Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

İşçi Masası kuryerlərə problem yaradan qanuna etiraz edir

by Gozetci 16:05, 01 Avqust 2023
written by Gozetci

Afiəddin Məmmədov deyir ki, qısa zamanda kuryerlərin probleminin həllini gözləyirlər

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qanunla bağlı bəyanat yayıb.

2022-ci il dekabrın 16-da Milli Məclisdə qəbul edilən “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, sürət həddi 50 km/saat-dan yuxarı olan motolar üçün qeydiyyat nişanı və sürücülük vəsiqəsi tələb olunur.

İşçi Masası bildirir ki, motosikl sürücülərinin qeydiyyat nişanı alması üçün gömrük bəyannaməsi lazımdır.

Problem odur ki, motosiklların satıldığı yerlər bununla bağlı müvafiq sənədi təqdim etmirlər:

“Motosikllar ölkəyə vergidən yayınmaq məqsədi ilə ehtiyyat hissəsi kimi gətirildiyi üçün satış məntəqələri, bu sənədin təqdimatından boyun qaçırırlar. Ölkədə baş verən korrupsiya özünü bu sahədə də göstərir. İndi motosiklları gətirən şirkətlərin vergidən yayınmasının, qanuna uyğun olmayan qazanc əldə etməsinin cəzasını, işsizlikdən əziyyət çəkən, özünün və ailəsinin dolanışığını təmin etməyə çalışan kuryerlər çəkir”.

Bəyanatda Azərbaycan Respublikası Parlamentindən və aidiyyatı digər qurumlardan, Kuryerlər Birliyi Həmkarlar İttifaqı olaraq məsələ ilə bağlı açıqlama və problemin tezliklə kuryer işçilərinin mənafeyinə uyğun olaraq həll edilməsi tələb edilir.

İşçi Masası HİK sədri Afiəddin Məmmədov Meydan TV-yə bildirib ki, məsələ ilə bağlı hüquqi çərçivədə bütün addımları atmağı düşünürlər.

Afiəddin Məmmədov (soldan ikinci)

Ən qısa zamanda kuryer işçilərinin probleminin həllini gözləyirlər:

“Hazırda İşçi Masasının nəzdində olan Kuryer Birliyi Həmkarlar İttifaqı məsələ ilə bağlı müzakirə aparır. Yekun qərarlarımızı yaxın zamanda ictimaiyyətə bildirəcəyik”.

İşçi Masası HİK 2022-ci il martin 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

Məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Meydan TV 

16:05, 01 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Qubad İbadoğlunu həbsdə saxlayıb

by Gozetci 13:47, 01 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

Avqustun 1-də Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlunun ev dustaqlığına köçürülməsilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.

Vəkil Zibeydə Sadıqova jurnalistlərə bildirib ki, müdafiə tərəfi İbadoğlunun xəstəliyini sübut edən  tibbi sənədləri məhkəməyə təqdim edib.

“O,  şəkərli diabetdən, hipertoniyadan əziyyət çəkir. Diabetin müalicəsi dərman qəbulu ilə yanaşı, xəstənin aktiv həyat tərzi keçirməsini, çox hərəkət etməsini tələb edir. Azadlıqda Qubad İbadoğlu idmanla məşğul olub, şəkəri normada saxlamaq üçün hər gün 5 kilometr piyada gedib. İstintaq Təcridxanasında bunun üçün şərait yoxdur. Bu səbəbdən həbs olunduqdan sonra qanda şəkəri və arterial təzyiq kəskin artıb”, – o deyib.

Bundan əlavə, İbadoğlu iqtisadçı- alim, professordur və həbs olunduğu üçün elmi fəaliyyətini dayandırmağa məcburdur.

“Məhkəmənin diqqətinə çatdırdıq ki, İbadoğlu ilk çağırışda istintaqa gəlməyə hazırdır. O, özü araşdırmanın tez bir zamanda aparılmasında və bəraət almaqda maraqlıdır, çünki ona qarşı ittihamların heç bir əsası yoxdur. Gizlənmək istəsəydi, ölkəyə qayıtmazdı”, – Sadıqova deyib.

Bununla belə, məhkəmə vəsatəti təmin etməyib. Vəkil qeyd edib ki, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

* Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu iyulun 23-də günorta saxlanılıb. Bazar ertəsi ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204 .3.1-ci maddəsilə (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ittiham irəli sürülüb. Bu maddə üzrə onu  8 ildən 12 ilədək həbs cəzası təhlükəsi gözləyir. İyulun 24-də məhkəmə istintaq müddətində onu 4 ay həbs edib. Hüquq-müdafiə təşkilatları İbadoğluya qarşı təqibləri pisləyiblər və onun azad olunmasını tələb ediblər.İyulun 28-də Apellyasiya Məhkəməsi İbadoğlunun həbsi barədə qərarı qüvvədə saxlayıb.

** Ötən ay İbadoğlu Milli Şuranın rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan diplomat Arif Məmmədovla birlikdə Azərbaycan gənclərinin təhsil fondunun yaradıldığını bildirib. Fond Londonda qeydiyyatdan keçib.

Qubad İbadoğlu xaricdəki azərbaycanlı məmurların əmlakının müsadirə edilməsi və həmin vəsaitlərin bu fonda köçürülməsi təşəbbüsü ilə çıxış edib.

Turan 

13:47, 01 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi son 6 ayda Azərbaycanla bağlı azı 60 qərar və qərardad qəbul edib

by Gozetci 13:30, 01 Avqust 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2023-cü ilin birinci yarısında Azərbaycanla bağlı azı 60 qərar və qərardad qəbul edib. Həmin qərar və qərardadlar ümumilikdə 180-dən artıq ərizə əsasında çıxarılıb.

Media Hüququ Qrupu-nin “AİHM – Azərbaycan, 2023: Yarımillik analiz”inə görə, yarım ilin göstəriciləri ümumilikdə 2022-ci ilin rəqəmlərindən xeyli çoxdur. Belə ki, AİHM 2022-ci il ərzində Azərbaycanla bağlı 170-dən artıq ərizə əsasında 55-dən artıq qərar və qərardad qəbul etmişdi.

Məhkəmə yarım il ərzində Azərbaycanla bağlı mahiyyəti üzrə 25 qərar elan edib. Həmin qərarların 24-də iddia olunan pozuntuların azı 1-i tanınıb. Yalnız bir işdə pozuntu müəyyən edilməyib. AİHM 2022-ci il ərzində Azərbaycanla bağlı ümumilikdə mahiyyəti üzrə 23 qərar qəbul etmiş, 22 qərarında azı bir hüquq pozuntusu tapmışdı.

AİHM 2023-cü ilin birinci yarısında Azərbaycanla bağlı işlərdə ən çox mülkiyyət hüququnun pozuntusunu tapıb. Məhkəmə 21 ərizəçiyə münasibətdə 1 Saylı Protokolun 1-ci maddəsinin, 14 ərizəçiyə münasibətdə ədalətli məhkəmə araşdırması, 8 ərizəçiyə münasibətdə isə toplaşmaq azadlığı hüququn pozuntusunu tanıyıb. Bunlardan başqa, Azərbaycan hökuməti 8 ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü və 13-cü, 20 ərizəçiyə münasibətdə 5-ci, 36 ərizəçiyə münasibətdə isə 6-cı maddələrinin pozuntusunu etiraf edib. Müqayisə üçün, AİHM Azərbaycanla bağlı qərarlarında həm 2021-ci, həm də 2022-ci illərdə ən çox azadlıq və toxunulmazlıq, işgəncəyə məruz qalmamaq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına qərar vermişdi.

2023-cü ilin birinci yarısında AİHM Azərbaycanla bağlı 35 qərardad qəbul edib. 135-dən çox ərizəni əhatə edən həmin qərardadlar tərəflərin dostca anlaşmalarına, hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır. Həmin qərardadların 10-u qəbuledilməzlik və digər əsaslarla bağlıdır. AİHM 2022-ci ildə Azərbaycandan göndərilmiş 91 ərizə üzrə eyni əsaslarla 33 qərardad qəbul etmişdi.

AİHM 2023-cü ilin birinci yarısında Azərbaycanla bağlı 80-dən artıq ərizə üzrə qəbul etdiyi 19 qərardad tərəflərin dostca anlaşmalarına əsaslanır. 2022-ci ildə 69 ərizə əsasında çıxarlmış 22 belə qərardad tərəflərin dostca anlaşmalarına söykənirdi. Ötən 6 ayda AİHM Azərbaycandan göndərilmiş 40 ərizəni 6 qərardadla hökumətin təqdim etdiyi təktərəfli bəyannamə əsasında baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. 2022-ci ildə belə bəyannamələr əsasında 15 ərizə üzrə 5 qərardad çıxarılmışdı.

AİHM 2023-cü ilin birinci yarısında Azərbaycandan göndərilmiş 14 ərizəni qəbuledilməz sayan 8 qərardad elan edib. Məhkəmə 6 ayda Azərbaycandan göndərilmiş 32 ərizəni hökumətlə kommunikasiya etməyə başlayıb. Kommunikasiyasına başlanılan işlərdə ən çox ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu iddia edilir.

2023-cü ilin birinci yarısında AİHM-in qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) Azərbaycanla bağlı 7 qərarın icrasına nəzarəti qapadıb. Həmin qərarlar 15 ərizəçiyə münasibətdə çıxarılmışdı. İcrasına nəzarət qapadılan işlərin 3-ü tərəflərin dostca anlaşmalarına əsasın çıxarılmış qərardardlar idi. 3 iş təkrarlanan, 1 iş isə aparıcı iş idi. Hazırkı duruma görə, indiyə qədər AİHM-in Azərbaycanla bağlı 407 qərarından 105-nin icrasına nəzarət qapadılıb. Bu göstərici AİHM-in Azərbaycanla bağlı çıxardığı bütün qərarların ümumilikdə 26 faizini təşkil edir. Azərbaycanla bağlı çıxarılmış qərarların 74 faizi icrasını gözləyir. Azərbaycan aparıcı qərarların 19 faizini (12 qərar) icra edib, 51 aparıcı qərar (81 faiz) isə icra edilməsini gözləyir. Hazırda AİHM-in Azərbaycanla bağlı ümumilikdə 302 qərarı icra edilməsini gözləyir, onların 251-i təkrarlanan işlərdir.

2023-cü ilin birinci yarısında AİHM Azərbaycanla bağlı qəbul etdiyi bütün qərar və qərardadlar üzrə ümumilikdə 551 min avrodan artıq ədalətli əvəz müəyyən edilib. Mahiyyəti üzrə çıxarlmış qərar ərizəçilərə 187 min avrodan artıq ədalətli əvəz ödənilməsini nəzərdə tutur. Bu göstərici dostca anlaşmalara əsaslanan qərardadlarda 251 min avrodan artıq, hökumətin təktərəfli bəyannamələri üzrə çıxarlan qərardadlarda isə 112 min avrodan artıq məbləğ təşkil edib.

Aihmaz.org

13:30, 01 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞPA prezidenti dialoq və faktaraşdırıcı missiyanı Azərbaycana çağırır

by Gozetci 12:40, 01 Avqust 2023
written by Gozetci

Tiny Kox

Tiny Kox Qarabağda humanitar vəziyyət və insan haqları ilə bağlı narahatlığını ifadə edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Tiny Kox iyulun 31-də Dağlıq Qarabağla bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, o, Dağlıq Qarabağda humanitar və insan haqları ilə bağlı vəziyyətin daha da pisləşməsini nəzərə alaraq, Avropa Şurası Nazirlər Komitəsinə Azərbaycana mümkün qədər tez bir zamanda faktaraşdırıcı missiya təşkil etmələrini xahiş edib:

“2022-ci il dekabrın 12-dən etibarən Laçın dəhlizinə sərbəst və təhlükəsiz girişin olmaması səbəbindən ermənilərin yaşadıqları və təsirləndikləri vəziyyəti qiymətləndirmək üçün missiyanın gəlməsi vacibdir”.

Tiny Kox bildirib ki, o, Avropa Şurası Baş katibinin 28 iyul 2023-cü ildə səsləndirdiyi dialoq çağırışına qoşulur, həm Azərbaycanı, həm də Ermənistanı Avropa Şurasına üzv dövlətlər kimi, nəhayət, 1991-ci ildə üzvlüklə bağlı götürdükləri qarşılıqlı öhdəlikləri yerinə yetirməyə çağırır:

“Gərginliyi azaltmaq və ölkələri arasında sülhü bərpa etmək üçün bu, vacibdir”.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal edilib.

2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə Azərbaycan Ermənistanın işğal etdiyi rayonların əksəriyyətinə nəzarəti bərpa edib, lakin tərəflər arasındakı döyüşlər bitməyib.

Atəşkəs razılaşmasından sonra da ikisi böyük olmaqla, tərəflər arasında tez-tez atəşkəs rejimi pozulur, itkilər olur.

Bu prosesdə tərəflər bir-birini günahlandırır.

Meydan TV 

12:40, 01 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ailəsi Qubad İbadoğlunun saxlanma şəraitindən narahatdır

by Gozetci 10:06, 01 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

“Qardaşım Qubad İbadoğlunun səhhəti ilə, saxlanma şəraiti ilə bağlı narahatıq. Ona göndərdiyimiz sovqatda su götürmürlər. Qubad ağır şəkər xəstəsidir. Gündə dəfələrlə su içir. O, məcbur olub krantdan gələn çirkli su içir.”

Bunları Qubad İbadoğlunun qardaşı Qalib Bayramov Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Qubad İbadoğlunun 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldığı kamera iki nəfər üçün nəzərdə tutulduğu halda orada beş nəfər saxlanılır.

“Adam sayı çox olduğundan kameranın havası ağırdır. Bu səbəbdən də onun təzyiqi aşağı düşmür. Təzyiq ölçən, şəkər ölçən aparatları isə qəbul etmirlər. Şəkərlə bağlı bəzi dərmanlarını da qəbul etmirlər. Kameranın kanalizasiya sistemində antisanitariyadır. Qorxuruq ki, mikrob düşsün. Bizə deyirlər, həftədə beş kiloqram sovqat apara bilərik. Beş kiloqram sovqatda nə apara bilərik ki, bir həftə ərzində ona çatsın. Şəkər xəstəsi olduğundan onun yeməkləri dietikdir. Su ümumiyyətlə qəbul etmirlər,” Qalib Bayramov bildirib.

Bazar ertəsi vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə bir neçə saat görüşdə olub. Vəkil İbadoğlunun ailəsinə bildirib ki, onun səhhətində ciddi dəyişiklik yoxdur.

“Vəkil həmçinin təcridxananın rəhbərliyi ilə görüşüb. Ona söz veriblər ki, sabahdan İbadoğluya sovqat qəbulunda məhdudiyyət olmayacaq, dərmanlar və su buraxılacaq. Onun saxlanma şəraiti ilə bağlı dedikləri də aradan qaldırılacaq. Sabah, avqustun 1-də Qubad İbadoğlunun ailəsi ilə görüş günüdür. Sabah təcridxana rəhbərliynin dediklərinin həqiqətə uyğun olub-olmadığı bəlli olacaq,” Qalib Bayramov Amerikanın Səsinə deyib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, Qubad İbadoğlu Bakı istintaq təcridxanasında qanunvericiliklə nəzərdə tutulmuş, beynəlxalq tələblərə cavab verən kamerada saxlanılır.

“Səhhəti həkimlər tərəfindən nəzarətdədir, təzyiqi və şəkəri vaxtaşırı yoxlanılır, lazımı dərman preparatları ilə təmin edilir. Ailə üzvləri tərəfindən gətirilən sovqatlar və dərmanlar qəbul edilir, mütəmadi olaraq yaxınları ilə telefon vasitəsi ilə əlaqə saxlayır, vəkili ilə konfidensial şəraitdə görüşür. Saxlanma şəraiti ilə bağlı​ bu günədək onun tərəfindən təcridxana rəhbərliyinə hər hansısa müraciət daxil olmayıb.” ​

İctimaiyyətlə Əlaqələr Şöbəsi bildirib ki, ailə üzvlərininin Qubad İbadoğlunun saxlanma şəraiti ilə bağlı sosial şəbəkələrdə bir-birinə zidd paylaşımları anlaşılan deyil.

İyulun 31-də Nərimanov rayon Prokurorluğunda Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramovanın polis zorakılığı ilə bağlı şikayətinin araşdırılmasına başlanıb.

“Bu gün, iyulun 31-də İradə Bayramova Nərimanov rayon Prokurorluğunda ifadə verib. O, xəsarətlərinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilib,” Qalib Bayramov Amerikanın Səsinə deyib.

Xatırladaq ki, iyulun 24-də Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Amerikanın Səsi

10:06, 01 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Siyasi məhbusların yeni siyahısına 204 nəfərin adı daxil edilib

by Gozetci 19:26, 31 İyul 2023
written by Gozetci

İyulun 31-də “Azərbaycan siyasi məhbuslarına azadlıq” İttifaqı siyasi məhbusların 204 nəfərin daxil olduğu yenilənmiş siyahısını dərc edib.

İnsan haqları strukturunun əvvəlki siyahısı aprelin 20-də açıqlanıb və bu siyahıya 182 nəfərin adı daxil edilib.

12 nəfərin adı isə siyahıdan çıxarılıb, bəziləri may ayında əfvə düşüb və ya cəza müddəti bitdikdən sonra azadlığa çıxıb.

Eyni zamanda siyahıya 34 yeni ad əlavə olunub.

Onların arasında müxalif siyasətçi və iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu, sabiq deputat, ictimai xadim və iş adamı Nazim Bəydəmirli, AXCP üzvü Elxan Əliyev də var. Siyahıda yer alan yeni simaların qalanları aprel-iyul aylarında narkotik alveri ittihamı ilə həbs edilən dindarlardır. Dindar siyasi məhbusların ümumi sayı 147 nəfərə çatıb.

204 siyasi məhbus 7 qrupa bölünür.

Birinci “jurnalist və bloqer” qrupunda Polad Aslanov, Osman Nərimanoğlu və blogerlər Bəxtiyar Hacıyev, Rəşad Ramazanov və Aslan Qurbanov daxil olmaqla 5 nəfər var.

“Müxalif partiya və hərəkatların üzvləri” qrupunda 7 nəfər, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları – Zamin Salayev, Niyaməddin Əhmədov, Şahin Hacıyev, Aqil Hümbətov, eləcə də yuxarıda adları çəkilən üç yeni şəxs, AXCP üzvü Elxan Əliyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu və eks-deputat Nazim Bəydəmirlinin adı var.

“Almaniyadan deportasiya edilən siyasi mühacirlər” qrupunda 5 nəfər var.

Dindarlar qrupuna artıq 147 nəfərin adı daxil edilib.

Siyahıda “Tərtər işi” üzrə 7, “Gəncə işi” üzrə 22 nəfərin adı var.

Daha 11 siyasi məhbus ömürlük həbs cəzası çəkir.

Bu şəxslər 1990-cı illərin ortalarında OPON qiyamına və digər cinayətlərə görə həbs edilərək ölüm cəzasına məhkum ediliblər. Ölüm hökmü ləğv edildikdən sonra onlara avtomatik olaraq parlamentin qərarı ilə ömürlük həbs cəzası kəsilib. Hərçənd həbs olunduqları zaman edamın alternativi 15 il həbs cəzası idi. Hüquq müdafiəçiləri hesab edirlər ki, qanunun geriyə qüvvəsi olmadığı üçün həmin şəxslər həbsdən azad edilməlidir.

2018-ci ilin noyabr ayından “Azərbaycan siyasi məhbuslarına azadlıq” İttifaqının siyahısı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilir. İlk dəfə olaraq siyahıda 200-dən çox adam yer alıb.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, son aylarda hökumətin tənqidçilərinin və dindarların həbsinin sayı artıb.

“Tənqidçilər sırasına Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, jurnalist və hərbçi, Söyüdlü hadisələri ilə bağlı tənqidi fikir söyləyən Nazim Bəydəmirli daxildir. Dindarların isə əksəriyyəti narkotik ittihamı ilə həbs edilib”, o qeyd edib.

Onun fikrincə, tanınmış ictimai-siyasi xadim, professor Qubad İbadoğlunun həbsi tamamilə əsassızdır.

“Əslində Qubad İbadoğlunun və tənqidçilərin həbsi həbs deyil, cəzadır. Bir sözlə hakim elita ilə fikirləri üst-üstə düşməyən tənqidçilər və dindarlar cəzalandırılıb. Bütün bu həbslər Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi (Azadlıq və toxunulmazlıq hüququ) ilə ziddiyyət təşkil edir”, hüquq müdafiəçisi deyib.

Həsənov hesab edir ki, artıq ölkə “qanunla yox güclə idarə edilir”.

“Yəni qanundan, haqdan, ədalətdən üstün olan gücdür. Gücün səlahiyyəti istənilən adamı həbs etməyə çatır”, o qeyd edib.

Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

Amerikanın Səsi

19:26, 31 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıBölgəGəncə–DaşkəsənHüquq PozuntularıSliderXƏBƏRLƏR

Gəncədə vətəndaşın evi zorla sökülüb, icra hakimiyyəti xəbərsiz olduğunu deyir

by Gozetci 14:17, 31 İyul 2023
written by Gozetci

Şərti şəkil. Foto: arxiv

“Bir də xəbər tutduq ki, evin bir hissəsini – eyvanı, həyətdəki hamam-tualeti, hasarı söküblər…”

Gəncə sakini Rövşən Ağamirov deyir ki, şəhərdə 6 nəfərlik ailəsilə birlikdə yaşadığı evi zorla söküblər. 1996-cı ildə aldığı evin onun mülkiyyətində olduğunu təsdiqləyən bütün sənəd-sübutlar da var. Onun sözlərinə görə, üstündən 11 il keçməsinə baxmayaraq, əmlakının dağıdılmasına görə ona dəymiş ziyan ödənilməyib.

“Dedilər ki, istəsək də, istəməsək də söküləcək…”

Ağamirovlar ailəsinə məxsus ev Gəncənin Nizami küçəsində – hava limanına gedən yolun üstündə yerləşib. Həmin ərəfədə hava limanına gedən yolun genişləndirilməsinə qərar verilib.

“2012-ci ilin aprelində gəldilər, heç bir sənəd təqdim eləmədilər. Dedilər ki, istəsək də, istəməsək də, ev söküləcək. Əvəzində şəhərdən kənarda 4 sot torpaq sahəsi təklif elədilər. Həmin adamlar növbəti gün gəlib evin sənədlərini istədilər. Kobud danışırdılar…”, – Rövşən Ağamirovun sözləridir.

Bundan sonra Rövşən Ağamirovun həyat yoldaşı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qəbuluna gedib ki, söküntünün qarşısının alınmasından ötrü ondan kömək istəsin. Lakin icra başçısının qəbuluna düşə bilməyib. İcra hakimiyyətinin əməkdaşları isə ona tövsiyə ediblər ki, ona təklif olunan torpaq sahəsini götürüb, razılıq versin.

“Qazı, işığı kəsdilər, şəraitimizi pisləşdirdilər ki, könüllü çıxaq”

Həmin ərəfədə Nizami küçəsində söküntü prosesi gedirmiş:

“Bizim qazımızı, işığımızı kəsdilər, şəraitimizi pisləşdirdilər ki, könüllü razılaşaq. Məcbur olub evdən çıxdıq, amma razılıq vermədik. Bir də xəbər tutduq ki, evin bir hissəsini – eyvanı, həyətdəki hamam-tualeti, hasarı söküblər. Evin qarşısına divar hörüblər…”.

Əmlak sahibi Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, ona dəymiş ziyanın əvəzində kompensasiya tələb edib. Lakin onun ərizəsinə cavab verilməyib.

Elmar Vəliyev icra başçısı olduğu dövrdə Rövşən Ağamirov məhkəməyə müraciət etsə də, onun iddiası mümkün sayılmayıb – baxılmaqdan imtina olunub. Bu üzdən 2021-ci ildə o, yenidən məhkəməyə üz tutub. Bu dəfə maddi ziyana görə 100 min, mənəvi ziyana görə isə 30 min manat kompensasiya tələb edib. Gəncə İnzibati Məhkəməsinin qərarıyla 53 min manat kompensasiya təyin edilib – maddi ziyana görə 52 min, mənəvi ziyana görə də 1000 manat təzminat müəyyənləşdirilib.

İcra hakimiyyəti kompensasiya ödəmək istəmir

Gəncə Şəhər İcra Hakimiyyəti məhkəmənin qərarından narazıdır. Onlar iddia edir ki, Ağamirovlar ailəsi söküntüyə görə məhz icra hakimiyyətinin məsuliyyət daşıdığını sübut edə bilməyib. Bu üzdən apelyasiya şikayəti veriblər.

“Gəncə Şəhər İcra Hakimiyyəti bununla bağlı heç bir qərar verməyib, söküntü işləri aparmayıb. Özü də bildirir ki, 2012-ci ilin aprel ayında tanımadığı şəxslər heç bir sənəd təqdim etmədən gəlib, ona və ailə üzvlərinə deyiblər ki, evin sökülməsinə razılıq versinlər. Həmin şəxsləri tanımadığını özü bildirdiyi halda, məhkəmə əsas olmadan bu addımın Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən həyata keçirildiyi qənaətinə gəlib. Kompensasiyanın icra hakimiyyətindən tələb edilməsi qanunauyğun hesab edilə bilməz. Bununla bağlı mötəbər sübut yoxdur”.

“Avtomobil Yolları” Dövlət Agentliyi də məhkəmənin sorğusuna cavab olaraq bildirib ki, Gəncə şəhəri, Nizami küçəsində avtomobil yolunun genişləndirilməsi işlərini onlar həyata keçirməyib.

Meydan TV 

14:17, 31 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hesabat: Azərbaycanda son 7 ayda ən azı 45 hərbçi həyatını itirib

by Gozetci 11:58, 31 İyul 2023
written by Gozetci

Cari ildə 17 hərbi qulluqçunun intihar etdiyi bildirilir

İyulun 30-da Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ilə bağlı hesabat yayıb. Hesabat 2023-cü ilin 7 ayını əhatə edir.

Sənəddə son 7 ayda ən azı 44 hərbçinin həyatını itirdiyi qeyd olunub:

“Onlardan 9 nəfəri döyüş (Ermənistan ordusunun gülləsindən və mina partlayışı), 36 nəfəri isə qeyri-döyüş itkiləridir. 4 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 8 nəfər müxtəlif xəstəliklərdən, 1 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər isə bədbəxt hadisədən vəfat edib”.

Hesabatda cari ildə 17 hərbi qulluqçunun intihar etdiyi qeyd olunub:

“7 ayda ölənlərin 28 nəfəri Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin (SQ), 3-ü Fövqəladə Hallar Nazirliyinin, 2-si Daxili Qoşunların, Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), Ədliyyə Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin hər birindən 1 nəfər həyatını itirib”.

Hesabatda  ölənlərin 25 nəfərinin əsgər, 6-nın zabit, 4-nün MAXHQ, 3 hərbsçinin gizir, 1-nin çavuş, 3-nün isə kursant rütbəsində olduğu bildirilir:

“Digər 3 nəfərin rütbəsini müəyyənləşdirmək mümkün olmayıb”.

“Araşdırmalar göstərir ki, hadisələrin bir çoxu Azərbaycan-Ermənistan dövlət sərhədində (Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində, o cümlədən Naxçıvan MR-in sərhəd ərazilərində), eyni zamanda Qarabağ zonasında yerləşən hərbi hissələrdə (Şuşa, Ağdam, Füzuli, Tərtər rayonları ərazisində) baş verib. Bu hərbi hissələrdə ən azı 19 ölüm hadisəsi baş verib. Onlardan azı 12 hadisə intihar hadisəsidir. 15 digər ölüm hadisəsinin hansı ərazidə baş verməsi barəsində rəsmi strukturlar məlumat verməyiblər. Beləliklə, diqqətçəkən məsələlərdən biri, 2023-cü ilin 7 ayı ərzində Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda baş verən 17 intihar hadisəsindən 12-sinin məhz münaqişə bölgəsində yerləşən hərbi hissələrdə baş verməsidir”,-deyə Xəzər Hərbi Tədqiqatlar İnstitutu qeyd edib.

İnstitut bu il 9 hərbçinin müxtəlif səbəblərdən yaralandığını və ya xəsarət aldığını da göstərib:

“Onların mütləq əksəriyyəti erməni gülləsindən və mina partlayışından xəsarət alıblar”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artır:

“Xüsusilə xeyli sayda hərbi qulluqçunun intihar etməsi faktı (əsasən də ermənilərlə konflikt bölgələrində) strukturları təxirəsalmaz tədbirlər görməyə vadar etməlidir. Ümumilikdə monitorinqin aparıldığı 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru ən azı 4.463 hərbi qulluqçusunu itirib ki, onlardan təxminən 3582 nəfəri döyüş itkisidir (burada əsas rəqəmlər 2020-ci ilin 44 günlük müharibəsinə aiddir). 881 nəfərsə qeyri-döyüş itkiləridir”.

Monitorinq görə, 2003-2022-ci illərdə illərdə müxtəlif səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayının 13 min nəfərdən artıqdır.

İnstitut monitorinqin informasiyalarının əsasən 3 mənbədən toplanıldığını qeyd edib:

“Birincisi, ənənəvi mətbuat, onlayn media və sosial şəbəkələrdə dərc olunan məlumatlar. İkincisi, əsgər ailələrinin özəl məlumatları (məlumatlar birbaşa kanallar vasitəsilə əldə edilir). Üçüncüsü, güc strukturlarında olan özəl mənbələr. Monitorinq prosesi zamanı bütün məlumatlar araşdırılır, bu və digər fakta dair müxtəlif mənbələrlə əlaqə saxlanılır. Lazım olan anda güc strukturlarına sorğular göndərilir”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından fəaliyyət göstərir. İnstitut bu istiqamətdə təkcə Azərbaycanı deyil, eyni zamanda Gürcüstan və Ermənistanı araşdırır, bu 3 Cənubi Qafqaz ölkəsinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə edir.

Hesabatda adları keçən Azərbaycanın Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin (SQ), Fövqəladə Hallar Nazirliyi və digər orqanlar monitorinin nəticələri barədə açıqlama yaymayıblar.

Meydan TV 

11:58, 31 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Committee to Protect Journalists: Azərbaycan hakimiyyəti jurnalist Vüqar Məmmədovu həbsdən azad etməlidir

by Gozetci 10:49, 30 İyul 2023
written by Gozetci

“Azərbaycan hakimiyyəti jurnalist Vüqar Məmmədovu həbsdən azad etməli və ictimaiyyətin maraqlarına cavab verən məsələlər barədə məlumat yaydıqlarına görə jurnalistlərdən qisas almağı dayandırmalıdır”.

Bu barədə Nyu-Yorkda qərargahlanan Committee to Protect Journalists (CPJ) iyulun 28-də yaydığı bəyanatda deyilir.

Sənəddə deyilir ki, iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi “Hürriyyət” müstəqil xəbər agentliyinin baş redaktoru Vüqar Məmmədovu hərbçilərlə bağlı qadağan olunmuş məlumatları yaydığına görə 30 sutka həbs edib.

Məhkəmə qərarında Məmmədovun keçmiş polkovnik Elnur Məmmədovla ən azı üç müsahibəsinə istinad edilib, ən son iyulun 19-da keçmiş hərbçi ölkə ordusunda vəziyyəti tənqid edib, müdafiə naziri Zakir Həsənovu pis idarəetmədə və korrupsiyada ittiham edib. Elnur Məmmədov da eyni ittihamla 30 sutka həbs edilib.

“Elnur Məmmədovun da Azərbaycan hərbi rəsmiləri haqqında tənqidi fikirlər səsləndirdiyinə görə həbs edilməsi tamamilə qəbuledilməzdir və məhkəmə qərarı dərhal ləğv edilməlidir”, CPJ-nin Avropa və Mərkəzi Asiya proqram koordinatoru Gülnoza Səid bildirib.

“Hakimiyyətlər söz azadlığı ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməli və sadəcə öz işlərini gördükləri üçün jurnalistlərdən qisas almağı dayandırmalıdırlar”, o əlavə edib.

Vəkil bildirib ki, məhkəmə zalında həbs edilən Məmmədov hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır. O, müsahibələr zamanı Azərbaycan qanunvericiliyinə əsasən dövlət sirrini ehtiva edə bilən qadağan olunmuş məlumatların yayılmadığını və Məmmədovun qonağının tənqidi fikirlərini səsləndirdiyinə görə cəzalandırıldığını bildirib.

Media hüquqları üzrə hüquqşünas Xalid Ağalı CPJ-yə mesajlaşma proqramı vasitəsilə bildirib ki, jurnalistlər müsahibələrdə ifadələri ilə bağlı Azərbaycan qanunlarına görə təqib oluna bilərlər, lakin bu işdə hakimiyyətin məqsədinin “jurnalistləri və sadə insanları tənqid etməkdən çəkindirmək” olduğuna inanır.

Elnur Məmmədov 2022-ci ilin oktyabrında 6 aylıq həbs cəzası ilə nəticələnən Müdafiə Nazirliyinin rəsmilərini tənqid etməsi ilə məşhurdur.

“Hürriyət”in məlumatına görə, Baş Prokurorluğun əməkdaşları Vüqar Məmmədovu çağıraraq dindirib və məhkəməyə veriblər.

“Hürriyyət”in əməkdaşları yerli və regional mediaya bildiriblər ki, hakimiyyət bir neçə saat ərzində jurnalistin həmkarlarına və ya ailəsinə onun harada olması barədə məlumat verməyib və ona vəkil seçməsinə icazə verilməyib.

Məhkəmə qərarında deyilir ki, Məmmədov “silahlı qüvvələrin vəziyyətini sistemli, ardıcıl və davamlı olaraq” müzakirə edib və bununla da “ölkənin müdafiə qabiliyyəti ilə bağlı qadağan olunmuş məlumatlar yayıb”. Nə hökmdə, nə də baş prokurorun bəyanatında qadağan olunduğu iddia edilən məlumatla bağlı əlavə təfərrüatlar göstərilməyib.

CPJ şərh üçün Azərbaycan Baş Prokurorluğu və Ədliyyə Nazirliyinə e-poçt göndərsə də, heç bir cavab almayıb.

CPJ-i hazırda Azərbaycanda jurnalist Polad Aslanovun da həbsdə olduğunu bildirir.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov və hərbçi Elnur Məmmədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) günahlı bilinib

Amerikanın Səsi

10:49, 30 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Lawyers for Lawyers: Biz Elçin Sadıqovun hüquq müdafiəçisi kimi repressiyaya məruz qalmasından narahatıq

by Gozetci 17:17, 29 İyul 2023
written by Gozetci

Elçin Sadıqov

“Biz narahatıq ki, Elçin Sadıqovun vəkillik lisenziyasının dayandırılması düzgün olmayan faktlara əsaslanır və bir insan haqları vəkili kimi ona qarşı repressiyalara səbəb olur”.

Bu barədə Hollandiya qərargahlaşan hüquqşünasların müstəqil şəbəkəsi olan “Lawyers for Lawyers” fondu öz bəyanatında qeyd edib.

Fondun yaydığı bəyanatda deyilir ki, onlar Elçin Sadıqovun 6 iyul 2023-cü il tarixindən etibarən vəkillik lisenziyasının dayandırılmasından narahatdır:

“Cənab Sadıqov Azərbaycan Vəkillər Kollegiyasının tanınmış hüquqşünasıdır. Sadıqov fəaliyyəti çərçivəsində siyasi məhbusların, jurnalistlərin, medianın, siyasi xadimlərin, fəalların və LGBTIQ+ icmasının hüquqlarını müdafiə edib”.

“Lawyers for Lawyers” fondu bildirib ki, Elçin Sadıqovun 2022-ci il sentyabrın 10-da həbsi qarayaxma kampaniyasına əsaslanıb.

“Hazırda cənab Sadıqov həbsdən azad edilib, lakin onun barəsində olan cinayət işi hələ də davam edir. Bu isə onun telefonlarının və kompüterlərinin müsadirə olunması, habelə səyahət qadağası ilə nəticələnib”, deyə açıqlamada qeyd olunur.

Fondun bəyanatında deyilir ki, vəkil Elçin Sadıqov Azərbaycanda işgəncələrə qarşı çıxan və işgəncələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlər göndərən yeganə vəkil olub və indi də belədir:

“O, pozuntunun tanınmasını və işgəncə hallarının ictimailəşdirilməsini tələb edib. Bu mühüm və zəruri işə görə cənab Sadıqov vəzifəsindən kənarlaşdırılıb. Hazırda peşəsindən, sağlamlığından, hətta həyatından da qorxur”.

Fond Elçin Sadıqovun vəziyyəti ilə bağlı məlumatlılığı artırmaq üçün Azərbaycan hakimiyyətinə məktub yazıb və hakimiyyətdən Sadıqova qarşı cinayət işinə xitam verilməsi barədə göstəriş verilməsini, Sadıqovun vəkillik lisenziyasının bərpa edilməsini tələb edib.

Vəkillər Kollegiyasından Amerikanın Səsinə bildiriblər ki, Sadıqovun kollegiyadan siyasi səbəblərlə uzaqlaşdırılması barədə dedikləri “tamamilə həqiqətə uyğun deyil, yalandır”.

“Rəyasət Heyəti onun barəsində yol verdiyi qeyri-qanuni hərkətlərə görə qərar qəbul edib. Eynulla Fətillayev kollegiyaya müraciət edib. Sadıqovun özü də Eynulla Fətullayevin şikayətində yazılanları publik qaydada etiraf edib”, kollegiyadan Sadıqovun bu il martın 28-də Facebook səhifəsində yazdığı statusa istinad etdiklərini bildirblər.

Eynulla Fətullayevin rəhbəri olduğu Haqqin.az saytı yazıb ki, qərar jurnalist Eynulla Fətullayevin şikayəti əsasında qəbul edilib. Elçin Sadıqovun vəkil kimi fəaliyyətinin dayandırılması sosial şəbkələrdə tənqidlə qarşılanıb.

“Xatırladaq ki, vəkil Elçin Sadıqov həbsdə olan iş adamı, “Baku Steel Company” metallurgiya zavodunun keçmiş rəhbəri Rasim Məmmədovu tənqid etməmək öhdəliyi müqabilində jurnalist Əvəz Zeynallıya 20 min manat rüşvət verməkdə təqsirli bilinib. Lakin bir neçə gün sonra Əvəz Zeynallı Rasim Məmmədovun fəaliyyətini tənqid etməkdə davam edib. Rasim Məmmədovun yaxın dostu, jurnalist Fətullayev Elçin Sadıqovla Əvəz Zeynallı arasında rüşvətin verilməsinin təfərrüatları və jurnalistin üzərinə götürdüyü öhdəliklərin müzakirə edildiyi söhbətin audio yazısını yayıb. Səs yazısı ictimailəşdikdən sonra jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov saxlanılıb. Vəkil ifadəsində jurnalistin iş adamını tənqid etməyəcəyi üçün Əvəz Zeynallıya 20 min manat rüşvət verdiyini təsdiqləyib. Lakin Zeynallı “centlmen sövdələşməsini” pozub. Hadisədən dərhal sonra jurnalist Eynulla Fətullayev Vəkillər Kollegiyasına müraciət edərək peşə fəaliyyətini kobud şəkildə pozan vəkil Sadıqovun barəsində tədbir görülməsini istəyib”, xəbərdə qeyd olunub.

İctimai fəal, siyasi məhbus kimi tanınmış İlkin Rüstəmzadə bildirib ki, Elçin Sadıqov ölkədə insan haqlarını müdafiə edən sonuncu vəkillərdən biridir.

“Ona qarşı bu addımı qınayıram və Elçin bəyin Vəkillər Kollegiyasına geri qaytarılmasını tələb edirəm!” o, Facebook səhifəsində qeyd edib.

Hüquq müdafiəçisi, siyasi məhbus kimi tanınan Anar Məmmədli Amerikanın Səsinə bildirib ki, Elçin Sadıqovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması onun insan hüquq və azadlıqlarının müdafiəsində fəallığı ilə bağlıdır.

“Müstəqil vəkillərin təqib olunması, sıxışdırılması və vəkillik fəaliyyətindən uzaqlaşdırılması ölkədə müstəqil məhkəmə-hüquq sisteminin olmadığını göstərir. Elçin Sadiqovun siyasi motivlərlə Vəkillər Kollegiyasından uzaqlaşdırılması ölkəmizin üzv olduğu müvafiq beynəlxalq qurumlar qarşısında öhdəliklərini pozması, qanunun aliliyi, hüquqi yardım və müstəqil vəkillik prinsiplərindən geri çəkilməsi deməkdir. Belə bir sistemdə Vəkillər Kollegiyası müstəqil vəkillərin cəzalandırılmasında müstəsna rol oynadığı üçün bu qurum heç bir beynəlxalq platformada mötəbər, müstəqil və gerçək vəkillər təşkilatı kimi qəbul edilə, əməkdaşlığa cəlb edilə bilməz. Tezliklə bütün beynəlxalq qurumlar Vəkillər Kollegiyası ilə saxta əməkdaşlığı dayandırmalıdır”, o qeyd edib.

Məmmədli hesab edir ki, hazırda ölkənin bütün insan hüquqları vəkilləri arasında həmrəyliyə və vəkillik institutunun müstəqilliyinin qurulması uğrunda fəallığına ehtiyac var.

Hüquqşünas Xalid Ağaliyev hesab edir ki, Sadıqovun vəkillikdən uzaqlaşdırılması insan haqları sahəsində çalışan hüquqşunaslara “göz dağı” verilməsidir:

“Ümid edək ki, bu qanunsuzluq, özbaşınalıq tezliklə aradan qaldırılacaq”, o qeyd edib.

İyulun 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilmiş, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılmış, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.

Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilən vəkillərdən biri Elçin Sadıqovdur.

Sadıqov əsasən ölkədə media azadlığı, insan hüquqları və işgəncələrlə bağlı cinayət işlərində insanların hüquqlarını müdafiə etməsi ilə tanınır.

Sadıqov Amerikanın Səsinə bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı siyasidir.

Amerikanın Səsi

17:17, 29 İyul 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia