Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Müsəlman Birliyi” Hərəkatının üzvünə hökm oxunub

by Gozetci 19:29, 28 Oktyabr 2024
written by Gozetci

Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının üzvü Həsən Abbaszadəyə hökm oxunub. O, üç il müddətinə azadlıqdan məhrum edilib.

“Müsəlman Birliyi” Hərəkatının yaydığı məlumatda qeyd olunur ki, məhkəmədə Həsən Abbaszadə barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb:

“Prosesdə şahidlərin dindirilməsindən sonra son qərar elan edilib. Hakim ittihama uyğun sübutların olmaması səbəbindən CM-nin 234.4.3-cü maddəsini CM-nin 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Həsən Abbaszadəni 3 il müddətinə azadlıqdan məhrum edib”.

Onun vəkili Zibeydə Sadıqova bildirib ki, Abbaszadə təzyiq altında ifadə verib və məhkəmədə bu ifadələrdən imtina edib.

Vəkilin sözlərinə görə, istintaq zamanı bir neçə prosessual-hüquqi tələblər də pozulub.

“İddia edilən “narkotik maddənin əldə edildiyi və satıldığı” iddia edilən yerlərdə kameralardan qeydlərə baxılmayıb. Saxlanmadan sonra 2 saat ərzində onun üzərində axtarış aparılmayb, onun seçdiyi vəkil dəvət edilməyib, evində axtarış aparılmayıb” – deyə, Sadıqova bildirib.

Vəkil hökmdən apellyasiya şikayəti verəcəklərini deyib:

“Lazım gələrsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”.

Həsən Abbaszadə 2023-cü ilin sentyabrda Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində bir neçə nəfər mülki geyimli şəxs tərəfindən saxlanılıb.

Həbdən əvvəl Abbaszadə video yayaraq, ittiham olunduğu cinayətlərdə özünün təqsirsiz olduğunu bildirib.

Azərbaycan hökuməti isə ölkədə insanların əqidəsinə, inancına görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı siyasi məhbusların olduğuna dair iddiaları da qəbul etmir.

Amerikanın Səsi 

19:29, 28 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalını həbsdə saxlayıb

by Gozetci 13:24, 28 Oktyabr 2024
written by Gozetci

Tehran Abdullayev

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Tehran Abdullayevin narkotik maddə istifadəsi ilə bağlı inzibati həbsini qüvvədə saxlayıb.

Abdullayevin həbsindən şikayətə ötən həftənin sonu Bakı Apellyasiya Məhkəməsində baxılıb, vəkil Nemət Kərimli Turan-a bildirib.

Polisin məlumatına görə, Abdullayev küçədə özünü “qəribə” aparıb, ona görə də narkotik maddədən istifadə şübhəsilə onu saxlayıblar.  Guya müayinədən sonra fəalın narkotik maddədən istifadə etməsi təsdiqlənib, buna görə də onu məhkəməyə veriblər, o da 20 gün həbs cəzası təyin edib, vəkil qeyd edib.

Lakin Abdullayev ittihamı rədd edib. “Tehran Abdullayev dedi ki, əslində onu tikinti materialları mağazasında saxlayıblar. Narkotik maddənin necə olduğunu belə bilmir və bundan uzaqdır. Abdullayev dedi ki, bir neçə gün onu hansı ittihamla həbs etdiklərini bilməyib. Abdullayev öz həbsini Xalq Cəbhəsi Partiyasına üzvlüyü və siyasi fəaliyyətilə əlaqələndirib”, – Kərimli deyib.

Müdafiə tərəfi inzibati işin dayandırılmasını və ya ən azı cəzanın 10 günə endirilməsini və  bu müddətin bitməsilə əlaqədar onun azad edilməsini istəyib.

Lakin məhkəmə həbs barədə qərarı qüvvədə saxlayıb.

*Oktyabrın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Tehran Abdullayev narkotik maddədən istifadə ittihamı ilə inzibati qaydada 20 sutka həbs edilib. O,  ittihamı rədd edib və həbsini siyasi fəaliyyətilə əlaqələndirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasında da Tehran Abdullayevin təqib edilməsinin siyasi motivli olduğunu bildiriblər.

Turan 

13:24, 28 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

20 gün əvvəl azadlığa buraxılan MBH üzvü yenidən saxlanılıb

by Gozetci 18:16, 27 Oktyabr 2024
written by Gozetci

Əhsən Nuruzadə

Müsəlman Birliyi Hərəkatının üzvü, 7 il həbsdə saxlandıqdan sonra 20 gün əvvəl azadlığa buraxılan Əhsən Nuruzadə yenidən saxlanılıb. Bu barədə Turana  Müsəlman Birliyi Hərəkatından verilən məlumatda bildirilir ki, dini inanclı fəal oktyabrın 26-da qızının gözü qarşısında saxlanılaraq aparılıb. Onun hansı səbəbdən saxlanması, hara aparılması haqda yaxınlarına heç bir məlumat verilməyib.

DİN-dən şərh almaq mümkün olmayıb.

Nuruzadə 2017-ci ildə inzibati qaydada iki dəfə həbs edilib, həmin ilin oktyabrında isə ona qarşı qanunsuz narkotik dövriyyəsi ittihamı irəli sürülüb və o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

Turan 

18:16, 27 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Həbsxanada 136 gündür aclıq edən Fazil Qasımovun ürəyində kəskin ağrılar başladığı bildirilir

by Gozetci 19:26, 26 Oktyabr 2024
written by Gozetci

Fazil Qasımov

Həbsxanada 136 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun səhhəti ağır olaraq qalır.

Fazil Qasımovun ailəsindən Amerikanın Səsinə deyiblər ki, oktyabrın 25-də onunla hazırda saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəsində görüşləri olub.

“Görüşümüz nəzarət altında keçirildi. Fazilin səhhəti çox ağırdır. Dedi ki, ürəyinin ağrısından gecələr yata bilmir. Hədsiz dərəcədə çox çəki itirib. İmmuniteti çox aşağı düşüb. Biz onun hər an komaya düşəcəytindən narahatıq. Artıq Fazili sifətdən tanımaq belə mümkün deyil. Sanki quru qəfəsi qalıb”, ailə üzvü Amerikanın Səsinə deyib.

Xatırladaq ki, 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, Qasımov əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Lakin o həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Növbəti məhkəmə iclası oktyabrın 31-də keçiriləcək.

Amerikanın Səsi

19:26, 26 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşüb

by Gozetci 09:19, 26 Oktyabr 2024
written by Gozetci

Mark Libbi və Qubad İbadoğlu (Mənbə: ABŞ səfirliyi)

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi oktyabrın 25-də iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə görüşüb və onun səhhəti ilə bağlı narahatlığını bildirib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Birləşmiş Ştatlar Azərbaycanı beynəlxalq insan haqları öhdəliklərinə əməl etməyə, doktor İbadoğluna qoyulan məhdudiyyətləri aradan qaldırmağa və haqsız yerə həbs edilənlərin hamısını azad etməyə çağırır”, səfirliyin məlumatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə isə “X” platformasında görüşlə bağlı yazıb ki, ABŞ-nın daxili işlərə, istintaq prosesinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə etmək və təhrif etmək hüququ yoxdur.

O, Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.

“Eyni zamanda, ABŞ-də olduğu kimi, cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrıseçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər”, Ayxan Hacızadə qeyd edib.

Ayxan Hacızadə hesab edir ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına salır.

Görüş COP-29 konfransı ərəfəsində beynəlxalq miqyasda Azərbaycanda insan hüquqlarının çətin durumu ilə bağlı tənqidlərin yer aldığı vaxta təsadüf edir.

Bu, ABŞ səfirinin Qubad İbadoğlu ilə ikinci görüşüdür. Səfir Mark Libbi bundan öncə Qubad İbadoğlu ev dustaqlığına buraxılandan sonra mayın 10-da onunla görüşüb.

Azərbaycan hökuməti ölkədə insanların iradəsinə görə təqib edilmədiyini bildirir. Hökumət rəsmiləri beynəlxalq və yerli tənqidləri qəbul etmir, fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Bununla yanaşı yerlı hüquq müdafiəçiləri Azərbaycanda 314 nəfəri siyasi məhbus kimi tanıyır.

ABŞ Dövlət Departamenti, həmçinin Dövlət katibi Antoni Blinken Azərbaycanı haqsız yerə həbsdə olan şəxsləri azad etməyə çağırıb.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib.

İbadoğlunun özü də xaricdə müayinə, müalicə və əməliyyat üçün tibbi məqsədlərlə ölkədən qısa müddətli çıxış üçün iki dəfə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti qəbul etməyib. Nərimanov Rayon Məhkəməsinin hər iki imtina qərarından apellyasiya şikayəti verilsə də təmin olunmayıb.

Amerikanın Səsi 

09:19, 26 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Sevinc Sadıqova: Həkim 35 gündür aclıq edən Əfqan Sadıqovun hər an komaya düşə biləcəyini dedi

by Gozetci 21:32, 25 Oktyabr 2024
written by Gozetci

Əfqan Sadıqov

Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində üç ay həbs qətimkan tədbiri seçilmiş azərbaycanlı jurnalist Əfqan Sadıqovun səhhəti ağır olaraq qalır. O 35 gündür aclıq edir. Həkim jurnalistin hər an komaya düşə biləcəyini bildirib.

Bu barədə Amerikanın Səsinə oktyabrın 24-də onunla Gürcüstan Penitensiar Xidmətinin Tibb müəssisəsində görüşündən sonra həyat yoldaşı Sevinc Sadıqova bildirib.

“Əfqanla saxlanıldığı təcridxananın xəstəxanasında görüşdük. O artıq yeriyə bilmir, görüşə əlil arabasında gətirmişdilər. Əvvəlki görüşlərimizdən fəqli olaraq bu dəfə görüşümüz üçün bir saat vaxt qoydular. Bizim danışığımıza müəssisənin əməkdaşları nəzarət edirdi. Orada mənim Əfqanla danışığım barədə qeydlərimin nədən ibarət olduğunu soruşurdular. Görüşümüz şüşə arakəsmənin arxasında keçirilirdi. Əməkdaşlar bir neçə dəfə şüşə arakəsmənin Əfqan olan tərəfinə baş çəkdilər”, o qeyd edib.

Sadıqova bildirib ki, onunla Tibb müəssisəsinin həkimi və psixoloqu da görüşüb.

“Mənimlə görüşənlərdən biri ümumi həkim olduğunu, digəri psixoloq olduğunu dedi. Həkim bildirdi ki, son gündə Əfqandan analizlər götürülüb, onun vəziyyəti çox ağırdır. Böyrəyində ciddi problem var, şəkəri çox aşağıdır. Dedi ki, şəkərin aşağı olması ilə o komaya düşə bilər. Təzyiqi də çox aşağıdır, sürətlə çəki itirir. Həkim həyəcanla məndən xahiş etdi ki, Əfqandan müəyyən vasitələri qəbul etməsini xahiş edim. O nəsə qəbul etməsə hər an həyatını itirə bilər. Daha sonra psixoloq dedi ki, uşaqlarımın yanında Əfqanın səhhətindəki problemlərlə bağlı daha detallı danışa bilmirlər”, o qeyd edib.

Sevinc Sadıqova bildirib ki, onun və övladlarının yalvarışına baxmayaraq Əfqan aclığı dayandırmaq istəmir.

“O dedi ki, sonu ölüm olsa da ədalət bərpa edilənədək aclığı davam etdirəcək”.

Əfqan Sadıqov həyat yoldaşına deyib ki, ötən həftə həbsxana əməkdaşı hamam otağında ona yemək üçün sendvic təklif edib.

“O dedi ki, Tibb müəssisəsində yalnız hamam otağında nəzarət kamerası yoxdur. Həbsxana əməkdaşı nümayişkəranə şəkildə kameraların qarşısında əlində sendvic tutaraq onun olduğu hamam otağına daxil olub. Əfqan yeməkdən imtina etdikdən sonra sendvici hamamda zibil qabına ataraq kooridordakı kameraların qarşısına əli boş çıxıb. Bununla nə demək istədikləri, həbsxana əməkdaşını kimlərin yönləndirdiyi ona məlum deyil”, Sadıqova həyat yoldaşına istinadən Amerikanın Səsinə deyib.

Gürcüstan həbsxanasında sentyabrın 21-dən aclıq edən jurnalist Əfqan Sadıqovun səhhəti kəskin pisləşdiyindən oktyabrın 14-də bu ölkənin Penitensiar Xidmətinin Tibb müəssisəsinə köçürülüb.

Bundan öncə, jurnalistin hüquqlarını müdafiə edən “Gürcüstanın Hüquqları” təşkilatı Əfqan Sadıqovun səhhətinin daha da pisləşməsinin qarşısını almaq üçün müvafiq tibb müəssisəsinə köçürülməsi üçün cəzaçəkmə müəssisəsinə müraciət edib.

Əfqan Sadıqov 2024-cü il sentyabrın 16-da Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin ona Gürcüstanda beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən sonra sentyabrın 21-də aclıq aksiyasına başlayıb.

Oktyabrın 16-da Gürcüstan Sosial Ədalət Mərkəzinin hüquqşünası, vəkil Keti Çutlaşvili Gürcüstanda Əfqan Sadıqova bu ölkənin Miqrasiya Departamentinin beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən məhkəməyə şikayət verib.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.

İyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.

Avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.

Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.

İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə – “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.

Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq 3 aylıq ekstradisiya həbsi qərarı verib.

Avqustun 8-də “Gürcüstanın Hüquqları” təşkilatının vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək, Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.

Avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

21:32, 25 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib

by Gozetci 09:52, 25 Oktyabr 2024
written by Gozetci

Avropa Parlamenti oktyabrın 24-də Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.

Parlament qətnaməsində BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransı (COP29) ərəfəsində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib.

“[Avropa Parlamenti] Azərbaycan hakimiyyətini siyasi baxışlarına görə özbaşına həbs edilmiş bütün şəxsləri azad, bütün siyasi motivli ittihamları ləğv etməyə və həm Azərbaycan daxilində, həm də onun hüdudlarından kənarda repressiyaların bütün formalarını dayandırmağa çağırır”, qətnamədə qeyd edilir.

Avropa Parlamenti hesab edir ki, Azərbaycanda davam edən insan hüquqları pozuntuları ölkənin COP29-a ev sahibliyi etməsi ilə bir araya sığmır və bunu nəzərə alaraq Aİ liderlərini, xüsusən də Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni konfransdan istifadə edərək Azərbaycana beynəlxalq öhdəliklərini xatırlatmaq və Azərbaycan hakimiyyəti ilə təmaslarında insan haqlarının vəziyyətinə toxunmağa çağırır.

Səsvermədə iştirak edən deputatlardan 453-ü qətnamənin lehinə, 31-i əleyhinə səs verib, 89 nəfər bitərəf qalıb.

Parlamentin Litvandan olan deputatı Rasa Yuknyaviçene səsvermədən sonra Amerikanın Səsinə deyib ki, mütləq çoxluğun qətnamənin lehinə səs verməsi Azərbaycan hakimiyyəti üçün xəbərdarlıq olmalıdır.

“Bu qətnamə Azərbaycan hakimiyyəti üçün bir növ mümkün həyəcan siqnalıdır ki, vəziyyət pisləşir və biz bu vəziyyəti izləyirik. Biz ilk dəfə Azərbaycandan Avropa İttifaqına qaz tədarükü ilə bağlı çox sərt mesaj verdik. Əlbəttə ki, bu, bizim tövsiyəmizdir, lakin biz insan hüquqlarının vəziyyəti izləməkdən, eləcə də həbsdə olan insanların hüquqlarını qorumaqdan əl çəkməyəcəyik”, Yuknyaviçene vurğulayıb.

Sənəddə hazırda həbsdə olan vətəndaş cəmiyyəti fəalları və jurnalistlərdən bir çoxunun, o cümlədən Tofiq Yaqublu, Akif Qurbanov, Bəxtiyar Hacıyev, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Ələsgər Məmmədli, Əziz Orucov, İlhamiz Quliyev, Anar Məmmədli, Fərid Mehralızadə, Bəhruz Səmədov, İqbal Əbilov, Emin İbrahimov, Famil Xəlilov və başqalarının adları çəkilir.

Avropalı deputatlar Azərbaycan hökumətindən ifadə və mətbuat azadlığını təmin etməyi tələb edir, müstəqil QHT-ləri və medianın fəaliyyətini qanundan kənara çıxarmağa xidmət edən repressiv qanunvericiliyi ləğv etməyə çağırır.

Bu ilin aprelində Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalarla bağlı qəbul edilən qətnamədə olduğu kimi Avropa Parlamenti bu dəfə də Avropa Komissiyasını Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığı dayandırmağa, Azərbaycanla hər hansı gələcək tərəfdaşlıq sazişini bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılması ilə şərtləndirilməsinə çağırıb.

Parlament həmçinin yenidən Qubad İbadoğlunun işinə toxunaraq ona qarşı ittihamlara xitam verilməsinə və səhayət qadağasının aradan qaldırılmasına, insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı sanksiyalar tətbiq edilməsinə çağırıb.

Bundan əlavə, qətnamədə Azərbaycan-Ermənistan münasibətlərinə də toxunulur, tərəflər arasında sülh danışıqlarının vacibliyi vurğulanır, Azərbaycan sülh sazişinin əldə edilməsi istiqamətində həqiqi səylər nümayiş etdirməyə çağırılır.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesindəki və danışıqlardakı irəliləyişi alqışlayan Avropa Parlamenti eyni zamanda Ermənistana qarşı hər hansı hərbi əməliyyatın Azərbaycanın Aİ ilə münasibətlərinə zərər verəcəyi barədə xəbərdarlıq edir.

Avropa Parlamentində oktyabrın 22-də baş tutan müzakirələrdə Avropa İttifaqı (Aİ) Azərbaycan hakimiyyətini əsassız yerə həbs edilənləri azad və beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırıb.

Rəsmi Brüssel adından çıxış edən Aİ Komissarı Nikolas Şmit COP29-un Azərbaycanın insan hüquqları öhdəliklərinə sadiqliyini nümayiş etdirməsi üçün fürsət olduğunu deyib.

“Bu, son bir ildə vətəndaş cəmiyyəti üçün məkanın daralması, müstəqil mediaya və müxalif səslərə qarşı repressiyaların güclənməsinə və özbaşına həbslərin sayının artmasına səbəb olan narahatedici tendensiyanı geri çevirmək üçün bir fürsətdir”, Şmit qeyd edib.

Rəsmi Bakı isə Nikolas Şmitin səsləndirdiyi bəyanatını “qəbuledilməz, əsassız və tamamilə qərəzli” adlandıraraq rədd etdiyini deyib, həbs edilən jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olmasını da təkzib edib.

“Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası kökündən yanlışdır”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Azərbaycan hökuməti Avropa Parlamentinin qətnaməsinə hələlik münasibət bildirməyib. Ancaq azərbaycanlı rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini iddia edirlər.

Beynəlxalq insan hüquqları təşkilatları isə Azərbaycanda insan hüquqları göstəricilərinin uzun illərdir pis olduğunu, hökumətin müntəzəm olaraq cəmiyyətdə mühüm ictimai nəzarət rolunu oynayanları, o cümlədən hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf aldığını vurğulayır.

Human Rights Watch (HRW) və Freedom Now yaydıqları son hesabatda Azərbaycanda COP29 ərəfəsində repressiyaların daha da kəskinləşdiyi qeyd edilir.

Amerikanın Səsi 

09:52, 25 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa İttifaqı Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırıb

by Gozetci 20:34, 24 Oktyabr 2024
written by Gozetci

Nikolas Şmit, Avropa İttifaqı komissarı

Avropa İttifaqı (Aİ) Azərbaycan hakimiyyətini əsassız yerə həbs edilənləri azad və beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırıb.

Noyabr ayında Bakıda keçiriləcək BMT İqlim Dəyişikliyi konfransı (COP29) ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti, son bir il ərzində jurnalistlərin və fəalların həbsləri Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasının gündəliyində olub.

Oktyabrın 22-də baş baş tutan müzakirələrdə Azərbaycan hakimiyyəti insan hüquqları pozuntularına görə tənqid edilib.

Rəsmi Brüssel adından çıxış edən Aİ Komissarı Nikolas Şmit COP29-un dünya liderlərini və iqlim fəallarını bir araya gətirməklə yanaşı, beynəlxalq ictimaiyyətin diqqətini ev sahibi ölkəyə yönəldəcəyini deyib.

Onun sözlərinə görə, COP29 Azərbaycanın insan hüquqları öhdəliklərinə sadiqliyini nümayiş etdirməsi üçün fürsətdir.

“Bu, son bir ildə vətəndaş cəmiyyəti üçün məkanın daralması, müstəqil mediaya və müxalif səslərə qarşı repressiyaların güclənməsinə və özbaşına həbslərin sayının artmasına səbəb olan narahatedici tendensiyanı geri çevirmək üçün bir fürsətdir”, Şmit deyib.

O, çıxışında Azərbaycanda jurnalistlərə və fəallara qarşı cinayət təqiblərinin, o cümlədən Qubad İbadoğlu, İlhamiz Quliyev, Bəxtiyar Hacıyev, Ələsgər Məmmədli, Anar Məmmədli və Bəhruz Səmədova qarşı işlərin xüsusi narahatlıq doğurduğunu bildirib.

“Bizim mövqeyimiz aydındır, Azərbaycan hökuməti öz fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs edilən bütün şəxsləri, o cümlədən jurnalistlər, hüquq müdafiəçiləri və siyasi fəalları azad etməlidir. İşgəncə və pis rəftar beynəlxalq hüquqla qəti şəkildə qadağan edilib və bu hallara dair istənilən məlumat dərhal və qərəzsiz şəkildə araşdırılmalıdır”, Kommisar vurğulayıb.

Azərbaycan hakimiyyətini Qubad İbadoğluna qarşı səyahət qadağasınıı aradan qaldırmağa çağıran Aİ kommisarı rəsmi Bakının Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərinə qoyulmuş səfər qadağasına da yenidən baxacağına ümid etdiyini bildirib.

Rəsmi Bakı isə Nikolas Şmitin səsləndirdiyi bəyanatını “qəbuledilməz, əsassız və tamamilə qərəzli” adlandıraraq rədd etdiyini deyib.

“Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Hacızadə həbs edilən jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olmasını da təkzib edib.

“Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası kökündən yanlışdır”, Hacızadə deyib.

Beynəlxalq insan hüquqları təşkilatları isə Azərbaycanda insan hüquqları göstəricilərinin uzun illərdir pis olduğunu, hökumətin müntəzəm olaraq cəmiyyətdə mühüm ictimai nəzarət rolunu oynayanları, o cümlədən hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf aldığını vurğulayır.

Human Rights Watch (HRW) və Freedom Now yaydıqları son hesabatda Azərbaycanda COP29 ərəfəsində repressiyaların daha da kəskinləşdiyi qeyd edilir.

Amerikanın Səsi 

20:34, 24 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa İnsan Haqları Məhkəməsi Seymur Həzi və digər işlər üzrə qərarlarını elan edib

by Gozetci 20:01, 24 Oktyabr 2024
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi oktyabrın 24-də Azərbaycandan göndərilmiş 17 ərizə üzrə 5 qərar və qərardadını elan edib.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, ərizələrin hamısında iddia olunan pozuntular tam və ya qismən tanınıb. Bir işdə hökumət iddia olunan pozuntuları etiraf edib.

Hüquqşünas deyir ki, Seymur Həziyev Azərbaycana qarşı məhkəmə işi jurnalist olan ərizəçinin xuliqanlığa görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.

Yerli məhkəmə ərizəçini (xuliqanlıq) maddəsi ilə təqsirli sayaraq, 5 il müddətinə azadlqıdan məhrum edib. Yuxarı məhkəmələr həmin hökmü dəyişməyib.

Barəsindəki bütün icraatların ədalətsiz və özbaşına olduğunu iddia edən ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququnun pozuntusunu mübahisələndirmişdi.

AİHM məhkəmə prosesinin ədalətsiz və özbaşına məzmun daşıması iddialarını qəbul edib, ərizəçinin Konvensiyanın 6-cı maddəsi ilə qorunan haqlarının pozulmasına qərar verib. Qərara əsasən, ərizəçiyə ümumilikdə 4600 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.

AİHM-in digər bir qərarı isə Hafiz Babalı və başqaları Azərbaycana qarşı iş üzrədir.

Bu məhkəmə işi ərizəçilərin ictimai toplantı keçirməsinə icazə verilməməsi, habelə, bununla bağlı məhkəməyə çıxış imkanlarının önlənməsi ilə bağlıdır.

Ərizəçilər AİHM qarşısında ədalətli məhkəmə araşdırması və toplaşmaq hüququnun pozuntusunu mübahisələndirmişdi. AİHM iddia edilən hər iki pozuntunu tanıyıb.

Qərara əsasən, ərizəçilərə (H.Babalı, Məmməd Əhmədov, Fəxrəddin Allahverdiyev, Cahangir İsmayılov, Vüqar İsmayılov) birlikdə 5 min 800 avro mənəvi zərər, 1500 avro xərc və məsrəf əvəzi ödənilməlidir.

Xalid Ağaliyevin sözlərinə görə, Hacıbaba Əzimov və başqaları Azərbaycana qarşı məhkəmə işi isə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi zamanı pozuntulara yol verilməsi ilə bağlı idi.

Qeyd olunan ərazilərdə əmlakı olan ərizəçilər sökülmə-köçürülmə prosesi zamanı onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edirdilər.

AİHM ərizəçilər H.Əzimov, Malik Əliyev, Famil Qasımov, Malik Musayev (1), Elşad Məlikzadə, Malik Musayev (2), Elnur Hüseynova münasibətdə mülkiyyət hüququnun pozuntusunu tanıyıb. Məhkəmə həmçinin barəsindəki daxili məhkəmə qərarlar icra edilməməsi səbəbindən Malik Musayevin hər iki işində ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib.

Məhkəmə bu işdə ədalətli əvəzin müəyyən edilməsi ilə bağlı qərar verməyə hazır olmadığını ifadə edib, tərəflərə razılaşma üçün 3 ay vaxt verib. Həmin müddət çərçivəsində razılaşma olmazsa, ədalətli əvəzin ödənilməsi ilə bağlı qərar veriləcək.

Ərizəçilər AİHM qarşısında ümumilikdə 2 milyon 101 min 602 manat, 1 milyon 715 min 829 avro məbləğində maddi, mənəvi, hüquqi xərclər və əldən çıxmış fayda əvəzi təzminat tələbi irəli sürüblər.

Ağayev və Zülfüqarzadə Şirkəti Azərbaycana qarşı üzrə isə AİHM bu işdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına qərar verib.

Ərizəçi məhkəmə qarşısında ümumilikdə 800 min avro məbləğində maddi və mənəvi zərər əvəzi tələb edib. Ədalətli əvəzin müəyyən edilməsi ilə bağlı qərar verməyə hazır olmayan məhkəmə tərəflərə razılaşma üçün 3 ay vaxt verib. Həmin müddət çərçivəsində razılaşma olmazsa, ədalətli əvəzin ödənilməsi ilə bağlı qərar veriləcək.

Ərizə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərizəçi şirkətin və iki fiziki şəxsin şərikli mülkiyyətində olan evin və onun altındakı və ona əlavə edilmiş torpaq sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsi iddiaları ilə bağlı idi.

Ərizəçiləri AİHM qarşısında vəkil Fuad Ağayev təmsil edib.

Namizəd Səfərov və başqaları Azərbaycana qarşı üzrə isə 7 ərizə birləşdirilib. AİHM-ə 2021-ci ildə təqdim edilmiş ərizələrdə ərizəçilər dinc toplantıların keçirilməsinə imkan verilməməsi və başqa məhdudiyyətlərin onların Konvemsiyanın 11-ci maddəsi ilə təminat altına alınan toplaşmaq hüququnu pozmasından şikayət etmişdilər. Ərizəçilər həmçinin iddia etdikləri pozuntulara qarşı effektiv müdafiə vasitələrinə malik olmadıqlarını mübahisələndirmişdilər.

AİHM bu işdə kommunikasiya zamanı hökumətin təqdim etdiyi təktərəfli bəyannaməni qəbul edib. Hökumət həmin bəyannamədə iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə ədalətli əvəz ödəmək öhdəliyi götürüb. Qərardada əsasən, ərizəçilərdən Aygül Cəfərova, Rəbiyyə Məmmədova və Gülnarə Mehdiyevaya birlikdə 1350 avro məbləğində mənəvi zərər, 225 avro məbləğində xərc və məsrəflər əvəzi ödənilməlidir.

Digər işlərdə ərizəçilərdən Vəfa Rüstəm, Rəbiyyə Məmmədova, Nurəddin Məmmədli, Eldəniz Quliyev, Rövşən Əhmədli və Namizəd Səfərovun hər birinə 1350 avro məbləğində mənəvi zərər, 225 avro xərc və məsrəf əvəzi ödənilməlidir.

Amerikanın Səsi 

20:01, 24 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Teymur Kərimovun işi üzrə məhkəmə prosesi davam edir

by Gozetci 20:56, 23 Oktyabr 2024
written by Gozetci

Teymur Kərimov

Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 11″ İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, məhkəmə tərkibinə etiraz edib.

Onun sözlərinə görə, məhkəmə tərkibinə etiraz etməsinin səbəbi, hüquqlarını müdafiə elədiyi jurnalistə qarşı qərəzlilik nümayiş etdirməsidir.

“Səbəb ondan ibarətdir ki, sentyabrın 21-də məhkəmə prosesinə sədrlik edən hakim iş üzrə zərəçəkmişi istiqamətləndirib. Həmin zərərçəkən isə vəkilin, konkret olaraq mənim suallarıma cavab verməkdən imtina edib.

Məhkəmə isə vəkilin bu etirazını təmin etməyib”.

Daha sonra vəkil jurnalist Teymur Kərimovun işgəncəyə məruz qalması ilə bağlı vəsatət qaldırıb.

“Teymur Kərimova işgəncə ilə bağlı müraciət olunmuşdur. Cinayət işinin başlanması rədd olunmuşdur. Lakin sonradan Nərimanov Rayon Məhkəməsi həmin qərarı ləğv etdi. Yenidən araşdırılması üçün Nərimanov Rayon Prokurorluğuna göndərdi. İndiyə qədər bu məsələ ilə bağlı bir xəbər yoxdur. Məhkəmə hesab etdi ki, araşdırmanın nəticələrini gözləmək lazımdır. Ona görə məhkəmə prosesi noybarın 4-dək təxirə salınıb”, vəkil əlavə edib.

Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.

Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.

Lakin Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır, ölkədə heç kimin siyasi baxışlarına və iradəsinə görə həbs olunmadığını bəyan edir.

Amerikanın Səsi 

20:56, 23 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia