fərid İsmayılov Azər Tağıyevin prosesdən kənarlaşdırılması haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirilən şəxslərdən “Toplum TV” həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli ötən prosesdə ev dustaqlığına buraxılmaq üçün verdiyi vəsatətə gələn yazılı cavabı məhkəmədə oxuyub. Həmin vəsatətin təmin edilmədiyi qərarda yazılıb ki, dövlət ittihamçısı “xüsusilə ağır cinayət törətmiş” Ələsgər Məmmədlinin yenidən cinayət törədə biləcəyinə görə ev dustaqlığına buraxılmasını istəmir.
Ələsgər Məmmədli ona qarşı yönəlmiş ittihamların heç birinin Cinayət Məcəlləsində “xüsusilə ağır cinayət” kimi qeyd olunmadığını xatırladıb və istənilən halda, bunun təqsirsizlik prezumpsiyasını pozduğunu bildirib. O, dövlət ittihamçısı Rauf Malışova qarşı böhtan iddiası ilə məhkəməyə müraciət edəcəyini deyib. Hakim isə bunun texniki səhv olduğunu deməklə kifayətlənib.
Növbəti proses 5 yanvar saat 10:00-a təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV
