
Möhyəddin Orucov
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının (HİK) həbsdə olan üzvü Möhyəddin Orucova 13 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlər olduğu bildirilir.
Bu barədə Orucovun yaxınları məlumat yayıb.
Yaxınları deyir ki, Möhyəddin Orucov ailəsi ilə videozəng vasitəsilə danışarkən onlar ekrandan onun şəklini çəkib sosial şəbəkədə paylaşıblar. Müəssisənin rəhbərliyinin də Orucovu şəklin paylaşılmasına görə tənbeh etdiyi deyilir:
“Möhyəddin Orucov bundan xəbərsiz olduğunu deyib. Bundan sonra rəhbərlik digər dustaqlara görüntülü danışıq qadağası qoyub və bildirilib ki, bunu Möhyəddinə görə edirlər”.
Yaxınları hesab edirlər ki, rəhbərlik bu addımı ilə dustaqları Möhyəddin Orucova qarşı qaldırır və bunun ağır nəticələri ola bilər.
Müdafiə tərəfinin məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdiyi bildirilir. Hələlik, bütün bu deyilənlərə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb. Amma qurumdan oxşar şikayətlərlə bağlı, bir qayda olaraq, deyirlər ki, məhkumlarla qanun çərçivəsində davranırlar və heç kimə ayrıseçkilik göstərilmir.
AzadlıqRadiosu