İctimai fəal Vəfa Nağı atasına hücumla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

by Gozetci

Vəfa Nağı

 

İctimai fəal Vəfa Nağı atasına qarşı fiziki zokalılıq olduğunu bildirib. Fəal noyabrın 2-də “Facebook” səhifəsində yazıb ki, hadisə Neftçalanın Xolqaraqaşlı kəndində baş verib.

“Yemək yediyi yerdə bir nəfər onun üzərinə şığıyıb, başına vurub, üzünü cırıb, mənim adıma nalayiq söyüşlər söyüb. Atamı döyməsinin səbəbi də mən imişəm. İndi özünü çox pis hiss edir, başında şiddətli ağrılar var, nəfəs ala bilmir. Buradan aidiyyəti qurumlara səslənirəm: atama hücum edən hər kimdirsə, cəzalandırılsın!”, — fəal qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Vəfa Nağının paylaşımına şərh yazaraq hadisənin araşdırıldığını bildirib.

Vəfa Nağının sözlərinə görə, atasına hücum edən şəxs kənd sakini Əyyar Əzizovdur və o, bunu “qisas məqsədilə” edib:

“Əyyar Əzizov 2020-ci ildə kəndimizdə bir qızı odlu silahla hədələyib, saçından tutaraq aparmış, paltarını soyundurub fotolarını çəkmiş və kəndin gənclərinə göndərmişdi. Mən bu hadisəni ictimailəşdirdiyim üçün bu gün ailəmdən qisas alır. O, “pullu adam” olduğu üçün həmin ağır cinayətə görə cəmi üç il cəza almış və azadlığa çıxmışdı. Bu gün onun atama hücumu və mənə yönəlik söyüşləri zorakılığın və cəzasızlığın davam etdiyini göstərir”.

Fəal əlavə edib ki, hadisədən sonra polis əməkdaşları evlərinə gələrək atasından izahat alıblar.

Hazırda Almaniyada doktorantura təhsili alan Vəfa Nağı 2019-cu ildə Xolqaraqaşlı bələdiyyəsinə üzv seçilib. O, 2024-cü ildə keçirilən parlament seçkilərində də Neftçala rayonundan namizədliyini irəli sürüb, lakin Mərkəzi Seçki Komissiyası onun əsas rəqibi Tənzilə Rüstəmxanlını qalib elan edib.

AbzasMedia

You may also like