
Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hazırda həbsdə olan siyasi məhbus Anar Məmmədlinin ilk həbsindən 12 il ötür.
Anar Məmmədli ilk dəfə 16 dekabr 2013-cü ildə saxlanılaraq həbs olunub. Həmin dövrdə SMDT 9 oktyabr 2013-cü il prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlamış, bərabər rəqabət imkanlarının təmin olunmadığını, seçkinin milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirildiyini və azad-demokratik xarakter daşımadığını bəyan etmişdi. İlkin rəyin açıqlanmasından təxminən iki həftə sonra, 27 oktyabr 2013-cü ildə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində SMDT və onun tərəfdaşı olan Könüllülərin Beynəlxalq Həmrəyliyi Birliyi barəsində cinayət işi açılıb. İstintaq çərçivəsində SMDT-nin ofisində axtarış aparılıb, sənədlər və texniki daşıyıcılar götürülüb. Təxminən ay yarım davam edən istintaqdan sonra Anar Məmmədli saxlanılaraq barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
2014-cü il 26 may tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi maddələr üzrə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. 10 dekabr 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, 26 avqust 2015-ci ildə isə Ali Məhkəmə yekun instansiya olaraq qərarı dəyişmədən qüvvədə saxlayıb. Anar Məmmədli 17 mart 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həmin müddətdə həbsdə olarkən Avropa Şurası Parlament Assambleyası tərəfindən Vatslav Havel İnsan Hüquqları Mükafatına layiq görülüb.
Bu iş ilə bağlı 19 aprel 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədli Azərbaycana qarşı” qərarını elan edib. AİHM Anar Məmmədlinin 2013-cü il həbsi ilə bağlı Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci və 4-cü bəndlərinin, həmçinin 18-ci maddənin 5-ci maddə ilə birlikdə pozulduğunu müəyyən etdi. Məhkəmə göstərib ki, Məmmədliyə qarşı açılan cinayət işi və həbs cinayət təqibinin qanuni məqsədlərindən kənar məqsədlə, onu seçki monitorinqi fəaliyyəti və ictimai-siyasi fəallığına görə susdurmaq və cəzalandırmaq niyyəti ilə tətbiq olunub. Qərar 19 iyul 2018-ci ildə qüvvəyə mindi və Azərbaycan dövləti qarşısında təkcə fərdi və ümumi tədbirlərin görülməsi öhdəliyini yaratdı.
Lakin qərarın icrası illərdir Avropa Şurası Nazirlər Komitəsinin gücləndirilmiş nəzarəti (“enhanced procedure”) altında qalır. Vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq hüquq şəbəkələri dəfələrlə Rule 9.2 mexanizmi ilə təqdimatlar göndərərək Anar Məmmədlinin üzərindən məhkumluğun götürülmədiyini, ona bəraət verilmədiyini və siyasi motivli həbslərin təkrarlanmasının qarşısını alan institusional tədbirlərin görülmədiyini vurğulayıblar. Nazirlər Komitəsinin 2019-cu ildən bəri apardığı müzakirələrdə də qeyd olunur ki, “Məmmədli qrupu” işlərində cinayət hüququndan siyasi məqsədlərlə sui-istifadə elementləri mövcuddur və tam icra yalnız məhkumluqların ləğvi, onların hüquqi nəticələrinin aradan qaldırılması və QHT-lərin qeydiyyat probleminin həlli kimi real addımlarla mümkündür.
AİHM qərarının icra edilməməsi fonunda Anar Məmmədlinin 29 aprel 2024-cü ildə yenidən saxlanılması hüquqi baxımdan “təkrarlanan siyasi risk” problemini daha kəskin gündəmə gətirib. Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları onun özünün və valideynlərinin yaşadığı ünvanlarda axtarış aparıb, şəxsi telefon və kompüterləri götürüblər. Ertəsi gün, 30 aprel 2024-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə Anar Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Müdafiə tərəfi həbs-qətimkan tədbirinin Cinayət Prosessual Məcəlləsinin 155-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmadığını, qaçma və ya istintaqa mane olma risklərinin konkret faktlarla sübut edilmədiyini əsaslandırıb.
İstintaqın gedişatında Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi (qanunsuz sahibkarlıq-xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2-ci maddələri (cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlakın leqallaşdırılması-mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; xeyli miqdarda törədildikdə), 206.4-cü maddəsi (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1-ci maddəsi (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma-külli miqdarda törədildikdə), habelə 320.1-ci və 320.2-ci maddəsi (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə-Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) üzrə ittihamlar irəli sürülüb.
Anar Məmmədli bu həbsi siyasi motivli adlandıraraq onu 7 fevral 2024-cü il prezident seçkiləri ilə bağlı SMDT-nin tənqidi mövqeyi, habelə Bakıda BMT-nin iqlim toplantısı COP29 ərəfəsində başladılan “Ədalətli mühit” İnsan Hüquqları Kampaniyasının təşəbbüskarlarından biri olması ilə əlaqələndirdi. 2025-ci ilin aprelində Anar Məmmədliyə qarşı ittihamlar genişləndirildi. İlkin “qaçaqmalçılıq” ittihamına əlavə olaraq ona “qanunsuz sahibkarlıq”, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” və “vergidən yayınma” ittihamları elan olundu. Müdafiə tərəfinin mövqeyinə görə, ittihamların bu şəkildə ağırlaşdırılması ictimai rəydə işi “kriminal” çərçivəyə salmaqla yanaşı, təcridin uzadılması üçün də mexanizm rolunu oynayır. Müdafiə həmçinin vurğulayıb ki, dövlətin AİHM qərarlarının icrası üzrə öhdəlikləri yerinə yetirmədiyi halda, həmin icrasızlığın nəticələrinin hazırkı işdə Anar Məmmədlinin əleyhinə “hüquqi fakt” kimi təqdim edilməsi yolverilməzdir.
Məhz bu məntiqin daha bir görünən tərəfi SMDT-nin hüquqi statusu ilə bağlıdır. Müdafiə tərəfi diqqəti AİHM-in 12 yanvar 2023-cü il tarixli qərarına yönəldib: həmin qərarda Məhkəmə təşkilatın dövlət qeydiyyatına alınmamasının əsassız və qanunsuz olduğunu, bunun isə Avropa Konvensiyasının 11-ci maddəsinin, birləşmək azadlığının pozuntusu olduğunu müəyyən edib. Vurğulanıb ki, dövlət bu pozuntunu aradan qaldırmaq əvəzinə, SMDT-nin bu günə qədər qeydiyyatsız qalmasını hazırkı ittihamın əsaslandırılmasında istifadə edir. Bu isə hüquqi baxımdan məntiqsizdir, dövlətin özünün yaratdığı “qeydiyyatsızlıq” vəziyyəti həmin təşkilatın rəhbərinə qarşı cinayət təqibinin alətinə çevrilir.
Bu iş üzrə məhkəmə prosesi 26 may 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb və hazırda davam edir. Müdafiə tərəfi proses boyunca həbs-qətimkan tədbirinin dəyişdirilməsi, sübutların qanuniliyinin yoxlanılması, Ali Məhkəməyə AİHM qərarı ilə bağlı sorğu göndərilməsi, habelə AİHM-in 2018-ci il qərarının və onun icrasız qalmasının bu işə hüquqi təsirinin qiymətləndirilməsi ilə bağlı vəsatətlər qaldırıb. Lakin indiyədək məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib.
Bu müddət ərzində Anar Məmmədlinin həbs-qətimkan tədbirinin müddəti dəfələrlə uzadılıb, vəkillər tərəfindən verilmiş bir sıra vəsatətlər rədd edilib, Məmmədli təxminən 20 dəfə məhkəmə qarşısına çıxarılıb.
Anar Məmmədlinin həbsi də beynəlxalq insan hüquqları və vətəndaş cəmiyyəti qurumları tərəfindən ardıcıl və prinsipial şəkildə tənqid olunub. Amnesty International, Human Rights Watch, Human Rights House Foundation, Front Line Defenders, Friedrich Naumann Foundation və digər bir sıra beynəlxalq təşkilatlar yaydıqları bəyanatlarda Anar Məmmədliyə qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirərək onun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb ediblər. Həmin qurumlar vurğulayıblar ki, cinayət təqibi Anar Məmmədlinin insan haqları müdafiəçisi və seçki monitorinqi üzrə fəaliyyəti ilə birbaşa bağlıdır, istintaq qərəzsiz aparılmır, məhkəmələr isə müstəqil və obyektiv nəzarət funksiyasını yerinə yetirmir. Onların qiymətləndirməsinə görə, Anar Məmmədlinin işi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı sistemli repressiyanın, AİHM qərarlarının icrasız qalmasının və ifadə azadlığının boğulmasının tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Anar Məmmədlinin həbsi artıq bir hüquq müdafiəçisinin fərdi taleyi çərçivəsini aşaraq, Azərbaycanda AİHM qərarlarının real icra vəziyyətini, siyasi motivli təqiblərin təkrarlanma riskini və vətəndaş cəmiyyətinə münasibətdə cinayət hüququ alətlərinin repressiv şəkildə, ciddi maddi və prosessual pozuntularla vəhdətdə tətbiq olunduğunu göstərən presedentə çevrilib.
Full link to the text in English