Məhkəmə Xədicə İsmayıla görə hökuməti 12 min avroluq cərimələdi

by Gozetci

Xədicə İsmayıl

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılın şikayəti əsasında Azərbaycan hökumətinin daha 12 min avro təzminat ödəməsinə qərar verib.

Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.

AİHM bundan öncə – bu il yanvarın 27-də Xədicə İsmayıla qarşı hüquq pozuntularına görə 16 min avro təzminat təyin etmişdi. Onda onun qanunsuz sahibkarlığa görə məhkum edilməsi ilə bağlı Konvensiyanın 7-ci (Qanunsuz cəzalandırılmamaq) maddəsinin pozuntusu tanınmışdı.

Bu dəfə isə məhkəmə jurnalistin Azərbaycandan çıxış hüququnun məhdudlaşdırılması barədə şikayətinə baxıb.

2016-cı ilin mayında Ali Məhkəmə Xədicə İsmayıl barəsindəki həbs cəzası hökmünü şərti cəza ilə əvəz etmişdi. Azərbaycan qanunvericiliyində isə şərti cəzaya məhkum edilmiş şəxslərin ölkədən çıxış hüququnun məhdudlaşdırılması nəzərdə tutulur.

Xədicə İsmayıl yerli məhkəməyə müraciət edərək bu qadağanın ləğv olunmasını xahiş edib. O qeyd edib ki, beynəlxalq konfranslara dəvətlər alır və belə tədbirlərdə iştirak araşdırmaçı-jurnalist kimi fəaliyyəti üçün vacibdir. Bundan əlavə, o, cərrahi əməliyyatla bağlı anasını Türkiyədə müşayiət etmək üçün icazə istəyərək tibbi sənədlər təqdim edib.

Lakin müdafiə tərəfinin açıqlamasına görə, yerli məhkəmələr müraciəti rədd edib. Vurğulanıb ki, ona Azərbaycandan çıxmağa icazə verilməsi hakimiyyət orqanlarının sınaq müddəti ərzində onun davranışına nəzarət etmək imkanlarını məhdudlaşdıra və islahına mane ola bilər. Bundan əlavə, məhkəmə bildirib ki, ərizəçinin ölkəyə qayıdacağına dair heç bir təminat yoxdur.

Fariz Namazlının bildirməsinə görə, AİHM işə baxaraq bu qənaətə gəlib ki, şəxsin cinayət məsuliyyətinə cəlb olunması və hələ reabilitasiya edilməməsi onun ölkəni tərk etmək azadlığına məhdudiyyət qoyulmasını əsaslandırmaq üçün kifayət deyil.

Qərarda göstərilir ki, sözügedən işdə yerli məhkəmələr ərizəçinin xaricə səfər etmək hüququna qoyulmuş məhdudiyyətin proporsionallığını lazımi şəkildə qiymətləndirməyib və buna dair əsaslandırma təqdim etməyiblər.

Buna görə də, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı protokolunun 2-ci (hərəkət etmək azadlığı) maddəsinin pozuntusunu tanıyıb. Azərbaycan hökumətinin jurnalistə maddi və mənəvi zərərə görə 10 min, hüquqi xərclərə görə isə 2 min avro təzminat ödəməsinə qərar verib.

Azadlıq qəzeti

You may also like