
Anar Məmmədli
Dekabrn 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən proses şahidlərin dinlənilməsi ilə davam edib.
Növbəti proses 5 yanvar 2026-cı il, saat 14:00-a təyin olunub.
Xatırlatma
Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.
Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.
Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.
Azərbaycanlı rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.