BMT-nin İnsan Hüquqları Şurasının dinc toplaşmaq və birləşmək azadlığı hüquqları üzrə xüsusi məruzəçisi Gina Romero həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri, hüquq müdafiəçisi Anar Məmmədli ilə bağlı Azərbaycan Baş prokuroruna məktub ünvanladığını bildirib.
Məruzəçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Romero yazıb ki, oktyabrın 23-də Baş prokurora göndərdiyi məktubda Anar Məmmədliyə qarşı davam edən cinayət təqibi, istintaq təcridxanasında saxlanmanın uzadılması və “həddindən artıq ağır” cinayət ittihamları ilə bağlı narahatlığını ifadə edib.
Məruzəçinin paylaşımında vurğulanıb ki, o, Anar Məmmədlinin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı iddia edilən hallardan və onun kifayət qədər tibbi yardım alma imkanının məhdudlaşdırılmasından “dərin narahatdır”:
“Cənab Məmmədlinin ədalətli məhkəmə hüquqlarının pozulması və adekvat tibbi yardıma çıxışının inkar edilməsi ilə bağlı iddialar məni ciddi narahat edir. Hər şey onu göstərir ki, məqsəd onun seçki monitorinqi və insan hüquqları fəaliyyəti səbəbilə cəzalandırılması və susdurulmasıdır”.
Gina Romero həmçinin qeyd edib ki, Anar Məmmədlinin hazırkı təqibi ilə onun 2013-cü il cinayət işi arasında “gözə çarpan oxşarlıq” var. Məruzəçi xatırladıb ki, həmin iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq pozuntuları müəyyən edib.
Məruzəçinin sözlərinə görə, Anar Məmmədli ilə bağlı cinayət təqibi daha geniş bir tendensiyanın – azadlıqların məhdudlaşdırılması istiqamətində davam edən xəttin bir hissəsi təsiri bağışlayır:
“Anar Məmmədliyə qarşı cinayət təqibi azadlıqların məhdudlaşdırılması istiqamətində davam edən tendensiyanın tərkib hissəsi kimi görünür”.
Romero məktubunda Baş prokuroru Azərbaycanın Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (ICCPR) çərçivəsində hüquqi öhdəliklərinə “tam əməl etməyə” çağırdığını bildirib. Məruzəçi yazıb ki, Anar Məmmədli legitim insan hüquqları və seçki monitorinqi fəaliyyəti səbəbilə “qisas məqsədilə” cəzalandırılmamalı və özbaşına həbsdə saxlanmamalıdır.
Məruzəçinin paylaşımında tələblər ayrıca qeyd olunub:
“Baş prokuroru Anar Məmmədlinin istintaq təcridxanasından təcili şəkildə azad edilməsini, dərhal tibbi müalicəyə çıxışının təmin olunmasını, vətəndaş cəmiyyəti fəaliyyəti ilə bağlı bütün cinayət ittihamlarının geri götürülməsini, eləcə də səmərəli hüquqi müdafiə və kompensasiyanın təmin edilməsini tələb etməyə çağırdım”.
Romero əlavə edib ki, beynəlxalq standartlara əsasən, QHT-lər (qeydiyyatlı və qeydiyyatsız) resurslara, o cümlədən xaricdən maliyyə və digər resurslara çıxış və onları idarə etmək hüququna malikdir və bu fəaliyyət kriminal təqib üçün əsas olmamalıdır.
Məruzəçi vurğulayıb ki, vətəndaş cəmiyyəti seçkilər kontekstində – seçki pozuntularının monitorinqi və sənədləşdirilməsi daxil olmaqla legitim fəaliyyətini qorxudulma, təzyiq, qisas və əsassız məhdudiyyətlər olmadan həyata keçirməlidir:
“Vətəndaş cəmiyyəti kriminallaşdırılmamalı, əksinə seçkilər kontekstində, o cümlədən seçki pozuntularını və sui-istifadə hallarını izləmək və hesabatlandırmaq kimi legitim işini qorxutma, qisas, təzyiq və əsassız məhdudiyyətlər olmadan görməsi üçün imkanlar yaradılmalıdır”.
Anar Məmmədli 2024-cü il 29 apreldə saxlanılıb.
Hüquq müdafiəçisinə ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham verilib, sonradan isə digər maliyyə cinayətləri üzrə əlavə maddələr irəli sürülüb.
BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının saytında 2025-ci ilin mayında yayımlanan açıqlamada da Anar Məmmədlinin saxlanması, məhkəmə prosesləri və əvvəlki AİHM qərarının icrası ilə bağlı narahatlıqlar qeyd olunub.
AbzasMedia
