“Bayırşəhər”lə bağlı paylaşım edən repçi Elşad Xose inzibati qaydada həbs edildiyi bildirilir

by Gozetci

Elşad Xose


“Qaynarinfo”nun yaydığı məlumata görə, Elşad Xose İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Həbsin səbəbi kimi repçinin Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində ünvan göstərmədən nalayiq ifadələr işlətməsi göstərilir.

Məlumatda qeyd olunur ki, Elşad Xose barəsində verilmiş qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət olunub. Repçi məhkəmədə ailəli olduğunu, ictimai xadim kimi tanındığını və müalicə aldığını bildirərək köməklik göstərilməsini xahiş edib. Ancaq apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Elşad Xose bir müddət əvvəl Yasamal rayonunun “Bayırşəhər” adlanan ərazisində videoçəkiliş apararaq orada həyata keçirilən söküntü işlərinə etirazını ifadə etmiş və görüntüləri sosial şəbəkə hesabında paylaşmışdı.

“Bakı 2040” baş planına əsasən, “Bayırşəhər” ərazisi xüsusi mühafizə zonasına daxil edilsə də, ərazidə söküntü işlərinin davam etdiyi bildirilir. Yerli sakinlər isə aylardır tarixi məhəllədə aparılan söküntülərə etiraz edirlər.

AbzasMedia 

You may also like