Apellyasiya Məhkəməsi Azər Qasımlının vəsatətlərini təmin etməyib

by Gozetci

Azər Qasımlı

 

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə baxış iclası keçirilib.

Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatətlər veriblər.

Vəkil Rövşanə Rəhimli müvəkkilinin vəkillərin yanında əyləşməsinə icazə verilməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

Vəkil həm də prosesin məhkəmə istintaqı davam etdirilməklə aparılması barədə vəsatət verib. O, istintaq dövründə müdafiə tərəfinin araşdırılmasını tələb etdiyi sübutlara məhkəmənin qiymət verməsini istəyib.

Rövşanə Rəhimli daha sonra Azər Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın məhkəmədə dindirilməsi haqqında vəsatət verib. O bildirib ki, siyasətçiyə qarşı ittihamın tam ifşa olunmasına məhz Fərhbanu Yusifova kömək edə bilər.

Fərəhbanu Yusifovanın dindirilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsi qərar versə də, polis onun tapılmadığını iddia etmişdi. Müdafiə tərəfi onun dindirilməsinin vacibliyini belə əsaslandırırdı ki, Qurbanəli Yusifov istintaqa ifadəsində Azər Qasımlının onun ailəsini dağıtdığını iddia edib və buna Fərəhbanu Yusifova aydınlıq gətirə bilər.

Məhkəmə bu vəsatətləri təmin etməyib.

Azər Qasımlı martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il həbs cəzası alıb.

Azər Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.

O, ittihamı rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirirdi.

Cinayət işində iddia olunur ki, Azər Qasımlı ona borcu olan Qurbanəli Yusifov adlı şəxsdən borcunu almaq üçün onu oğlunu qaçırmaq və atasını öldürməklə hədələyib.

Toplum TV 

You may also like